Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-797/2025 18.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5300 manat məbləğində borcun və ödənilmiş 73 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, **-RZ-*** dövlət qeydiyyat nömrəli ona məxsusdur. xx.xx.2024-cü il tarixdə aralarında avtomobilin icarəsinə dair icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinə əsasən və təhvil-təslim aktı əsasında sözügedən avtomobil cavabdehə təhvil verilmişdir. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən icarəçi olaraq nəqliyyat vasitəsini 1 təqvim günü müddətinə icarəsi üçün icarəverənə 40 manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin icarə müqaviləsinin şənlərini kobud şəkildə pozaraq üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. İcarə müqaviləsi bağlandığı tarixdən avtomobili qoyub getdiyi vaxtadək 280 manat icarə haqqının, dəymiş maddi ziyan olaraq 1200 manat qabaq buferə görə, 1400 manat 2 ədəd qabaq faralara görə, 1700 manat avtomobilin matoruna görə, 1000 manat arxa stoplara görə borcu mövcuddur. Avtomobil cavabdehə təhvil verərkən video görüntüyə alınmışdır. Lakin sürücü gecə vaxtı avtomobili təmir elətdirdiyi servisin qabağında ataraq getmişdir. Həmin detalların olmaması ilə bağlı tərəfindən fotoşəkillər çəkilmişdir. Avtomobilə yeni mator qoyulmuşdur. Cavabdeh məhkəməyə iddiaya etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, avtomobil Vüsaldan aldığı vəziyyətdəki kimi qaytarmış, 2 ədəd fara, arxa stoplar yerində olmuş, buna sübut foto-video çəkilişlərdir. Leysan yağışın ucbatından yağış suyu avtomobilin mühərrikinə daxil olduğu üçün mühərrik xarab olmuşdur. Lakin hadisə fövqəladə hal kimi baş verdiyindən, iddiaçı avtomobilin mülkiyyətçisi olaraq mühərrikinin təmiri ilə bağlı (ziyanın qarşısının alınması məqsədilə) sığorta şirkətinə vaxtında müraciət etmədən ona qarşı əsassız və qanunsuz iddia tələbi irəli sürmüşdür. İddiaçı məhkəməyə ərizə ünvanalayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli Avtomobilin icarə müqaviləsindən və təhvil-təslim aktından görünür ki, “icarəyə verən” İddiaçı “Toyota Prius” markalı, **-RZ-*** dövlət qeydiyyat nömrəli avtomobili “icarəçi” Cavabdeh istifadəsinə vermişdir. Müqavilənin müddəti xx.xx.2026-cı il tarixədək müəyyən edilmişdir. İcarə obyektinin 1 təqvim günü müddətinə icarə haqqı 40 manat həcmində müəyyən edilmişdir. 2.1.4-cü bəndə əsasən icarəyə alınmış nəqliyyat vasitəsini lazım olan mühafizəsi təmin edilməlidir. 2.1.8-ci bəndə əsasən icarəçi tərəfindən avtomobil icarəyəverənə geri verilərkən, tam işlək və saz vəziyyətdə olmalıdır. 2.1.13-cü bəndə əsasən yol nəqliyyat, yanğın, oğurluq və təbii fəlakət hadisələri zamanı avtomaşına dəyən ziyan ödənilməlidir. Depozit olaraq 500 manat ödənilmişdir; xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, “icarəyə verən” İddiaçı “Toyota Prius” markalı, **-RZ-*** dövlət qeydiyyat nömrəli avtomobili “icarəçi” Cavabdeh xidməti ehtiyacları üçün istifadəsinə təhvil vermiş və sonuncu nəqliyyat vasitəsini təhvil almışdır; İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, yaranmış borcun və dəymiş maddi ziyanın ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Tərəflər arasında yazışmaların fotoşəkillərindən görünür ki, oktyabr ayının 22 cavabdeh iddiaçıya avtomobilin xarab olduğunu bildirmiş və həmçinin 45 manat ödəniş qəbzinin fotoşəklini ataraq, 21 oktyabr tarixə 70 manat qalıb borcu olduğunu qeyd etmişdir; "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, “Toyota Prius” markalı, **- RZ-*** dövlət qeydiyyat nömrəli avtomobilin ehtiyyat hissələrinin dəyəri köhnəlmə əmsalı nəzərə alınmaqla: qabaq bufer - 1150 manat, qabaq faralar - 400 manat, arxa stoplar - 350 manat və mühərrikin təmiri 2200 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə icarə müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh razılaşdırılmış icarə haqqını ödəməyi, iddiaçı isə əmlakını icarəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehin müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi səbəbindən icarə obyekti olan avtomobilə ziyan dəydiyini iddia edərək, dəymin zərərin qarşılanmasını və həmçinin icarə haqqının ödənilməsini xahiş edir. İş materiallarında müqavilənin etibarsızlığını göstərən hər hansı bir hal aşkar edilməmişdir. Göründüyü kimi iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsi, həmçinin Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələri təşkil edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Məhkəmə qeyd edir ki, ilk növbədə avtomobilə ziyan dəyməsində cavabdehin təqsiri müəyyən edilməli, mövcud olduğu təqdirdə isə həddi aydınlaşdırılmalıdır. İddiaçı ərizəsində və məhkəmə iclaslarında verdiyi izahatında bildirmişdir ki, cavabdeh güclü leysan zamanı qadağaya məhəl qoymaraq, avtomobili idarə etmiş və nəticədə avtomobilin mühərrik hissəsinə su daxil olaraq, hərəkət mexanizmini sıradan çıxmışdır. Cavabdeh etiraz edərək vurğulamışdır ki, avtomobili leysan vaxtı sürdüyündən mühərrik yararsız vəziyyətə düşsə belə, mülkiyyətçi (iddiaçı) sığorta şirkətinə müraciət etməli və bu yolla zərəri qarşılamalı idi. İşin hallarından göründüyü kimi tərəflər arasında əmlak kirayə müqavilə bağlanmış və onların qarşılıqlı hüquq və vəzifələri yaranmışdır. Razılaşdırılmış şərtlər əsasında əqdin bağlanması onların sərbəst iradə ifadəsi əsasında baş tutduğundan, hazırki mübahisənin həlli üçün müqaviləyə nəzər yetirilməlidir. Belə ki, müqavilənin şərtlərinə görə icarəyə götürən (cavabdeh) nəqliyyat vasitəsinin lazımi mühafizəsini təmin etməyi, avtomobili icarəyəverənə tam işlək və saz vəziyyətdə geri qaytarmağı, o cümlədən yol nəqliyyat, təbii fəlakət hadisələri, talama cinayətləri zamanı avtomilə dəyən ziyanı ödəməyi öhdəsinə götürmüşdür. Digər diqqət yetirilməli məqam odur ki, öhdəliyin icrasını şərtləndirən sadalanmış hallar zamanı cavabdehin təqsirli hərəkəti və ya hərəkətsizliyi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Belə ki, güclü leysan zamanı cavabdeh avtomobilin zərər görə bilmə ehtimalını (batmasını, avtomobilin salonuna və motorxana hissəsinə suyur girməsini) nəzərə alaraq, onu idarə etməkdən çəkinməli olduğu halda bunu etməmiş, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə, yəni onun mühafizəsi ilə bağlı tələblərə riayət etməmişdir. Bununla əlaqədar olaraq zərər meydana gəldiyindən və müqavilənin məzmumuna əsasən zərərin icarəyə verən tərəfindən baş verməsi sübuta yetirilmədiyi halda, cavabdeh avtomobili iddiaçıya tam işlək və saz vəziyyətdə qaytarmalı olduğundan, avtomobilə dəymiş ziyan cavabdeh tərəfindən ödənilməlidir. Yuxarıdakılara əsasən məhkəmə avtomobilin mühərrikinin təmirinə çəkilmiş xərcin cavabdehdən tutulması qənaətindədir. Təmir xərcinin məbləğinə gəldikdə isə qeyd olunmalıdır ki, ekspert rəyində təmir xərci üçün 2200 manat tələb olunduğu qeyd olunsa da, iddia tələbində bunun üçün 1700 manat tələb edilmişdir. Həmçinin 500 manat depozit məbləği həmin xərcdən çıxılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia həmin hissədə tələbin həddindən qırağa çıxmamalı və 1200 manat məbləğdə təmin edilməlidir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin “dəymiş maddi ziyan olaraq 1200 manat qabaq buferə görə, 1400 manat 2 ədəd qabaq faralara görə, 1000 manat arxa stoplara görə” hissəsində qeyd edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı qeyd olunan ehtiyyat hissələrin cavabdeh tərəfindən yararsız hala salınması və daha sonra ucuz hissələrlə əvəz edilməsi faktı iş materiallarında olan sübutlarda öz əksini tapmamışdır. Bundan başqa sübut kimi təqdim edilmiş fotoşəkillərdən görünür ki, qeyd olunan ehtiyyat hissələri avtomobilin üzərində olmuşdur. Avtomobil təhvil verilərkən üzərində hansı keyfiyyətdə olan ehtiyyat hissələri ilə verilməsi təhvil-təslim aktında əks olunmamış, həmçinin cavabdeh tərəfindən qeyd edilənlərin dəyişdirilməsi faktı sübuta yetirilməmiş və cavabdeh iddianı həmin hissədə etiraf etməmişdir. İcarə haqqının məbləğinə gəlincə məhkəmə iş materiallarına əlavə edilmiş sənədələri nəzərə alaraq qeyd edir ki, iddia 280 manat icarə pulun cavabdehdən tutulması hissəsində qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış icarə müqavilələrinə görə 1 təqvim günü üçün icarə haqqının 40 manat olduğu göstərilmişdir. Tərəflər arasında yazışmaların fotoşəkillərindən müəyyən edilir ki, cavabdeh tərəfindən icarə haqqı olaraq ödəniş edilmiş və 70 manat məbləğində borc qalmışdır. Odur ki, iddia icarə haqqı hissəsində 70 manat məbləğdə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 701.2.4 və 705-ci maddələrinə əsasən icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin maddələrinə uyğun olaraq, icarə haqqını bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək, əmlakı bu müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq icarəçinin əsas vəzifələrindəndir. Məhkəmə sadalanmış qanunvericilik normalarının tələblərini və tərəflər arasında bağlanmış müqavilə şərtlərini nəzərdən keçirərək hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etmədiyindən onun icarəyə götürdüyü əşyaya görə icra haqqını ödəmək vəzifəsi, iddiaçının isə müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Nəzərə almaq lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Dəymiş ziyanın mövcudluğu və məbləği ilə bağlı sübutlar o qədər etibarlı olmalıdır ki, qəbul edilmiş qərarın obyektivliyi şübhə altına alınmasın. Hazırkı işdə iddiaçının iddia etdiyi ziyanın cavabdehlər tərəfindən vurulmasına dair etibarlı sübutlar mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Mülki Prosessual Məcəllənin sübutların mümkünlüyünü əks etdirən 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 73 manatın 17,5 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş zərərə görə 1200 manat məbləğində pul, icarə haqqı olaraq 70 manat məbləğində pul, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 73 manatın 17,5 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 vurulmuş zərərə görə 1200 manat məbləğində pul, icarə haqqı olaraq 70 manat məbləğində pul, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 73 manatın 17,5 manatı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-797/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-797/2025
18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver