Məhkəmə qərarları › İş №2(005)-756/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-756/2024

12.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-756/2024 12.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil İsgəndər oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Səttarxan adına maşınqayırma zavodunda 20 il işlədiyi üçün, müraciəti əsasında zavoda məxsus yataqxanada xx.xx.2002-ci il tarixdə, X2 13 saylı protokolunun qərarı ilə ona 5 nəfər ailə üzvüylə yaşamaq üçün Təbriz küçəsi 100 ünvanında yerləşən yataqxanada sahəsi 35.6 m2 olan, 95 saylı mənzil (iki otaq) verilmişdir. O, 5 nəfər ailə üzvüylə birlikdə həmin mənzilə daimi pasport qeydiyyatına alınmış və yaşamışlar. Bir müddət onun atasıyla birlikdə yaşadığından istifadə edən cavabdeh bunu fürsət bilib icazəsiz olaraq, ona məxsus yuxarıda qeyd etdiyi evə daxil olmuşdur. X3 Müharibəsi Veteranıdır. xx.xx.2002-ci il il tarixində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona həmin mənzil üçün 149 saylı order verilmişdir. Cavabdehdən dəfələrə mənzilindən çıxmağı tələb etsə də, cavabdeh həmin mənzili ona başqa bir şəxsin kirayə verdiyini və yalnız həmin şəxsin deyəcəyi halda evdən çıxacağını bildirmişdir. Hazırda, Cavabdeh məhkəmə qaydasında ona məxsus mənzildən çıxarılmasına zərurət meydana gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, uzun müddət zavodda işlədiyindən mübahisələndirilən ev ona verilmişdir. 90-cı illərdə həmin evə köçmək istəsə də, qaçqınlar oranı zəbt edərək evində yaşamağa başlamışlar. Məlum hadisələrə görə onları oradan çıxarmaq mümkün olmamışdır. Onlar yaşlı insanlar idi, elə həmin evdə də rəhmətə getmişlər. Hazırda oranı cavabdehə kirayəyə verən həmin qaçqınların rayonda yaşayan qohumlarıdı. Neçə ildir ki, mərhum olduğu evinin ona qaytarılmasını istəyir. Bu səbəbdən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil İsgəndər oğlu iddia ərizəsinin məzmununa müvafiq izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, 4 aydır ki o evdə yaşayır. Təsadüfən polisdə işləyən oğlanla tanış olub. Həmin oğlan ona bildirmişdir ki, ev onundur, 300 manat kirayə haqqı ilə gəlib orada yaşaya bilər. Yazılı müqavilə bağlamadan bir neçə aydır ki, aylıq kirayə haqqı ödəməklə orada yaşayır. Heç kimin evində gözü yoxdur, uşaqların məktəbi və onun işi yaxın olduğu üçün orada yaşayırlar. Məhkəmə onun həmin evdən çıxarılmalı olduğunu müəyyənləşdirərsə o, həmin evdən çıxacaqdır. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" TASC-nin rəhbərliyi ilə zavod HİK-nin birgə yığıncağının xx.xx.2002-ci il tarixli, 13 saylı protokolundan çıxarışın surətindən görünür ki, Təbriz küçəsi, 100 ünvanında zavoda məxsus yataqxanada yaşayış sahəsi 35.6 kv.m olan 95 saylı mənzilin (iki otaq) ailə tərkibi 5 nəfər (özü, həyat yoldaşı və üç uşağı) olmaqla İddiaçı Yunis oğluna verilməsi qərara alınmışdır; - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2002-ci il tarixli, 149 saylı orderinin notarial təsdiq edilmiş surətindən görünür ki, ki, "xxxx"nda yığıcı çilingər olan İddiaçı Yunis oğluna Təbriz küçəsi, 100 ünvanında zavoda məxsus yataqxanada yaşayış sahəsi 35.6 kv.m olan 95 saylı mənzil (iki otaq, ailə tərkibi 5 nəfər-özü, həyat yoldaşı və üç uşağı olmaqla) verilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Quliyev X1 adına maşınqayırma zavodunda işləmiş və ona xx.xx.2002-ci il tarixdə həmin zavod tərəfindən, zavoda məxsus Təbriz küçəsi 100 ünvanında yerləşən yataqxanada, sahəsi 35.6 m2 olan, 95 saylı mənzilə dair order verilmişdir. Uzun müddət mənzildə məcburi köçkünlər yaşamışlar. Sonradan mənzil cavabdehə kirayə verilmişdir. Hazırda iddiaçı qeyd edilən mənzilin ona məxsus olduğuna əsaslanaraq, mənzildə hər hansı qanuni əsas olmadan yaşayan cavabdehin mənzildən çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.5 və 157.2-ci maddələrinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə uyğun olaraq mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 139-1.1.11-ci maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırki mülki iş üzrə iddiaçının işlədiyi müəssisənin qərarı ilə dövlət mənzil fonduna məxsus ev onun və ailə üzvlərinin sahibliyinə və istifadəsinə verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2002-ci il tarixli, 149 saylı orderi iddiaçının mübahisələndirilən mənzilə hüququnu təsdiq edən qanuni əsas kimi çıxış edir və iddiaçı həmin mənzilin qanuni sahibi hesab olunur. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 8-ci maddəsinin məzmununa uyğun olaraq, vətəndaşın yaşadığı mənzili (evi) özəlləşdirmək üçün tələb olunan zəruri sənədlərdən biri də mənzil sahəsinin orderidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında “mülkiyyət hüququna qanuni gözlənti” ilə bağlı ifadə etdiyi hüquqi mövqelərinə görə, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulan “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahibliklə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (Latridis Yunanıstana qarşı iş, §54). Məhkəmə, həmçinin qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyət”lə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı də əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı iş, § 103). Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, 2 iyun 1993-cü ildə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr təsdiq etdilər ki, ərizəçi yaşayış orderinin qanuni sahibidir. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında "sosial kirayə müqaviləsi" deyilən müqavilə bağlanmalı idi. Bu sosial kirayə müqaviləsinin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq, müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Ərizəçinin mənzilin kirayəçisi olduğu tanındığı halda, məcburi köçkünlərə mənzildə yaşamağa davam etməyə icazə verilmişdir, halbuki, bu cür sahiblik faktı qanunsuz elan edilib. Beləliklə, müvafiq order əsasında iddiaçının və orderdə qeyd edilən onun ailə üzvlərinin mübahisəli mənzili sahibliyində saxlamaq, yaşayış sahəsi kimi istifadə etmək hüquqları vardır. Dövlət mənzil fonduna aid həmin mənzil mülkiyyətçi tərəfindən iddiaçıdan geri alınmadığından, mənzilin iddiaçıya məxsusluğunun qanuni əsasları mövcuddur. Cavabdeh isə hər hansı bir qanuni əsas olmadan həmin mənzildə yaşayır. Cavabdeh mənzilin evin sahibi kimi özünü təqdim etmiş şəxs tərəfindən ona kirayə verildiyini bildirsə də, həmin şəxsin şəxsiyyətini müəyyənləşdirən məlumatları (soyadı və ata adını) dəqiq olaraq bilmədiyini söyləmiş, həmçinin onun mənzilə dair hər hansı hüququnun olmasına dair sənəd (sosial kirayə müqaviləsi və s.) təqdim edə bilməmişdir. Qeyd olunmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür. Hazırki iş üzrə cavabdeh isə səlahiyyətli şəxslə kirayə müqaviləsi bağladığını təsdiq edə bilməmişdir. İddiaçının mübahisəli mənzilə dair qüvvədə olan sahiblik və istifadə hüquqlarının olmasını və onun həmin mənzili mülkiyyətinə keçirmək barədə qanuni əsaslarının mövcudluğunu nəzərə alaraq məhkəmə hesab edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtləri mövcud olduğundan, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, artıq qeyd olunduğu kimi, iddiaçı mübahisəli yaşayış sahəsinin order əsasında qanuni sahibidir, o, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuşdur, onun məhrum olduğu əmlak naturada mövcuddur və cavabdehin faktiki sahibliyindədir, onun isə mübahisəli əşyaya sahiblik hüququ yoxdur. Cavabdehin ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə məskunlaşmaları həmin mənzilin qanuni sahibi, eyni zamanda mülkiyyət hüququnun əldə olunmasına qanuni gözləntiyə malik olan iddiaçının hüquqlarınının pozulmasına səbəb olur. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar