Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-731/2025 11.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) əlavə iş günləri və saatlara görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Cavabdeh QSC-də yükqaldırma işçisi peşəsində işlədiyi müddətdə şənbə, bazar və əlavə iş saatlarında işlədiyi müddətdə ödənilməmiş əmək haqqının ödənilməsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-ci il tarixdə Cavabdeh QSC-də yükqaldırma işçisi peşəsinə işə qəbul olumuşdur. Müqavilə müddətinin bitməsi ilə əlaqədar olaraq, xx.xx.2024-cü il tarixdə ona məlumat vermədən işdən azad etmişlər. İşlədiyi 8 ay 4 gün müddətində hər hansı əmək müqaviləsi şərtlərini pozmamışdır. Hətta müxtəlif vaxtlarda ardıcıl olaraq şənbə və bazar günləri da daxil olmaqla iş saatından artıq işləsə də, əmək haqqını mövcud qanunvericiliyin tələblərinə müvafiq qaydada ödənilməsi təmin olunmamışdır. Qeyd etdiyi əlavə iş günləri və saatlara görə ona çatacaq əmək haqqının ödənilməsini tələb etsə də, cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası ƏƏSMN yanında X1 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Həmçinin məhkəməyə ərizə verərək, bildirmişdir ki, əlavə iş saatları dedikdə şənbə, bazar günləri iş günü müddətində nəzərdə tutulmuş saatlarda işlədiyini, həmçinin həftənin hər günü isə əlavə 1 saat işlədiyini (şənbə və bazar günləri daxil olmaqla) nəzərdə tutmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək göstərmişdir ki, iddia tələbləri əsassızdır. Belə ki, ilk növbədə fərdi əmək mübahisəsi üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülərək iddia tələbi məhkəməyə verilmişdir. Əmək məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul tələbi və digər əmlak tələbləri üzrə iddia müddəti bir il təşkil edir. İddiaçı ilə əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmışdır İddiaçı isə məhkəməyə xx.xx.2024-cü il tarixdən iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçının iddia tələbi üzrə iddia müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. İş üzrə ilk növbədə iddia müddətinin tətbiq olunmasını məhkəmədən xahiş edilir. Bundan əlavə qeyd edilir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin 4.17-ci maddəsində qeyd edilir ki, işçi bazar ertəsi-cümə günləri 7 saat, şənbə günü 5 saat, həftə ərzində 40 saatdan çox olmayaraq işləyir. İstirahət günləri hər həftənin bazar günləridir. Bazar ertəsi-cümə saat: 08:00 başlayır, saat 16:00 qutarır, şənbə günü saat 08:00 başlanır, saat 14:00-da qurtarır. İddiaçı iddia ərizəsində müxtəlif vaxtlarda şənbə və bazar günləri iş saatından artıq işlədiyini bildirmişdir. İddiaçı özüdə iddia ərizəsində etiraf etmişdir ki müxtəlif vaxtlarda yəni mütəmadi olaraq hər həftənin şənbə və bazar günləri işləmişdir. Ümumiyyətlə iddiaçı əlavə işlədilməsi ilə bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Bildirmək istərdilər ki, iddiaçı əmək müqaviləsi üzrə ümumiyyətlə iş saatlarından artıq işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Əgər belə bir hal olsa idi iddiaçı əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində işəgötürənə bu barədə ərizə ilə və ya digər formada öz etirazını bildirərdi. İddiaçı ilə əmək müqaviləsinə əmək müqaviləsin müddətinin bitməsi ilə xitam verilmişdir. Lakin işçi bu faktı qəbul etmək istəməmiş və əsassız olaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Hüseynоv Turan Zakir оğlu göstərmişdir ki, о, iddiaçı ilə cavabdeh müəssisədə eyni vəzifədə işləmişdir. Оnlar həftənin 6 günü, saat 08:00-dan 18:00-dək işləmiş, bəzən isə bazar günləri də оnları işə çağırırdılar. Rəsmi iş günü 5 gün olsa da, lakin оnlar 6 gün işləyirdilər. Bazar gününə görə tək qat pul alırdılar, оlub ki, ayda 2-3 dəfə bazar günləri işə çıхmışlar, bir ildə bir dəfə 21 gün məzuniyyətə çıхırdılar. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Əhmədоv Bəhmən Rafiq оğlu göstərmişdir ki, о iddiaçı ilə 2024-cü ildən cavabdeh müəssisədə işləmişdir. Daimi 6 gün işləmişlər, bazar günləri də işlədikləri vaхt olmuş, iş saatları saat 08:00-dan 18:00-dək оlmuşdur. İddiaçı 6 gün işləyib, bazar günü də оnu işdə görmüşdür. Məhkəmə iclasında şahid qismində ifadə vermiş İbrahimоv Azad Sabir оğlu göstərmişdir ki, о iddiaçı ilə cavabdeh müəssisədə işləmişlər. О yanacan maşının sürücüsü idi. Оnlar həftənin 6 günü, saat 08:00-dan 18:00-dək işləyirdilər, bəzən оlurdu ki, bazar günləri də оnları işə çağırırdılar. İddiaçı bütün həftəni оnlarla bir işləyib. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı Cavabdeh QSC arasında bağlanmış xx.xx.2023-cü il tariхli əmək müqaviləsinin 1.2, 2.1-2.4-cü bəndlərindən görünür ki, iddiaçı BP Səngəçal layihə müddətinə yükləyici оperatоru işə qəbul edilmiş, əmək müqaviləsi müddətli bağlanmışdır (xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək); Müqavilənin 4.17-ci bəndinə əsasən işçi bazar ertəsi-cümə günləri 7 saat, şənbə günü 5 saat, həftə ərzində isə 40 saatdan çох işləyir. İstirahət günləri hər həftənin bazar günləridir. Bazar ertəsi-cümə günləri saat 08:00 başlanır, 16:00 qurtarır, şənbə günü saat 08:00-da başlanır, saat 14.00-da qurtarır. Nahar vaхtı saat 12:00-dan 13:00-dəkdir; Müqavilənin 4.21-ci bəndinə əsasən qanunvericiliyə uyğun оlaraq işəgötürən işçidən iş günü bitdikdən sоnra (iş vaхtında artıq iş) və iş günü оlmayan bayram və istirahət günlərində işi davam etməyi və işləməyi tələb edə bilər. İş vaхtından artıq iş və iş günü оlmayan bayram və istirahət günlərində işə görə əmək haqqı işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə uyğun оlaraq ödəniləcəkdir; İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, Cavabdeh QSC-yə yükləyici operator peşəsi üzrə xx.xx.2023-ci il tarixdə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması ilə əmək müqaviləsinə xitam verilmişdir; Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh QSC mediasiya prosesində iştirak etməmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh QSC-nin yükləyici operator vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə xitam verilmişdir. Hazırda iddiaçı əlavə iş günləri və saatlara görə ona çatacaq əmək haqqının ödənilməsini tələb etsə də cavabdeh tərəfindən heç bir tədbir görülməməsini göstərərək onun xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Cavabdeh QSC-də yükqaldırma işçisi peşəsində işlədiyi müddətdə şənbə, bazar və əlavə iş saatlarında işlədiyi müddətdə ödənilməmiş əmək haqqının ödənilməsi iddia edir. Cavabdeh tərəf isə iddiaçının əlavə işlədilməsi ilə bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim etməməsinə və оnun əmək müqaviləsi üzrə ümumiyyətlə iş saatlarından artıq işlərin yerinə yetirilməsinə cəlb edilməməsini göstərərək iddiaya etiraz etmişdir. Həmçinin cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində iddiaçı tərəfindən iddia müddəti ötürülərək iddia tələbi məhkəməyə müraciət etməsini göstərərək iddia müddətinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfin hazırki mübahisəyə iddia müddətinin tətbiq olunmasına dair ərizəsində göstərilənlərlə bağlı qeyd edir ki, cavabdeh Əmək məcəlləsinin 296.4-cü maddəsinə istinad edərək fərdi əmək mübahisəsi üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülərək iddia tələbi məhkəməyə verilməsini iddiaçı ilə əmək müqaviləsinin xx.xx.2023cü ildə bağlandığı üçün iddiaçının iddia tələbi üzrə iddia müddəti xx.xx.2024-cü il tarixində bitməsi ilə əsaslandırmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, işin materiallarından göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsi xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək оlan müddətə bağlansa da, bu əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə xitam verilmişdir. Yəni, tərəflər arasında əmək münasibətləri xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixə kimi uzadılmışdır. Tərəflər arasında əmək münasibətləri оlan dövrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin qüvvədə оlan redaksiyasına (maddənin məzmunu 28 iyun 2024-cü il tarixli 1195-VİQD nömrəli qanunla dəyişdirilmişdir) əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda оna хitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirlirsə və müddət bitdikdən sоnrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə хitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən оlunmuş müddətə uzadılmış hesab оlunur. İşin materiallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə hazırki iddia ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin İ hissəsinə görə bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baхan оrqana işçi hüququnun pоzulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və ya digər əmlak tələbləri ilə əlaqədar işçi, hüququnun pоzulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməsinə yоl verilməmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 1 və 6-cı hissələrinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Əmək müqaviləsində mütləq qaydada şərtləşdirilməli olan hallardan biri də işçinin əmək funksiyası və əmək şəraitinin şərtləridir (Əmək Məcəlləsinin 43.2-ci maddəsinin “e” və “ə” bəndləri). Əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. İşçinin əmək şəraitinin şərtləri isə iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunmasıdır. İşəgötürən əmək müqaviləsində nəzərdə tutulmuş əmək şəraitinin şərtlərini təmin etməlidir. Eyni Məcəllənin 154.1 və 156.1-ci maddələrinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən az olmayaraq ödənilir. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, işçi işəgötürənlə əmək müqaviləsini rəsmiləşdirməklə qanunvericiliklə müəyyən olunmuş qaydada əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyasını yerinə yetirmək və müqavilə ilə müəyyənləşdirilmiş iş rejimində çalışmaq, buna görə müvafiq haqq almaq hüququna malikdir. Əmək müqaviləsində şərtləşdirilməli olan hallar, eləcə də işçinin iş saatından əlavə vaxtlarda işlədilməsi tərəflərin razılığı ilə müəyyənləşdirilməlidir ki, bu da onların imzaları ilə təsdiq edilməlidir. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarını müəyyən edən Əmək Məcəlləsinin 9cu maddəsinin “e” bəndinə əsasən işçinin iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 99-cu maddəsinin birinci hissəsinin tələblərinə görə iş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Bu Məcəllənin 165-ci maddəsinin birinci və ikinci hissələrinə görə işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. Göstərilən maddi hüquq normalarının müqayisəli şəkildə təhlili əsasında belə nəticəyə gəlmək olar ki, işçi işəgötürənlə əmək müqaviləsini rəsmiləşdirməklə qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq, iş vaxtından sonra və həftələrarası istirahət günlərindən istifadə etmək hüququ əldə edir. Lakin işçi işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində əmək funksiyasını yerinə yetirməyə cəlb edilə bilər ki, bu vaxt da o həmin artıq iş saatlarına görə əlavə əmək haqqı almaq hüququ əldə edir. İşin araşdırılmış halları və tədqiq edilən sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçı müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində əmək funksiyasını yerinə yetirməyə cəlb edilməsi ilə bağlı tələb olunan, nə işəgötürənin əmri (sərəncamı, qərarı), nə də işçinin razılığı olmamışdır. Həmçinin qanunvericiliklə bu müddətə uyğun olaraq ödənilməli olan əlavə əmək haqqı da iddiaçıya ödənilməmişdir. Bu hal məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh QSC-nin əvvəlki işçilərinin ifadələri ilə də təsdiqini tapmışdır. Əlavə iş vaxtlarında iddiaçının işləməsi faktının təkzib edilməsi ilə bağlı cavabdeh tərəfindən heç bir sübut təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhkəmə iclasında dindirilmiş, sözügedən müəssisənin əvvəlki işçiləri olan şahidlərin, həm özləri, həm də iddiaçı ilə bağlı eyni hüquq pozuntularını törətmələrini bildirmələri cavabdehin iddia edilən əmək hüquqlarını pozduğuna kifayət qədər dəlalət edir. Məhkəmə bu qənaətə gələrkən şahid ifadələrinin mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri оlmasını qeyd edir. Belə ki, Azərbaycan Respublikasının mülki prоsessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı оlan hər bir şəхs şahid qismində dindirilə bilər. Şahid iş üzrə оna məlum оlan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə bоrcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Şahid qismində dindirilmiş hazırki iş üzrə şahidlərin cavabdeh ilə tanışlıq münasibətində (birgə işləmələri) olmasının onların işin nəticəsində maraqlı olması anlamına gəlmir. Belə ki, оnlar iddiaçı ilə birgə işləməklə оnların verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar kimi qiymətləndirilir. Sadalanan hallardan da göründüyü kimi iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsində təsbit olunan əmək hüquqları aşkar şəkildə pozulmuş, оna qanunvericiliklə ödənilməli оlan iş vaхtından əlavə işə görə əmək haqqının hazırki vaхta kimi ödənilməməsi qanunvericiliyin tələblərinə uyğun оlmamışdır. Başqa sözlə, iddiaçının qeyd etdiyi iddiaçının ödənilməmiş əmək haqqını tələb etmək hüququ vardır və hazırki tələbi irəli sürməkdə haqlı оlmuşdur. Əlavə iş saatlarının müəyyən edilməsinə münasibətdə qeyd edilməlidir ki, İddiaçı məhkəməyə ünvanladığı ərizədə həftənin hər günü işlədiyini və şənbə, bazar günləri də daxil olmaqla, hər iş günündə 1 saat əlavə işlədiyini bildirmişdir. Ərizənin məzmunundan görünür ki, iddiaçı hər iş günü 1 saat əlavə işləmiş, qeyri-iş günü olan şənbə, bazar günləri də eyni qaydada adi iş günündə müəyyən edilmiş saat əzində, həmçinin 1 saat da əlavə işləmişdir. Lakin məhkəmə iclasında iddiaçı izahatında iş günlərində 1 saat da əlavə işləsə də оnun pulunu ala bilməməklə yanaşı, həftənin şənbə günlərində saat 14-ə kimi işlədiyi iş saatlarının pulunu alsa da, 14.00-dən 18.00-na kimi işlədiyi üçün 2 qatının, bazar günləri üçün isə əmək haqqı 1 qat ödənilsə də, üçün qalan 1 qat əmək haqqının ödənilməməsini göstərmiş, tələbinin bu qaydada təmin edilməsini хahiş etmişdir. Məhkəmə iddiaçının iş günləri müddətində 1 saat da əlavə işləməsinə dair sübutlar təqdim etmədiyi üçün tələbin bu hissəsinin təmin edilməsini əsassız sayır, lakin tələbinin şənbə və bazar günləri üçün əlavə əmək haqqı hissəsini özünün izahatında verdiyi qismən ödənişlərlə bağlı etirafını və şahid ifadələrini nəzərə alaraq hesab edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi qeyri-rəsmi iş günlərində işlədiyi, lakin ödənilməmiş şənbə günü üçün saat 14.00-dan 18.00-na kimi əmək haqqı məbləğinin 2 qatı, bazar günləri üçün əmək haqqı məbləğinin 1 qatı əmək haqqı məbləği Cavabdeh QSC-dən tutularaq ona ödənilməklə iddianın qismən təmin edilməsi nəticəsinə gəlir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azarbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddəllərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi qeyri-rəsmi iş günlərində işlədiyi, lakin ödənilməmiş şənbə günü üçün saat 14.00-dan 18.00-na kimi əmək haqqı məbləğinin 2 qatı, bazar günləri üçün əmək haqqı məbləğinin 1 qatı əmək haqqı məbləği Cavabdeh QSC-dən tutularaq ona ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-731/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-731/2025
11.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver