Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-825/2025 03.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov 64/68 küçəsində yerləşən, 38 saylı mənzilə dair istifadə hüquqlarına xitam verilməsi və pasport qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov 64/68 küçəsində yerləşən, 38 saylı mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov 64/68 küçəsində yerləşən 38 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında ona məxsusdur. X1 ilə Cavabdeh xx.xx.2014-cü il tarixdə nikah bağlayaraq ailə həyatı qurmuşdular. Bu səbəblə cavabdeh onun razılığı əsasında sözügedən mənzilə qeydiyyata alınmışdır. Lakin qızıyla cavabdeh arasında bağlanmış nikah Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 660/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Cavabdeh X7 artıq onun ailə üzvü sayılmır. Cavabdeh hal-hazırda başqa ünvanda yaşayır. Dəfələrlə ona məxsus mənzildən pasport qeydiyyatından çıxacağı barədə vədlər versə də, verdiyi vədlərə əməl etməmişdir. Hazırda cavabdehin ona məxsus mənzildə qeydiyyatı formal xarakter daşıyır. Ərizə ilə Nərimanov rayon Polis İdarəsinə müraciət edərək Cavabdeh ona məxsus mənzildən istifadə hüquqlarına xitam verilməsi və pasport qeydiyyatının ləğv edilməsini xahiş etmişdir. Lakin Nərimanov rayon Polis İdarəsinin 50/2-X-29945/11 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə Cavabdeh ona məxsus mənzildən istifadə hüquqlarına xitam verilməsi və pasport qeydiyyatının ləğv edilməsi mümkün olmamış və qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. Bu səbəbdən Cavabdeh ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov 64/68 küçəsində yerləşən 38 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi və pasport qeydiyyatının ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olub. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, mənzili 2013-cü ildə alğı-satqı müqaviləsi əsasında öz adına almışdır. 2014-cü ildə qızı ailə qurduqdan sonra cavabdeh olan kürəkəni ilə həmin mənzildə yaşamağa başladılar. Cavabdehin mənzilə qeydiyyata düşməsinə də razılıq verdi. Sonra 2014-cü ildə mənzili qızına bağışlamışdır. Daha sonra 2020-ci ildə qızı mənzili bağışlama müqaviləsi əsasında yenidən özünə qaytarmışdır. Cavabdeh də mənzilin ona bağışlanmasına notarial qaydada razılıq vermişdir. Onun mənzilindən cavabdehin hər hansı istifadə hüququ mövcud deyildir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Satıcı” X8 ilə “Alıcı” X9 arasında bağlanmış AN-İ seriyalı, ******* saylı, xx.xx.2013cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı” AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 7A/2633 saylı arayışa əsasən ümumi sahəsi 90.75 kv.m, yaşayış sahəsi 73.2 kv.m olan 4 otaqdan ibarət Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, bina 64/68, mənzil 38 ünvanında yerləşən şəxsi mənzilini “alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür; - X3 xx.xx.2014-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, ev 64/68, 38 saylı mənzilə Cavabdeh qeydiyyata alınmasına etiraz etməmişdir; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, X2 adına Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, ev 64/68, 38 saylı mənzil xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır; - “Hədiyyə verən” X6 ilə “Hədiyyə alan” X9 arasında bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, “Hədiyyə verən” Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, 64/68 ünvanında yerləşən 38 saylı mənzili “Hədiyyə alan”ın mülkiyyətinə vermişdir; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, 64/68 ünvanında yerləşən 38 saylı mənzil X3 adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-660/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Mollayeva (Qurbanova) Türkan Rövşən qızı arasında xx.xx.2014-cü ildə 1 saylı Bakı “ASAN xidmət" mərkəzi Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 1535 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X4 (anaları) Mollayeva (Qurbanova) Türkan Rövşən qızının yanında saxlanılması və Cavabdeh xx.xx.2023-cü il tarixindən başlayaraq, (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 4633/2023 saylı qərardadı nəzərə alınmaqla) xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul miqdarında alimentin Mollayeva (Qurbanova) Türkan Rövşən qızının xeyrinə tutulması qət edilmişdir; - Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunduğu üçün qeyd olunan şəxsin qeydiyyatdan çıxarılması tərəflərindən mümkün deyildir. Qeyd olunan məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsi məqsədəmüvafiqdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.2020-ci il tarixindən İddiaçı mülkiyyətindədir. Həmin mənzil ilk dəfə 2013-cü ildə alğı-satqı müqaviləsinə əsasən iddiaçının mülkiyyətinə keçmiş, 2014-cü ildə iddiaçı mənzili qızına bağışlamış, 2020-ci ildə isə qızı yenidən bağışlama müqaviləsi əsasında mənzili anasına qaytarmışdır. Cavabdeh mənzilə xx.xx.2014-cü il tarixdə qeydiyyata düşmüşdür. İddiaçının qızı ilə cavabdeh xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuşlar, həmin vaxtdan nikah pozulanadək mübahisələndirilən mənzildə yaşamışlar. Onların nikahları xx.xx.2024-cü il tarixdə pozulmuşdur. Hazırda iddiaçı keçmiş kürəkəni olan cavabdehin onun mənzilində yaşamamasına və qeydiyyatının formal xarakter daşımasına istinad edərək, mübahisələndirilən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.4-cü maddəsində sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia - neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İlk növbədə qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra, onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Cavabdeh mübahisəli mənzilə 2014-cü ildən köçdüyündən bu münasibətlərdən yaranan mübahisəyə hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Hazırki iş üzrə cavabdeh isə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin dispozitiv şərtləri çərçivəsində iddiaçının ailə üzvü və digər qohumları hesab edilmir. Qeyd edilən normaya əsasən, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Digər qohumlar anlayışına və onların əhatə dairəsinə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında aydınlıq gətirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarındakı hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh mənzilin mülkiyyətçisinin ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, 64/68 ünvanında yerləşən 38 saylı mənzil X3 xüsusi mülkiyyətindədir. İddiaçının qızı ilə cavabdehin nikah münasibətlərinə xitam verilmişdir. Cavabdehin mülkiyyətçiyə məxsus yaşayış sahəsindən istifadə etmək hüququ mövcud deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Beləliklə, istər mülki, istərsə də mənzil qanunvericiliyi baxımından cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarının yaranması və hazırda da mövcud olması müəyyən edilmir. Cavabdehin mübahisəli mənzildə qeydiyyatda olması faktı isə onun daşınmaz əmlakdan istifadə hüququnun mövcudluğunu ehtiva etmir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 4 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 4 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-825/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-825/2025
03.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver