Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-777/2025 10.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı MMMC-nin Cavabdeh qarşı (açar sözlər: kommunal xidmət borcunun ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı MMMC cavabdehlər X3, X8, Cavabdeh, X1, X5 və X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, binanın saxlanması xərclərinə görə xx.xx.2024-cü il tarixinədək borcları yaranmış cavabdehlər: X6 - binanın saxlanması xərclərinə görə 202.30 (iki yüz iki manat 30 qəpik) X11 - binanın saxlanması xərclərinə görə 330,90 (üç yüz otuz manat 90 qəpik) Cavabdeh - binanın saxlanması xərclərinə görə 1130,60 (bir min otuz manat 60 qəpik) X2 - binanın saxlanması xərclərinə görə 399 (üç yüz doxsan doqquz) manat X7 – binanın saxlanması xərclərinə görə 664 (altı yüz altmış dörd manat) X10 – binanın saxlanması xərclərinə görə 580,20 (beş yüz səksən manat 20 qəpik) həmçinin 500 (beş yüz) manat hüquqi xidmət haqqı xərci və dövlət rüsumu üçün ödənilmiş 59 (əlli doqquz) manat, korrespondensiya xərcləri 50 (əlli) manat məbləğin müştərək qaydada cavabdehlərdən tutularaq İddiaçı MMMC-nə ödənilməsi və binanın saxlanması xərcləri ödənilənədək cavabdehlərə bütün kommunal xidmətlərin göstərilməsinin məhdudlaşdırılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadıqları binada binanın saxlanması xərcləri, o, cümlədən: giriş-çıxışa və əraziyə nəzarətin həyata keçirilməsi; ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, liftlərin təmiri və elektrik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmir işlərinin həyata keçirilməsi; suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri İddiaçı MMMC tərəfindən həyata keçirilir. “Nəsimi-45" MMMC-nin ümumi yığıncağının qərarına əsasən binanın saxlanması xərcləri mənzilin ümumi sahəsinin hər kv.m üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Belə ki, "Nəsimi-45” MMMC tərəfindən yuxarıda göstərilən binanın saxlanması xərclərinə görə cavabdehlərin borcları yaranmışdır. Məlum edir ki, cavabdehlərə dəfələrlə şifahi formada müraciətlər olunsa da, onlar binanın saxlanması xərclərinə görə yaranmış borcun ödənilməsindən imtina etmişdir. Sonradan qanunvericiliyə uyğun olaraq həmin şəxslərə pretenziya göndərilmiş, lakin müəyyən olunmuş müddətlər ərzində həmin borc onlar tərəfindən yenə də ödənilməmişdir. Bundan əlavə “Nəsimi-45" MMMC-ni təmsil edəcək səlahiyyətli nümayəndə ilə bağlanmış müqavilə əsasında hüquqi xidmət haqqı kimi 500 (beş yüz) manat ödənilmişdir. Hesab edir ki, həmin vəsait də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)- 2376/2024 saylı qərardadı ilə İddiaçı MMMC-nın cavabdehlər X3, X8, Cavabdeh, X1, X5 və X4 qarşı “pul” tələbinə dair 2(005)-2376/2023 saylı mülki işdən İddiaçı MMMC-nın cavabdeh X8 qarşı pul tələbi, İddiaçı MMMC-nın Cavabdeh qarşı pul tələbi, İddiaçı MMMC-nın X1 qarşı pul tələbi, İddiaçı MMMC-nin X5 qarşı pul tələbi, İddiaçı MMMC-nın X4 qarşı pul tələbi tələbi ayrılaraq ayrı-ayrı icraatlarda baxılması qərara alınmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə əlavə ərizəsi təqdim edərək, binanın saxlanması xərclərinə (kommunal xidmət haqqına) görə xx.xx.2025-ci il tarixinədək borcu yaranmış cavabdeh: Cavabdeh – 1605,80 manat pul vəsaitinin və həmçinin 500 (beş yüz) manat hüquqi xidmət haqqı xərci və dövlət rüsumu üçün ödənilmiş 59 (əlli doqquz) manat, korrespondensiya xərcləri 50 (əlli) manat məbləğin cavabdehdən tutularaq “Nəsimi-45" MMMC-nə ödənilməsi və binanın saxlanması xərcləri ödənilənədək cavabdehə bütün kommunal xidmətlərin göstərilməsinin məhdudlaşdırılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, hal-hazırda cavabdehdən tələb etdikləri məbləğ 1605,80 manat təşkil edir. Cavabdeh tərəfindən bir dəfə ödəniş olunub və hazırda 2020-ci ilin oktyabr ayından olan borc üzrə ödənişləri tələb olunur. Mənzil Məcəlləsinin tələblərinə əsasən birbaşa göstərilir ki, mənzildən istifadə edib-etməməsindən asılı olmayaraq binanın saxlanılması xərclərini ödənilməsinə heç bir maneə deyil. Binanın idarə edilməsi üçün smeta var və büdcə MMMC-nin qərarı ilə təsdiq olunur. Cavabdehin orada yaşayıb-yaşamamasından asılı olmayaraq hər axşam blokların işıqlarını yandırırlar, həyətin nəzarətçiləri var və onlara əmək haqqı ödənilir. İddiaçı binanın saxlanması üçün xərclər çəkir, cavabdehin mənzilinin pəncərə qapısının olmamasının işə aidiyyəti yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, borcu ödəməyə imkanı yoxdur və müqaviləsi yoxdur. Mübahisəli evdə 1 saat belə yaşamamışdır, lakin ondan pul tələb edirlər. Evində qaz, su, sayğac yoxdur. Yalnız inşaat tullantılaır var. Məhkəmə iclasında iştirak edən cavabdehin və vəkili iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdeh həmin evdə yaşamır və ümumiyyətlə həmin ev təmirsiz vəziyyətdədir. MMMC-nin mahiyyəti kommunal xidmətlərin göstərilməsinə görə pul tutulmasından ibarətdir. Cavabdehə faktiki olaraq heç bir xidmət göstərilmir və işıqdan belə istifadə etmir. Bununla bağlı tərəflər arasında müqavilə yoxdur və əslində şirkətin icra edilməyən öhdəlikləri var. Cavabdeh onkoloji xəstəlikdən əziyyət çəkir. Konstitusiya Məhkəməsinin qərarında qeyd olunub ki, əgər MMMC və sakinlər arasında mübahisə varsa, bu məsələ dərindən araşdırılmalıdır, yəni smetalar, hesabatlar və s. təqdim edilməlidir. Vətəndaşın ümumi narazılığı ondan ibarətdir ki, etdiyi ödəniş qarşılığında xidmət göstərilmir və yeyintilərin olmasını ehtimal edirlər. III. İşin faktiki halları: İş materiallarında olan: -Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa edilən yüksəkmərtəbəli çoxmənzilli binanın sahə mülkiyyətçilərinin xx.xx.2019-cu il tarixli ümumi yığıncağın (qiyabi səsvermə) qərarlarının xx.xx.2019-cu il tarixli protokolunun surətindən görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən çoxmənzilli binanın idarəetmə üsulu olaraq idarəedici təşkilatın seçilməsi, Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təmini məqsədilə mənzil sahiblərinin çıxarış (kupça) alması üçün lazım olan tədbirlərin görülməsinin idarəedici təşkilata həvalə edilməsi, idarəedici təşkilat olaraq "xxxx" MMC ilə idarəetmə müqaviləsinin bağlanması, kommunal xidmət haqqının hər kvadrat metr üçün 0.30 manat müəyyən olunması qərara alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 787-ci məhəllə, ev 38, mənzil 160 (ünvan 2 ünvanında yerləşən mənzil tam payla xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdə Cavabdeh adına qeydə alınmışdır. -İddiaçı MMMC-nin 01 sentyabr 2022-ci il tarixdə qeydiyyata alınmış nizamnaməsinin surətindən görünür ki, çoxmənzilli binalarda yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri cəmiyyətin üzvü ola bilərlər. Nizamnamənin 2.2.1-ci bəndinə əsasən yaşayış binalarının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xətlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanılması; 2.2.2-ci bəndinə əsasən yaşayış binalarının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xətlərinin təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması cəmiyyətin fəaliyyət növlərinə daxildir. -Tələb hüququnun verilməsi və borc öhdəliklərinin ötürülməsi haqqında xx.xx.2023cü il tarixli razılaşmanın surətindən görünür ki, "xxxx" MMC-nin fəaliyyətini dayandırması və həmin binanın sakinlərinə binanın saxlanması xidmətlərinin göstərilməsi üçün “Nəsimi- 45" mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin fəaliyyətə başlaması ilə əlaqədar olaraq tərəflər aşağıdakılar barədə razılığa gəldilər: “Kommunal" MMC-nin Xətai prospekti 38 ünvanında inşa olunmuş yüksəkmərtəbəli çoxmənzilli yaşayış binasının mənzil mülkiyyətçilərinə kommunal xidmət göstərməsi ilə bağlı yaranmış 78.845 manat məbləğində tələb hüququnun "xxxx" mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinə ötürülməsi razılaşdırılmışıdır. 78 845 manat məbləğində borca dair tələb hüququnun “Nəsimi-45" mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinə ötürülməsi ilə əlaqədar olaraq bunun qarşılığında “Kommunal" MMC-nin aşağıdakı qeyd olunan borc öhdəliklərini “Nəsimi-45" mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti öz öhdəsinə götürür: "xxxx" ASC- 66283 manat, "xxxx" MMC 4500 manat, icarə haqqı 7745 manat, digər sənədlər, yazışmalar 15 qovluq, müqavilələr, ödəniş qəbzləri, digər sənədlər 150 qovluq; - Həmin Razılaşma əlavə - siyahı ilə müəyyən olunur ki, 160 №-li mənzil üzrə Cavabdeh 1214,40 manat qalıq borcu vardır. - Həmin Razılaşmaya xx.xx.2023-cü il tarixli 1 №-li əlavə ilə müəyyən olunur ki, göstərilən borc məbləğləri xx.xx.2022-ci il tarixədək olan borc məbləğləridir. - İddiaçı MMMC tərəfindən Cavabdeh ünvanlanmış 307 №-li 23 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, binada mənzil mülkiyyətçisi olaraq binanın saxlanması üzrə xidmətlər göstərilməsi və onların haqlarının ödənilməsi ilə bağlı 3 gün ərzində İddiaçı MMMC ilə müqavilə bağlanması xahiş edilmişdir. -İddiaçı MMMC tərəfindən Cavabdeh ünvanlanmış 28 №-li xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, sonuncudan 5 gün müddətində kommunal xidmətlərə görə yaranmış 972,20 manat borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. -İddiaçı MMMC-nin sahə mülkiyyətçilərinin xx.xx.2024-cü il tarixli qiyabi səsvermə nəticələrinə dair protokolun surətindən görünür ki, 2023-cü il üçün maliyyə fəaliyyətinə dair illik planın icrası ilə bağlı hesabat təsdiq edilməsi, 2023-cü ilin yekunu üzrə təftiş komissiyasının hesabatının təsdiq edilməsi, 2025-ci il üçün maliyyə fəaliyyətinə dair illik planın təsdiq edilməsi, 2025-ci il üçün illik gəlir və xərclər smetasının təsdiq edilməsi, Nəsimi-45" MMMC-nin 2 il müddətinə İdarə heyətinin seçilməsi, "xxxx" MMMC-nin 2 il müddətinə təftiş komissiyasının seçilməsi, binanın saxlanması xərclərinə görə 1 m2 üçün 30 qəpik xidmət haqqı saxlanılmaqla aylıq ödənişləri bir aydan artıq gecikdirən mənzil mülkiyyətçilərinə hər gecikdirilən gün üçün ödəniş məbləğinin 0,3 %-i miqdarında cərimə hesablanması, binanın həyətində təmir və abadlıq işlərinin görülməsi, liftlərin əsaslı təmir edilməsi üçün görülməli işlərin smetası, sxemi və planının təsdiq edilməsi və o, cümlədən liftlərin təmir edilməsi üçün geri qaytarılması şərtilə 2 il ərzində 68061 manat məbləğində borcun bankdan və ya digər mənbədən götürülməsi, Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş rəsmi xəbərdarlığa əsasən binanın həyətinə yanğınsöndürmə texnikasının maneəsiz girişinin təmin edilməsi, ahıllar və həyətdə oynayan uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə binanın həyətində avtomobillərin park edilməsinin qadağan edilsin və bunun üçün həyətə nəzarət edən işçilərə şlaqbaumlardan istifadə edilməsi, 166 (B) Blokuna bitişik birbaşa girişi-çıxışı olan qaraja avtomobilin həyətdən giriş çıxışının bağlanılması məqsədilə qaraj mülkiyyətçisi ilə onun sərəncam vermə hüquqları nəzərə alınmaqla razılaşdırılmasına qərar verilməsi səlahiyyətlərinin İdarə heyətinə həvalə edilməsi, Hesablama Komissiyasının yaradılması və qiyabi səsvermənin nəticələrinin hesablanması, səsvermənin nəticələrinə dair protokolun tərtib edilməsi və imzalanması səlahiyyətinin həmin Komissiyaya verilməsi qərara alınmışdır. - Binanın saxlanması xərclərinə (kommunal xidmət haqqına) dair borc ilə bağlı maliyyə arayışının surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 164, mərtəbə 10, mənzil № 4 (ünvan 5 xx.xx.2025-ci il tarixə borcu 1605,80 manat təşkil edir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 787-ci məhəllə, ev 38 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağına əsasən yaradılmış və xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmin dövrə qədər binanın saxlanması xidmətləri "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. İddiaçı MMMC ilə "xxxx" MMC arasında mənzil mülkiyyətçilərinə olan tələb hüququnun verilməsi (78.845 manat) və borc öhdəliklərinin (66283 manat) ötürülməsi haqqında xx.xx.2023-cü il tarixli razılaşma bağlanmışdır. "xxxx" MMMC-nin xx.xx.2024-cü il tarixli qiyabi səsvermə nəticələrinə dair protokoluna əsasən, binanın saxlanılması xərcləri xx.xx.2024-cü il tarixdən etibarən mənzillərin çıxarışlarda göstərilmiş sahəsinə uyğun olaraq 1 kv.m=30 qəpik, qeyri-yaşayış sahəsinə görə isə 1 kv.m=15 qəpik olması qərara alınmışdır. Hazırda iddiaçı cavabdehin kommunal xərci tam ödəmədiyinə əsaslanaraq, ödənilməmiş kommunal borcun ondan tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -44.1-ci maddəsinə əsasən, hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. -360.1-ci maddəsinə əsasən, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. -387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -29.3-cü maddəsinə əsasən, qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır; -38.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir; -38.2-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir; -119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir; -120.5-ci maddəsinə görə tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyriyaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. -121.1-ci maddəsinə əsasən, bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır. -122.3-cü maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. -140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. -140.3-cü maddəsinə görə əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. -135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. -135.2.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri üçün - mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. -137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. -137.4-cü maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. -141.3-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. -142.4-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi müqaviləsində binanın bütün mülkiyyətçiləri (kirayəçiləri, istifadəçiləri) üçün eyni şərtlər müəyyən edilir və mülkiyyətçilər (kirayəçilər, istifadəçilər) tərəfindən ödənilən haqqın miqdarı yalnız yaşayış sahəsinin ölçüsünə mütənasib olan ümumi əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər. -142.10-cu maddəsinə görə idarəedici təşkilat çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin şərtlərini yerinə yetirmədikdə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən birtərəfli qaydada bu müqavilənin icrasından imtina edə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Ələsgərovanın şikayəti üzrə 29 dekabr 2015-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. AR Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2020-ci il tarixli, “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında ifadə edilən hüquqi mövqeyə əsasən, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. İddiaçının tələb etdiyi məbləğ MMMC-nin ümumi yığıncağının Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 162 (ünvan 4 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səs çoxluğu ilə qəbul edilmiş, hər bir sahə mülkiyyətçisinin ona məxsus daşınmaz əmlakın 1 kv.m sahəsini 30 qəpik əmsalına vurmaqla alınan pul məbləğini hər ay MMMC-yə ödəməsi öhdəliyi müəyyən olunmuşdur. Mütləq ödəniş ilə bağlı çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunan qərar hər hansı sahə mülkiyyətçisi tərəfindən mübahisələndirilməmiş, təkzib edilməmiş, ləğv və ya etibarsız hesab edilməmişdir. Hazırda qüvvədədir. Bununla belə qeyd olunan binanın sahə mülkiyyətçisi, həmin binada yerləşən Blok D2, 160 №-li mənzilin sahibi Cavabdeh ona məxsus olan sahənin saxlanması xərcləri çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda borcu ödəməmişdir. Qanunvericiliyə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMMC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, mülkiyyətçi tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh MMMC arasında mənzilin kommunal xidmətlərinin ödənilməsinə görə birbaşa müqavilə bağlanmasa da, çoxmənzilli binanın sahə mülkiyyətçisi olan cavabdeh, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmasa belə bu hallar onu, ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisi çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə, kommunal xidmətlərə görə haqq ödəməlidir. Cavabdehdən yaranmış borca görə tutulmalı olan məbləğə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı “Nəsimi-45" MMMC xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınaraq hüquqi şəxs statusunu əldə etdiyi andan müvafiq hüquq və vəzifələr əldə etmişdir. Belə olan halda “Nəsimi-45" MMMC-nin idarəetməsində olan binanın ümumi əmlaklarının idarə olunması, habelə ümumi əmlakların idarə edilməsi üçün sakinlərdən müəyyən olunmuş kommunal ödənişləri hüquqi şəxsin qeydiyyata alındığı xx.xx.2022-ci il tarixdən sonra tələb etmək hüquqları yaranmış olur. Məhkəmə iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış tələb hüququnun verilməsi və borc öhdəliklərinin ötürülməsi haqqında xx.xx.2023-cü il tarixli razılaşmaya münasibətdə hesab edir ki, qeyd olunan müqavilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının qərarı ilə qəbul edilmiş olduqda etibarlı sayıla bilərdi. Belə ki, çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Hazırki iş üzrə “Nəsimi-45" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ali idarəetmə orqanı cəmiyyətin ümumi yığıncağıdır. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının cəmiyyətin nizamnaməsinə dəyişikliklər etmək, cəmiyyətin yenidən təşkili və ləğv edilməsi haqqında qərar qəbul etmək, cəmiyyətin idarə heyətini və təftiş komissiyasını (müfəttişi) seçmək, cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək, cəmiyyətin xüsusi fondunu, o cümlədən ehtiyat fondunu, çoxmənzilli binanın ümumi əmlakının və avadanlığının bərpası və təmiri fondunu yaratmaq, borc alınması, o cümlədən bank kreditlərinin alınması haqqında qərar qəbul etmək, cəmiyyətin təsərrüfat fəaliyyətindən əldə edilən gəlirin istifadə istiqamətlərini müəyyən etmək, cəmiyyətin maliyyə fəaliyyəti haqqında illik planı və bu planın icrası haqqında hesabatı təsdiq etmək, çoxmənzilli binanın ümumi əmlakının icarəyə verilməsi və ya bu əmlaka dair digər hüquqların verilməsi haqqında, həmçinin bu Məcəllənin 122.2.1.-122.2.4-cü maddələrində nəzərdə tutulmuş məsələlər üzrə qərarlar qəbul etmək səlahiyyəti vardır. xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən yaranmış 78845 manat məbləğində borc tələb etmək hüququ, eləcə də "xxxx" MMC-nin "xxxx" ASC-yə, "xxxx" MMC-yə və icarə haqqına görə cəmi 78528 manat borc öhdəliyi MMMC-yə ötürülmüş, idarə heyətinin sədrinin bağladığı həmin müqavilə əsasında MMMC-nin öz üzvlərindən borcun ödənilməsini tələb etmək hüququ, həmçinin borcu ödəmək öhdəliyi yaranmışdır. Qanunvericiliyə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin sədri qanunvericiliklə, cəmiyyətin nizamnaməsi ilə idarə heyətinin və ya cəmiyyət iştirakçılarının ümumi yığıncağının razılığını tələb etməyən əqdlər bağlaya bilər (m. 129.2). Məhkəmə hesab edir ki, çoxmənzilli binada yerləşən mənzil mülkiyyətçilərinin razılığı olmadan onlar üçün, habelə MMMC üçün öhdəlik yaradan by müqavilə - razılaşma etibarlı hesab edilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2022-ci il tarixədək yaranmış borcların tutulması barədə tələb irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2022-ci il tarixədək yaranmış borcların tutulması barədə tələb irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Məhkəmə qeyd olunanları nəzərə alaraq 1605,80 manat ümumi borcun iddiaçının tələb etmə hüququ yarandığı, yəni yalnız 2022-ci ilin sentyabr ayından etibarən cavabdehin mülkiyyətində olan mənzilə dair kommunal ödənişlər müəyyən edilərək, cavabdehdən tutulmasını qanuni hesab edir. Binanın saxlanması xərclərinə (kommunal xidmət haqqına) dair borc ilə bağlı maliyyə arayışının surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 164, mərtəbə 10, mənzil № 4 (ünvan 5 ünvanı üzrə 2020-ci ilin oktyabr ayından xx.xx.2025-ci il tarixə borcu 1605,80 manat, cavabdehin 2022-ci ilin sentyabr ayından xx.xx.2025-ci il tarixə borcu edilmiş ödənişlər nəzərə alınmaqla 391,40 (2022-ci ilin sentyabr-dekabr ayları üzrə borc: 52,80+52,80+52,80+52,80=211,2 manat; 2023-cü il üzrə borc 633,60 manat; 2024-cü il üzrə borc 633,60 manat; cəmi ödəniş 1087 manat; 211,2+633,60+633,60-1087) manat təşkil edir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının 2022-ci ilin sentyabr ayından etibarən cavabdehin mülkiyyətində olan mənzilə dair kommunal xidmətlərə görə yaranmış borcu tələb etməkdə subyektiv hüquqa malik olması, cavabdeh tərəfindən edilmiş ödənişin məbləği nəzərə alınmalı, Cavabdeh 391,40 (üç yüz doxsan bir manat qırx qəpik) manat tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddiaçının, vəkilin göstərdiyi yardıma görə 500 manat, korrespondensiya xərclərinə görə 50 manat məbləğində pulun cavabdehdən tutulması tələbinə münasibətdə qeyd edir ki, iddiaçı həmin xərcləri təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. İddiaçının binanın saxlanma xərcləri ödənilənədək cavabdehə bütün kommunal xidmətlərin göstərilməsinin məhdudlaşdırılması tələbinin isə hər hansı bir qanuni əsası olmadığından təmin edilməməlidir. Nəzərə alınmalıdır ki, iddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Mülki prosessual qanunvericiliyin tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmçinin iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi verilməsi üçün xx.xx.2024-cü il tarixdə (qəbz № **********) 41 manat, xx.xx.2024-cü il tarixdə (qəbz № **********) 7 manat, xx.xx.2024-cü il tarixdə (qəbz № **********) 6 manat, xx.xx.2024-cü il tarixdə (qəbz № 1********) 5 manat olmaqla, cəmi 59 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri, Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddia qismən təmin edildiyindən və tərəflərin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən iş üzrə icraatın ayrılması da nəzərə alınmaqla iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 59 manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 391,40 (üç yüz doxsan bir manat qırx qəpik) manat borc və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı MMMCnın xeyrinə ödənilməli, ərizə qalan hissədə təmin edilməməlidir. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 124, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 391,40 (üç yüz doxsan bir manat qırx qəpik) manat borc və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı MMMC-nin xeyrinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-777/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-777/2025
10.04.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver