Məhkəmə qərarları › İş №2(005)-854/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-854/2022

28.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-854/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “işə bərpa, əmək haqqının ödənilməsi və son haqq-hesab” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək hüquqlarının kobud şəkildə pozulduğunu nəzərə alaraq iddia ərizəsində göstərdiyi qanun pozuntularının araşdırılmasını və hüquqi qiymət verilərək iddiaçının işə bərpa olunmağı və işləmədiyi dövr üçün əmək haqqının ödənilməsi, əmək kitabçası ona təqdim olunan 18.10.2021-ci ilədək əmək haqqının ödənilməsi və son haqq-hesabı ödənilən günədək gecikdirilmiş hər gün üçün əlavə 2 faiz əlavə pul vəsaitinin hesablanaraq ona ödənilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01.03.1997-ci il tarixdən Samux rayon Təhsil Şöbəsində katibə-makinaçı kimi əmək fəaliyyətinə başlamışdır. 02.01.2001-ci il tarixdən Samux rayon Təhsil Şöbəsinin 23.01.2001-ci il tarixli 01 nömrəli əmrinə əsasən 0,5 ştat vahidi mühasib vəzifəsinə təyin olunmuş və həmin vəzifədə 01.11.2011- ci ilədək işləmişdir. 02 noyabr 2011-ci il tarixindən isə Samux rayon Təhsil Şöbəsində vakantda olan tam ştat vahidi ilə aparıcı məsləhətçi vəzifəsinə təyin olunmuşam. Aparıcı məsləhətçi vəzifəsi Dövət qulluğu nomenklaturasına aid olan vəzifə hesab olunduğundan işlədiyi dövr ərzində ona 2-ci dərəcəli dövlət qulluqçusu dərəcəsi verilmiş və əmək haqqı dövlət qulluqçularına şamil olunan əlavələr tətbiq olunmaqla hesablanmışdır. 06.01.2016-cı il tarixdə Samux rayon Təhsil Şöbəsinin 01.02.2016-cı il tarixli 04 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01.02.2016-cı il tarixli 59 nömrəli əmri əsas götürülərək Əmək Məcəlləsinin heç bir maddəsi tətbiq olunmadan, rəsmi xəbərdarlıq olunmadan və strukrur dəyişikliyə görə kompensasiya ödənilmədən əmək müqaviləmə birtərəfli qaydada xitam verilmişdir. Hansı ki,Təhsil Şöbəsinin mühasibi vəzifəsi saxlandığı halda həmin əmr ona şamil olunmurdu . Onun mək müqaviləsinə xitam verilərkən təxminən 2 ay müddətində işdən kənarda qalmış və Əmək Məcəlləsinin 77-ci maddəsində işçilərin əmək müqaviləsinə xitam verilərkən nəzərdə tutulan təminatlar ona tətbiq olunmamışdır. Nəhayət tutduğu vəzifəyə yenidən təyin olunmağı üçün ərizə ilə müraciət etmişdir. Onun ərizəsi və Samux rayon Təhsil Şöbəsinin 23.02.2016-cı il tarixli məktubu nəzərə alınaraq Azərbaycan Respublikasının Təhsil Naziri cənab Mikayıl Cabbarovun 30.03.2016-cı il tarixli, 11/200-1 nömrəli əmrinə əsasən 1 il müddətinə müddətli əmək müqaviləsi bağlanaraq Samux rayon Təhsil Şöbəsinə baş mühasib vəzifəsinə təyin olunmuşdur.O, eyni zamanda Təhsil Şöbəsində kadr işləri üzrə mütəxəssis ştatı olmadığından əlavə əmək haqqı ödənilmədən həmin vəzifəni də yerinə yetirmişdir. Onunla, müddətli əmək müqaviləsi bağlanarkən baş mühasib vəzifəsinin müddətli xarakter daşıyan vəzifə olmadığı nəzərə alınmamış və ƏM-nin 47-ci maddəsinin tələbləri pozulmuşdur. Göründüyü kimi Samux rayon Təhsil Şöbəsində işlədiyi dövrdə onun əmək hüquqları mütəmadi olaraq pozulmuşdur. Samux rayon Təhsil Şöbəsinə 2021-ci ilin fevral ayından X4 müdir vəzifəsinə təyin olunduqdan sonra ona qarşı qərəzli münasibət göstərərək onun işdən azad olunmağı istiqamətində fəaliyyətə başlamışdır. Belə ki, öz ətrafına yaxın olan şəxslər vasitəsi ilə ona "onsuzda mən Aynurla işləməyəcəyəm, öz yaxın adamımı gətirəcəyəm " kimi xəbərlər göndərirdi. O, 06.10.2021-ci il tarixidə daxil olmaqla işə gedərək iş vaxtının uçotu tabelinə imza etmiş və Maliyyə idarəsinə onlayn qaydada hesabatlar göndərərək öz elektron imzası ilə təsdiq etmişdir . 06.10.2021-ci il tarixdə iş vaxtının sonunda ona rəhbərlik tərəfindən bildirildi ki , onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən Təhsil Nazirliyi tərəfindən birtərəfli qaydada xitam verilmişdir. İddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq əmrin surətini və əmək kitabçasının hansı səbəbdən ona təqdim olunmamasını soruşduqda ona rəhbərlik tərəfindən bildirildi ki məktəblərdə olan mal və materiallar sənin tərəfindən təhvil verilməli və sənə hesablanmış və ödənilmiş artıq əmək haqqı geri qaytarıldıqdan sonra son haqq hesabın ödənilərək əmək kitabçan və əmr sənə təqdim ediləcəkdir. Bildirir ki, Samux rayon Təhsil Şöbəsinin tabeçiliyində olan mal-materiallara görə o heç bir maddi məsuliyyət daşımır və işlədiyi dövr ərzində ona artıq əmək haqqı ödənilməmişdir. Əgər ona artıq əmək haqqı hesablanmışdırsa Maliyyə idarəsi hansı səbəbdən hesabatları qəbul edərkən hesabatı geri qaytararaq yenidən işlənməsini tələb etmirdi? Onunla, işəgötürən arasında maddi məsuliyyət üzrə müqavilə bağlanmamışdır. Məktəblərdə mövcud olan mal-materiallara görə məktəb direktorları maddi məsuliyyət daşıyırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, bildirdi ki, iddia ərizəsində iddiaçı tərəfindən əmək qanunverciliyinin tam pozulması halı ilə bağlı geniş və ətraflı mövqe bildirilmişdir və bundan əlavə qeyd edir ki, ilk öncə hesab edir ki, əmrin özü məzmun etibarı ilə əsaslandırılmayıb və ümumi formal şəkildə tərtib edilmişdir ki, bu da əmək Məcəlləsinin 84-cü maddəsinin ciddi pozuntusudur. Belə ki, əmrdə qeyd olunub ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə əmr ləğv edilsin.. Lakin həmin pozuntunun nədən ibarət olması əmrdə göstərilməyib, yəni iddiaçının əmək müqaviləsindən sui-istifadə etməsi barədə göstərdikləri dedikdə nəyin nəzərdə tutulması ümumiyyətlə məlum deyil və eləcədə konkret olaraq hansı öhdəlik və vəzifələrinin yerinə yetirilmədiyi qeyd edilməmişdir. Halbuki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməlidir. Bu maddədə “əsası göstərilməlidir” deyiləndə əmrin əsaslandırılması nəzərdə tutulur. Bundan əlavə Əmək Məccələsinin 70-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmişəsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin hazırkı iş üzrə də istər əmrin özünün əsaslandırılması, istərsə də, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əmrdə qeyd edilməmiş və göstərilməmişdir ki, bu halda əmrin ləğv edilməsi üçün əsasdır. Digər tərəfdən işçinin əmək müqaviləsinə 28.09.2021-ci il tarixdə xitam verilsə də, işçi, yəni İddiaçı 01.10.2021-ci il tarixli kredit müqaviləsinə əsasən kredit götürmüşdür ki, həmin tarixdə elə cavadeh təşkilat özü 01.10.2021-ci il tarixdə (həmin arayışda texniki olaraq tarix hissəsində səhvə yol verilərək 10-cu ay yerinə 01 yazılmış) işçiyə işləməsi barədə arayış təqdim edilmişdir. Bu halda onu bir daha təsdiq edir ki, hazırda məhz 28.09.2021-ci il tarixli əmr özlüyündə uydurma olmaqla sonradan tərtib edilmiş və qanunsuzdur. Bundan əlavə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habeləəmək kollektivinin (onun ayn-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Yuxarıda göstərilən qanunverciliyin tələblərindən göründüyü kimi iddiaçl barəsində olan əmr Əmək Məcəlləsinin 71,72,80, 84,85, 186,187-ci maddəsinin tələblərin pozulmaqla çıxarılmışdır. Belə ki, əmrin zəruriliyi əsaslandırılmamış, habelə iddia edilən pozuntu ümumiyyətlə baş verməməklə müəsissənin hər hansı formada ziyan vurulmasına gətirib çıxarmamış, digər tərəfdən həmkarlar təşkilatının razılığı onun iştirakı olmadan verilmiş və hər hansı iclas keçirilməmişdir. Göstərilən pozuntulara əsasən hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Təhsil Nazirinin K-1232 saylı, 28.09.2021-ci il tarixli əmrindən görünür ki, Samux Rayon Təhsil Şöbəsinin baş mühasibi İddiaçı ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə 28 sentyabr 2021 -ci il tarixdən ləğv edilməsi barədə əmr verilmişdir. İş materiallarında olan Azərbaycan Təhsil İşçiləri X8 Respublika Komitəsinin Samux rayonu, Təhsil Şöbəsinin metodisti Z.Həsənova №38 saylı, 08 fevral 2022-ci il tarixli məktubunun surətindən görünür ki, AHİK-n sədri, millət vəkili S.Möhbalıyevə ünvanladığınız 27.01.2022-ci il tarixli elektron ərizənizə cavab olaraq bildiririk ki, ATİAHİ Samux rayon komitəsinin sədri N.Hüseynovun və ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyətinin üzvü B.Hacıyevin rəsmi məlumatlarına əsasən 26.01.2022-ci il tarixdə Samux rayonu Təhsil Şöbəsinin X10nın növbəti iclası keçirilmişdir. İclas təlimata uyğun aparılmış və açıq səsvermə yolu ilə komitə üzvləri seçilmiş, H.Hüseynova X10 komitəsinə sədr seçilmişdir. İş materiallarında olan Samux rayon Təhsil Şöbəsinin X10 Komitəsinin H.Ş.Hüseynovanın 09 sentyabr 2021-ci il tarixli, 02 saylı qərarından görünür ki, Samux rayon Təhsil Şöbəsinin müdiri tərəfindən X10 təşkilatına təqdim edilmiş təqdimat nəzərə alınsın. Samux rayon Təhsil Şöbəsinin işçisi (baş mühasib) İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinə (ç bəndi) əsasən xitam veriməsinə razılıq verilsin. İş materiallarında olan Azərbaycan Respublikası TN-nin İnsan resursları şöbəsinə ünvanlanmış 23.08.2021-ci il tarixli məktubdan görünür ki, hal-hazırda Samux RTŞ-də baş mühasib vəzifəsini icra edən İddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinin müddəti 08.09.2021-ci il tarixdə bitəcəkdir. Fəaliyyətində buraxdığı nöqsanlara və verilən tapşırıqları vaxtında icra etmədiyinə görə onunla bağlanılmış müddətli əmək müqaviləsinə xitam verilməsini Sizdən xahiş edirik. Həmçinin mühasibatlıq sahəsində 29 il iş təcrübəsi olan X1 müddətli müqavilə əsasında Samux RTŞ-nin baş mühasibi vəzifəsinə təyin edilməsini xahiş edirik. İş materiallarında olan 06.09.2021-ci il tarixli, 53-114 saylı Samux Rayon Təhsil Şöbəsi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış məktubdan görünür ki, Samux RTŞ-nin baş mühasibi vəzifəsini icra etmiş İddiaçı fəaliyyəti dövründə aşağıdakı nöqsanlara yol vermişdir: 1. Rəhbərlik tərəfindən verilmiş tapşırıqları vaxtında icra etməmişdi. Bununda nəticəsində müxtəlif dövlət orqanlarından haqlı iradlar daxil olmuş, həmçinin cərimə və maliyyə sanksiyası tətbiq edilmişdir. 2. Öz vəzifə funksiyasından şəxsi meyarları üçün istifadə edərək dövlət quluqçusu olmadığı halda İİ dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsinə uyğun olaraq 2021 -ci ilin fevral ayınadək vəzifə maaşına əlavələr yazaraq maliyyə pozuntusuna yol vermişdir.3. Əsas vəsait və az qiymətli tez köhnələn əşyaların uçot və inventarizasiyası 2016-cı ildən indiyənədək aparmamışdır. Nəticədə maliyyə təşkilatlarına verilməli olan hesabat və məlumatlar rəsmi sənədlərə əsaslanmadan təqribi verilmişdir.4. Satnux Rayon Təhsil Şöbəsi üzrə əsas vəsaitlər və mal-material qiymətləri mühasibatlıqda maddi-məsul şəxslərin hesabatlarına mədaxil olunmamış və onların cavabdehliyinə verilməmişdir. 5. 2016-cı ildən, ƏMHM-lər yaradıldıqdan sonra RTŞ balansında olan əsas vəsaitlərin az qiymətli, tez köhnələn əşyaların, idarə müəssisə və təşkilatlarla hesablaşmaların uçotu kitabına işlənilməmişdir. Göründüyü kimi İddiaçı çalışdığı müddət ərzində mühasibatlıq işini düzgün qura bilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq onunla növbəti müddətə müddətli əmək müqaviləsinin bağlanılması məqsədə uyğun hesab edilmir. İş materiallarında olan 09.09.2021-ci il tarixli, 00-01-119/10 saylı Samux Rayon Təhsil Şöbəsi tərəfindən Samux RTŞ X5 ünvanlanmış məktubdan görünür ki, Məlumat üçün bildiririk ki, Samux RTŞ-nin müddətli müqavilə ilə işləyən baş mühasibi İddiaçı fəaliyyətində nöqsanlar aşkarlanmışdır. Belə ki, o vəzifə funksiyalarından istifadə edərək dövlət qulluqçusu olmadığı halda öz vəzifə maaşına “2-ci dərəcə dövlət qulluqçusu" ixtisas dərəcəsinə və staja görə əlavələr yazaraq 2021-ci ilin fevral ayınadək olan müddətdə pul vəsaitlərini mənimsəmişdir. Həmçinin 2016-cı ildə ərazi X3 yaradıldıqdan sonra Samux Rayon Təhsil Şöbəsində İnventarizasiya və balansa alınma aparılmamışdır. Yuxarıda qeyd olunan nöqsanları nəzərə alaraq İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin ç) bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə münasibət bildirməyinizi Sizdən xahiş edirik. İş materiallarında olan 06 dekabr 2021-ci il tarixli Dövlət əmək X2 ərazi idarəsinin məktubundan görünür ki, Samux rayon Təhsil Şöbəsinin 02.11.2021-ci il, tarixli 00-01- 156/10 nömrəli cavab məktubunda, həmçinin şöbənin müdiri X6 regional ərazi-şöbəsinə təqdim etdiyi 05.11.2021-ci il tarixli yazılı məlumatında, 28.09.2021-ci il tarixdə Sizə təqdim etmək üçün Təhsil Nazirliyi tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinizin şöbəyə göndərildiyi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinizin eyni zamanda əmək kitabçanızın Sizə təqdim olunmasına baxmayaraq, xitam bildirişinizi, əmək kitabçanızı götürməkdən imtina etdiyiniz öhdənizdə olan maliyyə sənədlərini və elektron imzanı təhvil verməyərək işdən getdiyiniz bildirilmişdi. Dəfələrlə telefon vasitəsi ilə Sizinlə əlaqə saxlanıldığı, şifahi olaraq şöbəyə dəvət olunmağınıza baxmayaraq şöbəyə gəlmədiyiniz, 06.10.2021-ci il tarixdə öhdənizdə olan maliyyə sənədlərini təhvil vermək habelə əmək kitabçanızı təhvil almaq adı altında şöbənin binasına daxil olduğunuz işə davamiyyət jurnalının saxlandığı qəbul otağında böyük mütəxəssisin olmamasından istifadə edərək işçilərin işə davamiyyət tabelinə 28.09.2021 - 06.10.2021-ci il tarixlərinə imza edərək getdiyiniz, 28.09.2021-ci il tarixdən sonra işdə olmadığınız, işdən azad olunduğunuzu bildikdən sonra xidməti kompüterinizdə maliyyə sənədlərini bilərəkdən silib korladığınız, 18.10.2021-ci il tarixədək öhdənizdə olan sənədləri təhvil vermədiyiniz, 18.10.2021-ci il tarixdə öhdənizdə olan sənədləri və inventarları təhvil verdikdən sonra maliyyə işlərinin şöbənin müavininə həvalə edildiyi, bu barədə Maliyyə Nazirliyinin Xəzinədarlıq filialına məlumat verildikdən sonra maliyyə əməliyyatlarının aparılmasının mümkün olduğu, bu səbəbdən də şöbənin işçilərinin 2021ci ilin sentyabr ayı üzrə əmək haqlarının eyni zamanda işəgötürənin son haqq-hesabının 22.10.2021-ci il tarixdə ödənildiyi cavab məktubunda və məlumatda bildirilmişdir. Məlum olmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbi pozularaq işdən çıxarkən Sizə düşən bütün ödənclər işdən çıxdığınız gün verilməmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Odur ki, yuxarıda qeyd olunanlarla razılaşmadığınız təqdirdə işəgötürənlə aranızda yaranmış mübahisəli halın həlli məqsədilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.1-ci bəndinə əsasən məhkəməyə müraciət etmək hüququnuz vardır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə 08.09.2020-ci il tarixdə Samux Rayon Təhsil Şöbəsinə baş mühasib vəzifəsinə təyin edilmişdir. 28.09.2021-ci il tarixli, K-1232 saylı əmri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.4-cü, 13.5-ci bəndinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Samux Rayon Təhsil Şöbəsinə baş mühasibi İddiaçı ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə 21 aprel 2021 -ci il tarixdən ləğv edilmişdir. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-cü maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsaəsn əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, ayhq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir. a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Azərbaycan Respublikasının Təhsil Nazirinin K-1232 saylı, 28.09.2021-ci il tarixli əmrinin qanuniliyi yoxlanılmalıdır. Yuxarıda göstərildiyi kimi, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin aşağıda göstərilən tələbləri pozulmuşdur. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi bu hallardan biri kimi göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, mübahisələnirilən əmr əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamış, sadəcə “vəzifə səlahiyyətlərindən sui-istifadə, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi” ilə əsaslandırılmışdır. Lakin qeyd edildiyi kimi vəzifə səlahiyyətlərindən suiistifadənin konkret nədən ibarət olması əsaslandırılmamış, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halının nədə ifadə olunması, yazılı əmək müqaviləsində əks olunmuş hansı öhdəliyin yerinə yetirilməməsi əks olunmamışdır. Bundan əlavə məhkəmə hesab edir ki, əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilə bilərdi. Habelə iş materiallarında olan 23.08.2021-ci il tarixli məktubdan göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 08.09.2021-ci il tarixdə bitəcəyi və bu səbəbdən də müddətli əmək müqaviləsinə xitam verilməsi xahiş olunsa da, iddiaçı ilə əmək münasibətlərinə 28.09.2021-ci il tarixdə xitam verilmişdir. Hansı ki, əmək qanunvericiliyinin tələblərinə əsasən, müddətli əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.Göründüyü kimi, müddətli əmək müqaviləsinin müddətinin bitməsi halına qiymət verilmədən əmək qanunvericiliyində nəzərdə tutulmuş birbaşa ən ciddi tənbeh növü, yəni əmək müqaviləsinin, ƏM-nin 70-ci maddəsinin «ç» bəndi tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80.2-ci maddəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə qeyd edir ki, işəgötürən ƏM-nin yuxarıda qeyd olunmuş müddəalarını da pozmuşdur. Belə ki, iş materiallarında olan 08.02.2022-ci il tarixli Azərbaycan Təhsil İşçiləri X8 Respublika Komitəsinin məktubundan müəyyən olunur ki, Samux RTŞ-nin X10 Komitəsinin 09 sentyabr 2021-ci il tarixli qərarını imzalayan sədr həmin tarixdə səlahiyyətli olmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, işəgötürənin təqdimatı Həmkarlar ittifaqı təşkilatının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmadığı üçün №02, 09.09.2021-ci il tarixli qərar mötəbər sayıla bilməz. Əgər №02, 09.09.2021-ci il tarixli X10 komitəsinin qərarı mötəbər deyildirsə, bu zaman ƏM-nin 80.1 və 80.2-ci maddəsinin imperativ tələblərinin işəgötürən tərəfindən gözlənilmədiyi, yəni həmin müddəaların pozulduğu müəyyən olunur. Beləliklə, Azərbaycan Respublikasının Təhsil Nazirinin K-1232 saylı, 28.09.2021-ci il tarixli əmri əmək qanunvericiliyinin tələblərinə uyğun verilmədiyindən iddiaçının əmək müqaviləsinə əsassız olaraq xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1 -ci maddəsində deyilir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin ....70-ci .... maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71,76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə .... çıxarır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad etməklə hesab edir ki, Əmək Məcəlləsinin 83.1-ci maddəsində işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli olduğu halda işəgötürən tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin çərçivəsində qiymətləndirilməli və həmin Məcəllənin tələblərinə əməl olunmaması səbəbindən iddiaçı həmin əmrin ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Mülki iş materiallarından hazırki mübahisə üzrə belə halların olması müəyyən edilmir. Göründüyü kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilərkən yuxarıda sadalanan hallara qiymət verilməli idi. Ancaq cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmçinin, məhkəmə yekunda onu da qeyd edir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı əmək vəzifələrinin kobud şəkildə pozulması halı öz təsdiqini tapmadığından, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Azərbaycan Respublikasının Təhsil Nazirinin K-1232 saylı, 28.09.2021-ci il tarixli əmri qanuni hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirinin 21.04.2021-ci il tarixli, K-364 saylı əmrin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, iddia tələbi məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1 -ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafıq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Məhkəmə iddia tələbinin “son haqq-hesabı ödənilən günədək gecikdirilmiş hər gün üçün əlavə 2 faiz əlavə pul vəsaitinin hesablanaraq ödənilməsi” hissəsində qeyd edir ki, bu hissədə iddia tələbi heç bir hüquqi əsasa söykənmir. İddiaçı hansı əsaslardan çıxış edərək, gecikdirilmiş vaxt üçün 2 faiz ödənc tələb etməsini əsaslandıra bilməmiş, habelə məhkəmənin bu sahədə ixtisaslı biliklərə malik olmadığı halda həmin ödəncin hesablanması üsulu və qaydasına dair məhkəməyə sübutlar təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbinin “son haqq-hesabı ödənilən günədək gecikdirilmiş hər gün üçün əlavə 2 faiz əlavə pul vəsaitinin hesablanaraq ödənilməsi” hissəsində iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikasının Təhsil Nazirinin K-1232 saylı, 28.09.2021-ci il tarixli əmri ləğv edilməli və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir dir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Təhsil Nazirinin K-1232 saylı, 28.09.2021-ci il tarixli əmri ləğv edilsin və İddiaçı əvəlki vəzifəsinə bərpa olunsun və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar