Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-879/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh və Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)- 150/2020 saylı qətnaməsilə, bacısı oğlu - X3 ilə birgə nikahından dünyaya gəlmiş X4 ona məxsus Bakı şəhəri, Əliyar Əliyev küçəsi, bina 8, 655 saylı, 2 otaqlı mənzildən, mənzildə cavabdehə məxsus əmlakı götürməklə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinə dəqiqləşdirməyə dair ərizə təqdim edərək, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 583 (yeni qaydalarla – ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixli, 17702 nömrəli Alqı-satqı Müqaviləsi, həmin müqavilə üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair Əlavə Razılaşma ilə, xx.xx.2016-cı il tarixdə, Bakı şəhəri, Əliyar Əliyev küç, bina 8, blok 5, 19 mərtəbə, 655 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 100.47 kv.metr olan mənzili almışdır. İşi ilə əlaqədar müvəqqəti Quba şəhərində yaşadığı üçün, aldığı yeni mənzildə bacısı oğlu X3, onun həyat yoldaşı Cavabdeh və onların birgə nikahından dünyaya gəlmiş X5 müvəqqəti yaşayışlarını təmin etməkdən ötrü qeyri rəsmi icazə vermişdir. Təqribən 2016cı ilin sentyabr ayından, bacısı oğlu X3, onun həyat yoldaşı Cavabdeh və onların birgə nikahından dünyaya gəlmiş X6, ona məxsus mənzilə köçmüşdülər. Bir müddət orada yaşadıqdan sonra X3 həkim işləməsi ilə əlaqədar, Quba Sağlamlıq Diaqnostika Mərkəzinə təyinat almış və müvəqqəti Quba şəhərində yaşamalı olmuşdur. X1 şəhərində yaşadığı müddət ərzində Cavabdeh və onların birgə nikahından dünyaya gəlmiş X6, ona məxsus mənzildə yaşayırdılar. Təqribən 2020-ci ilin ortalarında X3 ilə onun həyat yoldaşı Cavabdeh arasında ailə daxili anlaşılmazlıqlar, mübahisələr yaranmağa başladı. Quba Rayon Məhkəməsinin qətnaməsilə X3 ilə onun həyat yoldaşı Cavabdeh arasında nikah ləğv edilmiş və onların birgə nikahından dünyaya gəlmiş X6 cavabdehin himayəsində qalmışdır. X3 ilə onun keçmiş həyat yoldaşı Cavabdeh arasında nikah ləğv edildikdən və Cavabdeh ilə aralarında olan qohumluq əlaqələri kəsildikdən sonra, dəfələrlə cavabdehə ona məxsus mənzili, mənzildə olan əmlakı götürməklə boşaltmasını tələb etmiş, hətta polisə müraciət etmiş, lakin cavabdeh bütün tələblərə, xahiş və göstərişlərə rəğmən mənzili boşaltmır. Bununla da qanunvericiliyinə müvafiq olaraq mülkiyyət hüquqlarını kobud şəkildə pozur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan; ƏMDK Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 583 (yeni qaydalarla – ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 583 (yeni qaydalarla – ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir. İddiaçı 2016-cı il tarixdə bacısı oğlu X3, onun həyat yoldaşı Cavabdeh və onların birgə nikahından dünyaya gəlmiş X5 müvəqqəti yaşayışlarını təmin etməkdən ötrü qeyri rəsmi olaraq qeyd edilən mənzildən yaşamalarına icazə vermişdir. Lakin sonradan X3 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Azərbaycan Respublikası Konstitusiyasının 29-cu heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-ci maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Tərəflər arasında hazırda qohumluq münasibəti yoxdur və cavabdeh mənzili tərk etməkdən imtina edir. Bu hal iddiaçının öz mənzilinə sərbəst və maneəsiz sahiblik etmək və ondan istifadə etmək hüquqlarına toxunur. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbləri təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 583 (yeni qaydalarla – ünvan 1 ünvanında yerləşən mənzildən ona məxsus olan əşyaları ilə birlikdə çıxarılmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 583 (yeni qaydalarla – ünvan 1 ünvanında yerləşən mənzildən əşyaları ilə birlikdə çıxarılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-879/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-879/2022
25.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver