Məhkəmə qərarları › İş №2(005)-803/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-803/2023

29.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-803/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə “son haqq-hesabın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı son haqq-hesabın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi müddət ərzində istifadə olunmamış əmək məzuniyyət günlərinə görə 465.08 manat məbləğində pul vəsaitinin; işlədiyi bayram günlərinin əvəzi qismində 1206.12 manat məbləğində pul vəsaitinin; əlavə olaraq 480 saat çalışdığı müddətin (overtime) əvəzi qismində 1573.20 pul vəsaitinin; işlədiyi müddət ərzində qazandırdığı xalis gəlirlərin 10%-i məbləğində pulun; müddətdən öncə əmək müqaviləsinə xitam verilməsi səbəbindən 2 ayın əmək haqqısı, cəmi 1600 manat məbləğində pul vəsaitinin; mediasiya xərcinin dəyəri qismində 50 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tərəfindən İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2021-ci ildən aylıq əmək haqqı 700 manat, əlavə olaraq satışdan əldə olunan gəlirlərin 10% miqdarında komissiyanın ödənilməsi razılaşdırılmaqla Cavabdeh MMC-də marketinq meneceri vəzifəsi üzrə çalışmağa başlamışdır. Lakin əmək müqaviləsi xx.xx.2022-ci il tarixində bağlamış və elektron sistemə sonradan əlavə edilmişdir. İddiaçı 2022-ci ilin aprel ayınadək marketinq meneceri olmuş, daha sonra yeni öhdəliklər əlavə olunaraq baş menecer vəzifəsinə keçirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixinədək Cavabdeh MMC-də marketinq meneceri vəzifəsi üzrə çalışsa da və cavabdeh ilə bağlanılmış müqavilə əsasında öz öhdəliklərini lazimi qaydada yerinə yetirsə də cavabdeh tərəfindən qanunsuzluğa yol verilmiş və İddiaçı əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Halbuki, həmin zaman marketinq üzrə cavabdehə İddiaçı vasitəsi ilə və öhdəliyini yerinə lazimi qaydada yerinə yetirməyi ilə olduqca gəlirlər qazandırmışdır. Bunun əvəzində isə İddiaçı razılaşma üzrə nəzərdə tutulmuş komissiya məbləğinin ödənilməsi lazım gəlirdi. İddiaçı komissiya məbləğini tələb etdikdə isə müxtəlif bəhanələr gətirərək öz öhdəliklərini icra etməkdən yayınmışdırlar. Cavabdeh tərəf İddiaçı qarşı pozuntuya yol verərək guya öhdəliklərini yerinə yetiriİməməsinə istinad etmiş və AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən işdən çıxarılmışdır. Halbuki, cavabdeh sözü gedən maddəyə istinad edərək İddiaçı işdən azad etməsi onun hüqularının kobud surətdə pozulmasının nümunəsidir. Belə ki, İddiaçı tərəf kimi öz təşəbbüsü ilə yəni ərizə yazaraq işdən azad edilməyinə dair hər hansı bir iradəsinin olduğunu bildirməmişdir. İşdən çıxdıqdan sonra isə cavabdeh tərəfindən İddiaçı ödənilməli olan son haqq-hesabı düzgün şəkildə hesablamamış və son haqq-hesabının xeyli hissəsi ona ödənilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdən işdən çıxarılsa da işlədiyi müddət ərzində əlavə çalışdığı bayram günləri aylıq əmək haqqına mütənasib olaraq orta günlük əmək haqqının iki qat miqdarında İddiaçı ödənilməlidir. Onun çalışdığı müddət ərzində isə 23 gün (bayram günləri olduğu üçün iki qat hesablanmaqla 46 gün) bayram gününə təsadüf etmiş və İddiaçı nəticədə həmin günlər əlavə olaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmin zaman işə daxil olan zaman və işdən çıxan zaman işçilər barədə tabelə işə daxil olma və çıxma saatını qeyd edərək öz imzası ilə təsdiqləmişdir. Beləliklə bayram günlərin əvəzi qismində İddiaçı 1206.12 manat pul vəsaiti ödənilməlidir. İddiaçı sadəcə olaraq bazar günləri istirahət hüququndan istifadə edə bilmiş, qeyri günlər isə işləmişdir. Bundan savayı rəsmi qaydada 6 aydan çox müddətdə cavabdehlə aralarında əmək münasibətləri olduğundan işdən çıxan zaman son haqq-hesab, yəni istifadə olunmamış məzuniyyətə görə məzuniyyət haqları da İddiaçı ödənilməli idi. Lakin cavabdeh onun hüquqlarını kobud surətdə pozaraq ona sözügedən pul məblləğini tam hesablayaraq ödəməkdən boyun qaçırmışdır. Halbuki, AR Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına 30,4ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. 1 ay müddətinə əmək haqqı aprel ayınadək 700 manatdan aprel ayından iyul ayınadək 800 manatdan olmaqla 5200 manat cəmini təşkil edir. (5200 manat:7 ay: 30.4)X30 təqvim günü - 733 manat 08 qəpik. Göründüyü kimi İddiaçı ödənilməli olan istifadə edilməmiş məzuniyyətə görə 733 manat 08 qəpik təşkil edir. Lakin cavabdeh ona sonuncu ayın 16 gününün və istifadə olunmamış məzuniyyət haqqı kimi cəmi 694 manat pul ödəmişdir. Həmin məbləğin 426 manatı sonuncu ayın əmək haqqısı olduğundan 268 manat cavabdehin hesablanmasına görə məzuniyyət haqqı müəyyən edilmişdir. Beləliklə 465.08 manat məbləğində məzuniyyət pulu ödənilməmişdir. Həmçinin, aralarında bağlanılmış əmək müqaviləsinə əsasən həftəlik 40 saat çalışılması nəzərdə tutulsa da faktiki olaraq həftəlik 48 saat çalışmışdır. 7 ay ərzində 30 həftədən aylıq 240 saat təşkil edir. Bu isə əlavə iş saatı oldundan ikiqat hesablanmalıdır. Beləliklə, 480 saat əlavə iş saatı təşkil edir. Həmin əlavə işlədiyi saatların əvəzi də orta aylıq əmək haqqına uyğun mütənasib olaraq hesablanmalı və ona ödənilməlidir. Məhz bu səbəbdən də bayram günləri və eyni zamanda əlavə 480 saat çalışdığı müddətin (overtime) vəsaitinin ona ödənilməsini tələb edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Vəkil iddia tələbini əsassız hesab etdiyini bildirərək rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə hesab edir ki üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxıla bilər. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərə görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - “İşəgötürən” Cavabdeh MMC və “işçi” İddiaçı arasında bağlanmış əmək müqaviləsindən müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən Cavabdeh MMC tərəfindən “marketinq meneceri” vəzifəsinə təyin edilmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitir.5.1-ci bəndə əsasən işçinin adi iş vaxtı nahar daxil olmamaqla 5 gün 7 saat, şənbə günü isə 5 saat olmaqla həftədə 40 saat təşkil edir.6.1-ci bəndə əsasən işçi müddəti 30 təqvim günü olan illik ödənuişli əsas məzuniyyətə çıxmaq hüququna malikdir.7.1ci bəndə əsasən işçiyə hər ay 327 manat (vergilər və tutmalaq daxil) məbləğində əmək haqqı ödəniləcəkdir. Hər gətirdiyi biznes üçün 10% komisiyya alacaqdır. 7.4-cü bəndə əsasən işəgötürən əmək haqqını ayda bir dəfə ayın sonuncu iş günü işçinin bank hesabına ödəyir. - Əmək müqaviləsinə 1 saylı dəyişikliyə əsasən işçinin xx.xx.2022-ci il tarixli əmək müqaviləsi 3 ay (xx.xx.2022-ci il tarixinədək) müddətə uzadılmışdır. - Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, 178 nömrəli əmrdən müəyyən olunur ki, “Otel” bölməsində “Marketinq Meneceri” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilməsi; işçinin xx.xx.2022-ci il tarixdindən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 17 məzuniyyət günün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinə dair göstəriş verilmişdir. - Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış müxtəlif tarixli məktublardan müəyyən olunur ki, Cavabdeh MMC-nin sahibi Abas Mohd.Hassan Al tərəfindən MMC-yə məxsus otelin idarə edilməsi İddiaçı həvalə edilmişdir. İddiaçıa gördüyü işlər qarşılığında 700 manat, xalis mənfəətin 10%-i ilə əmək haqqı (otel təmiri və maaşa daxil olan bütün xərclər çıxıldıqdan sonra) haqq verilir. Mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMC ilə müqavilə bağlayaraq MMC-yə məxsus oteldə marketinq meneceri vəzifəsində çalışmışdır. Sonradan onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən xitam verilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş əmək haqqının, həmçinin istifadə etmədiyi əmək məzuniyyətləri, işlədiyi bayram günləri və iş saatlarından əlavə çalışdığı müddət üçün haqqın hesablanıb verilməsini tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 172.1-ci maddəsinə əsasən əmək aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 89-cu maddəsinə əsasən, tam iş vaxtı və onun müddəti

1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. 2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.

3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. 90-cı maddəsinə əsasən,

1. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

2. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər.

3. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz. Maddə 95. İş vaxtının rejimi 1. İş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. Maddə 154. Əmək haqqı

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Maddə 164. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsi

1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

2. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər Məhkəmə ilk növbədə iddia tələbinin bayram günlərində işlədiyi müddət və iş saatı vaxtından daha artıq işlədiyi saatlar üçün ona əmək haqqının ödənməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir, iş materiallarından müəyyən edilir ki, əmək qanunvericiliyin normalarına riayət edilməklə tərəflər arasında bağlanmış əmək müqaviləsində iş vaxtının rejimi qaydaları müəyyən edilmişdir. Həmin qaydalara əsasən işçinin iş vaxtı nahar daxil olmaqla 5 gün 7 saat, şənbə günü isə 5 saat olmaqla həftədə 40 saat təşkil edir. İş günü bazar ertəsindən cümə gününə qədər səhər saat 9.00-da başlayır, axşam saat 17.00-da bitir. Şənbə günü isə işçinin iş günü səhər saat 09.00-da başlayır, axşam saat 15.00-da bitir. İstirahət günləri hər həftənin bazar günləridir. İddiaçı bayram günlərində və bazar günlərində işəgötürən tərəfindən işə cəlb edildiyini, həmçinin iş saatlarından artıq işlədiyini, lakin ona bunun üçün əmək haqqı ödənilmədiyini bildirir. İddiaçı tələbini təsdiq edən sübut qismində isə iş yerinə gəlməsini və getməsi saatlarını özündə əks etdirən özü tərəfindən imzalanmış cədvəlləri göstərmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının istinad etdiyi hallara əsasən iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164.1-ci maddəsi təşkil edir. Həmin maddədə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, işin halları yuxarıda qeyd edilən normanın (164.1) dispozisiya şərtləri əsasında yoxlanılarkən məhkəmə tərəfindən, iddiaçının tələbinin təmin edilməsi üçün zəruri olan əsasların mövcudluğu müəyyən edilmədi. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi işdə olan sübutlarla öz təsdiqini tapmadığından iddia “istirahət günlərində və iş saatlarındn əlavə çalışdığım müddətdə (overtime) işə cəlb edilməyə görə əmək haqqının ödənilməsi” hissədə əsassız hesab edilməli və təmin edilməməlidir Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tələbi ilə bağlı mötəbər sübut təqdim etməmişdir. Belə ki, təqdim etdiyi cədvəllər yalnız iddiaçının özü tərəfindən imzalanmışdır. İddiaçının “çalışdığı müddət ərzində qazandırdığım xalis gəlirlərin 10%-inin hesablanaraq ödənilməsi” tələbi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 7.1-ci bəndində işçiyə hər gətirdiyi biznes üçün 10% komissiya alacağı qeyd edilmişdir. Yəni razılaşdırılmış komissiya müəssisnin ümumi gəlirindən deyil, sırf iddiaçının vasitəsilə əldə edilmiş qazancdan hesablanması nəzərdə tutulmuşdur. İddiaçı cavabdehə hər hansı bir qazanc əldə etdirdiyini və buna görə ona komissiyanın ödənilməli olduğu halda, ödənilmədiyi təsdiq edən sübut təqdim edə bilməmişdir. İddia tələbinin “müddətdən öncə əmək müqaviləsinə xitam verilməsi səbəbindən 2 aylıq əmək haqqının ödənilməsi” tələbi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərinə qüvvədə olan Əmək Məcəlləsinin 68-ci maddəsinin ”a” bəndinə əsasən xitam verilmişdir. Qanunvericlikdə bu halda işçiyə əmək haqqının ödənilməsi nəzərdə tutulmamış; tərəflər arasında da belə bir razılıq olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddia tələbinin “məzuniyyət günlərinə görə 465.08 manat məbləğində pul vəsaitinin ödənilməsi” tələbi ilə bağlı məhkəmə qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsaəsn, işçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək istifadə edilməmiş 17 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun hesablanıb ödənilməsi maliyyə şöbəsinə tapşırılmışdır. Həmçinin cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən 19 iyul 2022-ci il tarixli ödəniş tapşırığından görüür ki, iddiaçının hesabına 694.41 manat məbləğində son haqq-hesab ödənilmişdir. Bununla da iddiaçının bu ələbinin də əsassız olduğu müəyyən edilir. İddia tələbləri digər hissələrdə əsassız hesab edildiyinə görə, mediasiya xərci qismində 50 manat məbləğində pulun tutulması tələbi də rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “son haqq-hesabın ödənilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh MMC-yə qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə “son haqq-hesabın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar