Məhkəmə qərarları › İş №2(005)-916/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-916/2022

15.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-916/2022 15.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X9, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi evdən istifadə hüquqlarına xitam verilməsi və həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh hal-hazırda yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Yük həyəti, 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m., həyətyanı sahəsi 18 kv.m olan fərdi ev iddiaçıya məxsus olub. Həmin evi təqribən 30 il bundan əvvəl tikmişdir. Müəyyən səbəblərə görə həmin evi satmaq qərarına gəlmişdir. Evi bacısı oğlu X1 həyat yoldaşı Cavabdeh almaq istəyirdi. Daşınmaz Əmlakın Dövlət Reyestrində iddiaçının adına qeyydiyyatdan keçmədiyi üçün evi rəsmi qaydada, yəni alqı-satqı müqaviləsi bağlayaraq notariusda təsdiq edilməklə satmaq mümkün olmamışdır. Buna baxmayaraq evi X6 40.000 manata satmışdır və həmin məbləğdə pulu ondan almağı barədə 22 sentyabr 2018-ci il tarixdə qəbz yazıb, qəbzdə imza edərək Cavabdeh qzına vermişdir. Cavabdeh isə iddiaçıya 40.000 manat pul verdiyini təsdiq edərək qəbzdə imza etmişdir. Bundan sonra Cavabdeh adına etibarnamə verilmişdir. Onu evə qeydiyyata salmaq, qaz, su və elektrik xəttini ayıraraq texniki şərt alınmış, daha sonra qaz, su və elektrik üçün ayrıca sayqaclar quraşdırılması üçün 5000 manat pul xərcləmişdir. Cavabdeh həmin evdə bir müddət yaşadıqdan sonra ödədiyi 40.000 manat pulun geri qaytarılmasını tələb etmişdir, öz tələbini onunla əsaslandırmışdır ki, o, aldığı fərdi evin plana düşəcəyini, gələcəkdə həmin evi 115.000 (yüz on beş min ) manata satıb qazanc əldə edəcəyini güman edərək almışdır. Evin plana düşməyəcəyini bildikdə isə verdiyi 40.000 manat pulun geri qaytarılmasını tələb etmişdir. Cavabdeh evi 2018-ci ilin iyun ayında alıb və həmin vaxtdan indiyə kimi həmin evdə yaşayır. İddiaçı Cavabdeh təklif etmişdir ki, imkan versin evi başqa bir şəxsə satıb onun pulunu qaytarsın. Lakin Cavabdeh bununla razı olmayaraq iddiaçıya verdiyi 40000 manat pulu geri almaq üçün məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli 2(005)- 3888\2019 №-li qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin edilmiş, 40.000 manat məbləğdə pulun iddiaçı X4 xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş Bakı Apelyasiya Məhkəməsinin 02 03.2020-ci il tarixli 2(103)-2014\2020 saylı qətnaməsi ilə təmin edilməmiş, Nərimarov rayon Məhkəməsinin 2(005)-3888\2019 №-li xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-2014\2020 №-li qətnaməsindən verilmiş Kasassiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-4831/2020 №-li qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2021-ci ilin fevral ayında Cavabdeh qarşı mənzilin satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-1626\2021 saylı qətnaməsi ilə iddiaçının Cavabdeh qarşı mənzilin satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəm təmin edilməmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-6643\2021 №-li qətnaməsi ilə qismən təmin edilmiş, hazırkı iş üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(005)-1626\2021-ci il tarixli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi xx.xx.2021-ci il tarixli 2(103)- 6643\2021 №-li qətnaməsində belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyti olan bütün faktiki hallar araşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, iddiaçı hazırkı iddia tələbində müstəqil olaraq cavabdehin mənzildən çıxarılmasını tələb etməmiş, yalnız Bakı şəhəri, Nərimanov rayonu. Keşlə yük həyəti. 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi evin satılması və əldə edilmiş pul vəsaitindən öz hesabına qaz, su və elektrik xəttlərinin ayrılması, texniki şərtlərin alınması, aynca sayğacların quraşdırılması və pasport qeydiyyatına alınması üçün ödədiyi 5000 (beş min) manat pulu. 2018-ci ilin iyun ayından bu günə kimi ortalama hesab ilə təşkil edən 16.500 (on altı min beş yüz) manat kirayə haqqının xaric edilməsi və bundan sonra cavabdehin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya hesab etmişdir ki, iddiaçının cavabdehin evdən çıxarılması ilə bağlı tələbi digər tələblərdən asılı edilməklə irəli sürüldüyündən, evdən çıxarılma tələbinin asılı edildiyi digər tələblərin əsassız olduğu üçün təmin edilməsi mümkün olmadığından, cavabdehin evdən çıxarılması ilə bağlı tələb də təmin edilə bilməz. İddiaçı Cavabdeh qarşı mənzilin satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edərkən vəkilə müraciət edib məsləhət almamışdır, iddia ərizəsini qohumlarının köməkliyi ilə yazmışdır. Ona görə də iddia predmetini düzgün seçməmişdir və əsaslandırmamışdır. Nəticədə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində qeyd edildiyi kimi Nərimanov rayon məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdınlmamış, məkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlməmişdir. Müvafiq orqanlar etiraz etmədiyi üçün iddiaçı öz vəsaitim hesabına Bakı şəhəri. Nərimanov rayonu. Keşlə yük həyəti 15 ünvanda yerləşən 18 kv.m torpaq sahəsində 3 otaqdan ibarət fərdi yaşayış evi inşa edib müəyyən müddət həmin evdə yaşadığına görə, sözü gedən tikiliyə sahiblik və istifadə hüququ əldə etmişdir. İddiaçı həmin tikiliyə, yəni yaşayış sahəsinə sahiblik və istifadə hüququ əldə etdiyinə görə həmin evə faktiki mülkiyyət hüququ əldə etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı və onun nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, onların təqdim etdiyi sübutları və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-3888/2019 nömrəli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, iddiaçı Cavabdehler İddiaçı və X7 qarşı Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Yük həyəti ünvanındakı üç otaqlı evə görə verdiyi 40.000 (qırx min) manat pulu X8 və X2 alınıb ona qaytarılması tələbi qismən təmin edilərək, cavabdeh X3 40.000 (qırx min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı Cavabdeh xeyrinə tutulması qətt edilmişdir. xx.xx.2022-ci il tarixli DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, İddiaçı, X5 və Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadırlar. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflərin izahatından və təqdim etdiyi sübutlarla müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi, tərəflərin şifahi razılığı əsasında 40000 manat müqabilində cavabdehə satılmışdır. Bundan sonra cavabdeh iddiaçının istifadəsində olan fərdi yaşayış evinə köçərək orada qeydiyyata düşmüşdür. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-3888/2019 nömrəli qanuni qüvvəsini almış qətnaməsi cavabdeh X3 40.000 (qırx min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı uzun illərdir istifadəsində olan fərdi yaşayış evini sataraq qeyd olunan qətnamə üzrə müəyyən edilmiş öhdəliyi yerinə yetirmək istəyir. Lakin cavabdehin halhazırda həmin evdə yaşaması və iddiaçının həmin evi satmağına maneə törətməsi səbəbindən evi sata bilmir. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiyal əlaqəsi yaranmış olur. Belə olan halda iş materiallarına əlavə edilmiş məhkəmə qətnamələrindən müəyyən olunur ki, tərəflər arasında mübahisə predmeti yalnız Cavabdeh tərəfindən İddiaçı ödənilmiş 40000 manat pulun ödənilməsi hissəsində təmin edilmişdir. Göstərilənlərdən müəyyən olunur ki, cavabdehin Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi evdə məskunlaşması həmin evin satılmasına dair tərəflərin şifahi razılaşması yəni iddiaçının icazəsi ilə baş tutmuşdur. Hal-hazırda məhkəməyə təqdim edilmiş məhkəmə qətnamələrindən müəyyən olunur ki, tərəflər arasında qeyd olunan evin cavabdehə satılmasına dair razılaşma baş tutmamışdır. Belə olan halda hazırda cavabdehin həmin mənzildə yaşaması iddiaçının hüquqlarını pozmaqdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestirində qeydiyyat anından keçir. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Bundan başqa «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; Bu Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.3-cü maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli mənzildə qalması və mənzildən çıxmaması iddiaçının həmin mənzilə dair istifadə hüquqlarının həyata keçirilməsinə və həmin əmlakdan istifadə etməsinə imkan vermir və maneə yaradır. Bu səbəbdən Cavabdeh mübahisəli mənzildən qalması iddiaçının mənzil hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirilməli və müvafiq qətnamə cavabdehin həmin mənzildən çıxarılması və mənzilin onun tərəfindən boşaldılması üçün əsas olmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçının istifadəsində olan Bakı Şəhəri, Nərimanov rayonu. Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi evdən çıxarılmalı, mənzil boşaldılmalıdır. İddia tələbinin ikinci hissəsi cavabdehin qeyd olunan mənzildə istifadə hüququna xitam verilməsidir. Məhkəmə tələbin ikinci hissəsinə münasibətdə qeyd edir ki, vətəndaşın yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən istifadə hüququna xitam verilməsi şəxsin mənzildən çıxarılmasına bərabərdir. Eyni zamanda məhkəmə araşdırması zamanı tələbin müzakirə olunan ikinci hissəsi üzrə cavabdehin hüquqlarının mövcud olması, yəni hazırda cavabdehin Bakı Şəhəri, Nərimanov rayonu. Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi evdə istifadə hüquqnun olması müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Qeyd olunan maddi hüquq normalarında bilinən hüquqların açıqlamasını verən zaman qanunverici həmin hüquqların əmələ gəlməsi üçün tələb olunan şərtləridə müəyyən etmişdir. Belə olan halda iddia tələbində göstərilmiş istifadə hüququna xitam verilməsi zamanı ilk növbədə həmin hüququn mövcud olmasının müəyyən edilməsi şərtdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Hazırda iddiaçı tərəfindən cavabdehin Bakı Şəhəri, Nərimanov rayonu. Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi evə istifadə hüququna xitam verilməsi ilə bağlı tələbinin səbəbi cavabdehin həmin mənzildən qeydiyyatda olmasıdır. Yəni iddiaçı cavabdehin qeyd olunan mənzildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınmasını sonuncunun mənzilə istifadə hüqunun olması kimi qiymətləndirmişdir. Halbuki, vətəndaşın olduğu yer üzrə müvafiq icra hakimiyyəti tərəfindən qeydiyata alınması həmin şəxsin qeyd olunan evə istifadə hüququnun olmasını təsdiq etmir. Konstitusiya Məhkəməsinin Plenumu Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2020-ci il 24 sentyabr tarixli Qərarının 3-cü bəndində göstərilmişdir ki, “Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1—ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddi hüquq normasında istifadə hüqunun əmələ gəlməsi üçün göstərilmiş imperativ şərtlər hazırda cavabdehin Bakı Şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi evə dair istifadə hüququnun mövcud olmamasını təsdiq edir. Belə olan halda hazırda cavabdehin istifadə hüququnun olmaması halında, sonuncunun istifadə hüququna xitam verilməsi barədə iddia tələbi əsassızdır. Belə ki, yaranmamış hüququn itirilməsi ilə bağlı verilmiş iddia əsasızdır. Eyni zamanda, hazırda cavabdehin istifadə hüququnun mövcud olmaması, iddiaçının qanunla qorunan hüquqlarını cavabdeh tərəfindən pozulmamasının təsdiqidir. Odur ki, iddia tələbinin ikinci hissəsinə münasibətdə məhkəmə tələbin pozulmuş hüquqların bərpası cəhətdən də əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi evdən əşyaları ilə birlikdə çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi yaşayış evindən çıxarılsın. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar