Məhkəmə qərarları › İş №2(005)-747/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-747/2022

14.02.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-747/2022 14.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Şirinbala oğlunun iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması, əmək haqqı və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X6 qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması, əmək haqqı və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 hərəkətləri qanunsuz hesab edilməsi, dəymiş mənəvi zərərə görə 20 000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 09 fevral 2020-ci il tarixdən 28 oktyabr 2020-ci il tarixədək faktiki sahibi olan Kərimli Arzu və onun əri Vəli adlı şəxsə məxsus “Arzum VİP” adlı Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, ev 20A gözəllik salonunda saç ustası vəzifəsində çalışmışdır. 28 oktyabr 2020-ci il tarixdə resepşnda çalışan Əsmər adlı xanım ona artıq Arzu xanımın göstəriş ilə işdən azad olunmasını bildirmişdir. Bununla əlaqədar əmək müqaviləsi və ödəniləcək müavinətlərin ödənilməsini tələb etməsinə baxmayaraq bu günə kimi müraciətləri əhəmiyyətsiz qalmışdır. Bu barədə 21 aprel 2021-ci il tarixli Əmək Müfəttişliyi Xidmətinə müraciətinə əsasən, 31 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin artırılması barədə yazılı ərizə təqdim edərək, işçiyə ödənilməli son əmək haqqı 2970 manat və dəymiş mənəvi zərərə görə 20.000 manat, ümumilikdə 22970 manat məbləğində pul vəsaiti cavabdeh X3 tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Şirinov İddiaçı nümayəndəsi və vəkili Vəkil Şirinbala oğlu bildirmişdir ki, İddiaçı işdən çıxarılma barədə ərizə təqdim etmədən işəgötürən tərəfindən qanunsuz olaraq işdən azad olunmuş, əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Cavabdeh X6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan aşağıdakı səbəblərə görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin 01.06.2021-ci il tarixli İddiaçı ünvanlanmış cavab məktubunun mətnində “araşdırma zamanı, fiziki şəxs X8 tərəfindən X9 Xidmətinin Bakı şəhər idarəsinə təqdim olunmuş sənədlərdən Sizinlə cəmiyyət arasında bağlanmış əmək müqavilənizə 30.01.2021-ci ıl tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi və son haqq-hesabınızın bugünədək işəgötürən tərəfindən Sizə ödənilmədiyi müəyyən edilmişdir. Bildiririk ki, Sizin əmək müqavilənizə qanunvericiliyin tələbi pozularaq xitam verildiyindən fiziki şəxs X8 barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq 31.05.2021-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Həmçinin, son haqq hesabınızın ödənilməsi məqsədilə fiziki şəxs X4 hüquqi ünvanına **********2 saylı, 01.06.2021-ci il tarixli məktub ünvanlanmışdır. Razılaşmadığınız təqdirdə məhkəməyə müraciət etmək hüququnuz vardır.” göstərilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarından görünür ki, vətəndaş İddiaçı əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması nəticəsində, X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6cı maddəsinə nəzərdə tutulmuş inzibati xəta törətmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1500 manat məbləğində cərimə edilmişdir; Əmək müqaviləsinin bağlanması ilə bağlı 01.03.2020-ci il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsi bildirişinə əsasən Əlisoy X7 Arzu Ehtibar qızı (VÖEN:**********) tərəfindən 01.03.2020-ci il tarixdən müddətsiz olaraq, vaxtamuzd, hər ay 270 manat əmək haqqı ödənilməklə Gözəllik Salonunda saç ustası vəzifəsinə işə qəbul edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 03.02.2021-ci il tarixli, xxxxxxx0002X0 nömrəli əmək müqaviləsi bildirişinə əsasən X2 işləyən İddiaçı ilə 01.03.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 30.01.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" bəndi ilə (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X11 vəkil sorğusuna 25.10.2021-ci il tarixli cavab məktubuna əsasən xx.xx.1997-ci il təvəllüdlü İddiaçı 25.10.2021-ci il tarixdə müayinə olunmuş, ona Adaptasiya pozuntusu F43 diaqnozu qoyulmuşdur; İddiaçının iddiasına görə, X8 tərəfindən ona ödənilməyən müavinət məbləği 2020-ci ilin mart ayından 30 yanvar 2021-ci il tarixədək, cəmi 2970 manat manat təşkil edir. Məlum aylar üçün cavabdeh tərəfindən müavinət ödəniş edilməmişdir və o, məhz həmin ödənişlərin onun xeyrinə tutulmasını tələb etməkdədir. Məhkəmə iddiaçının “X4 hərəkətləri qanunsuz hesab edilməsi əmək və əmək haqqı” tələbini əsaslı hesab edir: Məhkəmə qeyd edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl olunub-olunmadığı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi, əmək qanunvericiliyinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli, eyni zamanda bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İş materiaları ilə müəyyən edilmişdir ki, X1 Sisteminin iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" bəndi ilə (tərəflərdən birinin təşəbbüsü) istinad olunmaqla xitam verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmr verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulmuş, əmək müqaviləsi həmin Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmadan ləğv olunmuş, müqaviləyə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a) bəndinə əsasən xitam verilməsinə baxmayaraq işçinin hər hansı bir ərizəsi olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a“ bəndinə görə, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69.4-cü maddəsinə görə, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya sonuncu iş günü əmrin surəti, əmək kitabçası rəsmi qaydada verilməmiş, son haqq-hesabı tam həyata keçirilməmişdir. Azərbaycan Respublikası ƏM-nin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə iddia tələbinin «dəymiş mənəvi zərərə görə 20.000 manat» tutulması hissəsində qismən əsaslı hesab edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddianın “dəymiş mənəvi zərərə görə 20.000 manat ödənilməsi” hissəsinə hüquqi qiymət verərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X11 25.10.2021ci il tarixli rəyini mötəbər sübut kimi qiymətləndirərək, məhkəmə hesab edir ki, müvafiq tələb qismən təmin edilməli, cavabdeh X3 İddiaçı xeyrinə 300 (üç yüz) manat məbləğində mənəvi zərər tutulmalı, iddia ərizəsi həmin tələbin qalan hissəsində rədd edilməlidir. Digər tərəfdən, məhkəmə mənəvi zərərin qismən təmin olunmasına münasibətdə onu da qeyd edir ki, iddiaçının digər tələblərinin təmin olunması ona münasibətdə ədalətli kompensasiyanı əvəz edir. Belə ki, “Kletsova Rusiyaya qarşı” iş üzrə 12.04.2007-ci il tarixli X12 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar mövqeyi «Bokova Rusiya qarşı» işi üzrə 16.04.2019-cu il tarixli Qərarında da mövcuddur. Qərarda qeyd olunur: «ərizəçiyə qarşı işə baxılarkən məhkəmə tərəfindən pozuntunun olmasının aşkar edilməsi ərizəçinin irəli sürdüyü mənəvi zərərə görə ədalətli təzminatı özünə ehtiva edir». Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Cavabdeh X4 hərəkətləri qanunsuz hesab edilməli, X2 tərəfindən ödənilməmiş 2970 (iki min doqquz yüz yetmiş) manat əmək haqqı , 300 manat mənəvi ziyan İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh X6 qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması, əmək haqqı və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh X4 hərəkətləri qanunsuz hesab edilsin. X2 tərəfindən (VÖEN **********) ödənilməmiş 2970 (iki min doqquz yüz yetmiş) manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh X3 İddiaçı xeyrinə 300 (üç yüz) manat məbləğində mənəvi zərər tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar