Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-840/2023 03.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 127Q saylı, evin 13 saylı mənzilinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1972-ci ildə Laçın rayonu, Şəlvə kəndində doğulmuşdur. Laçın rayonundan məcburi köçkündür. İ Qarabağ müharibəsi iştirakçısı olmuşdur. 2012-ci ildə ailə həyatı qurmuş, lakin birgə nikahdan cavabdehlə övladları olmamışdır. Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 127 Q, mənzil 13 ünvanında 12 ildir ki, məskunlaşmışdır. Həmin mənzilin təmirinə indiyə kimi 30000 manat vəsait xərcləmişdir. Son vaxtlar həyat yoldaşı, hazırki Cavabdeh ilə münasibətləri pisləşmiş, polis əməkdaşlarının iştirakı ilə mənzildən çıxarılmışdır. Müvafiq mənzilin heç bir rəsmi sənədi yoxdur, onlar orada məcburi köçkün kimi məskunlaşmışlar. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia tələbinin dəlillərinə uyğun oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmənin baxış iclasında iştirak etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası MPM-nin müvafiq olaraq 185.5-ci maddəsinin tələblərinə əsasən işə bu cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclaslarında iştirak edən cavabdeh tərəf iddia tələbinə etiraz etmiş, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 127Q saylı, evin 13 saylı mənzilə köçməsinə razı olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qaradağ rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 815364 saylı nikah haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə X6 xx.xx.2012-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə akt qeydləri kitabında 1254 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Babayev, arvada Babayeva soyadı verilmişdir; 20 saylı MKİS-in arayışına əsasən Babayev X3 rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 127 Q, mənzil 13 qeydiyyatındadır; xx.xx.2017-ci il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli 3-36/2-512/2023 saylı məktubunun məzmunundan görünür ki, Laçın rayonunun Hətəmlər kəndindən məcburi köçkünlər- İddiaçı, Cavabdeh və X4 ünvan 1 ünvanında müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışlar. Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Başçısının aparatından xx.xx.2023-cü il tarixli, 5-14/2-105/2023 saylı məktubunun məzmunundan görünür ki, ünvan 2 ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 2 mərtəbəli, 2 girişli və 16 otaqdan ibarət (mənzildən) ibarət sözügedən yataqxana binası AR Müdafiə Nazirliyinin balansında olduğu, yataqxanadakı otaqlar sakinlər tərəfindən qarışıq və anlaşılmaz şəkildə dəfələrlə nömrələndiyindən qeyd edilən 13-cü otağı tapılıb dəqiqləşdirilməsi mümkün olmadığı, həmçinin Cavabdeh Laçın rayonundan olan keçmiş məcburi köçkün kimi qardaşı X4 ilə müvəqqəti qeydiyyatda olmaqla məskunlaşaraq, hal-hazırda faktiki həmin ünvanda yaşadığları rəsmi qaydada bildirilmişdir. Tərəfləri izahatları və işin halları ilə müəyyən olunur ki, tərəflər ər-arvaddır, hər iki tərəf məcburi köçkündür, onlar 2012-ci ildə nikaha daxil olduqdan sonra birgə ünvan 1 ünvanında yaşamışlar. ünvan 3a yerləşən yataqxana Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansındadır. İşin mübahisəsiz halı ilə müəyyən olur ki, ünvan 3a hazırda iş üzrə Cavabdeh yaşamaqdadır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı uzun müddət ünvan 4 ünvanında yaşamış, sonradan həmin mənzildən Cavabdeh tərəfindən çıxarılmışdır. Cavabdehin qardaşı hazırda həmin mənzildə yaşayır. Cavabdeh İddiaçı mənzildə yaşamağa maneə yaradır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də məxsus ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (maddə 158.1.2, 158.2, 158.4). Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər (maddə 164). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (maddə 165.1). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Mülki Məcəllənin 27-ci maddəsinə görə isə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi mənzildə yaşayıb və hazırda keçmiş həyat yoldaşı onun burada yaşamasına maneçilik törədir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilən şəxsin mənzil və digər bu kimi yerlər üzərində hər hansı hüququ olmasın. Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın məqsədi insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına insa olunmuş tikili və s.)asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir: insan, təbiətinə görə ehtiyac duyduğu sığınacağı itirir. Ona görə də “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu normada istifadə olunan “mənzil” anlayışı obyektiv amillə (yəni mənzil qanunvericiliyinin müəyyən etdiyi əlamətlərə görə) deyil, subyektiv amillə (yəni insanın obyektdən hansı məqsədlə istifadə etdiyi nəzərə alınaraq) müəyyən olunmalıdır. Əgər insan obyektdən yaşamaq məqsədilə istifadə edirsə, qeyd olunan normanın məqsədi baxımından həmin obyekt mənzil sayılır. Konstitusiyanın maddəsinə bu cür yanaşma qanunvericiliyə zidd deyil, çünki maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq var, maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq olanda isə genişləndirici şərhə yol verilir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, maddə 90.4).İnsanların yaşamaq məqsədilə istifadəyə etdiyi bütün obyektlərin, o cümlədən özbaşına inşa olunan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərin mənzil hesab olunması maddənin mətnindəki “mənzil” ifadəsinin genişləndirici şərhidir. İddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair verilmiş Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli 3-36/2-512/2023 saylı məktubunda, İddiaçı adının olması onun həmin mənzilə köçüb oradan yaşayış sahəsi kimi istifadə etmək hüququnu ehtiva edir, o isə bu hüququn ona tanıdığı imkandan istifadə edərək həmin mənzilə köçürülməsi tələbi əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli mənzilə dair tərəfləri hər hansı hüquqmüəyyənedici sənədləri olmasa da, həmin yaşayış sahəsi iddiaçı və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Bu baxımdan, iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ olduğundan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı Babayev X3 rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 127 Q, mənzil 13-ə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ünvan 5 ünvanına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-840/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-840/2023
03.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver