Məhkəmə qərarları › İş №2(044)-1316/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1316/2021

23.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1316/2021 23.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1, Cavabdeh1 MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, “Cavabdeh2”-ə və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «çoxmənzilli yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququnun tanınması, mənzil payının naturada ayrılması və ya mənzilə görə verilmiş pulun, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, “Cavabdeh2”-a və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «çoxmənzilli yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququnun tanınması, mənzil payının naturada ayrılması və ya mənzilə görə verilmiş pulun, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və “GƏNCƏPARK” GR tərəfindən ünvan 1 ünvanda yeni inşa olunmuş 12 mərtəbəli çoxmənzilli binanın 6-cı mərtəbəsində yerləşən 120.8 kv.m ölçüdə 3 otaqlı mənzilə onun mülkiyyət hüququnun tanınması, mənzilin ona naturada ayrılması, mənzil obyektiv səbəblərdən mülkiyyətinə verilə bilmədiyi təqdirdə mənzilə görə ödədiyi 21672 (iyirmi bir min altı yüz yetmiş iki) ABŞ dolları əsas məbləğ, əldən çıxmış faydanın məbləği kimi 18386 (on səkkiz min üç yüz səksən altı) ABŞ dolları, ümumilikdə isə məhkəmə qərarının icrası gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə manatla hesablanıb ödənilməklə 40058 (qırx min əlli səkkiz) ABŞ dolları və mənəvi zərərə görə 15000 manat cavabdehlər Cavabdeh1 MMC-dən və “Cavabdeh2”-dan müştərək qaydada tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X4 məhkəmə iclasında məhkəməyə “iddia tələbinin dəyişdirilməsi”nə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən ünvan 1 ünvanda yeni inşa olunmuş 12 mərtəbəli çoxmənzilli binasına olan ümumi paylı mülkiyyət hüququndakı paya onun mülkiyyət hüququnun tanınması və onun payına uyğun olaraq binanın 6-cı mərtəbəsində yerləşən 120.8 kv.m ölçüdə 3 otaqlı mənzilin naturada ayrılması və ona verilməsi, mənzil obyektiv səbəblərdən verilə bilmədiyi təqdirdə mənzilə görə ödədiyi 21672 (iyirmi bir min altı yüz yetmiş iki) ABŞ dolları əsas məbləğ, əldən çıxmış faydanın məbləği kimi 18386 (on səkkiz min üç yüz səksən altı) ABŞ dolları, ümumilikdə isə məhkəmə qərarının icrası gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə manatla hesablanıb ödənilməklə 40058 (qırx min əlli səkkiz) ABŞ dolları və mənəvi zərərə görə 15000 manat cavabdehlər Cavabdeh1 MMC-dən və “Cavabdeh2”-dan müştərək qaydada tutularaq alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, Cavabdeh1 MMC-nin 30 noyabr 2006-cı il tarixdə iddiaçı ilə bağladığı müqaviləyə əsasən, həmin cəmiyyət ünvan 1 ünvanda inşa olunması layihələndirilən 12 mərtəbəli çoxmənzilli binanın tikintisi başa çatdıqdan sonra 6-cı mərtəbəsində yerləşən 120.8 kv.m ölçüdə 3 otaqlı mənzilin iddiaçıya təhvil verilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci hissəsində yazılan şərtlərə əsasən təhvil veriləcək mənzilin ümumi sahəsinin ölçüsü 120.8 kv.m təşkil edir, bu mənzilin ümumi dəyəri 48320 (qırx səkkiz min üç yüz iyirmi) AZN məbləğində müəyyən edilir və hər bir kv.m-nə 400 AZN qiymət layihəsmeta sənədləri əsasında müəyyən edilir. Müqaviləyə əsasən iddiaçı 30 noyabr 2006-cı il tarixdə Cavabdeh1 MMC-nin xəzinəsinə 10.000 ABŞ dolları ödəmişdir. Cavabdeh ödənişin təsdiqi kimi iddiaçıya verdiyi CS-20 saylı 30 noyabr 2006-cı il tarixli maliyyə arayışında bu pulu həmin vaxtın məzənnəsi ilə 8720 (səkkiz min yeddi yüz iyirmi) AZN ödənişi kimi qeyd etmişdir. Daha sonra, 20 yanvar 2007-ci il tarixdə iddiaçı mənzilə görə Cavabdeh1 MMCyə 5000 (beş min) ABŞ dolları ödəmişdir. Cavabdeh bu pulu CS-01 saylı 20 yanvar 2007ci il tarixli maliyyə arayışında həmin vaxtın məzənnəsi ilə 4360 (dörd min üç yüz altmış) AZN kimi qeyd etmişdir. Daha sonra 06 dekbar 2008-ci il tarixdə iddiaçı mənzilə görə Cavabdeh1 MMC-yə 4172 (dörd min yüz yetmiş iki) ABŞ dolları ödəniş etmişdir və cavabdeh bu pulu 06 dekbar 2008-ci il tarixli maliyyə arayışında həmin vaxtın məzənnəsi ilə 3371 (üç min üç yüz yetmiş bir) AZN kimi qeyd etmişdir. Sonuncu dəfə iddiaçı Cavabdeh1 MMC-yə 23 yanvar 2009-cu il tarixdə 2500 (iki min beş yüz) ABŞ dolları ödəniş etmişdir. İddiaçıya verilən CS-09 saylı 23 yanvar 2009-cu il tarixli maliyyə arayışında bu pul həmin vaxtın məzənnəsi ilə milli valyuta ilə 2015 (iki min on beş) AZN kimi qeyd edilmişdir. Ümumilikdə iddiaçı Cavabdeh1 MMC-yə 21672 (iyirmi bir min altı yüz yetmiş iki) ABŞ dolları pul ödəmişdir. Bu günün məzənnəsi ilə bu 36842 (otuz altı min səkkiz yüz qırx iki) AZN təşkil edir. Qeyd edilən yaşayış binasının 01.10.2006-cı il tarixdən 2008-ci ilin 3-cü rübünə qədər olan vaxt ərzində tikilib başa çatdırılması müqavilənin 4.1-ci hissəsində qeyd olunduğuna baxmayaraq, faktiki olaraq inşa işləri 2008-ci ildən tam dayandırılmışdır və yalnız bu yaxın vaxtlarda yenidən inşa işləri davam etdirilir. Binanın tikintisi dayandırıldığı üçün iddiaçı ümumi məbləğin qalan hissəsinin Cavabdeh1 MMC-yə ödənişini dayandırmışdır. Hal-hazırda tikinti işlərinin yenidən aparıldığını görüb tikintisini maliyyələşdirdiyi mənzilə görə ödəniş etmək istəyərkən məlum olmuşdur ki, Cavabdeh1 MMC iddiaçının mənzili də daxil olmaqla, bütövlükdə yaşayış binasını digər tikinti şirkətinə Cavabdeh2-a satmışdır. Cavabdeh1 MMC ödənilən pulu və mənzili iddiaçıya verilməsini təmin edəcəkləri barədə vədlər versə də, bu vəziyyəti heç cür həll etmək istəmir. Digər cavabeh “Cavabdeh2” isə mənzilə dair iddiaçının hüquqlarını tanımır və özü mənzillərə satış elan edib. Cavabdeh1 MMC-nin də mənzilin verilməsinə dair öhdəliyini öz üzərindən atır. Hazırda iddiaçının hüquqları cavabdehlər tərəfindən pozulmuşdur və faktiki olaraq birtərəfli qaydada müqavilənin icrasından imtina olunmuşdur. ünvan 1 ünvanda inşa olunan çoxmənzilli binanın 6-cı mərtəbəsində yerləşən 120.8 kv.m ölçüdə 3 otaqlı mənzilin inşasını iddiaçı maliyyələşdirdiyi üçün, binanın həmin hissəsinə dair iddiaçı paylı mülkiyyətçi hesab olunmalıdır. Məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanda yeni inşa olunmuş 12 mərtəbəli çoxmənzilli binanın 6-cı mərtəbəsində yerləşən 120.8 kv.m ölçüdə 3 otaqlı mənzili müqavilədə nəzərdə tutulmuş şərtlərlə iddiaçıya təhvil verməyə razıdır. Cavabdeh “Cavabdeh2”-nin nümayəndəsi X3 iştirak etdiyi məhkəmə iclasında bildirmişdir ki, 01 iyun 2019-cu il tarixli “birgə fəaliyyət haqqında” müqaviləsinə əsasən Cavabdeh1 MMC Gəncə şəhər İcra Hakimiyyətinin 22 avqust 2006-cı il tarixli, 171 saylı sərəncamı ilə özünə ayrılan torpaq sahəsində hündürmərtəbəli yaşayış binasının tikintisini “Cavabdeh2”-a həvalə etmiş, bu müqavilə üzrə zəmanət şəklində Cavabdeh1 MMC-yə verilməsi nəzərdə tutulan mənzillərdən başqa digər mənzillərin satışına qarışmır, satış hüququnun və satışdan daxil olan vəsaitdən sərbəst istifadə hüququnun “Cavabdeh2”-da olması ilə razılaşaraq, bütün bunlar barədə üzərinə öhdəlik götürmüşdür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 30 noyabr 2006-cı il tarixli müqavilədən görünür ki, Cavabdeh1 MMC ünvan 1 ünvanda 12 mərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 6-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 120.8 kv.m təşkil edən mənzili İddiaçı verilməsini, İddiaçı isə vaxtlı-vaxtında maliyyə vəsaitini ödəməsini və həmin mənzili qəbul etməyi öz öhdələrinə götürürlər. İş materiallarına əlavə edilmiş 30 noyabr 2006-cı il tarixli, CS-20 saylı maliyyə arayışından görünür ki, ünvan 1 ünvanda tikiləcək binanın 6-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 120.8 kv.m olan 3 otaqlı 14 saylı mənzilin ümumi dəyərinin ilk hissə ödənişi kimi 8.720 (səkkiz min yeddi yüz iyirmi) AZN (10.000 ABŞ dolları) İddiaçı tərəfindən Cavabdeh1 MMC-nin xəzinəsinə ödənilmişdir. İş materiallarına əlavə edilmiş 20 yanvar 2007-ci il tarixli, CS-01 saylı maliyyə arayışından görünür ki, ünvan 1 ünvanda tikiləcək binanın 6-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 120.8 kv.m olan 3 otaqlı 14 saylı mənzilin ümumi dəyərinin hissə ödənişi kimi dekabr və yanvar ayı üçün 4.360 (dörd min üç yüz altmış) AZN (5.000 ABŞ dolları) İddiaçı tərəfindən Cavabdeh1 MMC-nin xəzinəsinə ödənilmişdir. İş materiallarına əlavə edilmiş 06 dekabr 2008-ci il tarixli, CS-88 saylı maliyyə arayışından görünür ki, ünvan 1 ünvanda tikiləcək binanın 6-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 120.8 kv.m olan 3 otaqlı 14 saylı mənzilin ümumi dəyərinin hissə ödənişi kimi 3.371 (üç min üç yüz yetmiş bir) AZN (4.172 ABŞ dolları) İddiaçı tərəfindən Cavabdeh1 MMC-nin xəzinəsinə ödənilmişdir. İş materiallarına əlavə edilmiş 23 yanvar 2009-cu il tarixli, CS-09 saylı maliyyə arayışından görünür ki, ünvan 1 ünvanda tikiləcək binanın 6-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 120.8 kv.m olan 3 otaqlı 14 saylı mənzilin ümumi dəyərinin hissə ödənişi kimi 2.015 (iki min on beş) AZN (2500 ABŞ dolları) İddiaçı tərəfindən Cavabdeh1 MMC-nin xəzinəsinə ödənilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri İcra hakimiyyəti başçısının 22 avqust 2006-cı il tarixli, 171 saylı sərəncamının surətindən görünür ki, Ş.İ.Xətai prospektində yerləşən 147 saylı binanın cənubi-şərq tərəfindəki ərazidə bir bloklu, 12 mərtəbəli yaşayış binasının tikintisi üçün 0,12 ha torpaq sahəsi Cavabdeh1 MMC-nə təhkim edilmişdir. İş materiallarına əlavə edilmiş 01 iyun 2019-cu il tarixli “birgə fəaliyyət haqqında” müqavilənin surətindən görünür ki, Cavabdeh1 MMC Gəncə şəhər İcra Hakimiyyətinin 22 avqust 2006-cı il tarixli, 171 saylı sərəncamı ilə özünə ayrılan torpaq sahəsində hündürmərtəbəli yaşayış binasının tikintisini “Cavabdeh2”-a həvalə edir, bu müqavilə üzrə zəmanət şəklində Cavabdeh1 MMC-yə verilməsi nəzərdə tutulan mənzillərdən başqa digər mənzillərin satışına qarışmır, satış hüququnun və satışdan daxil olan vəsaitdən sərbəst istifadə hüququnun “Cavabdeh2”-da olması ilə razılaşaraq, bütün bunlar barədə üzərinə öhdəlik götürür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq olunmuşdur ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 30 noyabr 2006-cı il tarixli müqaviləyə əsasən, Cavabdeh1 MMC ünvan 1 ünvanda tikiləcək binanın 6-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 120.8 kv.m olan 3 otaqlı mənzili İddiaçı verməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd edilən mənzil üçün 30 noyabr 2006-cı il tarixdə, 20 yanvar 2007-ci il tarixdə, 06 dekabr 2008-ci il tarixdə və 23 yanvar 2009-cu il tarixdə müvafiq olaraq 8.720 (səkkiz min yeddi yüz iyirmi) AZN (10.000 ABŞ dolları), 4.360 (dörd min üç yüz altmış) AZN (5.000 ABŞ dolları), 3.371 (üç min üç yüz yetmiş bir) AZN (4.172 ABŞ dolları) və 2.015 (iki min on beş) AZN (2500 ABŞ dolları) Cavabdeh1 MMC-nin hesabına ödəniş etmişdir. Daha sonra Cavabdeh1 MMC “Cavabdeh2” ilə 01 iyun 2019-cu il tarixdə “birgə fəaliyyət haqqında” müqavilə bağlayaraq özünə ayrılan torpaq sahəsində hündürmərtəbəli yaşayış binasının tikintisini “Cavabdeh2”-a həvalə etməyi öhdəsinə götürmüşdür. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 MMC və “Cavabdeh2” tərəfindən, ünvan 2 ünvanda yeni inşa olunmuş 12 mərtəbəli çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən, 120.8 kv.m ölçüdə olan 3 otaqlı mənzil (Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 30 noyabr 2006-cı il tarixli müqavilədə müəyyən edilmiş şərtlərlə) İddiaçı təhvil verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC və “Cavabdeh2” tərəfindən, ünvan 2 ünvanda yeni inşa olunmuş 12 mərtəbəli çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən, 120.8 kv.m ölçüdə olan 3 otaqlı mənzil (Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 30 noyabr 2006-cı il tarixli müqavilədə müəyyən edilmiş şərtlərlə) İddiaçı təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar