Məhkəmə qərarları › İş №2(005)-89/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-89/2023

12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-89/2023 12.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliyinin icra olunması və maddi ziyan” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliyinin icra olunması və maddi ziyan” tələbi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat ilə iddiaçı arasında bağlanmış 20 avqust 2018-ci il tarixli Müqavilə üzrə ünvan 7, 3 saylı mənzilin təmir olunması; 2019-cu ilin iyun ayından qətnamə icra olunan günə ayda 500 manat məbləğində kirayə haqqı hesablanaraq iddiaçıya ödənilməsi; ünvan 7, 3 saylı mənzilə dair verilməli olan 163,5 kv.m-dən 148,7 kv.m=14.8 kv.m x 2200= 32.560 manat pul vəsaitinin iddiaçıya ödənilməsi; binanın altında yerləşən 25 kv.mdən ibarət avtodayanacağın (qarajın) sənədləri iddiaçıya təqdim olunması; mənzil mətbəx mebeli və istilik radiatorları ilə təchiz olunması; ekspertiza keçirilməsi ilə bağlı ödənilmiş 300 manat və iddiaçıdan alınmış 840 manat pul vəsaitinin iddiaçıya qaytarılması; ödənilmiş dövlət rüsumunu cavabdeh təşkilatdan alınaraq iddiaçıya ödənilməsi; cavabdeh təşkilatın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əsassız varlanması və iddiaçıya maddi ziyan vurması barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək, Cavabdeh təşkilat ilə iddiaçı arasında bağlanmış 20 avqust 2018-ci il tarixli Müqavilə üzrə Bakı şəhəri Nərimanov rayonu C.Hacıbəyli küçəsi ev 8, 3 saylı mənzil tam təmir olunması; 2019-cu ilin iyun ayından qətnamə icra olunan günə kimi ayda 500 manat məbləğində kirayə haqqı hesablanaraq iddiaçıya ödənilməsi; Bakı şəhəri Nərimanov rayonu C.Hacıbəyli küçəsi ev 8, 3 saylı mənzilə dair verilməli olan 163.5 kv.m-dən-148.7 kv.m =14.8 kv.m. x 2200 =32.560 manat pul vəsaiti iddiaçıya ödənilməsi; binanın altında yerləşən 25 kv.m-dən ibarət avtodayanacağı (qarajı) 2019-cu ilin may ayından təhvil verilmədiyindən həmin vaxtdan qətnamə icra olunan günə kimi aylıq 100 (bir yüz) manat hesablanmaqla iddiaçıya ödənilməsi; mənzili mətbəx mebeli və istilik radiatorları ilə təchiz olunması, Ekspertiza keçirilməsi ilə bağlı ödənilmiş 300 manat, iddiaçıdan alınmış 840 manat və ödənilmiş dövlət rüsumu 241 manat pul vəsaiti və 2019-cu ilin iyun ayından ödənilməmiş (gecikdirilmiş) müddət üzrə qətnamə icra olunan günə illik bank faizi 5 % olmaqla cavabdeh təşkilatdan tutularaq iddiaçıya verilməsi; Cavabdeh təşkilatın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əsassız varlanması və iddiaçıya maddi ziyan vurması barədə xüsusi qərardad çıxarmaqla aidiyyəti prokurora xəbər verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat ilə iddiaçı arasında 20 avqust 2018-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin predmeti aşağıdakılardan ibarət olmuşdur; 1.1. Bu müqaviləyə əsasən, Tikinti şirkəti söküntüsü nəzərdə tutulmuş binada “Mülkiyyətçi” yə AR ƏMDRX tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarış (reyestr nömrəsi **********53-**********1, qeydiyyat nömrəsi **********) ilə mülkiyyət hüquqlarını təsdiq edən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 86.1 kv.m olan 39 saylı tam təmirli mənzili sökülmək üçün təhvil alıb “Tikinti şirkəti” tərəfindən ünvan 2 ünvanında inşa etdiyi 18 (+mansard) mərtəbəli binada 163.5 kv.m-dən ibarət 3 otaqlı mənzili və binanın altında yerləşən 25 kv.m-dən ibarət avtodayanacağı (qarajı) “Mülkiyyətçi” yə mətbəx mebeli və istilik radiatorları ilə təchiz olunmaqla tam təmirli şəkildə təhvil verməyi öhdəsinə götürmüşdür. “Mülkiyyətçi” öhdəsinə götürmüşdür ki, bu Müqavilənin imzalandığı tarixdən etibarən 3 (üç) günü ərzində ona məxsus mənzil söküntü üçün “Tikinti şirkəti” nə təhvil verəcək, bu Müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş binada yerləşən mənzili isə qəbul edəcəkdir; “Tikinti şirkəti” həmçinin öhdəsinə götürmüşdür ki, mənzil söküntü üçün mənzil söküntü üçün ona təhvil verildikdən sonra, növbəti aydan başlayaraq hər ay üçün 500 manat məbləğində kirayə haqqı yeni mənzil “Mülkiyyətçi”yə təhvil verilən günədək ödəniləcəkdir. “Mülkiyyətçi”nin kommunal borcları olduğu halda “Tikinti şirkəti” həmin məbləğləri ona veriləcək kirayə haqlarından tutularaq ödənişlər təmin ediləcəkdir; “Tikinti şirkəti” inşa ediləcək çoxmənzilli binanın “1”girişinin, 3-cü mərtəbəsində yerləşən, 3 saylı mənzili və binanın altında yerləşən 25 kv.m-dən ibarət avtodayanacağı (qarajı) “Mülkiyyətçi” yə mətbəx mebeli və istilik radiatorları təchiz olunmaqla tam təmirli şəkildə təhvil verməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdeh təşkilat müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirmir. Belə ki, “Tikinti şirkəti” İddiaçı ünvan 3 ünvanında inşa etdiyi 18 (+ mansard) mərtəbəli binada 163.5 kv.m-dən ibarət 3 otaqlı mənzil verməli olduğu halda ünvan 7, 3 saylı mənzilin faktiki sahəsi 148.7 kv.m təşkil edir (14.8 kv.m əskikdir), tam təmir olunmayıb, 500 manat məbləğində kirayə haqqı 2019-cu ilin iyun ayından ödənilmir, binanın altında yerləşən 25 kv.m-dən ibarət avtodayanacağın (qarajın) sənədləri təqdim olunmamış, mənzil mətbəx mebeli və istilik radiatorları ilə təchiz olunmamışdır. ünvan 7, 3 saylı mənzilin faktiki sahəsinin ölçülməsi üçün “X4”nə müraciət olunmuşdur. “X4”nin № İEM-52/21 “30” dekabr 2021-ci il tarixli mütəxəssis rəyində ünvan 7, 3, saylı mənzilin faktiki sahəsi 148.7 kv.m təşkil etməsi qeyd olunmuşdur. Bununla bağlı pretenziya məktubu ilə müraciət olunmuşdur. Lakin bu günə kimi müraciətinə cavab verilməmişdir.Qeyd etmişdir ki, cavabdeh təşkilat 20 avqust 2018-ci il tarixdə bağlanmış müqavilə üzrə öhdəliklərini lazımınca icra etmir. Belə ki, cavabdeh təşkilat ilə iddiaçı arasında bağlanmış 20 avqust 2018-ci il tarixli Müqavilə üzrə öhdəlik götürmüşdür ki, iddiaçıya məxsus mənzili söküntü üçün ona təhvil verildikdən sonra növbəti aydan başlayaraq hər ay 500 manat məbləğində kirayə haqqı yeni mənzil iddiaçıya təhvil verilənə günədək ödəniləcəkdir. Binanın altında yerləşən 25 kv.m-dən ibarət avtodayanacağı (qarajı), mətbəx mebeli və istilik radiatorları ilə təchiz olunmaqla tam təmirli şəkildə təhvil verilməsi öhdəliyi götürülsə də bugünədək icra edilməmişdir. Cavabdeh təşkilat öhdəliyi lazımı qaydada icra etmədiyindən ünvan 7, 3 saylı mənzilin hansı kv.m təşkil etməsi məqsədilə ekspert rəyi alınmışdır. Ekspert rəyinə əsasən cavabdeh təşkilat tərəfindən müqavilə üzrə ona verilməsi nəzərdə tutulan mənzilin sahəsi 163.5 kv.m dən- 147.8 kv.m= 14.8 kv.m az olduğu müəyyən olunmuşdur. Bununla da cavabdeh təşkilat onu aldadaraq (müqaviləni lazımınca icra etməyək) əsassız varlanmışdır. Bununla da bu hissədə 14.8 kv.m x 2200 = 32560 manat pul vəsaiti iddiaçıdan artıq alaraq ona maddi ziyan vurmuşdur. Tərəflər arasında bağlanmış 20 avqust 2018-ci il tarixli Müqavilə üzrə cavabdeh təşkilat öhdəlik götürmüşdür ki, iddiaçıya məxsus mənzil söküntüsü üçün ona təhvil verildikdən sonra növbəti aydan başlayaraq, hər ay 500 manat məbləğində kirayə haqqı yeni mənzil iddiaçıya təhvil verilənədək, ödənilməlidir. Lakin nə mənzil iddiaçıya təhvil verilməmiş, nə də ki, 2019-cu ilin iyun ayından qətnamə icra olunan günə kimi ayda 500 manat məbləğində kirayə haqqı hesablanaraq iddiaçıya ödənilməlidir. Hesab edir ki, tərəflər arasında olan müqavilənin icrası ilə əlaqədar cavabdeh təşkilat mənzil mətbəx mebeli və istilik radiatorları ilə təchiz etməli və binanın altında yerləşən 25 kv.m dən avtodayanacağın (qarajın) sənədləri iddiaçıya təqdim edilməlidir. Cavabdeh təşkilatın vəzifəli şəxslərinin vəzifə səlahiyyətərindən sui-istifadə edərək, ekspertiza keçirilməsi ilə bağlı ödənilmiş 300 manat və iddiaçıdan qanunsuz alınmış 840 manat pul vəsaiti iddiaçıya qaytarılmalıdır. Mövcud iddia tələbi cavabdeh təşkilatın vəzifəli şəxslərinin vəzifə səlahiyyətərindən sui-istifadə etməsi səbəbindən yarandığından ödənilmiş dövlət rüsumunu cavabdehdən təşkilatdan alınaraq iddiaçıya ödənilməlidir. Mülki iş üzrə Cavabdeh MTK məhkəməyə iddia tələbindən etiraz təqdim edərək, Bakı ş, Nərimanov r, C.Hacıbəyli küçəsi ev 8, m 3 saylı mənzilin (bundan sonra mənzil) tam təmir olunması tələbi müqavilə öhdəliyindən irəli gəldiyindən mənzilin təmirinin başa çatdırılması üçün mənzilin açarlarının iddiaçıdan verilməsi xahiş olunmasına baxmayaraq, iddiaçı cavabdehin nümayəndələrini mənzilə buraxmamış və müqavilə öhdəliyimizin icrasına şərait yaratmamışdır. Məhkəmə iddia qaldırılmamışdan 1 ay qabaqdan (təxminən 10 aydır) mənzilin açarları iddiaçıdadır və bu günədək mənzildə təmir işlərinin başa çatdırılması üçün şərait yaradılmamışdır. Bütün məhkəmə prosesi boyu bu şərait yaradılsa idi, hazırda mənzil təmirli vəziyyətdə iddiaçıya təqdim edilmiş olacağıydı. Mənzilin açarlarının iddiaçıda olduğunu nəzərə alsaq hazırda mənzilin hansı vəziyyətdə olması, əvvəllər onlar tərəfindən edilmiş mənzildə hansı dəyişikliklərin (əksikliklərin) olub-olmaması məlum deyil. Mənzilə baxış keçirərək əvvəllər edilmiş təmirin, yəni təxminən 95% təmirin qalan hissəsinin - 5% tamamlayıb təhvil verməyi qəbul etmişdirlər. Eyni zamanda müqavilə öhdəliyi kimi mətbəx mebeli və istilik radiatorları ilə mənzili təmin etmək hissəsində iddia tələbini qəbul edir və icra etməyə hazırdırlar, sadəcə iddiaçının bizə şərait yaradılması və yaxud qətnamənin icrası qaydasında şərait yaradılmasını gözləyirlər. 2019-cu ilin iyul ayından qətnamə icra olunan günə qədər 500 manat kirayə haqqının hesablanıb ödənilməsi və mənzilin açarlarının iddiaçıya 2022-ci ilin mart ayında verilməsini və həmin tarixdən sonra mənzili təmir edib ona təhvil verməyə şərait yaratmayıb əlavə tələblər (kvadrat fərqinin ödənilməsi və digər tələblər) irəli sürərək məhkəmədə iddia qaldırması səbəbindən ona müqavilə üzrə ödənilməli olan məbləğ 2019-cu ilin iyul ayından 2022-ci ilin mart ayınadək hesablanmalı və ödənilməsi müəyyən edilməlidir. İddia tələbinin mənzilin sahəsinə görə iddiaçının özünün müəyyən etdiyi sahə fərqi kimi 14,8 kv-ə görə hər kvm üçün 2200 manat olmaqla cəmi 32.560 manat məbləğində pulun tutulması və mənzilin sahəsi ilə bağlı iddia tələbini aşağıdakı əsaslara görə qəbul etmirlər; Adından da göründüyü kimi müqavilə(köçürülmə) əvəzləşdirmə xarakteri daşıyır. İddiaçının Qarabağ müharibə veteranı olması nəzərə alınaraq ona 86.1 kvm sahəsi olan mənzilinin əvəzində 100% əlavə verilməklə, yəni 163,5 kvm sahəsi olan 3 otaqlı mənzil və əlavə olara 25 kvm sahəsi olan qaraj verilmişdir. Məhkəmə təcrübəsində köhnə, yararsız və şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış evləri və mənzillərin sökülərək yerində tikiləcək binada veriləcək mənzillərin sahəsi 20% əlavə ilə hesablanır (AR NK-nin 2016-cı il 25 fevral 86 saylı qərarına əsasən). Yəni iddiaçı mənzil əldə edərkən hər hansı məbləğdə pul vəsaiti ödəməmişdir, əksinə ona mövcud mənzilinin əvəzində sahəsi 100% çox olan mənzil və qaraj verilmişdir. Belə olan təqdirdə cavabdehin əsassız varlanması halı mövcud deyil, bu səbəbdən iddiaçıya yaranmış fərqlə bağlı heç bir pul vəsaiti ödəməli deyildir. İddiaçı mənzilin sahəsi ilə bağlı keçirilmiş ekspertiza rəyindəki 9,6 kvm fərqi qəbul etmir, özünün müstəqil ekspert rəyindəki 14,8 kvm sahəyə görə pul tələb edir. Qeyd etmişdirlər ki, məhz mənzili sahə fərqi ilə əlaqədar yaranmış mübahisəyə görə məhkəmə-tikinti texniki ekspertizası təyin edildi və ekspert mənzil qanunvericiliyinə görə hesablama apararaq mənzilin sahəsini 163,5 kvm deyil. 153,9 kvm müəyyən etmişdir (9,6 kvm fərqlə). Ekspertin belə sahə fərqi müəyyən etməsinin səbəbi şirkət tərəfindən işgüzar adətlərə uyğun olaraq mənzilin daxili divarlarının mənzil sahəsinə hesablaması ilə ekspertin həmin sahələri nəzərə almaması olmuşdur. Beləliklə, iddiaçı cavabdeh tərəfindən aldadılmamış və ona aşağı sahəli mənzil verilməmişdir. İddiaçı mənzilin sahəsinin hesablanmasına dair həm mövcud işgüzar təcrübəni bilirdi, həm əvəzləşdirmə qaydasında mənzil verilməsi səbəbindən gələcəkdə bu cür fərqlərin yaranması halında mənzilin sahəsi ilə əlaqədar hər hansı iddia qaldırmayacağı barədə öhdəlik götürmüşdür. Belə ki, xx.xx.2018-ci il tarixli Müqavilənin 6.1-ci bəndinə əsasən ““Mülkiyyətçi” bəyan edir ki, “Tikinti Şirkəti” tərəfindən ona veriləcək mənzillə bağlı (mənzilin sahəsi və s) “Tikinti Şirkəti”nə qarşı hər hansı tələb irəli sürməyəcəkdir”. Belə olan təqdirdə iddiaçının mənzilin sahəsinə dair sadəcə hesablama qaydasına görə yaranmış fərqi tələb etməsi əsassızdır, eyni zamanda nəzərə alsaqki ona verilən mənzilin sahəsi ona məxsus sökülmüş mənzilin sahəsində ən azı 70 kv.m çoxdur, belə iddia tam əsassızdır. Əlavə verilmiş 25 kv.m sahəsi olan qaraj da nəzərə alınmalıdır. Mənzilin hər kvm sahəsinin 2200 manat olması isə heç bir sübutla təsdiq edilmir. Hətta mənzilin kvm üçün qiymət müəyyən ediləcəyi təqdirdə belə Müqavilənin 6.1-ci maddəsi sahə fərqinə görə pul tələb edilməsini istisna edir. 25 kvm sahəsi olan qaraja dair 2019-cu il tarixdən qətnamə icra olunan günə qədər 100 manat kirayə haqqının hesablanıb ödənilməsi tələbini də cavabdeh olaraq qəbul etmirlər. Belə ki, həmin qaraj sahəsi tərəfə Qarabağ müharibə veteranı olması səbəbindən həddiyə olaraq verilmişdir. Qaraja görə kirayə haqqı ödənilməsi o halda tələb edilə bilər ki, qaraj ona qaraj əvəzində verilmiş olardı. Belə bir hal olmadığına görə qaraja görə kirayə haqqı tələb edilməsi və həm də 100 manat (niyə 100 manat?) tələb etməsi əsassızdır və heç bir qanuni və müqavilə əsası yoxdur. Mənzilin mətbəx mebeli və istilik radiatorları ilə təchiz olunması, ekspertiza keçirilməsi ilə bağlı ödənilmiş 300 manat, iddiaçıdan alınmış 840 manat və ödənilmiş dövlət rüsumu 241 manat pul vəsaiti və 2019-cu ilin iyun ayından ödənilməmiş (gecikdirilmiş) müddət üzrə qətnamə icra olunan günə illik bank faizi 5% olmaqla cavabdeh təşkilatdan tutularaq iddiaçıya verilməsi tələbi mənzilin mətbəx mebeli və istilik radiatorları ilə təchiz olunması barədə yuxarıda qeyd olunduğundan təkrar qeydə ehtiyac görülməmişdir. İddiaçının ekspertiza üçün ödədiyi 300 manat ona aid olan xərcdir və təyin edilmiş məhkəmə-tikinti texniki ekspertizası fərqli rəy verdiyindən iddiaçının sübutu əhəmiyyətini itirmişdir, bu xərc onun özünə aiddir, eyni zamanda iddia qaldırmaq üçün ödədiyi dövlət rüsumunu da ona aid edilməsini qanuni hesab etmişlər. 5% bank faizi hesablanmaqla pul tələb edilməsi isə ümumilikdə iddianın mahiyyətinə ziddir, belə ki, müqavilə üzrə ona ödənilməli olan aylıq 500 manat kirayə haqqı kirayə məqsədləri üçün verilmişdir, həmin məbləğdən hər hansı formada gəlir əldə edilmə bilməz. Əgər Müqavilədə ona hansısa məbləğdə kompensasiya ödənilməsi nəzərdə tutulsa idi və həmin məbləğ bu günə qədər ödənilməsə idi, onda həmin məbləğə illik 5% tətbiq etmək olardı. Lakin hazırki vəziyyətdə illik 5% tətbiq edilməsi əsassızdır. İddia tələbinin cavabdehin vəzifəli şəxsləri barədə xüsusi qərardad çıxarılması və prokurora göndərilməsi iddia ərizəsində əsaslandırılmamışdır. Cavabdeh təşkilatın vəzifəli şəxsləri iddiaçıya məxsus 86.1 kvm sahənin əvəzində 100% artıq sahə - 163,5 kvm sahəsi olan mənzil və 25 kvm sahəsi olan qaraj vermişdir. Mənzilin təxminən 95% təmir edilmiş və iddiaçının kaprizlərinə görə təmir başa çatdırıla bilməmişdir. Mülki iş üzrə məhz hansı əsaslara görə cavabdeh təşkilatın vəzifəli şəxsləri barədə xüsusi qərardad çıxarılmasının istənilməsi aydın deyil. Bu tələb sadəcə qanunsuz təsir etmək, hədə-qorxu gələrək əlavə pul vəsaiti əldə etmək xarakteri daşıyır. Bütün bunları nəzərə alaraq, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, işə məhkəmə tərəfindən müvafiq qiymət verilərkən, 30 dekabr 2022-ci il tarixli “X4” tərəfindən verilmiş mütəxəssis rəyinə istinad olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh ”Premier Klass” MTK-nın nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında bildirmişdir ki, iddiaçı tərəfin istinad etdiyi xx.xx.2022-ci il tarixli ekspert rəyi əsassızdır. Bütün bunları nəzərə alaraq, iddia tələbinin qismən təmin olunması, etirazının əsaslarının nəzərə alınması və yekun məhkəmə aktı çıxarılarkən 11 yanvar 2023-cü il tarixli ekspert rəyinin mötəbər sübut kimi qəbil edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur: Cavabdeh MTK və İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə (köçürülmə) əsasən Müqavilənin predmeti aşağıdakılardan ibarət olmuşdur; 1.1. Bu müqaviləyə əsasən, Tikinti şirkəti söküntüsü nəzərdə tutulmuş binada “Mülkiyyətçi” yə AR ƏMDRX tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarış (reyestr nömrəsi **********53-**********1, qeydiyyat nömrəsi **********) ilə mülkiyyət hüquqlarını təsdiq edən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 86.1 kv.m olan 39 saylı tam təmirli mənzili sökülmək üçün təhvil alıb “Tikinti şirkəti” tərəfindən ünvan 2 ünvanında inşa etdiyi 18 (+mansard) mərtəbəli binada 163.5 kv.m-dən ibarət 3 otaqlı mənzili və binanın altında yerləşən 25 kv.m-dən ibarət avtodayanacağı (qarajı) “Mülkiyyətçi” yə mətbəx mebeli və istilik radiatorları ilə təchiz olunmaqla tam təmirli şəkildə təhvil verməyi öhdəsinə götürmüşdür. “Mülkiyyətçi” öhdəsinə götürmüşdür ki, bu Müqavilənin imzalandığı tarixdən etibarən 3 (üç) günü ərzində ona məxsus mənzil söküntü üçün “Tikinti şirkəti” nə təhvil verəcək, bu Müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş binada yerləşən mənzili isə qəbul edəcəkdir; “Tikinti şirkəti” həmçinin öhdəsinə götürmüşdür ki, mənzil söküntü üçün mənzil söküntü üçün ona təhvil verildikdən sonra, növbəti aydan başlayaraq hər ay üçün 500 manat məbləğində kirayə haqqı yeni mənzil “Mülkiyyətçi”yə təhvil verilən günədək ödəniləcəkdir. “Mülkiyyətçi”nin kommunal borcları olduğu halda “Tikinti şirkəti” həmin məbləğləri ona veriləcək kirayə haqlarından tutularaq ödənişlər təmin ediləcəkdir; “Tikinti şirkəti” inşa ediləcək çoxmənzilli binanın “1”girişinin, 3cü mərtəbəsində yerləşən, 3 saylı mənzili və binanın altında yerləşən 25 kv.m-dən ibarət avtodayanacağı (qarajı) “Mülkiyyətçi” yə mətbəx mebeli və istilik radiatorları təchiz olunmaqla tam təmirli şəkildə təhvil verməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışının məzmunundan görünür ki, ünvan 4 ünvanında yerləşən kooperativ yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. Bu binanın 1-ci giriş, 3-cü mərtəbəsində ümumi sahəsi 163.5 kv.m olan 3 otaqlı 3 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2022-ci il tarixli “Təkrar pretenziya” məktubunun məzmunundan görünür ki, İddiaçı cavabdeh Premier Klass” MTK-nı müqavilə üzrə ünvan 7, 3 saylı mənzilə dair verilməli olan 163.5 kv.mdən-148.7 kv.m = 14.8 kv.m x 2200 = 32560 manat pul vəsaitinin ona ödənilməsini, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi ev 8, 3 saylı mənzilin tam təmir olunmasını, 2019-cu ilin iyun ayından bu günə kimi ayda 500 manat məbləğində kirayə haqqı hesablanaraq ona ödənilməsi; Binanın altında yerləşən 25 kv.m dən ibarət avtodayanacağın (qarajın) sənədləri ona təqdim olunması; Mənzilin mətbəx mebeli və istilik radiatorları ilə təchiz olunması; Ekspertə ödənilmiş 300 manat pul vəsaitin və ondan alınmış 840 manat pul vəsaitinin cavabdehdən alınaraq ona qaytarılması və .s tələblərinin icra olunması əks təqdirdə qanuni mənafeyinin müdafiə olunması üçün məhkəməyə müraciət olunacağıyla bağlı xəbərdar etmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 241 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2021-ci il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2022-ci il tarixli 10/5049 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, İddiaçı Cavabdeh MTK tərəfindən verilmiş ünvan 5 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın 3 saylı mənzilin faktiki olaraq ümumi sahəsinin 153.9 kv.m, yaşayış sahəsinin 81.6 kv.m və qeyri yaşayış sahəsinin 72,3 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Mənzilin faktiki sahəsi ilə həmin mənzilə dair Cavabdeh MTK tərəfindən verilmiş layihə-cizgidə qeyd edilən (müqavilədə) mənzilin ümumi sahəsi (yaşayış və qeyri-yaşayış sahəsi daxil olmaqla) arasında 9.6 kv.m fərq olduğu müəyyən edilmişdir. Mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən mənzil verilərkən ölçülərin hansı qaydaya əsasən aparıldığına dair məlumat olmadığından sahələr arasında yaranmış fərqin texniki səbəbini müəyyən etmək mümkün olmamışdır; 11 yanvar 2023-cü il tarixli “X2” tərəfindən verilmiş qiymətləndirmə rəyinin məzmunundan görünür ki, aparılmış tədqiqatlar nəticəsində Cavabdeh MTK-ya məxsus, ünvan 6 ünvanda tikilmiş 18 mərtəbəli binada yerləşən təmirsiz mənzilin avqust 2018-ci il tarixinə olan 1 kv.m-nin bazar qiyməti-1190.00 manat, təmirli isə 1415.00 manat müəyyən edilir. xx.xx.2022-ci il tarixli, “X3” tərəfindən verilmiş mütəxəssis rəyinin məzmunundan görünür ki, ünvan 7 ünvanda Cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli binada mənzillərin təmirli vəziyyətdə satış qiymətləri üzrə 1 (bir) kvadratmetrinin hazırkı dövrə orta bazar qiyməti 2.599 (iki min beş yüz doxsan doqquz) manat müəyyən edilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iddia tələbinin «20 avqust 2018-ci il tarixli Müqavilə üzrə Bakı şəhəri Nərimanov rayonu C.Hacıbəyli küçəsi ev 8, 3 saylı mənzil tam təmir olunması və mənzili mətbəx mebeli və istilik radiatorları ilə təchiz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması» hissəsi ilə bağlı qeyd edir ki, cavabdeh tərəf bu hissədə iddia tələblərini qəbul edir, bu hissədə iddia tələbləri mübahisələndirilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddia tələbinin “2019-cu ilin iyun ayı tarixdən qətnamə icra olunan günə qədər 500 manat kirayə haqqının hesablanıb ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Cavabdeh MTK və İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə (köçürülmə) əsasən “Tikinti şirkəti” həmçinin öhdəsinə götürmüşdür ki, mənzil söküntü üçün mənzil söküntü üçün ona təhvil verildikdən sonra, növbəti aydan başlayaraq hər ay üçün 500 manat məbləğində kirayə haqqı yeni mənzil “Mülkiyyətçi”yə təhvil verilən günədək ödəniləcəkdir. “Mülkiyyətçi”nin kommunal borcları olduğu halda “Tikinti şirkəti” həmin məbləğləri ona veriləcək kirayə haqlarından tutularaq ödənişlər təmin ediləcəkdir. Müqavilədən də göründüyü kimi kirayə haqqı mənzil təhvil verilən günə qədər həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf qətnamə icra olunan günə qədər 500 manat kirayə haqqının hesablanıb ödənilməsini tələbi etsə də, gələcəkdə müqavilədə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirilməsi müqavilə tərəflərinin hərəkət və ya hərəkətsizliyindən asılı olduğundan iddianın qeyd olunan hissəsi əsaslı sayıla bilməz. Buna görə də, məhkəmə kirayə haqqını 2019-cu ilin iyun ayından iddiaçı məhkəmədə iddia qaldırıldığı günə qədər hesablanmaqla Cavabdeh MTKdan (33 ay) 500 manat olmaqla cəmi 16500 manat kirayə haqqı hesablanaraq İddiaçı ödənilməlidir. İddia tələlbinin digər hissəsi Bakı şəhəri Nərimanov rayonu C.Hacıbəyli küçəsi ev 8, 3 saylı mənzilə dair verilməli olan 163.5 kv.m-dən-148.7 kv.m =14.8 kv.m. x 2200 =32.560 manat pul vəsaiti iddiaçıya ödənilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir; 775-ci maddəsinə əsasən əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununun 5-ci bəndinə əsasən şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlayır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, Cavabdeh MTK İddiaçı ünvan 3 ünvanında inşa etdiyi 18 (+ mansard) mərtəbəli binada 163.5 kv.m-dən ibarət 3 otaqlı mənzil verməyə öhdəsinə götürmüşdür. Məhkəmə, məhkəmə araşdırmasının nəticələrini əsas götürüb, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, bağlanmış müqavilədə qeyd edilən mənzilin ümumi sahəsinin arasında fərq 9.6 kv.m təşkil edir. Bu da öz növbəsində iddia tələbinin qismən əsaslı olmasını şərtləndirir. Buna görə də, iddia tələbi bu hissədə qismən təmin olunmalı, Cavabdeh MTK-dan Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi ev 8, 3 saylı mənzilə görə 9,6 kv.m. x 1415 manat = 13 584 manat pul vəsaiti iddiaçıya ödənilməlidir. Belə ki, fərdi müəyyən əşyaların müqavilənin predmetində nəzərdə tutulmuş əşya olmasının 2 göstəricisi - kəmiyyət və keyfiyyət göstəricisi olur. Müqavilə predmeti ev (mənzil) olduqda, onun kəmiyyət göstəricisi kimi ölçü vahidi olan "kvadrat metr” çıxış edir. Nəzərə alsaq ki, satılan obyektin hər kvadrat metrinin dəyəri kifayət dərəcədə pul edir, o zaman alıcıya xeyli ziyan dəymiş olur. Bu baxımdan iddiaçı hazırkı iddianı qaldırmaqda haqlıdır. Çünki, müqaviləsi bağlanarkən cavabdeh öz üzərinə alıcıya müqavilə üzrə şərtləşdirilmiş ölçüdə (miqdarda) olan əşyanı verməyi, alıcı isə həmin əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə mənzilin 1 kv.m. üçün məbləğin müəyyən olunmasında 11 yanvar 2023-cü il tarixli “X2” tərəfindən verilmiş qiymətləndirmə rəyini ağlabat hesab edir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş analoji müqavilələrdə eyni ərazi üzrə mənzilin 1 kv.m. üçün dəyəri 1100 manat olaraq göstərilmişdir. Cavbadehin bu hissədə iddiaya etiraz edərək göstərir ki, xx.xx.2018-ci il tarixli Müqavilənin 6.1-ci bəndinə əsasən ““Mülkiyyətçi” bəyan edir ki, “Tikinti Şirkəti” tərəfindən ona veriləcək mənzillə bağlı (mənzilin sahəsi və s) “Tikinti Şirkəti”nə qarşı hər hansı tələb irəli sürməyəcəkdir”. Belə olan təqdirdə iddiaçının mənzilin sahəsinə dair sadəcə hesablama qaydasına görə yaranmış fərqi tələb etməsi əsassızdır, eyni zamanda nəzərə alsaqki ona verilən mənzilin sahəsi ona məxsus sökülmüş mənzilin sahəsində ən azı 70 kv.m çoxdur, belə iddia tam əsassızdır. Əlavə verilmiş 25 kv.m sahəsi olan qaraj da nəzərə alınmalıdır. Mənzilin hər kv.m sahəsinin 2200 manat olması isə heç bir sübutla təsdiq edilmir. Hətta mənzilin kvm üçün qiymət müəyyən ediləcəyi təqdirdə belə Müqavilənin 6.1-ci maddəsi sahə fərqinə görə pul tələb edilməsini istisna edir. Məhkəmə etirazda göstərilmiş bu hala münasibətdə qeyd edir ki, müqavilənin qeyd olunan şərti qanunvericiliyə ziddir və tərəflərin münahisələndirməsindən asılı olmayaraq etibarsızdır. Belə ki, Mülki Məcəllənin 6.1.9, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddia tələbinin «binanın altında yerləşən 25 kv.m-dən ibarət avtodayanacağı (qarajı) 2019-cu ilin may ayından təhvil verilmədiyindən həmin vaxtdan qətnamə icra olunan günə kimi aylıq 100 (bir yüz) manat hesablanmaqla iddiaçıya ödənilməsi» hissəsi əsassızdır, rədd olunmalıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə qaraja görə kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır. Digir tərəfdən, müqavilə vaxtında icra edilmədiyi üçün iddiaçı özünə məxsus avtomaşını başqa avtodayanacaqda saxlaması və buna görə hər ay 100 manat ödəməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. İddiaçının üzərinə düşən sübutetmə yükü ilk öncə avtomobil saxlamaya görə çəkdiyi xərcləri sübut edilməsindən ibarətdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə istinadən iddiaçı iddia tələbinin əsaslandıra bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Zərərin əvəzinin odənilməsinə münasibətdə Azərbaycan Respublikası Mulki Məcəlləsinin 21-ci maddəsi umumi norma kimi cıxış edərək, zərərin əvəzinin odənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız huquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin odənilməsi ucun iddia tələbinin əsasının özü isə digər huquq sahələrində (məsələn, muqavilə huququ, delikt huququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mubahisəyə munasibətdə cavabdehin qarajı vaxtında təhvil verməməkdə təqsiri muəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin odənilməsi ucun iddia tələbinin əsası da məhz delikt huququndan irəli gəlir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). İddia tələbinin “2019-cu ilin iyun ayından ödənilməmiş (gecikdirilmiş) müddət üzrə qətnamə icra olunan günə illik bank faizi 5 % olmaqla cavabdehdən tutularaq iddiaçıya verilməsi” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə əsassız olduğundan rədd edilməlidir. Birincisi, iddiaçı həmin tələbini kifayət qədər aydın şəkildə əsaslandırmamışdır; ikincisi, tərəflər arasında bağlanmış müqavilədə cavabdehin iddiaçıya faiz ödəyəcəyi nəzərdə tutulmamışdır; üçüncüsü isə, məhkəmənin müvafiq nəticəyə gələrkən istinad etdiyi mülki qanunvericilik normalarının mənasına görə şəxs yalnız qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama hərəkətlərinə yol verməklə özgənin pul vəsaitindən faydalanır: hazırkı işdə isə, cavabdehin iddiaçıya məxsus pul vəsaitindən faydalanaraq müəyyən gəlir, artım, bəhər və s. əldə etmiş olduğu barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında qeyd edilir ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə iddia tələbinin “2019-cu ilin iyun ayından ödənilməmiş (gecikdirilmiş) müddət üzrə qətnamə icra olunan illik bank faizi 5% olmaqda cavabdehdən tutulması ilə bağlı nəticəyə gəlmişdir ki, iddiaçı bu barədə faktiki sübut təqdim etmədiyindən, iddia həmin hissədə rədd olunmalıdır. Məhkəmə iddia tələbinin “cavabdehin vəzifəli şəxsləri barədə xüsusi qərardad çıxarılması və prokurora göndərilməsi” hissəsində belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, məhkəmə iddiaçı tərəfin «mülki iş üzrə cinayətin əlamətləri aşkara çıxarıldığından xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi» barədə tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Cavabdeh MTK-nın əməlində cinayətin əlamətlərinin olması aşkara çıxarılmadığından, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddianın - ekspertiza keçirilməsi ilə bağlı ödənilmiş 300 manat, iddiaçıdan alınmış 840 manat və ödənilmiş dövlət rüsumu 241 manat pul vəsaiti tutulması issəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissələrdə də qismən əsaslıdır. İddiaçı tərəf ondan 840 manat alınmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Digər tərəfdən, iddiaçı ekspertiza keçirilməsi ilə bağlı ödənilmiş 300 manat ödəsə də, məhkəmə araşdırması zamanı təyin olunmuş məhkəmə-tikinti texniki ekspertizası idddiaçının tələbindən fərqli rəy verdiyindən həmin xərc tərəflər arasında mütanasib olaraq bölünməlidir. (50 manat) Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 241 manat məbləğində dövlət rüsumunun alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır, təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 20 avqust 2018-ci il tarixli Müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi ev 8, 3 saylı mənzil tam təmir olunmaqla iddiaçıya təhvil verilsin. 2019-cu ilin iyun ayından 2022-ci ilin mart ayına qədər (33 ay) 500 manat olmaqla cəmi 16500 manat kirayə haqqı hesablanaraq iddiaçıya ödənilsin. Cavabdeh MTK-dan Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi ev 8, 3 saylı mənzilə görə 9,6 kv.m. x 1415 m = 13 584 manat pul vəsaiti iddiaçıya ödənilsin. Mənzilin mətbəx mebeli və istilik radiatorları ilə təchiz olunması vəzifəsi cavabdeh Premier Klass” MTK-nın üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 241 manat məbləğində dövlət rüsumu Cavabdeh MTK-dan alınaraq İddiaçı verilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 50 (bir yüz) manat İddiaçı və Cavabdeh MTK müştərək qaydada tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE**********0002088501, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar