Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-725/2024 15.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “artıq ödənilmiş pul məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı artıq ödənilmiş pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli müqavilə üzrə nəzərdə tutulmuş avans vəsaitdən artıq ödədiyi 4762,16 manat Cavabdehndən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o fərdi sahibkar kimi kənd təsərrüfatı ilə məşğuldur. Bu məqsədlə xx.xx.2017- ci il tarixdə MKT-yə müraciət edərək pambıq əkmək üçün ona avans vəsait verilməsini xahiş etmişdir. Cavabdeh təşkilatla onun arasında müqavilə bağlandı. O müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmişdir. Ona ümumilikdə 15336 manat avans vəsait verdilər. O həmin vəsiatdən istifadə edərək onun müqabilində xam pambıq vermişdir. Onun təhvil verdiyi xam pambığın dəyəri 20098,16 manat dəyərində 41852.80 kq pambıq təhvil vermişdir. Yəni avans vəsaitdən nəzərdə tutulmuş qaydada 4562,16 manat artıq pul ödəmişdir. MKT ona qarşı Kürdəmir Rayon Məhkəməsində iddia qaldırdı. Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il taruxli 2(041 )-279/2020 saylı qətnaməsi ilə ondan 4177,81 mnat pul tutularaq cavabdeh təşikalata ödənilməsi qət edilmişdir. O qətnamədən narazı qalaraq apellyasiya məhkəməsinə müraciət etdi. Məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Kürdəmir Rayon Məhkəməsinin qətnaməsi ləğv olunmuşdur. Həmçinin orada sübut olunmuşdur ki, cavabdeh tərəfindən ona 15336 manat avans vəsait verilmişdir. Lakin o nəzərdə tutulmuş məbləğdən artıq xam pambıq yəni 15336 manat əvəzinə, 20098,16 manat pul ödəmişdir. Yəni 4762.16 manat artıq ödəmişdir. Ancaq cavabdeh təşkilat həmin pulu ona geri qaytarmır. Hesab edir ki, tərəfindən ödənilmiş 4762.16 manat geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. O qeyd etmişdir ki, himayəsində üç övladı var, tələb edilən məbləğə maddi ehtiyacı var. Daha əvvəllər məhkəməyə eyni tələblə müraciət etsə də, ona məlum olmayan səbəbdən iddia ərizələri məhkəməyə daxil olmamışdır. Bunu təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilmir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, müqavilə üzrə tərəflər arasında mülki hüquq münasibətləri 2017-ci il tarixində yarandığı üçün və iddiaçı tərəfindən hüququn müdafiəsi üçün müddət keçdiyini nəzərə alaraq hazırki mübahisəyə iddia müddəti tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Hazırda isə Cavabdeh nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, eləcə də, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - Kürdəmir Rayon Məhkəməsinin 2(041)-2792020 saylı, 16 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı 4177,81 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu, bütövlükdə 4207,81 manat məbləğində pul alınaraq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. - Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1072/2021 saylı, 16 may 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Kürdəmir Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2(041)-279/2020 saylı qətnaməsi cavabdeh İddiaçı 4177.31 manat məbləğində pulun tutulması hissədə dəyişdirilərək, 925 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilməməsi qət edilmişdir. - xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh Kürdəmir rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək, icra sənədi üzrə borc tam ödənildiyindən Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1072/2021 saylı, 16 may 2021-ci il tarixli icra sənədinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 1091-ci maddəsinə görə isə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddia etdiyi pul məbləğini cavabdehlərə verdiyini, beləliklə də həmin şəxslərin əsassız varlandığını, yaxud icra olunmamış öhdəliyin mövcudluğunu sübuta yetirməlidirlər. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının cavabdehə münasibətdə pul tələbinə dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. İddiaçı iddianın əsası kimi Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1072/2021 saylı, 16 may 2021-ci il tarixli qətnaməsində qeyd edilən “Cavabdeh avans formada görülən xidmətlərin dəyərini iddiaçıya xam pambıq verməklə ödəməli idi. İddiaçı cavabdehə 25564,97 manat məbləğində avans vəsaitlər verdiyini bildirsə də, bunun sübutu kimi məhkəməyə təqdim etmiş olduğu xidmətlərin göstərilməsinə dair aktlar, kassa məxaric orderləri ilə ümumilikdə 15336 manat dəyərində avans verdiyi sübuta yetirilir. Bununla iddiaçı tələbini MMC olaraq sübuta yetirə bilmir. Qarşılığında iddiaçı iddia ərizəsində cavabdehin 20098,16 manat dəyərində 41852,80 kq xam pambıq təhvil verdiyini etiraf edir. Mövcud halda cavabdehin iddiaçı qarşısında müqavilə üzrə yerinə yetirilməmiş öhdəliyi qalmır” ifadələrinə istinad edərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin ona 4762,16 manat məbləğində borcunun olduğunun təsbit edildiyini iddia edir. Məhkəmə iddiaçının bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, sözügedən qətnamədə "xxxx" İstehsalat Kommersiya MMC-nin H.Nəsimiyə hər hansı məbləğdə borcunun olması faktı müəyyən edilməmiş, MMC-nin iddia etdiyi hissədə tələbini sübuta yetirə bilməməsi qeyd edilmişdir. Eyni zamanda həmin qətnamə ilə "xxxx" İstehsalat Kommersiya MMC ilə İddiaçı arasında bağlanmış 31 yanvar 2017-ci il tarixli 17295706 saylı müqavilədən irəli gələn pul öhdəliklərinə hüquqi qiymət verilmiş, məhz hazırki iş üzrə İddiaçı tərəfindən qarşı tərəfə boru olduğu etiraf edildiyindən, MKT İstehsalat Kommersiya MMC-nin xeyrinə 925 manat ödənilməsi qət edilmişdir. Belə ki, qətnamənin əsaslandırıcı hissəsində “...Lakin mülki işin apellyasiya baxışı zamanı cavabdeh məhkəməyə təqdim etmiş olduğu yazılı ərizəsində iddiaçıya 925 manat məbləğində borcunun qaldığını etiraf etmişdir” qeyd edilmiş, nəticə hissəsində isə Kürdəmir Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(041)-279/2020 saylı qətnaməsinin cavabdeh İddiaçı 4177,81 manat məbləğində pulun tutulması hissəsində dəyişdirilərək, 925 manat müəyyən edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1072/2021 saylı, 28 aprel 2021-ci il tarixli Qətnaməsi qanuni qüvvəyə minmiş və H.Nəsimi tərəfindən icra edilmişdir. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə İddiaçı tərəfindən əvvəlki məhkəmə prosesləri zamanı 925 manat məbləğində borcunun etiraf edildiyi halda, 3 ildən uzun müddət keçdikdən sonra əksinə, cavabdehin ona 4762.16 manat məbləğində borcunun olmasının ona məlum olması ağlabatan deyil. Məhkəmə qeyd edir ki, Şirvan Apellyasiya Məhkəməsinin istinad edilən qətnaməsində cavabdehin iddiaçıya hər hansı borcunun qalması faktı təsbit edilməmiş, mülki işin materiallarına əsasən MKT İstehsalan Kommersiya MMC-nin öz iddia tələbərini kifayət qədər süubuta yetirə bilmədiyi əsaslandırılmışdır. Digər tərəfdən, eyni qətnamə ilə yenə də H.Nəsiminin etirafı əsasında onun MKT İstehsalat Kommersiya MMC-yə olan 925 manat öhdəliyinin qalması təsbit etilmiş və həmin pul məbləği ondan tutulmuşdur. Beləliklə, cavabdeh tərəfindən iddianın qismən etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilmiş, digər hissədə isə iddiaçı sübutlar təqdim edilmədiyindən, iddia təmin edilməmişdir. Məhkəmə şərh edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. AR MPM-nin: 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 106.4. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə həmçinin qeyd edir ki, müqavilədən irəli gələn öhdəliklər üzrə mülki mübahisəyə dair qanuni qüvvəyə minmiş qətnamə olduğu halda, həmin qətnamədə əks olunanların əksinə başqa bir qətnamənin qəbul edilməsi də yolverilməzdir. Velə ki, qanuni qüvvəyə minmiş qətnamə ilə H.Nəsiminin "xxxx" İstehsalat Kommersiya MMC-yə 925 manat məbləğində borcunun olduğu qət edilmişdir. Hazırda H.Nəsimi məhkəmədəm "xxxx" İstehsalat Kommersiya MMC-nin ona qarşı ödənilməmiş öhdəliyinin qaldığı barədə qətnamə qəbul edilməsini xahiş edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında vurğulamışdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarları) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, MPM-in 82.3-cü maddəsinə uyğun olaraq preyudisiallıq işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qərar ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Məhkəmə daha sonra hesab edir ki, iddiaçının iddia tələbinin əsaslı olmasına dair izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, Azərbaycan Respublikasının MPM-nin 88 və 106.1-ci maddələrinin mənası görə iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş “iddia müddətinin tətbiqi” barədə ərizəyə iddia özü-özlüyündə əsassız olduğuna və təmin edilmədiyinə görə, prosessual qənaət prinsipini rəhbər tutaraq münasibət bildirmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. - 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin -Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir» Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1- ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı artıq ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-725/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-725/2024
15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver