Məhkəmə qərarları › İş №2(005)-801/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-801/2022

14.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-801/2022 14.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, onun nümayəndəsi və vəkili X3, Cavabdehlər Cavabdeh3 və Abbasova (Hacıyeva) Səidə Yusif qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Abbasova (Hacıyeva) Səidə Yusif qızına qarşı “mənzilin texniki inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 qızı və X11 tərəfindən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 19/87, 29 saylı mənzilin texniki inventarlaşdırma işinin aparılmasına törədilən maneənin aradan qaldırılması, invertarlaşdırma işinin aparılmasına şəraitin yaradılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 29 sentyabr 1995-ci il tarixli, 2750 saylı Sərəncamı ilə mənzil növbəsi əsasında ünvan 1 ünvanı: Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 19/87, mənzil 29) əri mərhum X12 verilmişdir. Onunla birlikdə iddiaçının və iki nəfər oğlunun da adları orderdə qeyd olunaraq onlara həmin mənzildə yaşamaq hüququ verilmişdir. X7 15 dekabr 2020-ci il tarixdə qəfildən vəfat etmişdir. İddiaçı tərəfindən notariat kontoruna müraciət olunmuş, digər vərəsələr iddiaçının xeyrinə öz paylarından imtina etdiklərdindən vərəsə kimi tanınmışdır. Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət ünvanlayaraq mənzilin üzərində mərhum həyat yoldaşının mülkiyyət hüququnu təsdiq edən çıxarışın təqdim edilməsi xahiş edilmişdir. Lakin sözügedən mənzildə qeydiyyatda olan cavabdehlər notarius tərəfindən ünvanlanmış sorğunun icrasına imkan vermirlər. Cavabdehlər özləri həmin mənzildə yaşamırlar, mərhum ərinə məxsus mənzili müxtəlit şəxslərə icarəyə verərək gəlir əldə edirlər. Cavabdehlər və mənzildə kirayədə yaşayan digər şəxslər mənzilə dair çıxarışın verilməsi üçün AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında AR Qanununun 7.1-ci maddəsinə əsasən tələb olunan mənzilin inventarlaşdırılması işlərinin aparılmasına şərait yaratmırlar. Ərinin yeganə vərəsəsi olaraq onun sahibliyində olmuş Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 19/87 ünvanında yerləşən 20 saylı mənzil iddiaçının mülkiyyətinə verilməlidir. Bu onun vərəsəlik hüququdur və heç bir əsasla məhdudlaşdırıla bilməz. İddiaçının əri 2020-ci ilin noyabr ayında onun məlumatı və razılığı olmadan ailələri ilə heç bir qohumluq əlaqələri olmayan cavabdehlərin həmin şəxslərin mənzildən qeydiyyatdan çıxarılmalarına dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Nərimanov Rayon Məhkəməsinin qərarı ilə iddianın inzibati məhkəməyə verilməli olduğu əsası ilə iddia geri qaytarılmışdır. Lakin bu müddət ərzində əri 15 dekabr 2020-ci il tarixdə qəfildən vəfat etdiyindən məsələ yarım qalmışdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehlər iddia tələbini qəbul etməyərək, iddia tələbinə etiraz təqdim edərək, bildirmişdilər ki, Bakı şəhəri Nərimanov rayonu A.Nemətulla küçəsi, ev 19.87, mənzil 29-da yerləşən 3 otaqlı yaşayış sahəsi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 05.10.1995 il tarixli 047192 saylı orderlə X12 3 nəfər ailə üzvləri ilə birlikdə ayrılmışdır. 1996-cı ildə onlar Bakı şəhərində ev almaq istəyərkən ailə üzvlərindən biri olan Abbasov Fəzi oğlu onlara bildirmışdır ki, onun yaxın dostu X1 borcu var, evini satır, amma alıcı yoxdur. Onlar F.Abbasovun ailə üzvü olmasını, İ.Qarayevlə dostluq etməsini nəzərə alaraq mübahisəli evi İ.Qarayevdən ailə üzvlərinin razılığı ilə razılaşdığı qiymətə, alqı-satqı müqaviləsi rəsmiləşdirilmədən almışlar. Alqısatqı müqaviləsi ona görə rəsmiləşdirmək mümkün olmamışdır ki, həmin vaxt mübahisəsi olunan mənzilin yerləşdiyi ev istismara təhvil verilməmişdir. Ona görə də mənzilin özəlləşdirilməsi mümkün deyildi. X15 2008 ilin aprel ayında qeyd olunan mənzilə qeydiyyata düşsə də, nə onun özü nə də onun ailə üzvləri qeyd olunan mənzildə bir gün də olsa yaşamamışlar. İ.Qarayevin ailə üzvləri heç bir vaxt qeyd olunan mənzilə qeydiyyata düşməmişlər. Onlar 1990 ildən ünvan 3 ünvanda olan yaşayış sahəsində qeydiyyatda olmuş və orada yaşamışlar. X15 15.12.2020-ci il tarixdə ölmüşdür. Qeyd olunan mənzildə onlar üç nəfər qeydiyyatda olmaqla ailə üzləri ilə birlikdə yaşayırlar. Qarşılıqlı razılığa görə onlar İ.Qarayevdən aldıqları mübahisəsi olunan mənzili aldıqdan sonra razılaşmışlar, İldırım Qarayev gələcəkdə bina istismara verildikdən sonra mənzilin sənədlərini cavabdehlərin ailə üzvlərindən birinin adına rəsmiləşdirilməsini həyata keçirilməsi üçün Cavabdeh1 adına etibarnamə verilsin. Sonuncu etibarnamə 05.09.2013 il tarixində verilmişdir. Mübahisəsi olunan mənzilin yerləşdiyi ev istismara 2019 ilin sonunda verilmiş və həmin vaxt Cavabdeh1 Rusiya Federasiyasında olduğu üçün pandemiya ilə əlaqədar yollar bağlandığına görə Bakı şəhərinə gələ bilməmişdir. 2020-ci ilin son aylarında Cavabdeh1 mənzilin sənədlərini rəsmiləşdirmək üçün Bakı şəhərinə gəlmiş və ona məlum olmuşdur ki, İldırım Qarayevin ailə üzvləri onun xəstə olduğundan istifadə edərək onun adından Nərimanov rayon məhkəməsinə cavabdehlərin mənzil hüququnun itirilməsi barədə iddia tələbi ilə müraciət etmişlər. Cavabdeh1 dəfələrlə İ.Qarayev ilə görüşmək istəsə də, iddiaçı və onun övladları buna imkan verməmişlər. Mübahisəli mənzil 1995 ildə verilməsinə baxmayaraq mənzilin kirayə müqaviləsi bu günə kimi nə İ.Qarayev nə də onun ailə üzvlərindən heç birinin adına rəsmiləşdirilməmişdir. Ona görə ki, mübahisəli mənzilin cavabdehlərin tərəfindən alındığı və 1996 ildən bu günə kimi onların istifadəsində olduğu üçün bu mümkün deyildi. İ.Qarayevin iddiaçının və övladlarının mübahisəsi olunan mənzildə, mənzilə həmin vaxt köçmək hüququ verən sənəd, order verildikdən sonra, 1996 ildən hazıra kimi bir gün də olsa mübahisəli mənzildə yaşamaması qonşular tərəfindən tərtib olunmuş MİS-nin rəhbərliyi tərəfindən təsdiq olunmuş aktlarla təsdiq olunur. Bundan başqa qonşular məhkəmədə şahid kimi dinlənilsə təsdiq edərlər ki, İ.Qarayevi və onun ailə üzvlərini tanımırlar və mübahisəli mənzildə 1996 ildən cavabdehlər yaşayır və istifadə edirlər. Mübahisəli mənzil 1996 ildə alınarkən mənzilin giriş qapısı və pəncərələrindən başqa heç nəyi yox idi. Divarlar isə suvaqsız idi. Mənzil alindıqdan sonra cavabdehlər tərəfindən iki dəfə tam təmir olunmuşdur. Nə iddiaçı nə də onun övladları mənzilin hansı vəziyyətdə, hansı təmirdə olduğu və eləcədə mənzilin otaqlarının yerləşmə vəziyyəti barədə düzgün məlumat verə bilməzlər. Çünki onlar mübahisəli mənzildə bir dəfə də olsa olmamışlar. Mənzil kirayə müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, kommunal xidmət haqqının ödənilməsi üzrə ödənişlər tərəfimizdən yerinə yetirilmişdir. İddiaçı mənzil kirayə müqaviləsindən irəli gələn hər hansı öhdəliyin yerinə yetirilməsi və ya kommunal xidmətlərə görə haqqın ödənilməsi barədə məhkəməyə sübut təqdim edə bilməz. Qanunvericiliyin tələbinə görə hər hansı vətəndaşa ailə üzvlərinin sayına görə mənzil ayrılarkən orderdə adları göstərilən vətəndaşlar yaşadıqları mənzili dövlətə təhvil verərək orderdə ünvanı göstərilən mənzilə köçməlidirlər. Əgər İ.Qarayev və onun ailə üzvləri mübahisəli mənzili onlara satmamışdılarsa onda nəyə görə onlar mübahisəli mənzilə order veriləndən əvvəl dövlət tərəfindən onlara verilən mənzili dövlətə təhvil verməmiş, bu günə kimi həmin mənzildə yaşayırlar və ünvan 3 ünvanda yerləşən həmin mənzilin, mənzil kirayə müqaviləsi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçisının 18.02.2008 il tarixli 41 saylı sərəncamı ilə iddiaçı X4 adina rəsmiləşdirilmişdir. Məlumdur ki, mənzil, yaşayış sahələri barədə münasibətləri mənzil qanunvericiliyi, xüsusən də Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə tənzimlənir.2009 ilin oktyabr ayının 1-dək qüvvədə olan və eləcədə həmin tarixdə qüvvəyə minmiş AR Mənzil məcəlləsinin tələblərinə görə mənzilin əsas kirayəçisi tərəfindən ailə üzvü kimi və eləcədə digər əsaslarla mənzilə buraxılmış şəxslər mənzildə yaşayan digər şəxslərlə bərabər hüquqa malikdirlər. Hazırki mübahisə “Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanunu ilə deyil Azərbaycan Respublikası Mənzil qanunvericiliyi ilə tənzimlənməlidir. İşin bu halında nə iddiaçının nə də onun ailə üzvlərinin mübahisəli mənzilə heç bir hüququ yoxdur və ola bilməz. Göstərilən təkzib edilməz faktlar bir daha sübut edir ki, İddiaçı mübahisəli mənzilə heç bir hüququ yoxdur. Məhkəmə iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili Məmmədov Yunis oğlu iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı və ƏMDK-nın nümayəndələri Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 19/87, 29 saylı mübahisəli mənzilə gələrək, mənzilə daxil olmaq istəyərkən cavabdeh evi kirayə verdiyini bildirmiş ona görə də, buna icazə verməmişdir. Qeyd etmişdir ki, 25 ildir mübahisəli mənzili təmir edərək, orda ailə üzvləri ilə birlikdə yaşayır. Məhkəmə iclasında Cavabdeh3 bildirmişdir ki, mübahisəli mənzildə 1997-ci ildən bəri yaşayır. İddiaçı tanımır və onu heç vaxt görməmişdir. Hal-hazırda həmin mənzildə anası ilə birlikdə qeydiyyatda olmaqla yaşayır. Məhkəmə iclasında cavabdeh Abbasova (Hacıyeva) Səidə Yusif qızı iddia tələbini qəbul etməyərək qeyd etmişdir ki, 2000-ci ildən qeyd olunan mənzildə yaşayır. İndiyədək həmin mənzillə bağlı heç bir mübahisə olmamış, bu məsələ son 1 ildə yaranmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04.11.1989-cu il tarixli, V-JQ 304866 nömrəli nikah haqqında şəhadətnaməsinin surətindən görünür ki, X15 ilə X6 arasında 04.11.1989-cu il tarixdə nikah bağlanmış, 274 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Qarayeva soyadı verilmişdir. Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 2750 nömrəli, 29 sentyabr 1995-ci il İ.Qarayeva order verilməsi haqqında sərəncamın surətinə əsasən İ.Qarayeva 4 nəfər ailə üzvü ilə Ağa Neymətulla küçəsi 1 nömrəli evin 2-ci girişinin 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 46,73 kv.m sahəsi olan 29 nömrəli mənzilinə order verilməsi, X5 – 1961-ci il, İddiaçı – yoldaşı – 1961-ci il, X10 – oğlu – 1991-ci il, X16 – 1993-cü il” yazılması qərara alınmışdır; Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 41 nömrəli, 18.02.2008-ci il tarixli mənzil icarə müqaviləsinin vət. İddiaçı ilə bağlanması barədə Sərəncamının surətinə əsasən S.Rəhimov küçəsi 167 saylı evin 1 otaqlı yaşayış sahəsi 16.0 kv.m olan 17 saylı mənzilinin icarə müqaviləsi vət. İddiaçı ilə bağlanması və o, həmin mənzilin icarədarı hesab edilməsi qərara alınmışdır; İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 28.10.2020-ci il tarixli 28 nömrəli arayışdan (2№-li Forma) müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 19/87 nömrəli evin 29 nömrəli mənzilində X15 2008-ci, Cavabdeh1 2008-ci, Cavabdeh3 2008-ci və X13 2011-ci ildən həmin ünvanda pasport qeydiyyatındadırlar. Mülki mübahisəni həlli edən məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddia tələbi məhz mənzilin texniki inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, ilkin olaraq Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 19/87, 29 saylı mənzilin texniki inventarlaşdırma işinin aparılmasına törədilən maneənin olması müəyyən edilməli və bundan sonra invertarlaşdırma işinin aparılmasına şəraitin yaradılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasının mümkünlüyü araşdırılmalıdır. İş üzrə İddiaçı Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 2750 nömrəli, 29 sentyabr 1995-ci il tarixli sərəncamından da göründüyü kimi X9 arvadıdır, X1515 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. 71-ci maddəsinə əsasən, heç kəs insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz. İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz istifadə hüququna malikdir. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü ilk öncə Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 19/87, 29 saylı mənzilə dair subyektiv hüququnun olmasının, cavabdehlər Cavabdeh3, Cavabdeh1 qızı və X11 tərəfindən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həmin mənzilin texniki inventarlaşdırma işinin aparılmasına törədilən maneənin olmasının sübut edilməsindən ibarətdir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, iddiaçı subyektiv hüquqa malik olmaqla həmin halı sübut edilməsi yükünü daşıyır. Məhkəmə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 qızı və X11 tərəfindən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 19/87, 29 saylı mənzilin texniki inventarlaşdırma işinin aparılmasına törədilən maneənin aradan qaldırılması barədə tələbini əsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki, mübahisəli mənzildə cavabdehlər yaşayır və onların yaşadığı evdə cavabdehlər tərəfindən İddiaçı maneçilik göstərilməsi halı Cavabdeh1 izahatı ilə sübut olunur. Belə ki, proses iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. İddiaçı cavabdehlərin ona mübahisəli mənzildə yaşamasına maneçilik yaratmasına dair dəlilini, eləcə də məhkəmədə əsaslandıra bilmiş, buna dair Cavabdeh1 verdiyi izahatda AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarına evə baxış keçirməsi üçün maneə yaratmasını etiraf etmiş, bununla da həmin halı sübutetmə yükündən iddiaçını azad etmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Abbasova (Hacıyeva) Səidə Yusif qızına qarşı “mənzilin texniki inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Abbasova (Hacıyeva) Səidə Yusif qızı tərəfindən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 19/87, 29 saylı mənzilin texniki inventarlaşdırma işinin aparılmasına törədilən maneənin aradan qaldırılması və invertarlaşdırma işinin aparılmasına şəraitin yaradılması öhdəliyi cavabdehlərin üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar