Məhkəmə qərarları › İş №2(005)-74/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-74/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-74/2023 16.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X2 Mehdi qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 09 noyabr 2017-cı il tarixli 12 saylı müqaviləyə əsasən təhvil verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Cavabdeh, Tələt Şıxəliyev küçəsi, ev (bina) № 3, blok C, 5-ci mərtəbə, 3 otaqlı, 507 saylı mənzilin ümumi sahəsinin müqavilədə göstəriləndən 5,7 kv.metr az olmasına görə artıq ödənilmiş 9120 manat məbləğində pulun, 116 manat dövlət rüsumunun və 15 saylı Vəkil Bürosuna ödənilmiş 310 manat pulun Cavabdeh MTK-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MTK arasında 09 noyabr 2017-ci il tarixli 12 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1.1. yarımbəndinə uyğun olaraq, öz mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 28.0 kv.metrdən ibarət yaşayış sahəsini sökülmək üçun cavabdeh MTK-ya təhvil vermişdir. Müqavilənin 1.1.2. yarımbəndinə uyğun olaraq, cavabdeh MTK mülkiyyətində olan əmlakın qarşılığında sözügedən ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında 90.7 kv.metr sahəni əhatə edən 3 (üç) otaqlı təmirsiz mənzili verməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh MTK üzərinə götürmüş olduğu vəzifəni tam şəkildə yerinə yetirmədiyi üçün aralarında mübahisə yaranmışdır. Belə ki, artıq qeyd etdiyi kimi, cavabdeh MTK tərəfindən ona təhvil verilməli olan mənzil 90,7 kv.metr sahəni əhatə etməli idi. “Armoni inşaat" MTK üzvlərinin ümumi iclasının 060 saylı Protokoluna əsasən, onun kooperativə üzv qəbul edilməyi, Bakı şəhəri, Nərimanov rayonu, “Armoni inşaat", Tələt Şıxəliyev küçəsi, ev (bina) № 3, blok C, 5-ci mərtəbə, ümumi sahəsi 90.7 kv.m olan, 3 otaqlı, 507 saylı mənziln payçısı olaraq təsdiq edilməyi ilə bağlı qərar qəbul edilmişdir. Bundan əlavə, sözügedən protokola əsasən, ona məxsus mənzilin Bakı şəhəri, ƏMDK yanında DƏDRX-nin Ərazi idarəsinə Hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı göndərilməsinə dair qərar da qəbul edilmişdir. Bundan sonra cavabdeh MTK tərəfindən ona təhvil verilmiş mənzilə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün aidiyyəti üzrə DƏDRX-ə müraciət etmiş, həmin mənzillə bağlı xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışı almışdır. Çıxarışla tanış olarkən mənzilin sahəsində qeyd olunan rəqəmlə cavabdeh MTK ilə bağladığı müqavilədə qeyd olunan rəqəm arasında fərqin olduğunu aşkar etmişdir. Belə ki, müqaviləyə əsasən əmlakın ümumi sahəsi 90,7 kv.m olduğu halda, müvafiq çıxarışda sahə 85,0 kv.m təşkil edir. Məsələyə aydınlıq gətirilməsi üçün cavabdeh MTK-ya həm şifahi, həm də yazılı formada müraciətlər etməyinə baxmayaraq məsələ öz həllini tapmamışdır. Məhz bu şəbədən, yaranmış mübahisənin həlli və pozulmuş hüquqlarımın bərpasıyla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh MTK-nın xx.xx.2021-ci iı tarixli maliyyə arayışından görünür ki, sözügedən mənzillə bağlı MTK qarşısında heç bir borc öhdəliyi yoxdur. Müqavilənin 2.1.7. yarımbəndınə uyğun olaraq, mənzil ona razılaşdırılmış şərtlərə uyğun şəkildə təhvil verilməliydi. Lakin cavabdeh MTK tərəfindən həmin şərtlərə tam şəkildə riayət edilməyib, mənzilin sahəsi 90,7 kv m təşkil etməli olduğu halda 85,0 kv.m təşkil edir. Cavabdeh ondan 5.7 kv.m sahəyə görə artıq aldığı pulu ona könülü qaytarmadığı üçün iddiaçı məcbur olub vəkilə müraciət edib müqavilə bağlayaraq 15 saylı Vəkil Bürosuna 310 manat, habelə məhkəmədə iddia qaldırmaq üçun əlavə 116 manat da pul ödəmişdir ki, onlar da cavabdehdən tutulub iddiaçıya qaytarılmalıdır. Hesab edir ki, cavabdeh MTK təhvil verməli olduğu mənzilin ümumi sahəsinə bayır və ara divarlarının yerləşdiyi sahələri qatmadan, ümumi sahəsi 90,7 kv.m olan mənzil təqdim etməli idi. Təqdim etmiş olduğu mənzilin ümumi sahəsi 85,0 kv.m təşkil etdiyi halda, yaranmış kv.m fərqinə görə kompensasiya ödəməlidir. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh MTK arasında bağlanmış 09 noyabr 2017- ci il tarixli 12 saylı müqaviləyə əsasən təhvil verilmiş Bakı şəhəri, Nərimanov rayonu T.Şıxəliyev küçəsi, ev 3, blok C, 5-ci mərtəbə, 3 otaqlı 507 saylı mənzilin ümumi sahəsinin müqavilədə göstəriləndən 5.7 kv.m az olmasına görə artıq ödənilmiş 9120 manat məbləğində pulun, 116 manat dövlət rüsumunun, 310 manat vəkil xərcinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, iddia belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 09 noyabr 2017-ci il tarixli 12 saylı müqaviləyə əsasən iddiaçı özünə məxsus olan 21 kv.m mənzilini sökülmək üçün MTK-ya təhvil vermiş, MTK isə öz növbəsində Nərimanov r, T.Şıxəliyev küç, ev 3, blok C, 5-ci mərtəbə, ümumi sahəsi 90.7 kv.m olan 3 otaqlı, 507 saylı mənzili iddiaçıya təhvil verməlidir. Lakin, cavabdeh ona 85 kv.m, nəzərdə tutulandan 5.7 kv.m az mənzil vermişdir. İddiaçının bu qənaətə gəlməsinə səbəb ona verilmiş çıxarışda mənzilin sahəsinin 85 kv.m göstərilməsi olmuşdur. Aşağıda qeyd olunanlarla hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi haliara dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmçinin iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. İlk olaraq bildirir ki, 09 noyabr 2017-ci il tarixli 12 saylı müqavilədən də görünür ki, iddiaçı MTK ilə arasında olan razılığa əsasən mülkiyyətində olan 21 kv.m mənzilini sökülmək üçün MTKya təhvil verərək əvəzində 90.7 kv.m sahəsi olan mənzil almışdır. Müqavilə şərtlərindən görünür ki, iddiaçı MTK-ya heç bir ödəniş etməmişdir. Yəni, iddiaçı tərəfindən ona verilən mənzilə dair heç bir ödəniş edilmədiyi halda, iddiaçı ona necə hesablandığı əsaslandırılmayan (9120 manat) ödənişin geri qaytarılmasını tələb edir. Bundan başqa iddiaçı ona verilmiş çıxarışda mənzilin ümumi sahəsinin 85 kv.m olduğuna istinad edərək ödəniş tələb etsə də, mənzilə dair verilmiş çıxarışda mənzilin balkon sahəsinin hesablanmadığını nəzərə almamışdır. Halbuki, balkon da daxil olmaqla mənzil real olaraq ölçüldüyü halda mənzilin real sahəsinin 90.7 kv.m-dən də artıq, oxdan oxa olan sahəsinin isə 101 kv.m olduğu müəyyən ediləcəkdir. Belə ki, iddiaçının özünə də məlumdur ki, mənzillər sakinlərə verilərkən kv.m sahə oxtan oxa olaraq nəzərə alınır. Göründüyü kimi, iddia tələbi tam olaraq əsassız olmaqla yanaşı iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetımə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilənin surətindən və məzmunundan görünür ki, tikinti şirkəti Cavabdeh MMC ünvan 1 ünnvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev 3 ünvanında çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək inşa etdiyi binada 90,7 kv.m 5-ci mərtəbədə olan təmirsiz 3 otaqlı mənzili bu müqavilə ilə “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Cavabdeh tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, İddiaçı Cavabdeh ilə bağladığı xx.xx.2017-ci il tarixli 12 saylı müqaviləyə əsasən sərmayələşdirilmiş olduğu Bakı şəhəri, Nərimanov rayonu, “Armoni inşaat", Tələt Şıxəliyev küçəsi, ev (bina) № 3, blok C, 5-ci mərtəbə, ümumi sahəsi 90.7 kv.m olan, 3 otaqlı, 507 saylı mənzilə görə Cavabdehnə heç bir borcu yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 3, 507 saylı mənzili (yeni qaydalarla- Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 3, M5, m7) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2022-ci il tarixli, 10/6075 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələbləri nəzərə alınmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsində, Cavabdeh tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın C blokunun 5-ci mərtəbəsində yerləşən 507 saylı mənzilin ümumi sahəsinin (yaşayış və köməkçi sahə ilə birgə) 85,0 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsində, Cavabdeh tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın C blokunun 5-ci mərtəbəsində yerləşən 507 saylı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 90,7 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, “Armoni inşaat", Tələt Şıxəliyev küçəsi, ev (bina) № 3, blok C, 5-ci mərtəbə, ümumi sahəsi 90.7 kv.m olan, 3 otaqlı, 507 saylı mənzil İddiaçı mülkiyyətindədir. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən tikinti şirkəti Cavabdeh MMC ünvan 1 ünnvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev 3 ünvanında çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək inşa etdiyi binada 90,7 kv.m 5-ci mərtəbədə olan təmirsiz 3 otaqlı mənzili bu müqavilə ilə “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, “Armoni inşaat", Tələt Şıxəliyev küçəsi, ev (bina) № 3, blok C, 5-ci mərtəbə, ümumi sahəsi 90.7 kv.m olan, 3 otaqlı, 507 saylı mənzilə görə Cavabdehnə heç bir borcu yoxdur. Hazırda iddiaçı kooperativ ilə İddiaçı arasında bağlanmış müqavilədə mənzilin tikinti-hesablaşma sahəsi 90,7 kv.metr kimi qeyd olunmasına baxmayaraq mənzilin tikinti-hesablaşma sahəsi faktiki olaraq çıxarışda 85,0 kv.metr olduğunu bildirərək, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini lazımi qayadada icra etməməsini əsas gətirərək, mənzilin hər kv.metri üçün artıq ödənilmiş 9120 manat məbləğində pulun qaytarılmasını xahiş edir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 437.1-ci maddəsinə əsasən, əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir; 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, 09 noyabr 2017-ci il tarixli 12 saylı müqavilədən də görünür ki, iddiaçı MTK ilə arasında olan razılığa əsasən mülkiyyətində olan 28 kv.m mənzilini sökülmək üçün MTK-ya təhvil verərək əvəzində 90.7 kv.m sahəsi olan mənzil almışdır. Müqavilə şərtlərindən görünür ki, iddiaçı MTK-ya heç bir ödəniş etməmişdir. Yəni, iddiaçı tərəfindən ona verilən mənzilə dair heç bir ödəniş edilmədiyi halda, iddiaçı ona hesablandığı əsaslandırılmayan (9120 manat) ödənişin geri qaytarılmasını tələb edə bilməz. Habelə müqavilələrin müvafiq olaraq 1.1.2-ci bəndinə əsasən cavabdehin iddiaçıya təhvil verməyi öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi 90,7 kv.metr göstərilmişdir. Göründüyü kimi, qeyd edilən müqavilə üzrə müvafiq mənzilin sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyi ilə mənzilin (divar altı sahələr, həmçinin yardımçı sahə nəzərə alınmaqla) ümumi sahəsi 90,7 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, mübahisənin kökündə duran mənzilin sahəsi məsələsi tərəflərin bağladıqları müqavilədə aydın və dəqiq şəkildə qeyd olunmuşdur. Yəni, cavabdehin iddiaçıya təhvil verməyi öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi 90,7 kv.metr göstərildiyi halda, ekspert rəyinə əsasən “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə əsasən 85,0 kv.m təşkil edir. Lakin həmin ekspert rəyi ilə müəyyən edilir ki, divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 90,7 kv.m təşkil edir. Məhkəmə onu da vurğulayır ki, yaşayış binalarında mənzillərin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələrin nəzərə alınmadan hesablanması barədə Şəhərsalma və Tikinti Məcəllsinin 59.3-cü maddəsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normadır. Həmin müddəa, alqı-satqı münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində satılan əşyanın sahəsini öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini aradan qaldırmır. Belə ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) xidmət edir. MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Bununla fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Odur ki, hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə icra edilmədiyi, bu səbəbdən də artıq ödənişin olması faktının qeyd edilməsi yolverilməzdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən hüquqi yardıma çəkilmiş xərc iddiaçının özünə aid edilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, aparılmış ekspertiza tədqiqatlarının dəyəri iddiaçıdan tutularaq, 50 (əlli) manat məbləğində pul Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul iddiaçıdan tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar