Məhkəmə qərarları › İş №2(005)-836/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-836/2021

01.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-836/2021 01.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “işə bərpa tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “işə bərpa tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təhsil Nazirinin xx xxxx 2020-ci il tarixli K-534 nömrəli əmrinin ləğv edilməsi, onunla bağlanmış müqavilənin müddətsiz olaraq bərpa edilməsi və pandemiya dövründə təhsil sahəsi üzrə işçilərə əmək funksiyası yerinə yetirilmədən əmək haqqı təyin olunduğunu nəzərə alaraq ötürülmüş aylar üzrə ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1979-cu ildə Xocalı şəhərində anadan olmuşdur. Məlum Xocalı faciəsindən sonra atasının könüllü hərbi qulluqçu olması nəzərə alınaraq Cəlilabad rayon, Göytəpə qəsəbəsində yerləşən N saylı hərbi hissənin yaşayış şəhərciyində onlar üçün ayrılmış mənzildə məskunlaşmışlar. 1995-ci ildə orta məktəbi, 2000-ci ildə ADPU-nun tarix fakültəsini bitirmişdir. 2000-2001-ci illərdə cəbhə bölgəsində həqiqi hərbi xidmətdə olmuşdur. Bir neçə ictimai təşkilatın üzvü, sədri olmuşdur. 2005-ci ildən Cəlilabad rayon Göytəpə şəhərində pedaqoji fəaliyyətə başlamışdır. 2010-cu ildə yaşadığı şəhərin ictimai-siyasi və mədəni həyatındakı xidmətlərinə görə Göytəpə şəhər ağsaqqallar şurasının qərarı ilə Göytəpə şəhər İcra Nümayəndəliyi tərəfindən “Göytəpə şəhərinin fəxri sakini” adına layiq görülmüşdür. 2012-2013-cü illərdə təhsillə bağlı olan “Mədəd Azərbaycan” təşkilatının cənub bölgəsi üzrə kordinator kimi fəaliyyət göstərmişdir. Həmçinin, 2014-cü ildə keçirilmiş “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak etmiş və həmin müsabiqənin qalibi olduğu üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “İlin ən yaxşı müəllimi” fəxri adına layiq görülmüşdür. 2017-ci ildə Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə X2 sədri seçilmişdir. 2016-cı ildə direktorların işə qəbulu üzrə müsabiqədə (DİQ) əldə etdiyi nəticəyə əsasən yaşayış yerindən uzaq məsafədə yerləşən məktəbə direktor vəzifəsini qazansa da, Qarabağ əlili olan hər iki valideynin fiziki məhdudiyyətləri və davamlı olaraq onun köməyinə ehtiyaclarının olması baxımından bu vəzifədən imtina etmişdir. Daha sonra 2017-ci ildə DİQ müsabiqəsində 40 baldan 35 bal toplayaraq Təhsil nazirinin səlahiyyətlərini icra edən Ceyhun Bayramovun əmri ilə faktiki müəllim işlədiyi Göytəpə şəhər 1 nömrəli tam orta məktəbə direktor təyin olunmuşdur. Ailəlidir, 4 övladı var. İİ qrup Qarabağ əlili olan hər iki valideyni onun himayəsində yaşayır. İş fəaliyyəti dövründə məktəbdə yaratmış olduğu şəffaf durum nəticəsində şagirdlərin sayı 1 200 nəfərdən 1 700 nəfərə qədər artmış, şagird və müəllimlərdən hər hansı adda toplanılan vəsaitlərə qadağa qoyulmuşdur. Məktəbdə adları olub özləri olmayan texniki işçilər və şagirdlər təmizlənmiş, əmək intizamı gücləndirilmişdir. Apardığı işlər nəticəsində məktəbdə ali məktəbə qəbulun sayı ilə yanaşı 500-600-dən yuxarı bal toplayanların sayı artmışdır. Şagirdlər rayon və respublika bilik və idman yarışlarında, olimpiadalarda qalib olmuşlar. “Əlaçı” televiziya yarışlarının final mərhələsinə kimi yüksələn regiondan rəhbərlik etdiyi məktəbin şagirdləri olmuşdur. Müəllimlərdən ikisi pedaqoji mühazirələrin qalibi kimi Təhsil Nazirliyi tərəfindən diplomlarla təltif olunmuş, bir nəfər fəxri fərmanla mükafatlandırılmış və bir nəfər isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalına layiq görülmüşdür. Bütün bunlara baxmayaraq, məktəbdə əmək intizamının güclənməsi nəticəsində zərər görə bir neçə müəllimin əsassız, şər-böhtan şikayəti əsasında məktəbdə yoxlama aparılmış, onun nöqsanının olmadığına baxmayaraq və əmrin preambula hissəsində onun heç bir nöqsanı qeyd olunmasa da, Təhsil nazirinin xx xxxxxxxx 2019-cu il tarixli K-1472 nömrəli əmrinə əsasən ona “şiddətli töhmət” verilmişdir. Qeyd edilən məsələnin şər-böhtan olması ilə bağlı Cəlilabad rayon Məhkəməsinə ünvanladığı şikayəti əsasında xüsusi icraat qaydasında cinayət işi açılmışdır. Cinayət işi üzrə təqibin müəyyən mərhələsində həmin müəllimin bundan öncə də eyni əməllə cinayət məsuliyyətinə cəlb olunduğu müəyyən olmuş və üzərində cinayət işinin olması, himayəsində azyaşlı uşaqların mövcudluğu, şəhid qardaşı olması, eləcə də ağsaqqalların xahişi ilə barışıq əsasında cinayət işinə xitam verilmişdir. Həmin müəllim öz şər-böhtan məlumatlarını Təhsil Nazirliyinin rəhbərliyinə çatdırmaq məqsədilə nazirliyin qarşısında ictimai aşayişi pozmuş və bundan sonra məhkəməyə çağırılarkən polisə müqavimət göstərdiyi üçün 10 sukta inzibati qaydada həbs olunmuşdur. Daha sonra günahsız olduğunu inzibati qaydada bildirmək üçün o, Təhsil Nazirliyinə zəng etmiş, lakin faydası olmamışdır. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx xxxx 2017-ci il tarixli 126 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydalarının 3.11-ci maddəsinə görə müsabiqənin nəticəsinə əsasən vakant direktor vəzifəsini tutmuş namizədlə 1 il müddətinə əmək müqaviləsi bağlanır. Həmin müddət başa çatdıqdan sonra bir illik fəaliyyət barədə hesabat Nazirliyə təqdim olunur və müvafiq müsahibə keçirildikdən sonra şəxsin daimi əsaslarla işə təyin olunması barədə qərar qəbul edilir. Həmin ilin sonunda da onunla işə qəbul olmuş heç bir kəsi müsahibəyə çağırmadan daimi işə qəbul ediblər. Göstərilən tələblərə əsasən onunla bağlanmış müqavilə də müddətsiz olmalı olduğu halda, eləcə də faktiki olaraq onunla eyni zamanda işə qəbul olub “ənənəvi” qaydada işləyən həmkarlarının müqaviləsi müddətsizə çevrildiyi halda ona qarşı ayrıseçkilik olmuşdur. Belə ki, işlədiyi 2 il müddətindən sonra ona məlum olmayan səbəbdən xx xxxxxx 2019-cu il tarixdə ondan müqavilənin uzadılması üçün ərizə alınaraq tədris ilinin sonuna qədər müqaviləni uzatdılar. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx xxxx 2020-ci il tarixli K-534 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsini əsas gətirərək əmək müqaviləsinə xitam vermişlər. Xitamın əsasını soruşduqda heç bir hüquqi əsas olmadan bildirilmişdir ki, bu məktəbdə müqaviləsinin bitmişdir və rayonda digər vakant məktəbə direktor kimi təyin ediləcəkdir. Bəzi hallarda isə ona görə müraciət edən həmkarlarına telefonla bildirilir ki, fəaliyyətində nöqsanlara yol vermişdir. Sanki “ənənəvi” qaydada işləmədiyi üçün onu cəzalandırır, şərböhtançının maraqları mühafizə edilərək dəstəklənir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təsdiq edilmiş xx xxxxx 2020-ci il tarixli Tədbirlər Planına əsasən pandemiya dövründə dövlət və özəl sektorda çalışan işçilərin əsassız yerə işdən çıxarılmasına və ixtisarına yol verilməməsi nəzərdə tutulduğu halda onunla bağlanmış müqaviləyə xitam verməklə işdən çıxarılmışdır. Pandemiya dövrünün davam etdiyi iyun-avqust ayının sonu və sentyabr ayının 15-dək demək olar ki, əmək haqqı almamışdır. Əmək müqaviləsinə xitam veriləndən sonra əhali tərəfindən 1 500-dən çox müəllim, texniki işçi və yerli sakin onunla bağlanan müqavilənin işlədiyi məktəbdə uzadılması üçün Təhsil Nazirliyinə müraciət etsələr də, müqavilə uzadılmamışdır. Digər məsələ isə qanuna əsasən işə qəbul edilərkən müqavilə bağlanılmalı, bir nüsxəsi işə götürəndə, digər nüsxəsi isə işçidə qalmalıdır. Lakin ona əmək müqavilənin nüsxəsi təqdim edilməmişdir. Həmçinin, əmək qanunvericiliyi pozularaq əmək kitabçası ona təqdim edilməmişdir. Göründüyü kimi Təhsil Nazirliyi burda da kobud qanun pozuntusuna yol vermişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2015-ci il tarixdə Cəlilabad RPŞ tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1979-cu il tarixdə Xocalı şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xx xxxxxxxx 1997-ci il tarixdə verilmiş 46382 nömrəli Vəsiqənin surətindən görünür ki, Ələkbərov X3 məcburi köçkündür. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş Vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2014-cü il tarixli 931 nömrəli Sərəncamı ilə 2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil naziri vəzifəsini müvəqqəti icra edən Ceyhun Bayramovun xx xxxxxx 2017-ci il tarixli K-843 nömrəli Əmrinin surətindən görünür ki, Ələkbərov X4 rayonu Göytəpə şəhər V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbə 1 il müddətinə direktor təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil nazirinin xx xxxxxxxx 2019cu il tarixli K-1472 nömrəli Əmrinin surətindən görünür ki, Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbin direktoru İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş materiallarında olan İddiaçı Azərbaycan Respublikası Təhsil naziri Ceyhun Bayramova ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, onunla bağlanmış əmək müqaviləsinin 2019-2020-ci tədris ilinin sonuna qədər uzadılması ilə bağlı göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan K-1956 saylı xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Təhsil naziri Ceyhun Bayramovun əmrinin surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən əmək müqaviləsinin müddəti xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil nazirinin xx xxxx 2020-ci il tarixli K-534 nömrəli Əmrinin surətindən görünür ki, Cəlilabad rayonu Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddəti qurtarmasına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən və 73 maddəsi ilə müəyyən edilmiş qaydada xx xxxx 2020ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan müəllimlər, texniki işçilər və yerli sakinlər İddiaçı ilə bağlanan müqavilənin işlədiyi məktəbdə uzadılması üçün Təhsil Nazirliyinə müraciət etmişlər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Təhsil naziri vəzifəsini müvəqqəti icra edən Ceyhun Bayramovun xx xxxxxx 2017-ci il tarixli K-843 nömrəli Əmri ilə təhsil müəssisəsinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin bütün mərhələlərini başa vurduğuna görə ehtiyatlı kadr siyahısına daxil olmuş Ələkbərov X4 rayonu Göytəpə şəhər V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbə 1 il (bir il) müddətinə direktor təyin edilmişdir. İddiaçı Azərbaycan Respublikası Təhsil naziri Ceyhun Bayramova ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli ərizə ilə müraciət eədərk onunla bağlanmış əmək müqaviləsinin 2019-2020-ci tədris ilinin sonuna qədər uzadılması ilə bağlı göstəriş verilməsini xahiş etmiş, həmin ərizə əsasında K-1956 saylı xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Təhsil naziri Ceyhun Bayramovun əmri ilə İddiaçı əmək müqaviləsinin müddəti xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Müqavilə müddəti bitdikdən sonra Azərbaycan Respublikası Təhsil nazirinin xx xxxx 2020-ci il tarixli K-534 nömrəli Əmri ilə Cəlilabad rayonu Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddəti qurtarmasına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən və 73 maddəsi ilə müəyyən edilmiş qaydada xx xxxx 2020-ci il tarixdən xitam verilmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanmalı olduğu üçün xx xxxx 2020-ci il tarixli əmrin ləğv edilməsini və müddətsiz əmək müqaviləsi bağlanmasını, ötürülmüş aylar üçün əmək haqqının ödənilməsini tələb etməkdədir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən, Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə görə əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Həmin Məcəllənin 45.3-cü maddəsinə görə müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin “B” bəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması müqaviləsinə xitam verilməsinin əsasları sırasında qeyd edilmişdir. Həmin Məcəllənin 73-cü maddəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 83.1-ci maddəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx xxxx 2017-ci il tarixli 126 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydalarının 3.11-ci bəndindən görünür ki, müsabiqənin nəticəsinə əsasən vakant direktor vəzifəsini tutmuş namizədlə 1 il müddətinə əmək müqaviləsi bağlanır. Həmin müddət başa çatdıqdan sonra bir illik fəaliyyət barədə hesabat Nazirliyə təqdim olunur və müvafiq müsahibə keçirildikdən sonra şəxsin daimi əsaslarla işə təyin olunması barədə qərar qəbul edilir. Sadalanan əsaslardan göründüyü kimi müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. İşin hallarından göründüyü kimi iddiaçı öz ərizəsi əsasında əmək müqaviləsi müddətinin 2019-2020-ci tədris ilinin sonuna qədər uzadılmasını xahiş etmiş, həmin ərizə əsasında K-1956 saylı xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Təhsil naziri Ceyhun Bayramovun əmri ilə İddiaçı əmək müqaviləsinin müddəti xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Müqavilə müddəti bitdikdən sonra Azərbaycan Respublikası Təhsil nazirinin xx xxxx 2020-ci il tarixli K-534 nömrəli Əmri ilə Cəlilabad rayonu Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddəti qurtarmasına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən və 73 maddəsi ilə müəyyən edilmiş qaydada xx xxxx 2020ci il tarixdən xitam verilmişdir. Qeyd edilənlərə əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi qanunvericliliyin dizposiyi şərtləri ilə uzlaşır və bu səbəbdən iddia tələbi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “işə bərpa tələbinə dair” iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar