Məhkəmə qərarları › İş №2(005)-870/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-870/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-870/2024 15.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “öhdəliyin qoyulması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsəlik əsasında mülkiyyət hüququ qazanmış, rəsmi mülkiyyətçi İddiaçı hüquqlarının bərpa olunması, onunla əvəzləşdirmə müqaviləsi bağlanması üçün onun hüquqlarını pozan Cavabdeh MTK-nın üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Rusiya Federasiyasının İrkutski vilayətində yaşayır. Lakin paylı mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən 20 saylı mənzil 10 yanvar 2022-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Cavabdeh Mənzil Tikinti Kooperativinin istifadəsinə ayrılmış 1.2351 ha sahədə, Qarabağ, Ə.Vahid, Ə.Əlizadə,T.Şıxəliyev küçələrində söküntü və tikintiyə heç bir icazəverici sənədi olmadan mənzilləri çoxunun razılığı, çoxunun narazılığı ilə sökmüşlər. Həyətdə bütün evləri söküb, kommunikasiya xətlərini kəsib, onları işıqsız, susuz, qazsız qoyaraq MTK ilə müqavilə bağlayıb, mənzilləri təhvil verməyə təhrik edilmişlər. Qonşunun evini sökərək evlərini qəzalı vəziyyətə salmış və həyatı təhlükəli vəziyyət yaratmışlar ki, onlar məcburiyyət qarşısında onlarla razılaşsınlar. Bu şəraitdə, onlar evdən çıxarılıb, xx.xx.2022-ci il tarixdə notariatda müqavilə bağlamaq məcburiyyətində olmuşlar. Onlar 4 payçıdırlar: X2, X7, X8 və İddiaçı. Qarabağ küçəsi 41 saylı həyət tipli evin 20 saylı mənzil, Elnurun atası, 31 dekabr 2006-cı il tarixdə vəfat etmiş, mərhum X9 məxsus olmuşdur. 04 may 2008-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən (şəhadətnamə 2-V- 29 nömrəli qeyd, nömrə 20/2008) Azərbaycan Resbublikası DƏDRX tərəfindən verilmiş reyestr nömrəsi **********32-05101-093005, qeydiyyat nömrəsi ********** olan xx.xx.2008 ci il tarixli çıxarışa əsasən, ümumi sahəsi 87.1 kv.m, yaşayış sahəsi 56.1 kv.m olan 4 otaqlı mənzil 1/4 hissə olmaqla vərəsələr arasında bərabər bölünmüşdür. Bu pay xx.xx.2008-ci il tarixli seriya MH ******* nömrəli çıxarışda da öz əksini tapsa da, naturada bölgünü onlar ailədə razılaşma əsasında aparmışlar. Həmin ev həyət tipli rəsmi 4 otaqdan ibarət olmuşdur. Həyətə girişin sol tərəfindəki 2 otaqlı mənzilin 19.9 kv.metrdən ibarət olan 1 otağının küçəyə pəncərəsi olduğundan pəncərəni qapıyla əvəz edərək, oranı gözəllik salonu kimi işlətməyə başlayıb. Ailədə özləri naturada bölgü apararkən həmin otaqları qızı Elfira Əliyevaya vermişdi. Onun ailəsi 4 nəfərdən ibarət idi. Gənc ailə, 2 qız övladı, münasib iş olmadığı və sosial vəziyyətləri ağır, dolanacaqları çətin olduğundan, hətta ailələri dağılmışdır. Elfiranın qızı Nərgiz anadan gəlmə xəstədir. Bu gün də müalicə alır, ömürlük müalicəyə məhkumdur. Gənc ailənin başsız qalmaması üçün bunu etmək məcburiyyətində idi. Elfiraya qalan ev 13.5 kv.m. olsa da, 2.7 kv.m mətbəxi 6.3 kv.m, 2.5 kv.metr olan sanuzeli 4.2 kv.metr daxili divarlar hesabına artırıb. Onların yaşamalı olduqları sahə 24 kv.m və obyekt etdikləri otaqla birlikdə 38.6 kv.m sahəsi və hündürlüyü 2.5 metr olan zirzəmidən ibarət idi. Həmin zirzəmiyə evdən enir və axşamlar orada yatırdılar. Vintilyasiyası, işiğı, suyu, sanuzeli, mətbəxi var idi və tam təmirli idi. MTK-dan ölçü apararkən oranı da ölçüb 66.7 kv.m sahə ilə əvəzlənmiş mənzilə müqavilə bağlayıblar. Heç bir güzəşt olmadan. Həmçinin 23 kv.m sahəsi olan faktiki qeyri-yaşayış sahəsinə də eyni kvadratda da qeyri-yaşayış sahəsinə əvəzlənmə müqaviləsi bağlanılıb. O, MTK-dan qanunla verilməli olan və bütün sakinlərə verilən güzəştli, 20 % əlavəni tələb edəndə X15 bildirdi ki, onda Elnura nəzərdə tutduqları 44 kv.m mənzili verə bilmirlər, elə olsun ki, ona da normal otaq versinlər. O razılaşıb. Sağ tərəfdə 1-ci mərtəbədə 1 otaq 13.3 kv.m, 2-ci otaq faktiki 21 kv.m (əvvəl 8.9 idi.) dəhliz (əvvəl 1.5), 3.8 (daxili divarlar hesabına və 2-ci mərtəbədə 9.1 kv.m olan sahəni isə artırıb 32 kv.m böyük zal otaq, əlavə

4. kvm olan dəhlizi 11 kv.m artırmışdır və dəhlizin bir başında hamam-tualet, digər başında mətbəxt eləmək məcburiyyətindəydi, çünki oğlu Məmmədov Elçin həm Qarabağ müharibəsi əlilidir, həm də ruhi xəstədir (şezofreniya 2-ci dərəcəli, müharibədə qazanmışdır). Oğlu Elçinə, xəstəliyi ilə əlaqədar ömürlük onun himayəsində olduğu üçün onun payını da 82.kv.m onun adına və 46 kv.m onun payı müqavilə əsasında verilmişdir. Lakin oğlu İddiaçı MTK-nın sədri bildirdi ki, 44 kv.m sahə ayırıblar, gələr verərlər. Çünki o, oğlunun payının verilməyəcəyi təqdirdə evi tərk etməyəcəyini bildirir və fikrində qətiyyətli idi. X15 hətta telefon vasitəsi ilə Elnurla danışıb bildirdi ki, o narahat olmasın. O, mülkiyyətçidir və ona münasibətdə payçı olaraq payı qalır. Onlar inandılar və Elnurun payının hər vaxt veriləcəyinə arxayınlaşdılar və onlarla razılaşıb çıxarışla 3 payçıya münasibətdə yuxarıda qeyd etdiyi kimi zorla müqavilə bağlamağa təhrik edildilər. 23 yanvar 2022-ci il tarixdə onlar MTK-nın sədri Əli Məmmədovla 19 saylı notariat ofisində müqavilə bağlayarkən, Elnurun onda etibarnaməsi olmadığından həm notarius, həm də Əli Məmmədov bildirdilər ki, onun adına notariusa gələnə qədər razılaşdırdıqları 44 kv.m sahəyə notariat qaydasında müqavilə bağlanması mümkünsüzdür. Əli Məmmədov bildirdi ki, nə vaxt Elnur gələr və ya etibarnamə göndərər müqavilə bağlayarlar. Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da Covid 19 pandemiyası ilə bağlı karantin səbəbilə sərhədlər bağlı olduğundan (quru sərhədlər bu gün də bağlıdır) Elnur Azərbaycana gələ bilmədiyindən, evlərinin yerində inşa edilən bina tamamlanmaq üzrə olduğu üçün Elnurla qərarlaşdılar ki, o ona etibarnamə göndərsin və o, onun adına MTK ilə müqavilə imzalasın. 27 fevral 2023-cü il tarixdə X6, İrkutski vilayəti, İrkutski şəhərindən adına etibarnamə göndərmişdir. Etibarnamə ilə MTK-nın sədri Əli Məmmədova yaxınlaşıb Elnura razılaşdıqları 44 kv.m. sahəyə müqavilə bağlamaqları üçün etibarnaməni təqdim edib. Əli Məmmədov isə bildirib ki, onun Elnura verəsi mənzili yoxdur. O, Azərbaycan vətəndaşı deyil, Azərbaycanda yaşamır. O, bildiyi qədər qanunu ona başa salmağa çalışsa da, mümkün olmadı. 2008-ci ilin texniki pasportuna əsasən həyətə girişin solunda 2 otaq köməkçi sahə, sağında 1-ci mərtəbədə və 2-ci mərtəbəsində 2 otaq köməkçi sahələr ümumilikdə 87.1 kv.m olmasına baxmayaraq, onların faktiki otaqları 6 idi. Daxili divarlar və 1-ci mərtəbənin üstündəki boş sahənin hesabına 2-ci mərtəbədə də onun üçün şərait yaradıb ki, yatarkən izolyasiya olsun, onlar yuxuda olarkın anlaqsız vəziyyətdə hər cür hadisə ola bilərdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (anası) X2 bildirmişdir ki, iş üzrə icraatın dayandırılmasına etiraz edir. Qarşı tərəfin əsas məqsədi işin uzadılmasıdır. Xəstə oğluna və ona mənzil verilib. Xəstə oğlu onun himayəsində olduğundan onunla və oğlu ilə bir müqavilə imzalanmış və ayrılıqda iki mənzil verilmişdir. Eyni zamanda qızına da ayrıca mənzil verilmişdir. Məhkəməyə təqdim etdiyi siyahıdan görünür ki, oğlu Elnura da mənzil verilməsi nəzərdə tutulmuşdur. Əvvəlcə ona mənzil veriləcəyi vəd edilmişdir. Lakin onları aldadaraq, ona düşən pay verilməyib. Onun evi 90 kv.m idi. Əlavə artırmalar da var idi. Həmçinin qeyri-yaşayış kimi fəaliyyət göstərən salonu da var idi. Oğlu Elnurun da mənzillə təmin edilmə haqqı var. Onun hüququnun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh MTK-ya məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh MTK məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində istifadədə olan 0,0680 ha torpaq sahəsində yerləşən 41 nömrəli, 2 mərtəbəli binada, yaşayış sahəsi 56,1 kv.m., ümumi sahəsi 87,1 kv.m. olan 4 otaqdan ibarət 20 saylı mənzil 1/4 hissədə İddiaçı, 1/4 hissədə onun anası X1, 1/4 hissədə qardaşı X4, 1/4 hissədə bacısı X5 adlarına paylı mülkiyyət hüququ üzrə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından aydın olur ki, Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 77 saylı xx.xx.2021 tarixli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşməklə qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsü və bu ərazidə yeni yaşayış binalarının tikintisi Cavabdeh MTK-ya həvalə edilmişdir. İş materiallarından həmçinin aydın olur ki, MTK həmin mənzilin paylı mülkiyyətçilərindən olan X2 ilə sözügedən mənzilin əvəzinə tikiləcək yeni binada onun mənzillə təmin edilməsi barədə razılığa gələrək əvvəlcə xx.xx.2021-ci il tarixdə sadə yazılı formada, sonradan isə xx.xx.2022-ci il tarixdə notarial qaydada olmaqla eyni məzmunlu müqavilələr bağlamışdır. Həmin müqavilələrin iş materiallarına əlavə edilmiş surətlərindən görünür ki, cavabdeh MTK, Qarabağ küçəsi 41 ünvanında yerləşən 20 saylı mənzilin faktiki divar altı sahəsi 70 kv.m. yaşayış və 21 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin əvəzinə faktiki sahənin parametrlərinə uyğun olaraq güzəştli şərtlərlə yeni inşa ediləcək binanın F blokunun, 8-ci mərtəbəsində, 7 saylı 82,10 kv.m.-dən ibarət təmirli mənzili, F blokunun 8-ci mərtəbəsində 4 saylı 56,46 kv.m-dən ibarət təmirli mənzili, F bloku 23 kv.m-dən ibarət təmirli qeyri-yaşayış sahəsini (binanın Qarabağ küçəsinə baxan tərəfi) mülkiyətçiyə verməyi, mülkiyyətçi isə ona məxsus mənzili söküntü üçün MTK-ya təhvil verməyi və yeni mənzilləri qəbul etməyi öhdəsinə götürmüşdür. İşin müəyyən olunmuş halı həmçinin ondan ibatərdir ki, iddiaçı ilə cavabdeh MTK arasında iddiaçının paylı mülkiyyətçisi olduğu əmlakın sökülməsi və onun əvəzində pul kompensasiyasının, yaxud digər əmlakın verilməsi barədə razılıq əldə olunmamış və həmin əmlak cavabdeh MTK tərəfindən artıq sökülmüşdür və buna görə də hazırkı iddianı qaldırmaqla iddiaçı mülkiyyət hüququnun bərpa olunması üçün cavabdehin üzərinə onunla əvəzləşdirmə müqaviləsi bağlamaq öhdəliyi qoyulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının mülkiyyət hüququna müdaxilə ilə bağlı olduğundan və mülkiyyət hüququnun pozulması onun iddiasının əsas dəlilini təşkil etdiyindən, iddiaya mülkiyyət hüququnun müdаfiəsi ilə bаğlı qanunvericilik çərçivəsində qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının tərəf olduğu Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında qeyd edir ki, hər hansı məhrumetmə qanuni olmalı və qanuni məqsəd daşımasından əlavə həmçinin mütənasiblik tələbinə uyğun olmalıdır. İctimaiyyətin ümumi maraq tələbləri və şəxsin fundamental hüquqlarının müdafiəsi ilə bağlı tələblər arasında ədalətli tarazlıq (balans) olmalıdır, bu cür ədalətli tarazlığın axtarışı bütün Konvensiyaya xasdır. Zəruri tarazlığın əldə olunması o halda mümkün deyil ki, şəxs fərdi və həddən artıq yük daşıyır (Sporrong və Lönnroth İsveçə qarşı, 23 Sentyabr 1982, §§ 69-74, A seriyaları no. 52; Brumaresku Rumıniyaya qarşı (GC), no. 28342/95, § 78, AİHM 1999-Vİİ; X5rşı, no. 3851/12, §§ 58-59, 11 Dekabr 2014, və həmin işlərdə istinad olunan işlər). 1 saylı Protokolun 1-ci maddəsi dövlət orqanlarının əmlakdan dinc istifadəyə istənilən müdaxiləsinin qanuni olmasını tələb edir: həmin maddənin birinci bəndinin ikinci cümləsi əmlakdan məhrumetmənin “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməsinə icazə verir. Bundan əlavə, demokratik cəmiyyətin əsas prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrində ehtiva olunan bir məfhumdur (“İatridis” işi, 58-ci bənd; “Yunanıstanın keçmiş kralı və Digərləri Yunanıstana qarşı” (Former King of Greece and Others v. Greece [GC], no. 25701/94, § 79, ECHR 2000-Xİİ) və “Broniovski Polşaya qarşı” (Broniowski v. Poland [GC], no. 31443/96, § 147, ECHR 2004-V)). İddiaçı mülkiyyətinə müdaxilənin qanuniliyini, əsaslılığını, yəni qanuni məqsəd daşımasını mübahisələndirməmişdir. İş materiallarından və iddiaçının nümayəndəsinin izahatından da aydın olur ki, Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 77 saylı xx.xx.2021 tarixli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşməklə qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsü və bu ərazidə yeni yaşayış binalarının tikintisi Cavabdeh MTK-ya həvalə edilmişdir. Müdaxilənin “ictimai maraqlara” cavab verməməsi də müəyyən edilmir; Avropa Məhkəməsinin presedent hüququna əsasən, milli hakimiyyət orqanları cəmiyyətin yaşayış şəraitindən və tələbatlarından bilavasitə xəbərdar olduqlarına görə prinsipcə “cəmiyyətin maraqlarını” qiymətləndirməkdə beynəlxalq hakimə nisbətən daha əlverişli vəziyyətdədirlər. Konvensiyanın bərqərar etdiyi insan hüquqlarının qorunması sisteminə əsasən, cəmiyyətdə narahatlıq doğuran və müvafiq tədbirlər görülməsini tələb edən problemin mövcud olub-olmadığını qiymətləndirmək vəzifəsi ilk növbədə məhz milli hakimiyyət orqanlarının üzərinə düşür. …Müvafiq surətdə, bu sahədə və Konvensiyanın təminatlarının şamil olunduğu digər sahələrdə milli hakimiyyət orqanları vəziyyəti öz mülahizələri əsasında sərbəst şəkildə qiymətləndirə bilərlər (Alişiç və başqaları Bosniya və Herseqovina, Xorvatiya, Serbiya, Sloveniya və keçmiş yuqoslav respublikası Makedoniyaya qarşı). Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyətin müdafiəsi baxımından dövlətin üzərinə düşən pozitiv öhdəlik (mülkiyyət hüququnun pozuntusunun qarşısının alınması üçün) praktik tədbirlərin görülməsini də nəzərdə tutur – xüsusən təhlükəli fəaliyyətlərdən söhbət gedirsə (Öneryıldız Türkiyəyə qarşı). İşin hallarına və iddiaçının nümayəndəsinin izahatlarına əsasən məhkəmə hesab edir ki, hazırkı işdə həmçinin "qanuni məqsəd" prinsipinə riayət edilib. Belə ki, müdaxilənin həyata keçirilməsi üçün qanuni məqsəd bir tərəfdən mövcud tikinti norma və qaydalarına cavab verməyən köhnə binaların (mənzillərin) sökülməsi, sakinlərin həmin yararsız halda olan köhnə binaları təmir etmək yükündən azad etməklə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması olmaqla yanaşı, həm də şəhərin ümumi görünüşünün, mövcud şəhərsalma tələblərinin təmin edilməsi, şəhərin abadlaşdırılmasıdır ki, bu halda fərdin maraqlarının cəmiyyətin maraqlarından üstün olduğunu iddia etmək mümkün deyildir. İddiaçının mülkiyyətçi hüquqları ilə ictimaiyyətin maraqları arasında ədalətli tarazlığın təmin olunması şərti ilə bağlı isə məhkəmə qeyd edir ki, ədalətli tarazlığın təmin olunmasının göstəriciləri kimi əsasən kompensasiyanın ödənilməsi, onun dəyərinin mülkiyyətin qiymətinə mütənasib (proporsional) olması və ağlabatan müddətdə ödənilməsi çıxış edir (Scordino İtaliyaya qarşı iş). Baxılan işdə bu şərt pozulmuşdur və iddiaçı da hazırkı iddia tələbini bu səbəbdən irəli sürmüşdür. Onun cavabdehi məhkəmə qətnaməsi ilə müqavilə bağlamağa məcburetmə tələbi mülkiyyət hüququnun əvəzində ədalətli kompensasiyanın (pul və ya naturada yeni mənzilin) əldə edilməsinə yönəlməkdədir. Məhkəmə hazırkı iddia tələbinə məhz bu aspektdən yanaşaraq hesab edir ki, iddiaçı ilə əvəzləşdirmə müqaviləsinin bağlanılması, onun artıq cavabdeh tərəfindən sökülmüş əmlakı üzərində pozulmuş mülkiyyət hüququnun bərpasına xidmət edəcəkdir. Bu səbəbdən məhkəmə hesab edir ki, əvəzləşdirmə müqaviləsinin bağlanılması vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması iddiaçının mülkiyyət hüququnun bərpa edilməsinə səbəb olacaq və müqavilə azadlığı prinsipini pozan hal kimi qəbul edilə bilməz. Bu qənaətə gələrkən məhkəmə onu da nəzərə alır ki, mövcud işgüzar adətlərə görə, tikinti şirkətlərinə istismar müddəti bitmiş tikililərin sökülərək yerində müasir tələblərə cavab verən binaların tikintisi həvalə edilən zaman həmin şirkətlər oradakı sakinlərə müqavilə əsasında kompensasiya ödəmək öhdəliyini də əvvəlcədən öz üzərlərinə götürürlər. Mülki Məcəllənin 390.3-cü maddəsinin mahiyyətindən aydın olur ki, müqavilə bağlamağa məcburetməyə yalnız müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallarda yol verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Cavabdeh MTK tərəfindən sökülmüş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində istifadədə olan 0,0680 ha torpaq sahəsində yerləşən 41 nömrəli, 2 mərtəbəli binada, yaşayış sahəsi 56,1 kv.m., ümumi sahəsi 87,1 kv.m. olan 4 otaqdan ibarət 20 saylı mənzil üzərindəki ¼ hissədə paylı mülkiyyətinin bərpası məqsədilə onunla əvəzləşdirmə müqaviləsi bağlanması öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Məhkəmə həmçinin, cavabdeh MTK-nın nümayəndəsinin (vəkilinin) icraatın dayandırılmasına dair vəsatətinə də münasibət bildirərək qeyd edir ki, Mülki Prosessual Məcəllənin 254-cü maddəsində iş üzrə icraatın hansı hallarda dayandırılmalı olduğu (məhkəmənin icraatı dayandırmaq vəzifəsi), 255-ci maddəsində isə işə baxan hakimin tərəflərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə hansı hallarda iş üzrə icraatı dayandırmaq hüququnun olduğu konkret göstərilmişdir (məhkəmənin icraatı dayandırmaq hüququ). Bu mənada məhkəmənin qənaətinə görə, cavabdehin hazırkı iş üzrə tərəf olmayan şəxsə (müqavilə bağladığı digər paylı mülkiyyətçiyə) qarşı iddia qaldırması hazırkı iş üzrə icraatın dayandırılması üçün əsas təşkil etmir. Belə ki, digər paylı mülkiyyətçi ilə bağlanmış müqavilənin etibarsızlığı iddiaçı ilə müqavilə bağlamaq və bu müqavilə əsasında kompensasiya vermək öhdəliyindən cavabdehi azad edə bilməz. Həmçinin həmin müqavilə bağlanarkən iddiaçının razılığının alınması iş materialları ilə müəyyən edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə mövcud olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Cavabdeh MTK tərəfindən sökülmüş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində istifadədə olan 0,0680 ha torpaq sahəsində yerləşən 41 nömrəli, 2 mərtəbəli binada, yaşayış sahəsi 56,1 kv.m., ümumi sahəsi 87,1 kv.m. olan 4 otaqdan ibarət 20 saylı mənzil üzərindəki ¼ hissədə paylı mülkiyyət hüququnun bərpası məqsədilə onunla əvəzləşdirmə müqaviləsi bağlanması öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı Cavabdeh MTK tərəfindən sökülmüş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində istifadədə olan 0,0680 ha torpaq sahəsində yerləşən 41 nömrəli, 2 mərtəbəli binada, yaşayış sahəsi 56,1 kv.m., ümumi sahəsi 87,1 kv.m. olan 4 otaqdan ibarət 20 saylı mənzil üzərindəki ¼ hissədə paylı mülkiyyət hüququnun bərpası məqsədilə onunla əvəzləşdirmə müqaviləsi bağlanması öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. İş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar