Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-755/2023 04.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, Cavabdeh mümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 mart 2024-cü il tarixə qədər Cavabdeh sözügedən xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı qeyri-yaşayış sahəsində qalması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhərində müxtəlif yerlərdə kirayə qeyri-yaşayış sahələri götürərək, gözəllik salonları işlətmişdir. Növbəti dəfə 2019-cu ilin ortalarında Cavabdeh xüsusi mülkiyyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı qeyri-yaşayış sahəsini götürərək, gözəllik salonu götürüb işlətmək qərarına gəlmişdir. Hətta 18 mart 2019-cu il tarixdə bu barədə 5 il müddətinə hər ay 100 (bir yüz) manat ödəməklə icarə müqaviləsi bağlamışdır. O vaxtdan etibarən, həmin salonu işlətməyə başlamışdır. Bir neçə il keçdikdən sonra, cavabdehlə belə bir razılaşmaya gəlmişdir ki, salonu təmirin həyata keçirtsin və köhnə avadanlıqları yenisi ilə əvəz etsin. Salonu kosmetik təmir elətdirmiş hətta kanalizasiya sistemini söküb yenisi ilə əvəz etmişdir. Müqavilə üzrə, həmçinin icarə haqqı və .s öhdəliklərini vaxtlı-vaxtında icra etmişdir. İcarə müqaviləsinin pulunu cavabdehə ödədikdən 15 gün sonra, cavabdehin oğlu Cavabdeh sözügedən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı qeyri-yaşayış sahəsindən çıxmasını tələb etmişdir. Bir müddət keçdikdən sonra, gözəllik salonuna şəxsiyyəti məlum olmayan şəxslər gələrək, ona bildirmişdirlər ki, sözügedən gözəllik salonunun mülkiyyətçidir və dərhal həmin salonun boşaldılmasını ondan tələb etmişlər. Onları tanımadığına görə, arasında söz mübahisələri yarandığından, dərhal 102 xidmətinə zəng vurmuş və 10-15 dəqiqəyə hadisə yerinə polis əməkdaşları gəlib, qarşı tərəfə bildirmişdirlər ki, onun 18 mart 2019-cu il tarixdən 5 il müddətinə icarə müqaviləsi var, onun icarə müqaviləsinin müddəti 18 mart 2024-cü il tarixdə bitir və iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh mümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədiyini, rədd olunmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, qeyd olunan əmlak cavabdehin yox, digər şəxsin mülkiyyətindədir və buna görə də iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ kimi tam pay əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 134 nömrəli reyestr kitabının 12555 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır; Cavabdeh və İddiaçı arasında bağlanmış 18 mart 2019-cu il tarixli icarə müqaviləsinə əsasən İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı qeyri-yaşayış sahəsinin 20 kv.m sahəsi 5 il müddətinə aylıq 100 manat ödəmək şərtilə İddiaçı icarəyə verilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, X7 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi Cavabdeh etibarnamə üzrə nümayəndəsi X11 tərəfindən Bakı şəhəri 19 saylı DNKnın 4Ə-519 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 və M.T.Əlizadənin adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın 4Ə-1270 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış sahəsi "xxxx" MMCnin adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-da təsdiqlənmiş xx.xx.2022 nömrəli 8İ- 733 reyestr nömrəli təhvil-təslim aktının və "xxxx" MMC-nin 0028/22 nömrəli xx.xx.2022-ci il tarixli məktubuna əsasən sözügedən qeyri-yaşayış sahəsi X10 adına qeydiyyatdan keçmişdir; Cavabdeh və X12 arasında xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı qeyriyaşayış sahəsi Cavabdeh tərəfindən və X8 bağışlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı qeyri-yaşayış sahəsi X4 mülkiyyətindədir. X6 ilə X9 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 tərəfindən X5 Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı qeyri-yaşayış sahəsi 390000 (üç yüz doxsan min) manata satılmışdır. xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçıya cavabdehi əsil cavabdehlə əvəz etməsi təklif olunmuş, lakin iddiaçı buna razı olmamış, ərizəsini verilmiş tələb və tərəflərlə baxılmasını xahiş etmişdir. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülkiprosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaya cavab verməli şəxs olmadığından, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 51.3-cü maddəsinə əsasən, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Qeyd edilən Məcəllənin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Bu o deməkdir ki, əmlakın hazırkı mülkiyyətçisinə qarşı (X5 qarşı) tələb irəli sürülmədiyindən məhkəmə, tələbin yönəldiyi subyektin buna cavab verməli olub-olmadığı konteksində müvafiq qərar verməli, yaxud iddiaçının iradəsi olduğu təqdirdə cavabdehin əvəz olunması məsələsini həll edilməlidir. Hazırki mülki iş üzrə iddiaçının tələb etdiyi - Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı qeyri-yaşayış sahəsində qalmasıbarədə tələbini araşdırmağı zəruri hesab etmir. İddiaçının irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması mümkün deyildir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaya cavab verməli şəxs olmadığından, cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadığından, bununla da, işə irəli sürülmüş tələb üzrə baxıldığından, mövcud iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməməsi” tələbinə dair iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-755/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-755/2023
04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver