Məhkəmə qərarları › İş №2(005)-730/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-730/2024

03.04.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-730/2024 03.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı çatışmayan sahəyə görə pul ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Akkord Sənayə Tikinti İnvestisiya Korparasiya ASC ilə bağlanmış 10114 nömrəli alqı-satqı müqaviləsi əsasında ona satılmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2595 saylı məhəllədə, Y.Əliyev küçəsi, 8 saylı bina, 1 blok, 82 a saylı 1 otaqdan ibarət mənzilin (çıxarışdakı ünvan: ünvan 1əsinin tikinti şirkətinin təqdim etdiyi sənəddə göstərilən ölçüdən əskik olan 6.32 kv.metr sahəsi üçün hər kvadrat metrinə 400 manat olmaqla, 2528 manat pulun və 45.28 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2009-cu il tarixində cavabdehin ünvan 2 ünvanında inşa etdirdiyi 8 saylı binanın, 1 blok, 82 a saylı 1 otaqdan ibarət, ümumi yaşayış sahəsi 51.22 kv.m olan mənzili alıcı olaraq o, İddiaçı 10114 №-li alqı-satqı müqaviləsi əsasında 20488 manata alıb. Cavabdehin ona təqdim etdiyi sənədlərə əsasən ümumi yaşayış sahəsi 51.22 kv.m olan mənzilin hər kvadratına görə 400 manat pul ödəmişdir. Beləliklə, 51 kv.m x 400 manat=20488 manat cavabdehə pul ödəmişdir. Həmin ödəniş əsasında cavabdeh ona xx.xx.2009-cu il tarixli 3529 №-li maliyyə arayışı təqdim etmişdir. Həmin arayışda 20488 manatı tam olaraq cavabdehə ödədiyi və heç bir borcunun olmadığı qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixində həmin evə Daşınmaz Əmlakın Dövlət Reyestrindən evin texniki posportu və ********** №-li Çıxarış alıb. Sonradan 1-ci mərtəbə obyekt olaraq verildiyi üçün evin çıxarışdakı ünvanı ünvan 3alarla Bakı şəh., Sabunçu ray., Bakıxanov qəs., Y.Əliyev küç., 22, M10, M3 yazılmışdır. Mənzil alan şəxs olaraq o, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış aldıqda mənzilin qanunauyğun hesablanmış sahəsi ilə tanış olub və çıxarışda (kupça) mənzilin ümumi sahəsinin tikinti şirkətinin təqdim etdiyi sənəddə göstəriləndən az olduğunu görüb. Həmin çıxarış alınarkən Daşınmaz Əmlak Dövlət Reyestri həmin mənzili ölçərək, ona satıldığından az olduğunu müəyyən etmişdir. Həmin mənzilin faktiki ölçüsü 44.90 kv.metrdir. Beləliklə, evin çıxarışından da görünür ki, cavabdeh 10114 №-li alqı-satqı müqaviləsi əsasında ödədiyi 20488 manat müqabilində ona satmalı olduğu mənzilin sahəsini (51.22 kv.m) qəsdən yüksən göstərərək ondan artıq pul alıb. Hazırda evinin faktiki ölçüsü 44.90 kv.metrdir. Ev (51.22 kv.m-44.90 kv.m) 6.32 kv.metr ona əskik satılıb. Bu səbəbdən də cavabdehin xx.xx.2009-cu il tarixində ünvan 2 ünvanında inşa etdirdiyi 8 saylı binanın, 1 blok, 82 a saylı 1 otaqdan ibarət, ümumi yaşayış sahəsi 51.22 kv.m olan mənzili 10114 №-li alqı-satqı müqaviləsi əsasında alıcı olaraq o, İddiaçı sataraq ondan aldığı 20488 manat puldan (6.32kv.metr x 400 manat) 2528 manat artıq almışdır. Həmin məbləği o, cavabdehdən tələb edib, lakin cavabdeh həmin məbləği ona qaytarmayıb. Evinin çıxarışını o, xx.xx.2021-ci il tarixində almışdır. Bu səbəbdən də cavabdehin ona həmin vaxtı əskik ölçüdə ev verdiyinin şahidi olmuşdur. Yuxarıda göstərilənləri, yəni cavabdehin ondan artıq aldığı 2528 manat pulu ona qaytarmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən də cavabdehə xx.xx.2023-cü il tarixində pretenziya məktubu yazmışdır. Lakin cavabdeh yenə də artıq aldığı məbləği ona qaytarmır. Cavabdeh "xxxx" ASC etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçı cavabdehdən aldığı mənzilə xx.xx.2021-ci il tarixdə dövlət reyestrindən çıxarış alarkən mənzilin sahəsinin 44.90 kv.metr qeyd olunduğunu görərək, alqı-satqı müqaviləsində qeyd olunan sahə ilə faktiki sahə arasındakı fərqə görə cavabdehə artıq ödədiyi 2500 manat pulun geri qaytarılması tələbi ilə çıxış edir. Cavabdeh tərəfindən binalar tikilərkən mənzillərin sahəsi o dövrdəki ölçmə qaydaları əsasında müəyyən edilərək layihədə qeyd edilmiş, layihə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsi ilə razılaşdırılaraq təsdiq edilmişdir. Bina layihəyə uyğun tikilmiş, müvafiq dövlət qurumları tərəfindən istismarına icazə verilmişdir. İddiaçı ilə alqı-satqı müqaviləsi bağlanılarkən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə, 8-ci binanın 1-ci blok, 82 a saylı mənzilinin sahəsi də layihədə göstərilən sahəyə uyğun olaraq 51.22 kv.m. göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2012-ci il tarixli 392-İVQ nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək qüvvədə olan ərazi planlaşdırılması sənədləri həmin sənədlərdə müəyyən edilmiş müddətdə qüvvəsini saxlayır. Qeyd olunan Qanunun 7-ci bəndinə əsasən Məcəllə qüvvəyə minənədək hazırlanmış və ya hazırlanmaqda olan, lakin təsdiq edilməmiş ərazi planlaşdırılması sənədlərinə Məcəllənin müddəaları şamil olunmur. Həmin Qanunun 9-cu bəndinə əsasən Məcəllə qüvvəyə minənədək verilmiş tikinti icazələri Məcəllənin qüvvəyə mindiyi gündən 3 il müddətinə qüvvədədir. Hazırda isə mənzillərin sahəsi bu gün qüvvədə olan Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları əsasında müəyyən edilir. Həmin qaydalara əsasən mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri-0,3; şüşəbənd və lociyalar-0,5; eyvanlar(verandalar)-1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. İddiaçı mənzilə çıxarış alarkən mənzilin sahəsi hazırda qüvvədə olan ölçmə qaydaları əsasında hesablandığı üçün mənzilin sahəsi müqavilədə göstərilən ölçüdən az gəlmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, cavabdeh mənzillərin sahəsini alqı-satqı müqavilələrində qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün göstərmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, mənzil iddiaçıya təhvil verilmiş, iddiaçı xx.xx.2011-ci il tarixli təhvil-təslim aktında və mənzilə baxış aktında binanın və mənzilin inşa olunmasına və layihəyə dair heç bir pretenziyasının olmadığını imzası ilə də təsdiq etmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən iddianı tamamilə əsassız və qanunsuz hesab edirlər. Cavabdeh "xxxx" ASC həmçinin məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehdən xx.xx.2009-cu il tarixli, 10114 saylı alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə, 8-ci binanın 1-ci blok, 82 a saylı mənzili almışdır. Nəzərinizə çatdırırıq k, mənzil iddiaçıya təhvil verilmiş, iddiaçı xx.xx.2011-ci il tarixli təhvil-təslim aktında və mənzilə baxış aktında binanın və mənzilin inşa olunmasına və layihəyə dair heç bir pretenziyasının olmadığını imzası ilə də təsdiq etmişdir. İddiaçı mənzili təmir etmiş, ötən bu müddət ərzində orada yaşamış və mənzilin sahəsi ilə bağlı cavabdehə qarşı heç vaxt hər hansı pretenziyası olmamışdır. Mənzilin alınmasından 12 ildən artıq müddət keçmiş, uzun müddətdən sonra iddiaçı əsassız iddialarla məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, 2011-ci ildə mənzili təmir etdirmiş və bir il sonra həmin mənzilə köçərək orada yaşamağa başlamışdır. Mənzilin sahəsinin az olmasından yalnız çıxarış aldıqdan sonra məlumatlı olmuşdur. Buna görə də iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2009-cu il tarixli mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, tərəflərin razılığına əsasən cavabdeh "xxxx" ASC ilə İddiaçı arasında Bakı şəhəri, Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 8 saylı binanın 1 blok, 82a saylı, 1 otaqdan ibarət, ümumi sahəsi 51.22 kv.m olan mənzili İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürür; - N 3529 saylı, xx.xx.2009-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs., Y.Əliyev küç., 2595 saylı məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının, 8-bina, 1-ci blok, 9-cu mərtəbədə, 51.22 m2 ümumi sahəsi olan 82a saylı mənzilin ümumi dəyəri 20488 tam ödənilib, heç bir borcu yoxdur; - xx.xx.2011-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" ASC-nin ünvan 4 ünvanda inşa etdiyi mənzili 10114 saylı, xx.xx.2009-cu il tarixli müqavilənin 3.1.2.3-cü maddəsinə uyğun olaraq təhvil verir, alıcı İddiaçı isə təhvil alır; - ƏMDK yanında DƏDRX-in çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə 2595, ev 8, mənzil 99 (Yeni qaydalarla : AZ 1040, ünvan 5 ünvanında yerləşən 44.9 kv.m sahəsi olan mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2021-ci il tarixində qeydə alınmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər xx.xx.2009-cu il tarixdə Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 2595, Yavər Əliyev küçəsi, bina 8-də yerləşən 51.22 m2 ümumi sahəsi olan 1 otaqdan ibarət 82a saylı mənzilə dair alğı-satqı müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən mənzilin sahəsi 51.22 kv.m. müəyyən edilmiş, çıxarışda isə mənzilin sahəsi 44.90 kv.metr göstərilmişdir. İddiaçı müqavilə üzrə təhvil verilməli olan 51.22 kv.metr əvəzinə 44.9 kv. metr sahəsi olan mənzilin təhvil verildiyinə istinad edərək, çatışmayan sahəyə görə 2528 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Tərəflər arasındakı mövcud hüquq münasibətləri 10114 nömrəli, xx.xx.2009-cu il tarixli “Mənzilin alğı-satqı müqaviləsi” əsasında yaranmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə uyğun olaraq satıcı Bakı şəhəri, Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 8 saylı binanın 1 blok, 82a saylı, 1 otaqdan ibarət, ümumi sahəsi 51.22 kv.m olan mənzilini alıcıya satmağı, alıcı isə müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Bağlanmış müqavilənin şərtləri və tərəflərin müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, tərəflər arasında əsasən podrat münasibətləri mövcud olmuşdur. Belə ki, müqavilənin şərtlərinə əsasən satıcı binanın tikinti işlərini tam başa çatdırdıqdan sonra mənzili alıcıya təhvil verməyi, alıcı isə müqavilədə şərtləşdirilmiş pul məbləğini qarşı tərəfə ödəməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 390.4-cü maddəsinə uyğun olaraq, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Eyni Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə qeyd edir ki, hazırki müqavilə mahiyyət etibarı ilə müxtəlif müqavilələrin ünsürlərini özündə əhatə edən qarışıq müqavilə kimi qiymətləndirilsə də, müqavilədəki şərtlər əsasən podrat münasibətlərinin elementlərini özündə əks etdirir. Qeyd edilənlər baxımından işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal podratçının müqavilə öhdəliklərini pozaraq sifarişçiyə miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyənləşdirilməsidir. Belə ki, iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 752.1, 762.1 və 766-cı maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Nəzərə alınmalıdır ki, əgər tərəflər arasında bağlanmış müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə arakəsmə divarlarının altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, terras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun olmamaqla, tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnə bilər. Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilədə mənzilin sahəsinin hesablanmasının xüsusi qaydası müəyyən edilməmişdir. Bu baxımdan mənzilin sahəsi qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesablanmalıdır. Məhkəmə qeyd edir ki, hər bir müqavilənin spesifik xüsusiyətlərindən asılı olaraq həmin müqavilə üçün mühüm hesab edilən şərtlər mövcuddur. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Tərəflər arasında bağlanmış müqavilələrdə mənzilin sahəsi ilə bağlı razılaşma həmin müqavilənin mühüm şərtidir. Ona görə özünün yaşayış şəraitini yaxşılaşdırmaq üçün mənzil satın alan şəxsin bağladığı müqavilədə mənzilin sahəsi müqavilənin mühüm şərti hesab edilir. Mübahisələndirilən müqavilədə isə mənzilin sahəsinin və həcminin mövcud qanunvericilikdən fərqli qaydada hesablanması nəzərdə tutulmamışdır. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan (6.32 kv.m. az) mənzil verildiyini bildirmişdir. Lakin məhkəmə prosessual qənaət prinsipini və cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq həmin xüsusatın araşdırılması üçün tikinti-texniki ekspertizasının təyin edilməsini zəruri, məqsədəmüvafiq hesab etməmişdir. Belə ki, məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə qiymət verərək hesab edir ki, iddia tələbi üzrə iddia müddəti ötürülmüş hesab edildiyindən və bu hal iddianın rədd edilməsi üçün əsas olduğundan iddiaçının digər dəlilləri öz hüquqi mahiyyətini itirmiş olur. Məhkəmə prosessual qənaət prinsipini, ekspertiza təyin edilməsinin əlavə xərclərə və işə mahiyyəti üzrə baxılmasının əsassız uzanmasına səbəb olacağını nəzərə alaraq hesab edir ki, iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. İddia müddətinin anlayışını və başlanma anını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 377.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 773 və 776.1-ci maddələrinə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Göründüyü kimi, göstərilən norma podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələbləri üzrə iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarında iddia müddətinin məqsədi ilə bağlı göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir Məhkəmə iddiaçının mənzilin sahəsinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsindən yalnız çıxarış aldıqdan sonra məlumatlı olması barədə dəlilini əsaslı hesab etmir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş sübutlarla və iddiaçının özünün izahatı ilə müəyyən edilir ki, mübahisələndirilən mənzil iddiaçıya xx.xx.2011-ci il tarixdə akta imza edilməklə təhvil verilmişdir. 1 il ərzində iddiaçı mənzili təmir edərək ora köçmüşdür. Mənzilə dair çıxarış isə xx.xx.2021-ci il tarixdə alınmışdır. İddiaçı mənzili təhvil aldıqdan 12 il sonra müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, mənzil, sahibinə təhvil verildikdən sonra o, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olubolmadığını vaxtında yoxlamalıdır. Lakin iddiaçı qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da yuxarıda göstərilənləri tələb etmək hüququnu itirmişdir. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar