Məhkəmə qərarları › İş №2(005)-898/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-898/2023

10.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-898/2023 10.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmək haqqı fərqinin, iş vaxtından artıq işlərə görə əlavə əmək haqqının ödənilməsi və sair tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona müəssisədə işlədiyi dövr ərzində ödənilməyən əmək haqqı fərqi və əlavə iş saatlarına görə 35.000 manat, mənəvi zərərə görə 10.000 manat olmaqla, cəmi 45.000 manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən müəssisədə işlədiyi dövr ərzində ödənilməyən əmək haqqı fərqi və əlavə iş saatlarına görə 15.617,30 manat, mənəvi zərərə görə 10.000 manat, cəmi 25.617,30 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh Qeydiyyat Bölməsinə qeydiyyatçı ixtisası üzrə işə qəbul edilmişdir. İddiaçının iş yeri Cavabdeh tabeliyində olan 5 nömrəli Şəhər Klinik Xəstəxanası olmuşdur. xx.xx.2022-ci il tarixdə İddiaçı əmək müqaviləsinə 181-K əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin a yarımbəndinə əsasən xitam verilmişdir. İddiaçı Cavabdeh Qeydiyyat Bölməsinə qeydiyyatçı ixtisası üzrə işə qəbul edilsə də, o faktiki olaraq cavabdeh müəssisədə “kadr üzrə mütəxəssis” vəzifəsini icra etmişdir. Cavabdeh rəhbəri Fazil Alməmmədov iddiaçı A.V. Heydərovaya hər dəfə maaş fərqinin ödənilməsinə söz versə də, hər ay bir bəhanə ilə həmin vəzifələr arasında mövcud maaş fərqini verməkdən imtina etmişdir. Belə ki, cavabdeh müəssisədə qeydiyyatçı vəzifəsi üzrə iş saatı həftə içi saat 09.00-dan 16.00-a qədər, şənbə günləri isə 09.00-dan 14.00-a qədər müəyyən edilmişdir. İddiaçı iş üzrə cavabdeh olan “X6” əlavə iş saatlarını da işləmək məcburiyyətində qalmışdır. Belə ki, İddiaçı əmək müqaviləsinin tələblərinə əsasən axşam saat 18.00-da iş saatının bitməli olduğu təqdirdə cavabdeh müəssisə tərəfindən həftənin bəlli günlərində axşam saat 21.00-a qədər işləməyə məcbur edilmişdir. İddiaçı buna etiraz etdikdə isə ona “over time”ların, yəni əlavə iş saatlarının pulunun ödəniləcəyi söz verilmişdir. Lakin buna baxmayaraq cavabdeh müəssisə bu günə qədər iddiaçıya həmin ödənişləri etməmişdir. Cavabdeh müəssisə Cavabdeh PHŞ-nin tabeliyində olan 5 Nömrəli Şəhər Klinik Xəstəxanasında qeydiyyatçının vəzifə maaşı 294 manat əlavə ilə 474 manat, kadr işləri üzrə aparıcı mütəxəssis vəzifəsinin maaşı isə 770 manat, əlavə ödənişlə isə 960 manat təşkil edirdi. Cavabdeh iddiaçını qeyd olunan ikinci vəzifədə çalışdırsa da həmin maaş fərqini iddiaçı A.V. Heydərovaya ödəməkdən imtina edir. Cavabdeh “X11" PHŞ iddiçı İddiaçı əmək müqaviləsinə xitam verdiyi zaman əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq işçiyə əmək müqaviləsinin nüsxəsini, əmrlərin surətini, elektron bildirişləri və əmək kitabçasını təqdim etməmişdir. İddiaçı A.V. Heydərova hüquqlarının pozulduğu müəssisənin rəhbərliyinə bildirdiyi zaman Cavabdeh PHŞ-in direktoru Fazil Alməmmədov onu təhqir etmişdir. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi zərərə məruz qalmışdır. Belə ki, Cavabdeh PHŞ-nin direktoru Fazil Alməmmədovun iddiaçı A.V. Heydərovaya qarşı təzyiq xarakterli hərəkətləri, daimi olaraq iş zamanı gərgin bir atmosferdə onu işlədərək hər an onu qovulmaqla təhdid etməsi nəticəsində İddiaçı mütəmadi olaraq stressli və əsəb gərginliyi vəziyyətində olmuşdur ki, bu da onun səhhətinə mənfi təsir göstərmişdir. İddiaçının nəinki başqa vəzifədə və iş qrafikindən artıq işləmələrinin sübutları, hətta direktor Fazil Alməmmədovun göstərişləri ilə kadrlar şöbəsində baş vermiş ciddi, araşdırılması vacib olan qanun pozuntularının iddiaçıda səs, video yazıları, sübutları vardır. Cavabdeh nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq İddiaçı iddiasının əsassız olduğunu və qanunvericiliklə müəyyən olunmuş iddia müddətini buraxdığını bildirmiş, bu səbəbdən iddianın rədd olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Tibb Mərkəzində qeydiyyatçı vəzifəsi üzrə işə qəbul olunmuş və həmin vəzifə üzrə işləyərək əmək haqqı almışdır. İddiasında qeyd etdiyindən fərqli olaraq, İddiaçı məcburi əməyə cəlb edilməmişdir. İddiaçı 2022-ci ildə müxtəlif Dövlət orqanlarına eyni məzmunla şikayət ünvanlasa da, iddiası təsdiqini tapmamışdır. İddiaçı Tibb Mərkəzinin direktoru haqqında iddasında qeyd etdiyi hallar tam əsassızdır və böhtan xarakterlidir. İddiaçının məhkəməyə şahid kimi gətirdiyi şəxsin ifadələri həqiqəti əks etdirmir və həmin şahidin Tibb Mərkəzindəki vəzifəsi elektrik olmuşdur. Həmin şəxsin kadlar şöbəsi ilə mütəmadi olaraq hansısa əməkdaşlığı olması absurddur. İddiaçının əmək haqqı və digər ödəmələrlə bağlı tələbi normativ hüquq aktların tələblərinə əməl olunmadan öz mülahizələrinə əsasən hesablanmışdır ki, bu da qanunaziddir. İddiaçı, Tibb Mərkəzi tərəfindən məhkəməyə şahid kimi cəlb olunan şəxsə qabaqcadan zəng edərək təsir göstərmiş və bu hərəkətləri ilə şahidə təzyiq göstərməyə çalışmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi audio və video yazılar, onun iddiaları üçün əsas sayıla bilməz. Sonuncu video yazının tam versiyasının məhkəməyə təqdim olunması üçün Tibb Mərkəzinin hüquqşünası və nümayəndəsi xahişlə hakimə müraciət etmişdir. Həmin videonun tam versiyasına baxılarkən iddiaçının Tibb Mərkəzində etik davranış qaydalarını və xəstəxananın normal fəaliyyətini pozan hərəkətlərə yol verdiyi görülməkdədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 iddianın rədd olunmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında İddiaçı “Xəstə xidmətləri” Şöbəsinin “Qeydiyyat” bölməsinə “Qeydiyyatçı” vəzifəsinə 3 ay müddətinə işə qəbul edilməsinə dair müqavlə imzalanmışdır. İşçinin taarif maaşının 294 manat olduğu razılaşdırılmışdır; - İcbari Tibbi Sığorta üzrə X13 Ərazi Bölmələrini İdarəetmə Birliyi X11nin xx.xx.2021ci il tarixli, 17-K nömrəli əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən əmək müqaviləsi əsasında “Qeydiyyat” bölməsinə “Qeydiyyatçı” vəzifəsinə 1.0 ştat vahidi, 3 ay müddəti ilə qəbul edilmişdir; - İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, Cavabdeh Qeydiyyat Bölməsinə “Qeydiyyatçı” ixtisası üzrə xx.xx.2021-ci il tarixində işə qəbul edilmişdir; - Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, İddiaçı ilə X11 X19 arasında bağlanmış əmək müqaviləsi xx.xx.2021-ci il tarixli xxxxxxx000200 nömrəli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır; - “Qeydiyyat bölməsində qeydiyyatçı işləyən” İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdən işdən azad edilməsini xahiş etmişdir; - İcbari Tibbi Sığorta üzrə X13 Ərazi Bölmələrini İdarəetmə Birliyi X11nin PHŞ-nin xx.xx.2022-ci il tarixli, 181-K nömrəli əmrinin surətindən görünür ki, “İddiaçı ilə bağlanan xxxxxxx000201 nömrəli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən xitam verilməsi, ƏMin 144-cü maddəsinin ikinci hissəsinə əasən istifadə etmədiyi əmək məzuniyyətinə görə 12 təqvim gününün əvəzinin ödənilməsi və işçi ilə son haqq-hesabın aparılması qərara alınmışdır; - İşçinin şəxsi vərəqəsindən görünür ki, X1 hesabına 16 iş günü üçün son haqqhesab olaraq 393,82 manat pul köçürülmüşdür; - İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh direktoru X5 tərəfindən İddiaçı əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində yol verilmiş qanun pozuntusu nəticəsində AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) inzibati xəta törədilmişdir; -İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh tabeliyində olan 5 nömrəli Şəhər Klinik Xəstəxanası xx.xx.2022-ci il tarixində keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir; -Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, 2017ci ildən 2022-ci ilə qədər 5 il müddətinə xəstəxanada işləmişdir. İddiaçı 2021-ci ildə xəstəxanada işə başlamışdır. İddiaçını həmin xəstəxanadan tanıyır. Ayşən xanım işə başladığı vaxtdan çıxana qədər kadrlar şöbəsində işləmişdir. O, Ayşən xanımı kadrlar şöbəsinin işçisi kimi tanımışdır. O, iddiaçını hər zaman kadrlar şöbəsində görmüşdür. İddiaçıda kadrlar şöbəsinin işçilərinin səlahiyyətində olan portala daxil olmaq səlahiyyəti vardır. O, dəfələrlə iddiaçıya işçilər barədə məlumat üçün müraciət etmişdir. Bu zaman iddiaçı portala daxil olaraq, ona işçilər barədə məlumat vermişdir. Kadrlar şöbəsində şöbə rəisi Esmira xanım, Ayşən xanım və Səbinə xanım əyləşirdi. Kadrlar şöbəsinin rəisi Esmira xanım vəzifə səlahiyyətlərini aşdığı və iddiaçıya qarşı təhqiredici ifadələrdən istifadə etdiyi üçün onlar arasında konflikt yaranmış və iddiaçı bu səbəbdən də işdən ayrılmışdır. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh “Xəstə xidmətləri” Şöbəsinin “Qeydiyyat” bölməsinə “Qeydiyyatçı” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə isə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən öz ərizəsi ilə xitam verilmişdir. İşçinin tarif maaşı 294 manat təşkil etmişdir. Hazırda iddiaçı əmək müqaviləsində “qeydiyyatçı” kimi qeyd edilsə də faktiki olaraq “kadr üzrə mütəxəssis” vəzifəsini icra etməsinə və iş saatından artıq işlərə cəlb edildiyinə əsaslanaraq əmək haqqı fərqi və əlavə iş saatlarına görə 15.617,30 manat, mənəvi zərərə görə 10.000 manat, cəmi 25.617,30 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 1 və 6-cı hissələrinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Əmək müqaviləsində mütləq qaydada şərtləşdirilməli olan hallardan biri də işçinin əmək funksiyası və əmək şəraitinin şərtləridir (Əmək Məcəlləsinin 43.2-ci maddəsinin “e” və “ə” bəndləri). Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. İşçinin əmək şəraitinin şərtləri isə iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunmasıdır. İşəgötürən əmək müqaviləsində nəzərdə tutulmuş əmək şəraitinin şərtlərini təmin etməlidir. Əmək Məcəlləsinin 59-cu maddəsinə görə işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Eyni Məcəllənin 154.1 və 156.1-ci maddələrinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən az olmayaraq ödənilir. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, işçi işəgötürənlə əmək müqaviləsini rəsmiləşdirməklə qanunvericiliklə müəyyən olunmuş qaydada əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyasını yerinə yetirmək və müqavilə ilə müəyyənləşdirilmiş iş rejimində çalışmaq, buna görə müvafiq haqq almaq hüququna malikdir. Əmək müqaviləsində şərtləşdirilməli olan hallar, eləcə də işçiyə başqa vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsinin həvalə edilməsi tərəflərin razılığı ilə müəyyənləşdirilməlidir ki, bu da onların imzaları ilə təsdiq edilməlidir. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarını müəyyən edən Əmək Məcəlləsinin 9cu maddəsinin “e” bəndinə əsasən işçinin iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 99-cu maddəsinin birinci hissəsinin tələblərinə görə iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Bu Məcəllənin 165-ci maddəsinin birinci və ikinci hissələrinə görə işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. Göstərilən maddi hüquq normalarının müqayisəli şəkildə təhlili əsasında belə nəticəyə gəlmək olar ki, işçi işəgötürənlə əmək müqaviləsini rəsmiləşdirməklə qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq, iş vaxtından sonra və həftələrarası istirahət günlərindən istifadə etmək hüququ əldə edir. Lakin işçi işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində əmək funksiyasını yerinə yetirməyə cəlb edilə bilər ki, bu vaxt da o həmin artıq iş saatlarına görə əlavə əmək haqqı almaq hüququ əldə edir. Lakin hazırki iş üzrə İddiaçı əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyasını deyil, başqa işi icra etdiyinə, iş vaxtından artıq vaxt ərzində iş gördüyünə və bunun müqabilində ona əlavə haqqın ödənilmədiyinə istinad etsə də, bu halları təsdiq edən hər hansı sübutu (işəgötürənin əmri, sərəncamı, qərarı və sair) məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində iş saatları və əmək funksiyası müəyyən edilmiş, işəgötürən tərəfindən işçinin əlavə iş saatlarına və ya başqa işə cəlb edilməsi barədə müvafiq əmr və göstəriş verilməsinə dair işdə heç bir sübut mövcud deyildir. Qeyd edilməlidir ki, işçinin əmək fəaliyyətinə başlanmasını şərtləndirən amil əmək müqaviləsidir ki, bu müqavilə bağlanmadan (imzalanıb qeydiyyatdan keçmədən) kiminsə əmək münasibətlərinə daxil olması və ya müqavilədən kənar işləri görməsi onun öz risk dairəsinə daxil olan məsələdir. Məhkəmə iddiaçının istinad etdiyi dəlillərə hüquqi qiymət verərək bir daha qeyd edir ki, işçinin iş vaxtından artıq müddət ərzində işəgötürənin təşəbbüsü ilə işdə olmasını əsaslandıran sənəd sonuncunun əmri, sərəncamı və ya qərarıdır. Həmçinin işçinin əmək funksiyası isə əmək müqaviləsi ilə və ya işçinin razılığı ilə başqa işə keçirilmə barədə işəgötürənin sərəncamı əsasında müəyyən edilir (bu zaman mütləq qaydada əmək müqaviləsinə dəyişiklik edilməli və ya yeni əmək müqaviləsi bağlanmalıdır). İddiaçının istinad etdiyi bu halları tərtib edilmiş iş vaxtının uçot tabellərindən də müəyyən etmək mümkün olmamışdır. Digər tərəfdən, işçinin müəssisədə işdən sonra olması hələ onun iş (rejiminə müvafiq) vaxtından artıq olan fəaliyyətinə, işdə olmasının məhz işəgötürənin təşəbbüsü ilə baş verdiyinə dəlalət etmir və onun tərəfindən kifayət qədər zaman çərçivəsində (1 ildən çox) ehtimal olunan hüquqlarının müdafiəsi üçün müraciətlərin edilməməsi bu halın mövcudluğunu şübhə altına alan hal kimi qiymətləndirilə bilər. Beləliklə, məhkəmə qeyd edir ki, hazırki mülki işin başlanmasına əsas olan iddia əsassızdır. Belə ki, iddiaçının dəlilləri sübuta yetirilmir və mənafeyinin pozulmasına birbaşa dəlalət edən qanunvericilik müddəalarına uyğunsuzluq müəyyən edilmir. Mülki prosessual qanunvericiliyə uyğun olaraq iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələri). İddiaçı məhkəməyə təqdim etdiyi səs yazıları və şahid ifadəsi ilə əlaqədar qeyd olunmalıdır ki, həmin sübutlar iddiaçının istinad etdiyi halları təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz (qəbul edilsə belə həmin səs yazıları iddia tələbinin əsaslılığının sübuta yetirilməsi üçün kifayət etmir). Belə ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 81-ci maddəsi). Başqa əmək funksiyasının yerinə yetirilməsinə görə əmək haqqı fərqinin ödənilməsi, eləcə də iş vaxtından artıq işlərə cəlb edildiyinə görə əmək haqqının ödənilməsi tələbi ilə bağlı sübutlar o qədər etibarlı olmalıdır ki, qəbul edilmiş qərarın obyektivliyi şübhə altına alınmasın. Hazırkı işdə isə iddiaçının tələb etdiyi halları tədiq edən etibarlı sübutlar mövcud deyil. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Həmçinin qeyd edilməlidir ki, X8 Xidməti tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçının qeyd etdiyi pozuntular aşkar edilməmiş, aşkar edilmiş pozuntu isə son haqqhesabın vaxtında ödənilməməsi ilə bağlı olmuşdur ki, bununla əlaqədar cavabdeh barəsində inzibati tənbeh tətbiq edilmiş, sonradan hər iki tərəfin izahatına və iş materiallarına əsasən son haqq-hesab ödənilmişdir. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, cavabdehin iddiaçıya qarşı hər hansı hüquqazidd əmələ yol verməsi sübuta yetirilmədiyindən iddia mənəvi zərərlə bağlı hissədə də təmin olunmamalıdır. Məhkəmə cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2 və 269.4-cü maddələrinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı aradan qalxır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə təmin edilmədiyindən iddia müddətinin tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmək haqqı fərqinin, iş vaxtından artıq işlərə görə əlavə əmək haqqının ödənilməsi və sair tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmək haqqı fərqinin, iş vaxtından artıq işlərə görə əlavə əmək haqqının ödənilməsi və sair tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar