Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-799/2025 19.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı yaşayış sahəsi üçün artıq alınmış vəsaitin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı yaşayış sahəsi üçün artıq alınmış vəsaitin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən ümumi sahəsi 74,6 kv.m olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, Qafqaz Universitetinin qərb hissəsində 3 saylı yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 36 saylı mənzil (hazırda Abşeron rayonu, Xırdalan qəsəbəsi, Həsən Əliyev 25, mənzil 36) üçün artıq ödənilmiş 2068,2 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən ümumi sahəsi 83,71 kv.m olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, Qafqaz Universitetinin qərb hissəsində 3 saylı yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 36 saylı mənzil (hazırda Abşeron rayonu, Xırdalan qəsəbəsi, Həsən Əliyev 25, mənzil 36) barədə alqı-satqı müqaviləsi bağlanmışdir. xx.xx.2015-ci il tarixdə ümümi sahəsi 83.71 kv.m olmaqla hər kv.m. üçün 540 manat olmaqla, cəmi 45203 manat məbləğində mənzilin tam dəyərini ödəmişdir. ƏMDK yanında DƏDRX-nın 4 saylı Abşeron Ərazi İdarəsinin hesablamasından məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 74,6 kv.m-dir, yəni 9,11 kv.m üçün 5519 manat artıq pul ödənilmişdir. O, Cavabdeh MMCyə qarşı məhkəməyə müraciət etmiş və iddia təmin edilməmişdir. Apellyasiya şikayəti vermiş, şikayət təmin edilməmişdir. Kassasiya şikayəti qismən təmin edilmişdir. ƏMDK yanında DƏDRX-nın xx.xx.2024-cü il tarixdə verdiyi texniki pasportdan çıxarışdan məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 74.60 kv.m-dir, Ali Məhkəmənin qərarı ilə müəyyən edilmiş sahədən 3,83 kv.m azdır. Müqavilə şərtlərinə tam əməl edərək üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirmiş, lakin Cavabdeh MMC tərəfindən mənzilin ümumi sahəsində aldadılmış və aldadıldığını Ali Məhkəmənin qərarından sonra bilmişdir. Cavabdeh MMC iddia ərizəsinə etiraz ərizəsi ünvanlayaraq, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədə göstərilir ki, yaşayış binaları kompleksinin tikintisi payçıların vəsaiti və imkanları hesabına həyata keçirilir və bu vəsaitlərin həcminin təşkil edən məbləğə uyğun cəmiyyət üzvlərinə mənzillər verilməlidir. Ümumi sahəsi layihə üzrə 83.75 kv.m təşkil edən mübahisələndirilən mənzilin dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qaydada ödənildikdən sonra verilməsi payçı ilə razılaşdırılır. Müqavilənin bəndində məhz ümumi sahə binanın layihəsi üzrə müəyyən edilən kvadratla payçıya verilməsi və onun razılaşdırılması müqavilədə göstərilir. Müqaviləni tərəf könüllü imzalamaqla qəbul etmişdir. Müqavilə ilə əldə edilmiş razılığa görə, mənzilin sahəsinə daxili divarlar və arakəsmələrin yerləşdiyi yer də aiddir. Ekspert tərəfindən isə müqavilədə göstərilən şərtlərə uyğun araşdırma aparılmamışdır. Ekspertiza tərəfindən verilmiş 10/8052 nömrəli, xx.xx.2023-cü il tarixli əlavə rəydə isə, iddiaçı tərəfindən mübahisəli mənzildə aparılmış təmir-tikinti işləri nəticəsində mənzilin ümumi sahəsinin 0,43 kv.m azaldığı müəyyənləşdirilmişdir. Lakin ekspert bu nəticəyə gəlməsi ücün hansı araşdırmaların aparıldığını, mənzilin divarlarının və ara-kəsmələrinin hansı ölçüdə genişləndirilib-genişləndirilmədiyini öz rəyində əsaslandırmamışdır. Halbuki, ekspert tərəfindən mənzilə baxış keçirilərkən müəyyən edilmişdir ki, mənzilin yaşayış otaqlarından birinin şimala baxan divarı, digər yaşayış otağının isə pilləkən dəhlizinə baxan divarı iddiaçı tərəfindən əlavə divarla örtülərək qalınlaşdırılıb. Layihə üzrə divar qalınlıqları 30 sm nəzərdə tutulsa da, divarların faktiki qalınlığı 47 sm-dir. Ekspert tərəfindən mənzilə baxış keçirilərkən yaşayış otaqlarında olan divarların qalınlıqlarının layihə üzrə qalınlığından 17 sm artıq olması ekspert rəyində nəzərə alınmasa da , həmin mənzilin arakəsmə divarlarının və şaxtaların yerləşdiyi ərazi nəzərə almaqla ( müvafiq azalma əmsalları tətbiq olunmadan) sahəsinin 83,36 kv.m təşkil etdiyi, bayır və ara divarların altı nəzərə alınmaqla sahəsinin 94,4 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. İşi təkrar apellyasiya baxışına qaytaran kassasiya instansiya məhkəməsi öz qərarında iddia müddətinin ötürülüb-ötürülmədiyinin araşdırılmasının zəruri olduğunu, bu məqsədlə iddiaçının iddia tələbində göstərdiyi hüquqlarının pozulduğunu hansı tarixdə bildiyinin araşdırılmasının vacibliyini qeyd etmişdir. Lakin işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin bu göstərişinə əməl etməmiş, bu istiqamətdə heç bir araşdırma aparmamışdır. Bu edilsə idi iddia müddətini ötürüldüyü müəyyən edilərdi. Müqavilə 5 ildən çox müddət əvvəl bağlanmışdır və iddiaçı bir illik iddia müddətini ötürmüşdür. İddiaçının xeyrinə hesablanmış 3451,2 manat pul vəsaiti "xxxx" MMC tərəfindən ödənilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X2 iddianın əsassız olduğunu qeyd edərək, rədd edilməsini xahiş etdi. Həmçinin bildirmişdir ki, mübahisəli evlə bağlı məhkəmə tərəfindən iddiaçının xeyrinə pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilmiş və bu vəsait iddiaçıya ödənilmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli, 10/4793 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Həsən Əliyev 25 ünvanında yerləşən, 36 saylı mənzilin faktiki sahəsinin (müvafiq azalma əmsalları tətbiq olunmadan, əlavə mənzilin bayır və ara divarlarının altı nəzərə alınmadan) 78 m² təşkil etdiyi müəyyən olunur. Mənzilin arakəsmə divarlarının və şaxtaların yerləşdiyi ərazi daxil olmaqla (müvafiq azalma əmsalları tətbiq olunmaqdan) sahəsinin 83,36 m² (78+5+0,36) təşkil etdiyi, bayır və ara divarların altı nəzərə alındıqda (müvafiq azalma əmsalları tətbiq olunmadan) sahəsinin 94, kv.m təşkil etdiyi müəyyən olunur. Tərəflər arasında bağlanmış xx.xx.2014cü il tarixli müqavilədə qeyd edilmiş 83,71 kv.m sahənin hansı qaydada hesablanması (bayır və ara divarların altı nəzərə alınmaqla və ya alınmamaqla) göstərilməmişdir. Lakin Əmlak Məsələləri Dövlət Daşınmaz Əmlakının 4 saylı Abşeron ərazisi xx.xx.2021-ci il tarixli məktubunda göstərilən 74,6 kv.m sahə hesablanarkən arakəsmə və bayır divarların altı nəzərə alınmadığından və balkon 0,3 azalma əmsalı ilə hesablandığından , həmin sahə ilə mənzilin faktiki 78 kv.m ümumi sahəsi (müvafiq azalma əmsalları tətbiq olunmaqdan, həmçinin bayır və ara divarların altı nəzərə alınmadan ), eyni zamanda bayır və ara divarların altı nəzərə alınmaqla hesablanmış 93,2 kv.m ümumi sahəsi arasında fərq yaranmışdır; xx.xx.2023-ci il tarixli, 10/8052 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Həsən Əliyev 25 ünvanında yerləşən 36 saylı mənzildə görülmüş təmir-tikinti işləri nəticəsində mənzilin faktiki ümumi sahəsinin 0,43 kv.m azaldığı müəyyən edilmişdir; Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 243/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 3451,2 manat pul vəsaitinin tutulması qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1299/2024 saylı qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-243/2023 nömrəli qətnaməsi mübahisələndirilən hisssədə-iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır; xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)243/2023 saylı qətnaməsi ilə 3451,2 manat ödəniş edilmişdir; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Həsən Əliyev küçəsi, ev 25, mənzil 36 İddiaçı mülkiyyətindədir. Mənzilin ümumi sahəsi 74.6 kv.m qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. 753.1-ci maddəsinə əsasən sifarişçi borcludur. Əgər həmin şəraitdə podratın yalnız podratçıya şərtləşdirilmiş muzd ödəməyə muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 766-ci maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Maddə 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 3.1-ci bəndinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və tikinti obyektlərinin, o cümlədən yaşayış, ictimai, istehsalat binalarının sahəsinin və həcmlərinin hesablanması qaydalarını müəyyən edir. 1.2-ci bəndinə əsasən bu Qaydaların tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir. 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi- yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri- 0,3 azaltma əmsallarına vurulmaqla hesablanır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh MMC arasında Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Qafqaz Universitetinin qərb hissəsində 3 saylı yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 36 saylı mənzilin (hazırda Abşeron rayonu, Xırdalan qəsəbəsi, Həsən Əliyev 25, mənzil 36) alqı-satqısı barədə xx.xx.2014-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilədə sözügedən mənzilin ümumi sahəsi 83,71 kv.m kimi göstərilmişdir. İddiaçı mənzilin faktiki sahəsi ilə müqavilədə nəzərdə tutulan sahəsi arasında fərq olduğunu müəyyən edərək, məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı ekspert rəyi əsasında mənzilin faktiki sahəsinin 78 kv.m olması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-243/2023 saylı qətnaməsi ilə Cavabdeh MMC-dən İddiaçı xeyrinə 3451,2 manat pul vəsaitinin tutulması qət edilmiş və qətnamə cavabdeh tərəfindən icra edilmişdir. Daha sonra iddiaçı həmin mənzilə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2024-cü il tarixdə çıxarış almış və çıxarışına əsasən mənzilin ümumi sahəsinin 74.6 kv.m olduğu görmüşdür. Hazırda iddiaçı mənzilin sahəsinin qətnamə ilə müəyyən edilmiş sahədən daha az olması və bu səbəbdən müqavilə üzrə daha az məbləğ ödəməli olduğunu əsas gətirərək, yaranmış fərqin dəyərini ona ödənilməsini tələb edir. Cavabdehin nümayəndəsi isə iddianı qəbul etməyərək qeyd edir ki, mübahisəli mənzillə bağlı əvvəllər məhkəmə qətnaməsi ilə mənzilin sahəsi üçün artıq ödənilmiş 3451,2 manat pul vəsaiti iddiaçıya ödənilmişdir. Qeyd edilməlidir ki, mübahisəli mənzillə bağlı apellyasiya məhkəmə icraatlarında mənzilin sahə fərqinin hesablanması üçün ekspertiza təyin olunmuş və mənzilin faktiki sahəsinin 78 kv.m olduğu müəyyən edilmişdir. Lakin iddiaçı həmin mənzilə hüquqlarını qeydiyyata alarkən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024 cü il tarixli çıxarışda mənzilin ümumi sahəsi 74.6 kv.m kimi qeyd edilmişdir. Belə ki, daşınmaz əmlaka hüquqların qeydiyyatı zamanı tərtib olun sənədlərdə müəyyən azaltma əmsalları tətbiq olunur və bu sənədlərdə göstərilən sahə mənzilin faktiki sahəsini əhatə etmir. Həmçinin bu azaltma əmsalları tərəflər arasında mənzilin satılmasına dair alqı-satqı müqaviləsi bağlanan zaman da nəzərə alınmır. Belə ki, mənzilin faktiki sahəsi ilə müqavilədə müəyyən olunan sahəsi arasında olan fərq ekspert rəyi əsasında qanunvericilik normalarına uyğun hesablanmış və yaranan sahə fərqinə görə artıq ödənilmiş vəsait iddiaçıya qaytarılmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı yaşayış sahəsi üçün artıq alınmış vəsaitin qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı yaşayış sahəsi üçün artıq alınmış vəsaitin qaytarılması tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-799/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-799/2025
19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver