Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-864/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi – X1 iştirakı ilə, İddiaçı ASC Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması nəticəsində yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması nəticəsində yaranmış borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 702,34 manat borcun tutularaq **********140 saylı abonent koduna və 30 manat dövlət rüsumu üzrə xərclərin İddiaçı ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Azərsu” ASC müvafiq kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ”Azərsu:’ ASC tərəfindən Cavabdeh (abonent kodu: **********140) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 22 noyabr 2021-ci il tarixinə 702,34 (yeddi yüz iki manat otuz dörd qəpik) manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun edənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə 08 iyun 2021-c ıl tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsindən verilən arayışda cavabdehin qeydiyyat ünvanının Ə Rəcəbli küç., ev 30. mən.14 olduğu qeyd olmuşdur. Müvafiq kiçik iddia ərizəsi 10.01.2022-ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuş və eyni tarixdə icraata qəbul edilmişdir. Cavabdeh 24 yanvar 2022-ci il tarixdə məhkəməyə etiraz göndərmişdir. Cavabdeh müvafiq etirazı onunla əsaslandırmışdır ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin icraatında iddiaçı- “AZƏRSU ASC-in ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, mülkiyyətçi, Cavabdeh “pul tələbi” ilə 2(005)-864/2022 saylı mülki işi vardır. İddiaçı, iddia tələbində cavabdeh - Cavabdeh (abonent kodu **********140) su təheizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətini göstərdiyini, cavabdehin əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində etdiyi xidmətlərə görə, 22 noyabr 2021-ci il tarixinə 702,34 (yeddi yüz iki manat otuz dörd qəpik) manat borcu yarandığını və həmin borcun ödənilməsi üçün dəfələrlə cavabdehə yazılı və şifahi xəbərdarlıq edildiyini bildirmişdir. O, İddiaçı ASC-in tələbi ilə qətiyyən razılaşmır və iddia ərizəsinin tam əsassız, qanunsuz olduğunu qeyd edərək, həmin iddia ərizəsinə etiraz edir. Bildirmişdir ki, 2003-cii il tarixdən yuxarıda qeyd olunan ünvan 1 ünvanda əmək qabilliyyəti olmayan, 2-ci qrup əlil olan bacı və atası ilə birlikdə yaşamışlar. Atası 26.03.2018ci il tarixdə vəfat etdiyindən ünvandan qeydiyyatdan çıxarılmışdır. Həmin ünvanda 2018-ci ilin mart ayından 2 nəfər xəstə 2-ci qrup əlil olan bacısı və o, yaşayır. Xəstə olduğundan səhhətinə uyğun iş tapa bilmir. Yardıma ehtiyacı olan az təminatlı ailə kimi qeydiyyata alınmışlar. Hal-hazırda qohum əqrabanın köməkliyi ilə yaşayış meyarından çox aşağı təminatla bir təhər dolanırlar. Bütün bunlara baxmayaraq o, mütəmadi olaraq komunal xərcləri imkan daxilində vaxtlı vaxtında ödəməyə çalışmışdır. Mənzildə su sayğacı quraşdırılmadığından Nazirlər Kobinetinin 2014-cü il 17 iyul 262 nömrəli qərarına uyğun olaraq su sərfiyyatına görə ödəmə qevdiyyatda olan şəxslərin sayına görə hesablanır. İddiaçı ASC-ni ona qarşı iddia tələbində 22 noyabr 2021-ci il tarixinə kimi suyun buraxılması və tullantı sularının axıdılması görə ondan 702.34 manat tələb edir. Yuxarıda qeyd etdiyi kimi o, suya olan borcunun əksər hissəsini ödəmişdir. Ancaq iddiaçı iddia tələbində suyun buraxılması və tullantı sularının axıdılması xidməti üçün hansı illər üçün borcu tələb etdiyini göstərməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25.01.2022-ci il tarixli, 2(005)-864/2022 saylı qərardadı ilə Cavabdeh etirazı təmin edilmiş, İddiaçı ASC Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması nəticəsində yaranmış borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X6 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Eyni zamanda 26.01.2022-ci il tarixdə məhkəməyə ərizə verərək borclara dair illər üzrə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Cavabdeh məxsus abonent kartından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 30 ünvanının su təchizatı və kanalizasiya xidmətlərinə görə 2015-2021-ci il tarixlərə 702,34 manat borc vardır. İş materiallarında olan İddiaçı ASC-nin cavabdehə ünvanladığı 04.06.2021-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olur ki, cavabdehdən su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 7 iş günü ərzində və borcun tam şəkildə qaytarılması tələbi ilə məhkəməyə göndəriləcəyi barədə cavabdehlər xəbərdar edilmişdir. İş materiallarında olan 115 saylı MKİSin 30.09.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 3 ünvanında 2 nəfər ailə tərkibi ilə qeydiyyatdadır. İş materiallarında olan İddiaçı ASC-nin 07.03.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh son üç il ərzində olan borcu 328,38 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göründüyü kimi, Cavabdeh abonent müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcunu iddiaçıya ödəməlidir. Eyni zamanda məhkəmə hazırkı iddia ərizəsi üzrə yaranmış borcu vaxtaşırı icra edilən öhdəliklər kimi qiymətləndirərək hesab edir ki, hazırkı iş üzrə əvvəlki illərin borcuna iddia müddəti tətbiq edilməli və Cavabdeh son 3 il üçün yaranmış borc, yəni 328,38 manat məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarındagöstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir.Belə ki,potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Cavabdeh 328,38 (üç yüz iyirmi səkkiz manat, otuz səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 328,38 (üç yüz iyirmi səkkiz manat, otuz səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-864/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-864/2022
11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver