Məhkəmə qərarları › İş №2(005)-869/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-869/2021

16.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-869/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Quliyeva Nigar Ülfət qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh və onun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə maneəsiz girişin təmin olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə maneəsiz girişin təmin olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ogiu tərəfindən mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzilə mülkiyyət hüququ, yəni sahiblik və istifadə hüququma qarşı yaradılan məhdudiyyətlərin aradan qaldırılması və mülkiyyət hüququ ona məxsus olan mənzilə sərbəst giriş çıxışının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli, 17 sentyabr 2020-ci il tarixli qeydə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reysterindən 17 sentyabr 2020-ci il tarixində verilmiş ********** nömrəli çıxarış, həmçinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən **********78-05101-093078 nömrəli,16 sentyabr 2020-ci il tarixli Texniki Pasport da təsdiq edir. Ona məxsus mənzildə mənzilin keçmiş mülkiyyətçisi olan xalası Bənövşə İsgəndərovanın razılığına əsasında Cavabdeh yaşayır. Lakin mənzildə yaşayn Cavabdeh onun öz mülkiyyətində olan əmlakımdan istifadə etməyinə əsassız maneələr yaradır. Belə ki, o, bir neçə dəfə mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilə daxil olmaq istədikdə, hazırda həmin mənzildə yaşayan Cavabdeh Urşak oğlu tərəfindən məhdudiyyətlərlə qarşılaşmışdır. Belə ki, Cavabdeh mülkiyyətində olan mənzilə daxil olmağına imkan vermir, qapını açmır, onu tanımadığını deyir, mənzildən istifadəsinə mane olur. Hesab edir ki, Cavabdeh Urşak oğlu tərəfindən edilən, onun mənzilə sərbəst giriş-çıxışına əngəl olan hərəkətlər onun mülkiyyət hüquqlarını, yəni mənzildən istifadə və sahiblik hüququnu həyata keçirməyə mane olduğu üçün qanunsuzdur. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil ayrı-ayrılıqda izahat verərək iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi X5 ayrı-ayrılıqda izahat verərək iddia ərizəsinə etiraz edib, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinə etirazı və işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan 03 mart 2021-ci il tarixli , **********88 saylı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin 12 fevral 2021-ci il tarixli sorğusuna əsasən ünvanlanmış məktubundan görünür ki, Sizin ünvan 5v 40, 68 saylı mənzilin kimin mülkiyyətində və istifadəsində olması barədə məlumatı (ilkin olaraq kimin mülkiyyətində olub, hal-hazırda kimin mülkiyyətində və s.) və bunu təsdiq edən sənədlərin təsdiq olunmuş surətinin təqdim ediməsi ilə bağlı 12.02.2021-ci il tarixli, İş №2(005)-869/2021 nömrəli sorğusuna baxılmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov (Xuluflu) küçəsi, ev 40, G8 saylı mənzil Bakı şəhəri 9 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, 13.09.1993-cü il tarixli, 4/6- 3743 reyestr nömrəli müqaviləyə, 1000 nömrəli, 09.09.1993-cü il tarixli qərara əsasən ilkin olaraq 06.10.1993-cü il tarixində X2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 3 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, 03.05.2000-ci il tarixli, 3MA-171 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 09.06.2000-ci il tarixində X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, 14.02.2020-ci il tarixli, 2V- 60 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 05.03.2020-ci il tarixində Xanova Telinin adına qeydiyyatdan keçmişdir. Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 29.08.2020-ci il tarixli, 4Ə- 118 reyestr nömrəli, daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən 17.09.2020-ci il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 04.12.2017-ci il tarixli, **********3 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin 09 fevral 2016-cı il tarixli 11/7-34 nömrəli əmri ilə Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətində gözdən əlil şəxslərin imtiyazlı mənzil növbəsinə dayanmış Hürü Bayraməli qızı ismayılovaya Bakı şəhəri, Nərimanov rayonunda inşa edilmiş 12 mərtəbəli 132 mənzilli yaşayış evinin İİİ mərtəbəsində ümumi sahəsi 57.33 kv.m olan 1 otaqlı 71 nömrəli mənzil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 204144 saylı çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov (Xuluflu) küçəsi, ev 40, G8 saylı mənzil 17.09.2020-ci il tarixdə İddiaçı adına hüquqi rəsmiləşdirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli, 17 sentyabr 2020-ci il tarixli qeydə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Ona məxsus olan ünvan 6 ünvanında yerləşən mənzildə mənzilin keçmiş mülkiyyətçisi olan xalası Bənövşə İsgəndərovanın razılığına əsasında Cavabdeh yaşayır. Lakin mənzildə yaşayan Cavabdeh iddiaçının mülkiyyətində olan əmlakından istifadə etməsinə əsassız maneələr yaradır. Belə ki, İddiaçı Nərimanov rayonu, Faiq Yusifov küçəsi, bina 40, mənzil 68 ünvanında yerləşən mənzilə daxil olmaq istədikdə, hazırda həmin mənzildə yaşayan Cavabdeh Urşak oğlu qapını açmır, onu tanımadığını deyir, mənzildən istifadəsinə mane olur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 9.2. Mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: 9.2.1. mənzil hüququnun tanınması; 9.2.2. mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması; 9.2.3. məhkəmə tərəfindən dövlət orqanının və ya bələdiyyənin mənzil hüquqlarını pozan və bu Məcəllə ilə, digər qanunla, habelə bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş və dövlət orqanlarının və ya bələdiyyələrin normativ aktlarından daha üstün hüquqi qüvvəyə malik olan digər normativ hüquqi aktlarla ziddiyyət təşkil edən normativ hüquqi aktların qüvvəsinin tam və qismən dayandırılması; 9.2.4. məhkəmə tərəfindən dövlət orqanının və ya bələdiyyənin mənzil hüquqlarını pozan və bu Məcəllə ilə, digər qanunla, habelə bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş və dövlət orqanlarının və ya bələdiyyələrin normativ aktlarından daha üstün hüquqi qüvvəyə malik olan digər normativ hüquqi aktlarla ziddiyyət təşkil edən normativ hüquqi aktların tətbiq edilməməsi; 9.2.5. mənzil münasibətlərinə xitam verilməsi və ya bu münasibətlərin dəyişməsi; 9.2.6. bu Məcəllədə və digər qanunvericilik aktlarında nəzərdə tutulan başqa üsullarla. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır. 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 3-cü hal mövcuddur, yəni iddiaçı köçmək istədiyi evə mülkiyyət hüququ olsa da, məhrum edilməsi qanuni deyil. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüququ olmasına baxmayaraq, cavabdehin ona qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Belə ki, mülki işin materiallarından da görünür ki, mübahisələndirilən mənzil İddiaçı mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə də mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən mənzilə dair Cavabdeh tərəfindən yaradılan məhdudiyyətlər qadağan edilməli və İddiaçı ünvan 6 ünvanında yerləşən mənzilə sərbəst giriş-çıxışı təmin edilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən tələb olmadığından dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən mənzilə dair Cavabdeh tərəfindən yaradılan məhdudiyyətlər qadağan edilsin. İddiaçı ünvan 6 ünvanında yerləşən mənzilə sərbəst giriş-çıxışı təmin edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar