Məhkəmə qərarları › İş №2(005)-792/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-792/2021

12.02.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-792/2021 12.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı və onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi X20 Dövlət Agentliyinə və 6 nömrəli Bakı Peşə Məktəbinə qarşı “əmək müqaviləsinin ləğvinin qanunsuz hesab edilməsi və işə bərpa olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi X20 Dövlət Agentliyinə və 6 nömrəli Bakı Peşə Məktəbinə qarşı “əmək müqaviləsinin ləğvinin qanunsuz hesab edilməsi və işə bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6 nömrəli Bakı Peşə Məktəbi tərəfindən onun barəsində verilmiş əmək müqaviləsinin ləğv edilməsi barədə xx xxxxxxx 2020-ci il tarixli 64 nömrəli əmrin ləğv edilərək, onun böyük kitabxanaçı vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2017-ci il tarixdə cavabdeh 6 nömrəli Bakı Peşə Məktəbi ilə onun arasında bağlanmış xxxxxxx000109 nömrəli əmək müqaviləsinə əsasən o böyük kitabxanaçı vəzifəsinə təyin edilmişdir. Əmək qanunveriliciliyinə əsasən işinə daim məsuliyyətli yanaşmış və daxili nizam-intizama riayət etmişdir. Lakin, bağlanmış əmək müqaviləsinin müddəti bitdikdən sonra xx xxxxxxx 2020-ci il tarixdə 64 nömrəli əmr əsasında onun ailə vəziyyəti nəzərə alınmadan işdən azad edilmişdir. Belə ki, müvafiq əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən işəgötürən əmək müqaviləsinin vaxtı bitdikdə işçinin iş fəaliyyətində hər hansı nöqsan olmadığı halda ailə vəziyyəti nəzərə alınmaqla əmək müqaviləsinin müddəti uzadılır. Azərbaycan Respublikası Əmək qanunvericiliyinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvi zamanı, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qeyd edilməlidir ki, cavabdeh təşkilat qeyd edilən halları nəzərə almadan əmək müqaviləsinin bitməsindən suiistifadə edərək vəzifəsi üzrə tam ixtisaslı olmağını nəzərə almadan onun əmək müqaviləsinə xitam vermişdir. Qeyd edilməlidir ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab edilir. Qanunun şərhinə görə o tutduğu vəzifənin tam peşəkarıdır və bu barədə müvafiq sertifakı da vardır. Qeyd edilməlidir ki, müddətli əmək müqaviləsi ilə bağlı müddəalar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci və 47-ci maddələrində təsbit olunmuşdur. Həmin maddələrin analizi aşağıdakı nəticələrə gəlməyə imkan verir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsi müddətli əmək müqaviləsinin bağlanması imkanını nəzərdə tutur, lakin onun müddətinin 5 (beş) ildən artıq olmaması şərtini müəyyənləşdirir. Lakin cavabdeh təşkilat onunla əmək müqaviləsi bağlayarkən və həmin əmək müqaviləsini ləğv edərkən qanunun bu müddəalarını pozmuşdur. Müddətli əmək müqaviləsi bağlanan halda işçi və işəgötürən onun müddətini (2 il, 4 il və s.) özləri sərbəst şəkildə müəyyənləşdirirlər. Qeyd edilməlidir ki, onun iki az yaşlı övladı vardır. Həyat yoldaşı da sözügedən cavabdeh təşkilatda işləyir, lakin əmək haqqı az olduğundan ailənin problemlərini (idarə edilməsi olduqca çətin olur) həll etmək az məvaciblə mümkün deyildir. Belə ki, cavabdeh onunla olan əmək müqaviləsini ləğv edərkən qeyd edilən halları nəzərə almamış və onun hüquqlarını pozmuşdur. Bu barədə cavabdeh X20 Dövlət Agentliyinə müraciət etsə də, müraciəti bu günə kimi cavabsız qalmışdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X3 hər biri ayrılıqda iddia tələbinin dəlillərinə uyğun şəkildə izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi X20 Dövlət Agentliyinə və 6 nömrəli Bakı Peşə Məktəbinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh təşkilatların nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi X20 Dövlət Agentliyinin və 6 nömrəli Bakı Peşə Məktəbinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X13 bildirmişdir ki, o, İddiaçı ilə bir yerdə işləmişdir. Onun həyat yoldaşı X3 da həmin təşkilatda işləmişdir. İddiaçı şəxs İddiaçı vaxtlı-vaxtında işə gəlib getmişdir. Onun işdən azad olunmasına səbəb həyat yoldaşının rəhbərlikdə münaqişəsi olmasıdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 bildirmişdir ki, o, İddiaçı ilə bir yerdə işləmişdir. O cavabdeh təşkilatda 2015-ci ildən 2020-ci ilədək müəllim, sonra isə texniki işçi olmuşdur. Onun həyat yoldaşı X3 da həmin təşkilatda işləmişdir. İddiaçı şəxs İddiaçı vaxtlı-vaxtında işə gəlib getmişdir. Onun işdən azad olunmasına səbəb həyat yoldaşının rəhbərlikdə münaqişəsi olmasıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: xx xxxxxx 2014-cü il tarixdə verilmiş AA seriyalı 043550 nömrəli diplomun surətindən görünür ki, İddiaçı Dövlət Attestasiya Komissiyasının xx xxxx 2014-cü il tarixli qərarı ilə X8 təsviri incəsənət müəllimliyi ixtisası üzrə subbakalavr dərəcəsi almışdır; xx xxxxxxx 2017-ci il tarixli əmək müqaviləsinin surətindən və məzmunundan görünür ki, İddiaçı xx xxxxxxx 2017-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək olan bir il müddətinə 6 nömrəli Bakı Peşə Məktəbinin böyük kitabxanaçısı vəzifəsinə qəbul edilmişdir; 6 nömrəli Bakı Peşə Məktəbinin xx xxxxxxx 2017-ci il tarixli 114 nömrəli 1 (bir) illik müqavilə ilə işə qəbul edilməsi barədə əmrin surətindən və məzmunundan görünür ki, İddiaçı xx xxxxxxx 2017-ci il tarixdən əmək müqaviləsinə əsasən məktəbin böyük kitabxanaçısı vəzifəsinə qəbul edilmiş, əmək haqqının ştat cədvəli üzrə ödənilməsi əmr edilmişdir; xx xxxxxxx 2017-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən və məzmunundan görünür ki, İddiaçı xx xxxxxxx 2017-ci il tarixdən 6 nömrəli Bakı Peşə Məktəbinin böyük kitabxanaçısı vəzifəsinə qəbul edilmiş, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx xxxxxxx 2018-ci il qeyd edilmişdir; xx xxxxxxx 2018-ci il tarixli əmək müqaviləsinin surətindən və məzmunundan görünür ki, İddiaçı xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək olan bir il müddətinə yarımştat vahidə 6 nömrəli Bakı Peşə Məktəbinin böyük kitabxanaçısı vəzifəsinə qəbul edilmişdir; xx xxxxxxx 2019-cu il tarixli əmək müqaviləsinin surətindən və məzmunundan görünür ki, İddiaçı xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək olan bir il müddətinə yarımştat vahidə 6 nömrəli Bakı Peşə Məktəbinin böyük kitabxanaçısı vəzifəsinə qəbul edilmişdir; 6 nömrəli Bakı Peşə Məktəbinin kadrlar və xüsusi işlər üzrə inspektoru X14 tərəfindən məktəbin direktoru X6 ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli məlumatın surətindən və məzmunundan görünür ki, məktəbin böyük kitabxanaçısı İddiaçı əmək müqaviləsinin bitməsinə bir ay qalması barədə bildiriş təqdim edilmiş, lakin sonuncu bildirişi götürərək imza etməkdən imtina etmişdir; Azərbaycan Respublikası Təhsil Nazirliyi X20 Dövlət Agentliyi 6 nömrəli Bakı Peşə Məktəbinin əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxxxxx 2020-ci il tarixli 64 nömrəli əmrinin surətindən və məzmunundan görünür ki, məktəbin böyük kitabxanaçısı İddiaçı əmək müqaviləsi xx xxxxxxx 2020-ci il tarixdə bitdiyindən və həmin gün qeyri-iş günü olduğundan xx xxxxxxx 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən tutduğu vəzifədən azad edilərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx xxxxxxx 2020-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən və məzmunundan görünür ki, 6 nömrəli Bakı Peşə Məktəbinin böyük kitabxanaçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b“ bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx xxxxxxx 2020-ci il tarixində 64 nömrəli əmr ilə xitam verilmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair xx xxxxxxx 2020-ci il tarixli məlumatın surətindən və məzmunundan görünür ki, 6 nömrəli Bakı Peşə Məktəbinin direktoru X9-işəgötürən ilə İddiaçı-işçi arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxxxxx 2020-ci il tarixli xxxxxxx0001X0 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində xx xxxxxxx 2020-ci il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Təhsil Nazirliyi X20 Dövlət Agentliyinin İddiaçı ünvanladığı xx xxxxxx 2020-ci il tarixli məktubun surətindən və məzmunundan görünür ki, iddiaçı şəxsin 6 nömrəli Bakı Peşə Məktəbinə böyük kitabxanaçı vəzifəsinə işə bərpa olunması ilə bağlı müraciətinə müvafiq agentlikdə baxılaraq bildirilmişdir ki, əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 6 nömrəli Bakı Peşə Məktəbi tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Növbəti əmək müqaviləsinin bağlanması bilavasitə işəgötürənin səlahiyyətləri çərçivəsindədir; Azərbaycan Respublikası Təhsil Nazirliyi X20 Dövlət Agentliyi 6 nömrəli Bakı Peşə Məktəbinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli 103 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı xx xxxxxxx 2017-ci il tarixdə 1 (bir) illik müddətli əmək müqaviləsinə əsasən (0,5 ştat vahidi) böyük kitabxanaçı vəzifəsinə qəbul edilmiş və 2 (iki) il ərzində bu vəzifə üzrə bir ildən bir müqavilə bağlanılmışdır. İddiaçı X8 təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil almışdır. xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixlərdə treninqdə kitabxanalıq işi üzrə sertifikat almışdır. İddiaçı dələlərlə kitabxanaçı vəzifəsi üzrə üzərinə götürdüyü əmək funksiyalarını tam yerinə yetirməmiş, müxtəlif bəhanələrlə işləməkdən boyun qaçırtmış və nəticədə məktəbin kitabxana fondunun sistemləşməsi, daxil olan ədəbiyyatın qəbulunu, kitabxana fondunun uçotunun aparılması, məzmunca köhnəlmiş və ya istifadəyə tam yararsız ədəbiyyatın fonddan çıxarılması işlərində bir çox çətinliklər yaranmışdır. Bundan əlavə İddiaçı peşəkar kadr olmadığına görə oxucuların informasiya tələbatının ödənilməməsi, kitabxana fondunun düzgün komplektləşdirə bilməməsi, ondan operativ istifadəni təşkil edə bilməməsi və fondun mühafizəsi üçün şərait yarada bilməmişdir. Onların əsas məqsədi təhsildə və tədrisdə keyfiyyətlilik, peşəkarlıq və yenilik prinsipinə əsaslandığı üçün belə işçi onlara əlverişsiz olduğuna görə onunla müddətli əmək müqaviləsinin uzadılması məqsədəuyğun hesab edilməmişdir. Müvafiq peşə məktəbi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bütün norma və qanunlarına riayət olunaraq 1 (bir) ay öncədən ona yazılı xəbərdarlıq edilmişdir. Lakin İddiaçı yazılı məlumatı almaqdan imtina etmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b“ bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx xxxxxxx 2020-ci il tarixində bitdiyindən və həmin gün qeyri-iş günü olduğundan xx xxxxxxx 2020ci il tarixində onunla bağlanılmış əmək müqaviləsinə (kontraktına) xitam verilmişdir (xx xxxxxxx 2020-ci il tarixli 64 nömrəli əmr). Hal-hazırda bu vəzfəni icra edən X4 Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və informasiya ixtisası üzrə bakalavr ali peşə ixtisas dərəcəsini almış və adı gedən universitetin magistratura səviyyəsinin 060215-Sənəd resursları və informasiya axtarış sistemləri ixtisaslaşmasını bitirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxxx 2017-ci il tarixdə 1 (bir) illik müddətli əmək müqaviləsinə əsasən 6 nömrəli Bakı Peşə Məktəbinə 0,5 ştat vahidi üzrə böyük kitabxanaçı vəzifəsinə qəbul edilmiş və 2 (iki) il ərzində bu vəzifə üzrə bir ildən bir müqavilə bağlanılmışdır. İddiaçı X8 təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil almışdır. Bir işçi olaraq təhsildə və tədrisdə keyfiyyətlilik, peşəkarlıq və yenilik prinsipinə uyğun olmadığından onunla müddətli əmək müqaviləsinin uzadılması məqsədəuyğun hesab edilməmişdir. Müvafiq peşə məktəbi tərəfindən 1 (bir) ay öncədən ona yazılı xəbərdarlıq edilmişdir. Lakin İddiaçı yazılı məlumatı almaqdan imtina etmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b“ bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx xxxxxxx 2020-ci il tarixində bitdiyindən və həmin gün qeyri-iş günü olduğundan xx xxxxxxx 2020ci il tarixində onunla bağlanılmış əmək müqaviləsinə (kontraktına) xx xxxxxxx 2020-ci il tarixli 64 nömrəli əmr ilə xitam verilmişdir. Bununla razılaşmayan İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi X20 Dövlət Agentliyinə və 6 nömrəli Bakı Peşə Məktəbinə qarşı “əmək müqaviləsinin ləğvinin qanunsuz hesab edilməsi və işə bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6 nömrəli Bakı Peşə Məktəbi tərəfindən onun barəsində verilmiş əmək müqaviləsinin ləğv edilməsi barədə xx xxxxxxx 2020-ci il tarixli 64 nömrəli əmrin ləğv edilərək, onun böyük kitabxanaçı vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz; 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir; 68-ci maddəsinə əsasən:

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən, İddiaçı onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b“ bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx xxxxxxx 2020-ci il tarixində bitdiyindən və həmin gün qeyri-iş günü olduğundan xx xxxxxxx 2020-ci il tarixində onunla bağlanılmış əmək müqaviləsinə (kontraktına) 6 nömrəli Bakı Peşə Məktəbinin xx xxxxxxx 2020-ci il tarixli 64 nömrəli əmri ilə xitam verilmişdir. Növbəti əmək müqaviləsinin bağlanması bilavasitə işəgötürənin səlahiyyətləri çərçivəsində oluğdundan qeyd edilən əmək müqaviləsi iddiaçı şəxs ilə bağlanmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi X20 Dövlət Agentliyinə və 6 nömrəli Bakı Peşə Məktəbinə qarşı “əmək müqaviləsinin ləğvinin qanunsuz hesab edilməsi və işə bərpa olunması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi X20 Dövlət Agentliyinə və 6 nömrəli Bakı Peşə Məktəbinə qarşı “əmək müqaviləsinin ləğvinin qanunsuz hesab edilməsi və işə bərpa olunması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar