Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-74/2022 27.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh-ya qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi cəlb edilməklə qaraja sahiblik və ondan təhlükəsiz istifadə hüququnun təmin edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh-ya qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi cəlb edilməklə qaraja sahiblik və ondan təhlükəsiz istifadə hüququnun təmin edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavələr ilə məhkəməyə müraciət edərək, cavabdeh “Elşən" MTK və digərlərinin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, (T.Əliyev) M.Araz küçəsi, 1978-ci məhəllədə tikilmiş binanın zirzəmisində yerləşən 38 kv.m sahəli qarajın üzərində “nəqliyyat vasitələri saxlamaq və ağır yüklər boşaltmaq” barədə hərəkətlərinin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, (T.Əliyev) M.Araz küçəsi məhəllədə tikilmiş binanın zirzəmisində yerləşən və faktiki mülkiyyətində olan 38 kv.m sahəli qaraja sahiblik və ondan təhlükəsiz istifadə hüququnun təmin edilmə öhdəliyinin Cavabdeh-nın üzərinə qoyulması, qarajın üstündən hər hansı formada istifadə edilməməsinin (yüklərin boşaldılması, avtomobil saxlanması və sair) cavabdehə və 3-cü şəxslərə qadağan edilməsi (piyadaların hərəkətinə mane olmamaqla) və həmin sahənin bir neçə yerdən dəmir sədd çəkilməklə əhatəyə alınması, maddi ziyanın əvəzi olaraq 1500 manat məbləğində pulun, mənəvi ziyanın əvəzi olaraq 1000 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində pulun Cavabdeh-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, mülkiyyətində olan yerüstü daş qaraj cavabdeh kooperativ tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsi, 1978-ci məhəllədə tikilmiş binanın qarşısında yerləşmişdir. Cavabdeh həmin qarajın sökülməsi əvəzində ona MTK-da payçı kimi binanın zirzəmisində yerləşən, 38 kv.m sahəsi olan bir ədəd qapalı qaraj verməyi öhdəsinə götürmüşdür. Bununla bağlı aralarında 02.12.2006-cı il tarixdə kooperativ binada mənzil tikintisi haqda 60 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən qaraj ona təhvil verilmiş və o, artıq uzun müddətdir ki qarajdan təyinatı üzrə istifadə edir. Lakin cavabdeh MTK-nın qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət, istifadə və sahiblik hüquqları məhdudlaşdırılır, maddi ziyan dəyir, hətta sağlamlığı və həyatı real təhlükə altındadır. Faktiki mülkiyyətində olan qarajının üzərində Elşən MTK tərəfindən ağır yüklərin boşaldılmasına, nəqliyyat vasitələrinin saxlanmasına şərait yaradılır. Bütün bu hallar qarajının sökülərək dağıntılar altında qalmaq təhlükəsi ilə üz-üzə qoyur. Qarajın tavanı beton plitələr ilə döşənmiş, bir plitənin yükgötürmə qabiliyyəti 399 kq/m2-dır və həmin plitələrin təyinatı yaşayış binalarında mərtəbələr arasında arakəsmə funksiyasını daşıyır. Bir neçə dəfə artıq cavabdehin qanunsuz əməllərinin nəticəsində qarajda yaranmış çatları təmir etdirmiş və təxminən 1500 manata qədər maddi ziyan dəymişdir. Elşən MTK isə yenə də qarajına sahiblik və təhlükəsiz istifadə hüquqlarının pozulmasına şərait yaradır və ətrafdakılar da bundan sui-istifadə edir. Ailəsi ilə birlikdə hər gün avtomobillə həmin qaraja daxil olur və qəflətən həmin qarajın uçub dağılmasının hansı faciəvi nəticələrə səbəb olacağını müəyyən etmək çətin deyil. Eyni zamanda dəyəcək maddi ziyanda çoxdur. Qarajın üst hissəsində bəzən ağır çəkisi 2 tondan artıq avtomobillər saxlayır və bir neçə dəfə xəbərdarlıq etdikdən sonra götürürlər, sonra vəziyyət yenidən təkrarlanır və bu hala MTK-nın şərait yaratdığını, icazə verdiyini bildirirlər. Bundan başqa qarajın üzərində yerləşən obyektin icarədarı və onun işçilərinin ağır yüklərin daşınması xidmətlərindən istifadə etməsi, qaraja sahiblik və istifadə hüququmu kobud şəkildə pozur, ona və ailəsi üçün həyati təhlükə yaradır. Mübahisəni məhkəmədən kənar həll etmək məqsədi ilə, qarajın üzərindəki qeyri-yaşayış sahəsinin icarədarı ilə danışıq aparmağı bir nəticə verməmiş, əksinə aralarında mübahisə yaranmışdır. İcarədar ilə qarşılıqlı razılığa gəlməyi mümkünsüz olduğunu gördükdən sonra, qarajın üzərindən istifadə edərək ziyan vurulmaması və təhlükəsizliyin təmin edilməsi üçün özü cəhdlər etmiş və həmin ərazidə ağır daşlar qoyaraq bunun qarşısını almağa çalışmış, lakin bu da nəticə verməmiş, yenə də ofis çalışanları daşları götürüb maşın saxlamağa, yük boşaltmağa davam etmişdilər. Mübahisə yaranan zaman həmin əraziyə xahişi ilə binanın “komendantı’' Əli tərəfindən polis əməkdaşı çağırılmış və həmin polis əməkdaşı mübahisə yaranan əraziyə və qeyri yaşayış sahəsinə baxış keçirdərək burada avtonəqliyyat vasitəsinin saxlanılmasının qarajın uçmasına səbəb ola biləcəyinə və icarədara burada heç bir nəqliyyat vasitəsi, yük və digər ağır tonnajlı hər hansı bir daşınar əşyanı saxlamamasını bildirmişdir. Qarajın üzərindəki betonun dağılmağa və onda çatlar əmələ gəlməsinə görə AR FHN-nin aidiyyəti idarəsinə də müraciət etmiş, müraciətinə uyğun olaraq AR FHN-nin Tikintidə X2 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin verdiyi 22.12.2020-ci il tarixli cavab məktubunda qarajın üzərində ağır yüklərin, maşınların saxlanılması nəticəsində əmələ gəlmiş çatların aradan qaldırılması, tikintiyə dair normativ sənədlərin tələblərinin icra olunması, ətrafda yaşayanların təhlükəsizliyinin təmin edilməsi və pozuntuların aradan qaldırılmasının cavabdeh MTK-ya tapşırıldığı və onun öhdəliyində olması qeyd olunmuşdur. Cavabdeh MTK-ya son olaraq 09.01.2021-ci il tarixində pretenziya məktubu ilə müraciət edərək mübahisənin məhkəmədən kənar həll edilməsini xahiş etmiş, lakin pretenziya məktubu cavabsız qalmış və qeyd etdiyi bütün bu hallara, dəymiş maddi ziyana, özünün və ailəsinin həyat və sağlamlığına yaranmış real təhlükəyə baxmayaraq cavabdeh MTK məsələnin həll edilməsi üçün heç bir tədbir görməmiş, səhlənkarlıq nümayiş etdirmiş, hüquqlarını kobud şəkildə pozmuşdur. Nəticədə qaraja sahiblik və ondan təhlükəsiz şəkildə istifadə hüququnun təmin edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 1500 manat məbləğində ziyan dəymişdir. Cavabdehin ona vurduğu maddi ziyanla yanaşı mənəvi ziyan da mövcuddur. Hər gün ailəsi ilə mülkiyyətində olan qaraja daxil olanda həyat və sağlamlıqları üçün real təhlükə ilə üz-üzə gəlirlər. Hər gün stressi yaşayırlar, əsəb sarsıntısı keçirirlər. Ağır çəkili nəqliyyat vasitələrinin bir gün qarajını çökdürmək, onlara xəsarət vurulması qorxusu dərin mənəvi əzab yaşadır. Ümumiyyətlə mülkiyyətində olan əmlakdan təhlükəsiz və rahat şəraitdə istifadə edə bilmir. Vurulmuş mənəvi zərərin qiyməti ölçülə bilməz, çünki söhbət onun və ailəsinin həyatından, sağlamlığından gedir. Lakin simvolik bir rəqəm olaraq vurulmuş mənəvi ziyanın məhkəmə qaydasında təsdiq edilməsi üçün cavabdehdən 1000 manat məbləğində pulun tutulmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndə və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qimsən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan; İddiaçı Cavabdeh-ya ünvanladığı pretenziya məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev (Məmməd Araz) küçəsi, 1978-ci məhəllədə istifadəsində olan qarajın üzərində təhlükəsizliyin təmin edilməsi məqsədilə İmani Səidin ağır tonnajlı və digər avto nəqliyyat vasitələrini saxlamasının qarşısının alınması məqsədilə mübahisə doğuran əraziyə dəmir səddin çəkilməsinin (dəmir səddin çəkilməsi xərcləri tərəfindən qarşılanacaqdır) təmin edilməsini xahiş edilmiş, müraciətinə 10 gün ərzində cavab verilməyəcəyi təqdirdə tərəfindən məhkəməyə iddia tələbi ilə müraciət edilməsi barədə xəbərdar etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin Cavabdeh-ya ünvanladığı məktubundan görünür ki, Şəhərsalma və Tikinti Məcəlləsinin, eləcə də tikintiyə dair normativ sənədlərin tələblərinə icra olunmasını, yaxın ətrafda yaşayan sakinlərin sağlam yaşayışını, təhlükəsizliyini və istirahət mühitinin pozulmasının qarşısının alınmasını təmin etmək Cavabdeh-ya tapşırılmışdır. Kooperativ Binada Mənzil Tikintisi Haqda 60 saylı müqavilənin surətindən görünür ki, Kooperativ Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsi, 1978-ci məhəllədə tikilmiş Cavabdeh-ya məxsus binanın qarşısında yerləşən yerüstü daş qarajın İddiaçı Məhəməd oğlunun razılığı əsasında sökülməsinə və onun əvəzində binanın zirzəmisində yerləşən, sahəsi 38 m olan bir ədəd qapalı qarajın İddiaçı Məhəməd oğluna verilməsini Kooperativ öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 03.09.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında tikilmiş binanın zirzəmisinə bitişik inşa edilmiş qarajın üstündən hər hansı bir formada istifadə edilməsi (yüklərin boşaldılması, avtomobil saxlanması və sair) saxlanan avtomobillərin ağırlığı və avtomobillərdə olan yüklərin boşaldılması zamanı yaranacaq dinamik təsirlər də nəzərə alınmaqla, təhlükəlidir. Məhkəmə Ekspertiza Mərkəzinin 29.11.2021-ci il tarixli, 10/5365 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azkommunlayihə” KLİ-nin mühəndisi tərəfindən 03.09.2021-ci il tarixli mütəxəssis rəyinin məlumatlarına əsasən, ünvan 2 ünvanında tikilmiş binanın zirzəmisinə bitişik inşa edilmiş qarajın üstündən hər hansı bir formada istifdə edilməsi (yüklərin boşaldılması, avtomobil saxlanması və sair), saxlanan avtomobillərin ağırlığı və avtomobillərdə olan yüklərin boşaldılması zamanı yaranacaq dinamik təsirlər də nəzərə alınmaqla, təhlükəli olduğu müəyyən edilmişdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxaq hüququn prinsipi ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istəyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunverciliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göründüyü kimi, iddia tələbi iddiaçının mülkiyyətində olan əmlaka cavabdeh və digər şəxslər tərəfindən vurulmuş və gələcəkdə ehtimal edilən ziyan ilə bağlıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan yerüstü daş qaraj cavabdeh kooperativ tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsi, 1978-ci məhəllədə tikilmiş binanın qarşısında yerləşmiş, Cavabdeh həmin qarajın sökülməsi əvəzində iddiaçıya MTK-da payçı kimi binanın zirzəmisində yerləşən, 38 kv.m sahəsi olan bir ədəd qapalı qaraj verməyi öhdəsinə götürmüşdür. Bununla bağlı aralarında 02.12.2006-cı il tarixdə kooperativ binada mənzil tikintisi haqda 60 nömrəli müqavilə bağlanmış, qaraj ona təhvil verilmiş və iddiaçı uzun müddətdir ki qarajdan təyinatı üzrə istifadə edir. İddiaçının mülkiyyətində olan qarajının üzərində Elşən MTK tərəfindən ağır yüklərin boşaldılmasına, nəqliyyat vasitələrinin saxlanmasına şərait yaradılır. Bu hallar qarajının sökülərək dağıntılar altında qalmaq təhlükəsi yaratdığından, iddiaçı tərəfindən cavabdehə müraciət olunmuş, öz aralarında məhkəmədən kənar mübahisənin həll edilməsi təklif edilmiş, lakin heç bir nəticə verməmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1098.1-ci maddəsinə əsasən gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. Həmin Məcəllənin 1098.2-ci maddəsinə əsasən əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Həmin Məcəllənin 1098.3-cü maddəsinə əsasən məhkəmə müvafiq fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi barədə iddiadan yalnız o halda imtina edə bilər ki, həmin fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi dövlət mənafelərinə zidd olsun. Bu cür fəaliyyəti dayandırmaqdan və ya ona xitam verməkdən imtina edilməsi zərərçəkənləri həmin fəaliyyətlə vurulmuş zərərin əvəzinin ödənilməsi hüququndan məhrum etmir. Məhkəmə qeyd edir ki, iddia “qarajın üstündən hər hansı formada istifadə edilməsi (yüklərin boşaldılması, avtomobil saxlanması və sair) cavabdehə və 3-cü şəxslərə qadağan edilməsi (piyadaların hərəkətinə mane olmamaqla) və həmin sahənin bir neçə yerdən dəmir sədd çəkilməklə əhatəyə alınması” hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Belə ki, qeyd edilmiş qanunvericiliyin müddəalarından aydın olur ki, vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. İddiaçının mülkiyyətində olan əmlaka (qaraja) zərərin vurulması iş materiallarına əlavə edilmiş mütəxəssis və ekspert rəyləri ilə öz əksini taparaq, sübut edilmişdir. Cavabdeh və digər şəxslər tərəfindən gələcəkdə iddiaçının mülkiyyətində olan əmlaka (qaraja) zərərin dəyməsinin qarşının alınması, həmçinin iddiaçının hüquqlarının pozulmasının qarşısının alınması məqsədi ilə qarajın üstündən hər hansı formada istifadə edilməsi (yüklərin boşaldılması, avtomobil saxlanması və sair) cavabdehə və 3-cü şəxslərə qadağan edilməsi (piyadaların hərəkətinə mane olmamaqla) və həmin sahənin bir neçə yerdən dəmir sədd çəkilməklə əhatəyə alınmasını məhkəmə daha məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, iddia “cavabdeh “Elşən" MTK və digərlərinin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, (T.Əliyev) M.Araz küçəsi, 1978-ci məhəllədə tikilmiş binanın zirzəmisində yerləşən 38 kv.m sahəli qarajın üzərində “nəqliyyat vasitələri saxlamaq və ağır yüklər boşaltmaq” barədə hərəkətlərinin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, (T.Əliyev) M.Araz küçəsi məhəllədə tikilmiş binanın zirzəmisində yerləşən və faktiki mülkiyyətində olan 38 kv.m sahəli qaraja sahiblik və ondan təhlükəsiz istifadə hüququnun təmin edilmə öhdəliyinin Cavabdeh-nın üzərinə qoyulması” hissəsində əsassız və qeyri müəyyən olduğundan, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, cavabdeh və ya digər şəxslər tərəfindən iddiaçının qaraja sahiblik və ya istifadə hüququ məhrum və ya məhdulaşdırılmamışdır. Məhkəmə tərəfindən iddianın ilk növbədə münasibət bildirilən hissəsində iddia tələbinin hazırki hissəsində qeyd olunanlar öz əksini tapmış və mübahisənin həllini ehtiva edir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia “maddi ziyanın əvəzi olaraq 1500 manat məbləğində pulun ödənilməsi” hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı qeyd edilən məbləğdə ona ziyanın dəyməsini və ya həmin məbləğdə yaranmış ziyanın aradan qaldırılması üçün xərc cəkməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçı tərəf mənəvi zərəri tələb etməsinə əsas olan və onu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq, 15 manat cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, (T.Əliyev) M.Araz küçəsi məhəllədə tikilmiş binanın zirzəmisində yerləşən və faktiki mülkiyyətində olan 38 kv.m sahəli qarajın üstündən hər hansı formada istifadə edilməsi (yüklərin boşaldılması, avtomobil saxlanması və sair) Cavabdeh-ya və 3-cü şəxslərə qadağan edilməli (piyadaların hərəkətinə mane olmamaqla) və həmin sahənin bir neçə yerdən dəmir sədd çəkilməklə əhatəyə alınmalı və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq, 15 manat dövlət rüsumu Cavabdeh-dan alınaraq iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri Cavabdeh-dan tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. İddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, (T.Əliyev) M.Araz küçəsi məhəllədə tikilmiş binanın zirzəmisində yerləşən və faktiki mülkiyyətində olan 38 kv.m sahəli qarajın üstündən hər hansı formada istifadə edilməsi (yüklərin boşaldılması, avtomobil saxlanması və sair) Cavabdeh-ya və 3-cü şəxslərə qadağan edilsin (piyadaların hərəkətinə mane olmamaqla) və həmin sahə bir neçə yerdən dəmir sədd çəkilməklə əhatəyə alınsın. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri Cavabdeh-dan tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-74/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-74/2022
27.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver