Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-856/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, Cavabdeh “X9 Bakery“ MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və s. tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 234/K №-li əmrin ləğv edilməsi, onun həmin müəssisənin çörək və mayalı məmulatlar sahəsi bölməsində “usta köməkçisi” vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddəti üzrə xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsi, habelə 60 manat mediasiya xərcinin əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu il tarixdə Cavabdeh ilə əmək müqaviləsi bağlayaraq, həmin müəssisənin çörək və mayalı məmulatlar sahəsi bölməsində “usta köməkçisi” vəzifəsində işləmişdir. Əmək fəaliyyəti ilə bağlı dövrlər ərzində müəssisənin davranış qaydalarının tələblərini pozmamış, nizam-intizam məsuliyyətinə cəlb edilməmiş və işəgötürən tərəfindən nə yazılı, nə də şifahi töhmət almamışdır. xx.xx.2023-cü il tarixdə iş zamanı işçilər arasında işçi geyimi ilə bağlı müzakirə aparılan zaman, işçi olaraq o da öz fikrini bildirərkən, baş vermiş anlaşılmazlıq səbəbindən digər işçi onun söylədiyi sözləri yanlış anlayaraq onu Cavabdeh MMC-nin İnsan Resursları bölməsinə şikayət etmişdir. Nəticə etibarı ilə həmin mübahisə günü deyil mübahisədən iki gün sonra xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən 234/K №-li əmrlə onunla bağlanmış əmək müqaviləsinə əsassız şəkildə xitam verilmişdir. O, işçi olaraq öz arzu və istəyi ilə deyil Cavabdeh MMC-nin İnsan Resursları bölməsinin rəhbəri X3 tərəfindən ona qarşı zor işlədərək, hədə-qorxu gələrək onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizənin yazılmasını ondan tələb etməsi ilə məcburiyyət qarşısında ərizə yazmışdır. X1 ona kobudcasına bildirdi ki, “ya ərizəni imzalayırsan ya da səni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən işdən azad edəcəyik". Həmin an qorxu və həyəcandan sağlam düşüncədə olmadığı üçün nə edəcəyini bilməmiş, yalnız gələcəkdə əmək fəaliyyətiylə bağlı hər hansı bir idarə, müəssisədə onun işlə təmin olunmasında maneələr yaranacağını düşünərək ərizəni imzalamağa məcbur olmuşdur. Övladlarının hər ikisi hazırda onun himayəsindədir. Oğlu işləmir, qız övladının əmək qabilliyyəti yoxdur, səhhətində olan bir neçə ciddi problemlərlə bağlı müalicə ödənişləri, gündəlik ailə tələbatları onun tərəfindən ödənilir. Hazırda səbəbsiz yerə işsiz qalmışdır. İşlədiyi dövrdə bankdan kredit götürmüşdür. Lakin həmin krediti banka geri ödəyə bilmir. Heç bir əsas olmadan qanunsuz olaraq onun işdən azad olması onu və ailəsini mövcud həyat səviyyəsinin çətinlikləri ilə üz-üzə qoyur. Yaranmış mübahisədən sonra ondan şikayətçi olan işçi ilə aralarında söhbət edərkən həmin işçi söhbət əsasında onu yanlış anlamasını etiraf etmiş və aralarında olan mübahisəyə həmin anda son qoyulmuşdur. İşdən azad olunarkən “Əmək müqaviləsinə xitam verilməsi” barədə əmrlə tanış olmamış və ona əmək qanunvericiliyilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamışdır. Digər tərəfdən aylıq əmək haqqı, onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi gündən (xx.xx.2023-cü il tarixdən) 12 gün sonra yəni xx.xx.2023-cü il tarixdə ona məxsus kart hesabına köçürülmüşdür. Göründüyü kimi cavabdeh tərəfindən ona qarşı ədalətsiz mövqe sərgiləyərək qərəzli şəkildə, heç bir araşdırma aparılmadan onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qanunla işçinin iradəsinin əlehinə və razılığı olmadan işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək,yaxud hər hansı başqa üsulla əmək müqaviləsini ləğv etməyə işçini məcbur etmək qadağandır. Yaranmış mübahisə ilə bağlı xx.xx.2023-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də rəsmi olaraq müraciət etmişdir. Lakin müraciətinin nəticəsi ilə bağlı ona cavab verilməmişdir. Eyni zamanda tərəflər arasında əmək mübahisənin həlli ilə bağlı mediasiya üçün müraciət edilmişdir. xx.xx.2023-cü il tarixdə mediasiya baş tutmuş, mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra proses zamanı barışıq sazişi imzalanmadığından MŞB/10- 00716 saylı arayış verilmişdir. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, işlədiyi müəssisəyə işçilər üçün yeni formalar gətirilmişdi. Formanı isə işçilərə Orxan adlı şəxs verirdi. O da həmin şəxsə bildirmişdir ki, onun forması yararsız vəziyyətdədir, buna görə ona yeni forma versin. Amma o, yeni formanın yalnız yeni gələn işçilərə verildiyini bildirmişdir. Lakin 4-5 gün sonra köhnə işçilərdən də yeni forma alanları görmüşlər. İşdəkilərlə öz aralarında bu məsələ haqqında danışıblar və deyiblər ki, gərək onlar da Orxanla yazışardılar, ancaq o zaman onlara da forma verilərdi. Bu söz işçilərdən biri olan Xalidə xanıma pis təsir edib və ondan şikayətlər edib. Bu məsələdən bir həftə sonra onları insan resurslarından çağırıblar. İnsan Resurslarının rəhbəri Toğrul bəy də onlara ərizə yazmaqlarını, ərizə yazmadıqları təqdirdə 70-ci maddənin ç bəndi ilə işdən çıxarılacağını söyləyib. Toğrul bəy göstəriş aldığı üçün onlara ərizə yazmalarını deyib. Həmin vaxt izahat da yazmışdılar. Qarşı tərəf məhkəməyə ərizəni təqdim edib, amma izahatını təqdim etməyib. Elə vəziyyət yaratmışlar ki, o, ərizəni yazmağa məcbur olub. 70-ci maddənin ç bəndi ilə işdən çıxarılacağıyla təhdid edilib. Bu səbəbdən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X4 bildirmişdir ki, hər hansı bir məcburiyyət olmayıb. Şəxs öz istəyi ilə ərizə yazıb və işdən çıxıb. Həmçin müəssisədə heç bir məcburiyyətdən, təhdiddən söhbət gedə bilməz. Əgər xanım təhdid olunsaydı, həmin vaxt ərizə yazmaq əvəzinə şikayət edə bilərdi. Ondan hər hansı bir izahat alınmayıb. İddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki iddia aşağıda qeyd ollunanlara əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, tərəflər İddiaçı usta köməkçisi vəzifəsinə təyin edilməsi ilə bağlı razılığa gəlmişlər; - İddiaçı əmək kitabçasının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-yə “mayalı mal ustası köməkçisi” vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin X5 Departamentinin İstehsalat Şöbəsinin çörək və mayalı məmulatlar sahəsinə “usta köməkçisi” vəzifəsinə təyin edilmişdir; - İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2023-cü il tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir; - Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 234/K nömrəli əmrin surətindən görünür ki, “X5 Departamenti/İstehsalat Şöbəsi/ Çörək və mayalı məmulatlar sahəsi bölməsində “usta köməkçisi” vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xx.xx.2023-cü il tarixində xitam verilmişdir; - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, tərəflər prosesin davam etdirilməsinə razılıq verməmişlər. Beləliklə, məhkəmə baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-də usta köməkçisi vəzifəsinə təyin olunmuşdur. İddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı işdən çıxma barədə ərizəni hədə-qorxu, məcburiyyət təsiri altında yazdığına istinad edərək xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsini, işə bərpa edilməsini və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim etməklə, fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. Qanunvericiliklə müəyyən edilmiş əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-in 68-ci maddəsinin 2-ci hissəsi). Əmək Məcəlləsinin 69-cu maddəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin qaydaları nəzərdə tutulmuşdur. Həmin maddənin 1-5-ci hissələrinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, işçi 1 ay qabaqcadan xəbərdarlıq etməklə, yazılı ərizə yazaraq əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam vermək hüququna malikdir. Həmçinin, əmək qanunvericiliyində hansı hallarda işçinin ərizədə yazıldığı gün əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü dəqiq şəkildə qeyd edilmiş və bu halın yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda mümkünlüyü imperativ norma kimi nəzərdə tutulmuşdur. Qeyd edilən əmək müqaviləsini bağlamaq, həm də onu ləğv etmək müqavilə tərəfi kimi işçinin subyektiv hüququdur və o, bu hüququnu reallaşdırmaq üçün müqavilənin digər tərəfi sayılan işəgötürənin iradəsindən (əmrindən) asılı deyil və işəgötürənin əmri əslində mahiyyətinə görə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi faktını yalnız rəsmiləşdirmək məqsədi daşıyır. Yəni, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda, onu işçi ləğv edir. İşəgötürən isə bu ləğvi Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq rəsmiləşdirir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır (Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsi). Hazırki iş üzrə iddiaçı işdən çıxma barədə ərizə yazsa da, bunu müəssisənin insan resursları bölməsinin rəhbərinin, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxaracığına dair hədəsi altında, məcbur qalaraq yazdığını, əslində işdən çıxmaq niyyəti olmadığını bildirmişdir. Bu halı işdə digər işçi ilə onun arasında baş vermiş sözsöhbət nəticəsində ondan edilən şikayət əsasında işdən çıxmağa məcbur edilməsi, eyni gündə hər ikisindən izahat, eyni zamanda işdən çıxmaq barədə ərizə alınması ilə əsaslandırmışdır. Lakin həmin halı təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin nümayəndəsi isə hər iki işçinin eyni gündə işdən çıxdığını qəbul etsə də, işçilərin sayı çox olduğundan gün ərzində bir neçə işçinin işdən çıxmasının mümkün olduğunu, iddiaçıdan hər hansı izahat alınmadığını, hər hansı məcburiyyət olmadığını, ərizəni könüllü yazdığını bildirmişdir. Nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Hazırki iş üzrə iddiaçı işdən çıxma barədə ərizəni hədə-qorxu, məcburiyyət təsiri altında yazdığını bildirdiyindən həmin halın sübuta yetirilməsi vəzifəsi də məhz iddiaçının üzərinə düşür. Bu cür halların sübuta yetirilməsi üçün iddiaçının məhkəməyə dəlil təqdim etməsi zəruridir. Hazırki halda isə iddiaçı həmin halları yalnız izahatında bildirməklə kifayətlənmiş, iddiasını mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Halbuki məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinin məzmununa əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə vurğulayır ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır və məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməyən halı isə məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddiaçının işdən çıxdığı gün son haqq-hesabın, əmrin surətinin verilməməsi dəlili ilə bağlı isə qeyd olunmalıdır ki, həmin hallar qanunauyğun şəkildə qəbul edilmiş əmrin ləğv edilməsi üçün əsas ola bilməz. O da nəzərə alınmalıdır ki, əmək müqaviləsi qanunla müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi yoxdur (Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndi). Beləliklə, məhkəmə araşdırması zamanı əmək müqaviləsi ləğv edilərkən cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilmədiyindən və iddiaçının irəli sürdüyü hallar sübuta yetirilmədiyindən iddianın təmin edilməsi mümkün deyildir. Həmçinin məhkəmənin qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə əlavə hüquqi qiymət verilmədən rədd edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqı ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqı ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollgiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-856/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-856/2024
06.03.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver