Məhkəmə qərarları › İş №2(005)-729/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-729/2024

15.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-729/2024 15.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı X3, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı X3 cavabdehlər X15, Cavabdeh2, Cavabdeh3 qarşı “istifadə qaydalarının müəyyən olunmaqla evə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X6 cavabdehlər X15, Cavabdeh2, Cavabdeh3 qarşı “istifadə qaydalarının müəyyən olunmaqla evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçını azyaşlı uşağı ilə birlikdə gəlin köçüb yaşadığı, X11 məxsus hazırda da cehiz əmlakının yerləşdiyi ünvan 1 ünvanındakı mənzildən istifadə qaydalarının müəyyən olunmaqla həmin mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X15 ilə 21 may 2021-ci il tarixdə faktiki olaraq ailə qurmuş, nikahlarını 06 aprel 2022-ci il tarixdə 5 saylı Bakı “ASAN" xidmət mərkəzi Qeydiyyat şöbəsində rəsmi qeydə aldırmışlar.Birgə nikahlarından 12 oktyabr 2022-ci il tarixdə X8 adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri normal olmadığından iddiaçı 06 iyun 2022-ci il tarixdə azyaşlı uşağı Zeynəblə birlikdə ərindən faktiki olaraq ayrılıb, atasına verilmiş ünvan 2 ünvanındakı mənzilə gəlib orada yaşamağa başlamışdır. Qeyd edir ki, atasının mənzili 2 otaqlı olmaqla darısqaldır və atasının himayəsində 4 nəfər ailə üzvü var, həmin mənzildə azyaşlı uşağı ilə yaşamaq mümkün deyil. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X15 ilə aralarında bağlanılmış və 5 saylı Bakı “ASAN" xidmət mərkəzi Qeydiyyat şöbəsində 06 aprel 2022-ci il tarixdə rəsmi qeydə alınmış nikah pozulmuş, azyaşlı Zeynəbin iddiaçının yanında qalması, azyaşlı uşağın saxlanılması üçün cavabdehdən aliment tutulması qət olunmuşdur. İddiaçı cavabdeh X15 ilə ailə quran vaxt sabiq ərinə məxsus ünvan 1 ünvanında olan özbaşına tikilmiş mənzilə cehiz əşyalarını da aparmaqla gəlin köçüb həmin mənzildə yaşamış və onlarla birgə təsərrüfatı idarə etmişdir. 06 iyun 2022-ci il tarixdə azyaşlı uşağı Zeynəblə birlikdə atası evinə gəlmiş, bir müddət sonra cavabdeh iddiaçı ilə boşanacağını bildirmişdir. Hazırda bir azyaşlı uşağı ilə birlikdə Füzuli rayonunda atasının yaşadığı mənzildə, yaşanılası mümkün olmayan darısqal mənzildə yaşayır. Gəlin köçüb yaşadığı və birgə təsərrüfat idarə etdiyi, hazırda da cehiz əmlakının yerləşdiyi mübahisəli evə qayıtmaq istəsə də, cavabdeh razı olmamışdır. İddiaçı bildirir ki, başqa yerdə yaşamağa yeri və imkanı yoxdur, digər cavabdehlər Cavabdeh2 və X2 ərinin bacılarıdır və hər ikisi neçə illər qabaq ailə qurub daimi yaşamaq üçün başqa ünvana gediblər. Cavabdeh2 ailə qurub Ağdaş rayonuna daimi yaşamaq üçün gedib və orada qeydiyyatdadır. İddiaçı həmin mübahisəli mənzili tərk etdikdən sonra onlar həmin mənzilə köçüb yaşamağa başlayıblar, iddiaçının əmlakından icazə vermədiyi halda istifadə edirlər. Əslində onlar həmin mənzilə istifadə hüququnu itiriblər. İddiaçı bildirir ki, cavabdehlər onun əmlakını icazəsi olmadan harasa aparıb gizlədiblər, əmlakının harada olması barədə məlumatı yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 və onun nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin əsassız olduğunu bildirərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı X6 ilə cavabdeh X9 birgə nikahda olmaları, onların həmin nikahdan bir övladının doğulması, tərəflərin ailə münasibətləri baş tutmadığından, aralarındakı nikahın pozulması, uşağın anasının yanında saxlanılması və onun saxlanılması üçün X7 X3 xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin halların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-3290/2023 saylı qətnaməsi) Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞB/13/2023-01485 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında iddiaçı X3 nümayəndəsi Vəkil2 iştirak edib. İş materiallarında olan Füzuli rayon İHB-nin Qayıdış 4 qəsəbə inzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 23 oktyabr 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X1 əri X7 ayrıldığı üçün müvəqqəti olaraq atasına məxsus Qayıdış-4 qəsəbə 181 №-li 2 otaqlı evdə yaşayır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Nərimanov Rayonu MKTB 55 saylı MKİS tərəfindən Vəkil2 ünvanlanan sorğuya cavab məktubundan görünür ki, ünvan 1 ünvanı Cavabdeh2 adınadır. X4 xx.xx.2019-cu il tarixdə, anası X5 xx.xx.2020-ci il tarixdə ölüb. Hal-hazırda evdə 3 nəfər – Cavabdeh2, Cavabdeh3, X15 müvəqqəti qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti ünvan 5 ünvanlanan sorğuya cavab məktubundan görünür ki, ünvan 6 Füzuli rayonundan olan məcburi köçkün X10 məxsus idi. Qeyd edilir ki, X14 2000-ci ildən ailəsi ilə birgə bu ünvanda məskunlaşmış, xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Ev özbaşına tikilidir və heç bir sənədi yoxdur. Halhazırda evin kommunalları qızı Cavabdeh2 adınadır. İş materiallarında olan Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh2 (abonent kodu: **********011) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. İş materiallarında olan “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilədən görünür ki, «Azəriqaz» İB ilə ünvan 6 ünvanında yaşayan Cavabdeh2 arasında xx.xx.2023-cü ildə müqavilə bağlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 11.5-ci maddəsinə əsasən, Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil cavabdehin valideynlərinə məxsus özbaşına tikili olmuşdur. Cavabdehin X4 ailəsi ilə birgə bu ünvanda məskunlaşmış, onun vəfatından (xx.xx.2019-cu il) sonra isə həmin mənzilin kommunal ödənişləri Cavabdeh2 adınadır. Məhkəmə hesab edir ki, mübahisəli evin özbaşına tikili olması, tikildikdən sonra daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsi nəzərə alınaraq, tərəflər arasında yaranmış mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə kirayəçi və onun ailə üzvləri arasında olan münasibətlər müstəvisində, yəni 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin dispozisiya şərtləri daxilində həll edilməlidir. Belə ki, iddiaçı Mahnur Məmməd qızı 21 may 2021-ci il tarixdə cavabdeh X15 ilə faktiki nikaha, xx.xx.2022-ci ildə isə rəsmi nikaha daxil olmuş, nikaha daxil olduğu tarixdən mübahisələndirilən mənzilə köçmüşdür. Onların nikahı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-3290/2023 saylı qətnaməsi ilə pozulmuşdur. Özbaşına tikililərlə (yaşayış evlərilə) bağlı münasibətləri tənzimləyən norma mövcud deyil, normanın mövcud olmaması isə iddiaya baxılmasından imtina üçün əsas ola bilməz. Özbaşına inşa edilmiş evlərin sökülməsi yox, onların qeydə alınması prioritet təşkil etdiyindən, həmin evi inşa etmiş şəxsin mülkiyyət hüququnun gözləntisi mövcuddur. Digər tərəfdən, özbaşına tikiliyə çəkilmiş xərcə münasibətdə də məhz bu xərci çəkmiş şəxs mülkiyyətçi hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələblə cavabdehlərə qarşı məhkəməyə müraciət etməsinin hüquqi əsası mövcud deyil. Mübahisəli ev cavabdehlər tərəfindən inşa edilməmişdir. İddiaçı cavabdehlərin valideynlərinin nə ailə üzvü, nə də Mənzil Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulmuş «digər qohumu» deyil. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə nəzərə alınmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Keçmiş gəlinlərin mənzilə (özbaşına tikiliyə) köçürülmə tələbi ilə bağlı hazırda istifadə olunan hüququn ümumi prinsipləri və ya hüququn konkret sahələrinə aid prinsipləri ilə bağlı formalaşmış təcrübəyə əsasən, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. İşin müəyyən olunan hallarından və iddiaçının bilavasitə özünün bildirdiklərindən aydın olur ki, o, 2021-ci ildə ailə qurduqdan sonra mübahisəli ünvanda yerləşən mənzilə gəlin köçmüş, lakin sözügedən tikili onun səyi və zəhməti ilə inşa olunmamışdır. Məhkəmə qərarının ədalətli olması şərtlərindən birincisi tərəflər arasında ədalətli tarazlığın qorunmasıdır. Hazırkı işdə müəyyən olunan hallar odur ki, mübahisəli tikili cavabdehlərin valideynlərinə məxsus olmuş, onların vəfatından sonra isə hazırda Cavabdeh2 məxsusdur. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, özbaşına tikili 1996-cı il tarixdə tikilmiş, o özü isə mübahisəli tikiliyə ailə qurduqdan sonra, yəni 2021-ci ildə (həmin tarixdə faktiki nikah münasibətləri olmuşdur) köçmüş, bu tarixdən sonra evdə heç bir təmir və ya yaxşılaşdırma işləri həyata keçirilməmiş, ailə münasibətləri pozulduqdan sonra evi tərk etmişdir. Tərəflər arasında münaqişəli vəziyyət vardır və onların birgəyaşayış qaydalarına uyğun olaraq yaşamaları mümkün deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən 79 D saylı evə köçürülməsi barədə tələbi təmin edilməməlidir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 əməlində cinayət tərkibi olduğu barəsində xüsusi qərar çıxarılmasına dair iddiaçının nümayəndəsi və vəkili Vəkil2 vəsatətinə münasibətdə qeyd edir ki, məhkəmə bu məsələdə tərəflərin qiymətləndirməsindən asılı deyil və işə baxarkən belə faktları müşavirə otağında aşkara çıxardığı halda nəzərə alır. Bu baxımdan məhkəmə hesab edir ki, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab edir və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğunu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı X3 cavabdehlər X15, Cavabdeh2, Cavabdeh3 qarşı “istifadə qaydalarının müəyyən olunmaqla evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar