Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-791/2022 27.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMC-yə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMC-yə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına olan əmək müqavilələrinə xitam verilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 27 may 2013-cü il tarixdən 07 sentyabr 2016-cı il tarixədək Cavabdeh1 MMC-də və həmçinin, 10 mart 2015-ci il tarixdən 09 sentyabr 2016-cı il tarixədək "xxxx" MMC-də direktor vəzifəsində işləmişdir. Qeyd edir ki, 2016-cı ildə həmin MMC-lərin fəaliyyətinin dayandırılmasına və onun həmin MMC-lərin direktoru vəzifələrindən azad edilməyinə baxmayaraq, hal-hazıra qədər X4 Xidmətinin elektron portalında onun adına aktiv əmək müqavilələri görünür. Adına aktiv əmək müqavilələri mövcud olduğundan o, digər müəssisə və təşkilatlarda tam iş qrafiki üzrə və yaxud da ümumiyyətlə, işlə təmin edilə bilmir. Göstərilən MMClər fəaliyyətlərini dayandırdığına və buna görə də mövcud olmadıqlarına görə o, adına olan aktiv əmək müqavilələrinə xitam verilməsi ilə bağlı rəsmi ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə də müraciət etmişdir. Lakin həmin Xidmət tərəfindən məktubla müraciətinə imtina edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh1 MMC ilə bağlanmış 27.05.2013-cü il və "xxxx" MMC ilə bağlanmış 10.03.2015-ci il tarixli əmək müqavilələrinə xitam verilməsi, xitam verilməsinə dair məlumatın elektron informasiya sistemi vəsitəsi ilə bağlı əmək müqaviləsi bildirişinə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək, hazırkı iş üzrə yekun qərarını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdeh1 MMC vəCavabdeh2 MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 25.12.2021-ci il tarixli MŞİH-10787 saylı arayışından görünür ki, tərəflər arasında hazırkı mübahisənin həlli üçün mediatora müraciət edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 04.05.2021-ci il tarixli İddiaçı ünvanlanmış məktubdan görünür ki, onun adına aktiv əmək müqavilələrinin olması barədə müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətində baxılmışdır. Tərəfindən aparılan araşdırma zamanı adına əmək müqaviləsi bildirişləri daxil edilmiş "City Bus” MMC və "xxxx" MMC adlı müəssisələrin direktoru və eyni zamanda səlahiyyətli şəxsi olduğu müəyyən edilmişdir. Bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X4 Xidmətinin səlahiyyətləri xaricindədir. Məlum edilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h" bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli, № 183 qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydaların 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi "Elektron hökumət" portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya "Elektron hökumət" portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi" xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi təmin edilməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nairliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Metrologiya İnstitutu” pulik hüquqi şəxsinin 19.01.2022-ci il tarixli, AzMİ-15/01 saylı arayışından görünür ki, İddiaçı, həqiqətən, 13 aprel 2021-ci il tarixdən 15 dekabr 2021-ci il tarixinədək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən (əvəzçilik qaydasında) Azərbaycan Respublikasının İqtisadiyyat Nairliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Azərbaycan Metrologiya İnstitutu” pulik hüquqi şəxsinin” Qanunverici Metrologiya departamentində baş ekspert-müfəttiş vəzifəsində, 16 dekabr 2021-ci il tarixdən isə İnstitunun Ümumi və İnzibati şöbəsinin Biznesin İnkişafı sektorunun mütəxəssisi vəzifəsində (əvəzçilik qaydasında) işləyir. Elektron informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı iş yerləri Azərbaycan Metrologiya İnstitutu” pulik hüquqi şəxsində 13.04.2021-ci tarixli müqavilə üzrə mütəxəsis və Cavabdeh1 MMC-də isə 15.10.2009-cu il tarixli müqavilə üzrə bölmə Rəhbəri, "xxxx" MMC-də 10.03.2015-ci il tarixli müqavilə üzrə direktor işlədiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır; 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 7.2-1-ci maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; 9-cu maddəsinin “o” bəndinə əsasən elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir; 12-ci maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir; 43-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir; 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinin l-ci hissəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; 49-cu maddəsinin 1-2-ci hissəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir; 49-cu maddəsinin 2-ci hissəsinə əsasən Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 (bir) iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir; 49-cu maddəsinin 2-2-ci hissəsinə bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 (bir) iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən eldiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir; 49.4-cü maddəsinin tələbinə əsasən əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 27 may 2013cü il tarixdən 07 sentyabr 2016-cı il tarixədək Cavabdeh1 MMC-də və həmçinin, 10 mart 2015-ci il tarixdən 09 sentyabr 2016-cı il tarixədək "xxxx" MMC-də direktor vəzifəsində işləmişdir. Hazırda həmin hüquqi şəxslərin fəaliyyəti dayandırılmış və iddiaçı vəzifəsindən azad edilmişdir. Lakin İddiaçı adı elektron informasiya sistemində "xxxx" MMC-də və Cavabdeh1 MMC-də işçi kimi qalmışdır. İş materilları ilə müəyyən edilmişdir ki, hazırda iddiaçı 16 dekabr 2021-ci il tarixdən isə İnstitunun Ümumi və İnzibati şöbəsinin Biznesin İnkişafı sektorunun mütəxəssisi vəzifəsində (əvəzçilik qaydasında) işləyir. Bu səbəbdən "xxxx" MMC-də və Cavabdeh1 MMC-də işləməsinə dair əmək müqaviləsinə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 27.05.2013-cü il tarixli əmək müqaviləsi və İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 10.03.2015-ci il tarixli əmək müqaviləsinə xitam verilməli, əmək müqavilələrinə xitam verilməsinə dair bildirişlərin daxil edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 27.05.2013-cü il tarixli əmək müqaviləsi və İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 10.03.2015-ci il tarixli əmək müqaviləsinə xitam verilsin və əmək müqavilələrinə xitam verilməsinə dair bildirişlərin daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-791/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-791/2022
27.01.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver