Məhkəmə qərarları › İş №2(005)-924/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-924/2020

19.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-924/2020 19.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Mustafayev Sərxan Ziyad oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə qaydasının müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə qaydasının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 61 saylı evin, 48 saylı mənzilinə köçürülməsinə və mənzilin mətbəxi, sanitar sahələri və eyvan ümumi istifadədə olmaqla 22.5 kv.m olan yaşayış otağına istifadə hüququnun müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Ə.Əlizadə küçəsi, ev 61-də yerləşən, 48 saylı mənzil Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə birgə mülkiyyət hesab edilərək payları ½ hissədə müəyyən olunubdur. Mənzilin birgə mülkiyyətdə olması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışı ilə təsdiq olunur. xx.xx.2010-cu ildən cavabdehlə nikah pozulduqdan birgə mülkiyyət olan mənzildə yaşamaqlarının mümkünsüzlüyünü nəzərə alaraq "mənzilin naturada bölünməsi, bölünməsi mümkün olmadığı halda açıq hərracdan satılması, satışdan əldə olunan vəsaititin paylara uyğun bölünməsi barədə" tələbi Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təmin olunmasına baxmayaraq icrası mümkün olmamışdır. Bundan sonra “ümumi paylı mülkiyyət hüququna xitam verilməsi barədə” iddia tələbi Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, təmin olunmamasının səbəbi “paylarının cuzi olmadığından mülkiyyətin iştirakçılarının öhdəsinə kompensasiya ödənilməsi vəzifəsinin qoyula bilməməsi” kimi göstərilibdir. Cavabdeh mübahisələr yaradaraq iddiaçı barəsində polis orqanlarına şikayətlər etməsi, müxtəlif narahatlıqlar yaratması nəticəsində mənzilin 1/2 hissəsinə dair sahiblik, istifadə hüquqlarını həyata keşirilməsindən məhrum olmuşdur. Hansı ki, mülkiyyət hüququnun qorunması Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, AR Mülki Məcəlləsinin 152.2; 152.3-cü maddələrində nəzərdə tutulubdur. Qeyd etmək istəyir ki, cavabdehdən fərqli olaraq başqa yaşayış yerim olmadığından kirayəçi qismində ailəsi ilə yaşamağı ağır olduğundan bu növ tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Asan 4-dən alınan arayışdan məlum olur ki, cavabdehin digər yaşayış yeri olduğundan, sözü gedən mənzilə qeydiyyata da düşməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş ASAN 5 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İİ № 210527 nömrəli nikah haqıında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2017-ci ildə İddiaçı ilə X1 nikahları bağlanmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6811/2015 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 61 saylı evin, 48 saylı mənzili tərəflərin birgə mülkiyyəti hesab edilərək ½ hissədə payları müəyyən edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-675/2017 saylı qətnaməsinə əsasən əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 61 saylı evin, 48 saylı mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri, İddiaçı və Cavabdeh arasında paylarına münasibətdə bölünməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-150/2019 saylı qətnaməsinə əsasən əsasən İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı № ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 61, mənzil 48 paylı mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1283 nömrəli reyestr kitabının 116952 nömrəli vərəqində xx.xx.2016-cı ildə qeydiyyata alınmış, onun ½ payı müəyyən edilmişdir. Digər ½ hissədə pay Cavabdeh məxsusdur. Çıxarışa əlavə olunmuş mənzilin planına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 61, mənzil 48-in ümumi sahəsi ümumi sahəsi 65.4 kv.m, yaşayış sahəsi 36.3 kv.m olmaqla, iki otaqdan ibarətdir. Dəhliz 9.9 kv.m, sanitar qovşağı 1.5 kv.m, yaşayış otağı 13,8 kv.m, mətbəx 14.1 kv.m, yaşayış otağı 22.5 kv.m. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində göstərilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 9.2. Mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: 9.2.1. mənzil hüququnun tanınması; 9.2.2. mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması; 9.2.3. məhkəmə tərəfindən dövlət orqanının və ya bələdiyyənin mənzil hüquqlarını pozan və bu Məcəllə ilə, digər qanunla, habelə bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş və dövlət orqanlarının və ya bələdiyyələrin normativ aktlarından daha üstün hüquqi qüvvəyə malik olan digər normativ hüquqi aktlarla ziddiyyət təşkil edən normativ hüquqi aktların qüvvəsinin tam və qismən dayandırılması; 9.2.4. məhkəmə tərəfindən dövlət orqanının və ya bələdiyyənin mənzil hüquqlarını pozan və bu Məcəllə ilə, digər qanunla, habelə bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş və dövlət orqanlarının və ya bələdiyyələrin normativ aktlarından daha üstün hüquqi qüvvəyə malik olan digər normativ hüquqi aktlarla ziddiyyət təşkil edən normativ hüquqi aktların tətbiq edilməməsi; 9.2.5. mənzil münasibətlərinə xitam verilməsi və ya bu münasibətlərin dəyişməsi; 9.2.6. bu Məcəllədə və digər qanunvericilik aktlarında nəzərdə tutulan başqa üsullarla. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6811/2015 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 61 saylı evin, 48 saylı mənzili tərəflərin birgə mülkiyyəti hesab edilərək ½ hissədə payları müəyyən edilmişdir.RX seriyalı № ******* nömrəli çıxarışına Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 61, mənzil 48 paylı mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1283 nömrəli reyestr kitabının 116952 nömrəli vərəqində xx.xx.2016-cı ildə qeydiyyata alınmış, onun ½ payı müəyyən edilmişdir. Digər ½ hissədə pay Cavabdeh məxsusdur. İddiaçı hazırda həmin mənzilə köçürülməsini və həmin mənzilə istifadə qaydalarının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır. 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 3-cü hal mövcuddur, yəni iddiaçı köçmək istədiyi evə mülkiyyət hüququ olsa da, məhrum edilməsi qanuni deyil. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüququ olmasına baxmayaraq, cavabdehin ona qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Belə ki, mülki işin materiallarından da görünür ki, mübahisələndirilən mənzilin ½ hissəsi üzərində İddiaçı mülkiyyət hüquqları tanınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə də mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.3-cü maddəsinə görə, paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. 215.4-cü maddəsinə görə, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Məhkəmə hesab edir ki, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 61 saylı evin, 48 saylı mənzilinə istifadə qaydalarının müəyyən olunması tələbi təmin edilməməlidir. Belə ki, Bakı şəhəri, Ə.Əlizadə küçəsi ev 61-də yerləşən, 48 saylı mənzilə tərəflərin iştirakı ilə yerli baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Ə.Əlizadə küçəsi ev 61də yerləşən, 48 saylı mənzil çoxmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşir. Mənzilə daxil olarkən müəyyən olundu ki, işdə olan çıxarışa əsasən mənzilin Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 61, mənzil 48-in ümumi sahəsi ümumi sahəsi 65.4 kv.m, yaşayış sahəsi 36.3 kv.m olmaqla, iki otaqdan ibarətdir. Dəhliz 9.9 kv.m, sanitar qovşağı 1.5 kv.m, yaşayış otağı 13,8 kv.m, mətbəx 14.1 kv.m, yaşayış otağı 22.5 kv.m. Mənzil təmirlidir və bütün zəruri avadanlıq ilə təchiz olunub. 22.5 kv.m olan yaşayış otağı mənzilin salonu və mətbəxi kimi, 14.1 kv.m olan mətbəx isə yataq otağı kimi istifadə olunur. Yerli baxış zamanı İddiaçı 22.5 kv.m olan yaşayış otağına köçürülmək istədiyini, Cavabdeh isə buna etiraz edərək hazırda həmin mənzildə iki oğlu ilə birlikdə yaşadığını, sözügedən otağın həm salon, həm də mətbəx kimi istifadə edildiyini, ona görə iddiaçının həmin otağa köçürülməsinin mümkün olmadığını , köçürüləcəyi təqdirdə mənzildə yaşayanların mətbəxə daxil olmalarında maneələrin olacağını bildirdi. Məhkəmə qeyd edir ki, İddiaçı qeyd olunan mənzildə paylı mülkiyyətçi olduğuna görə onun qeyd olunan mənzilə istifadə hüququ da mövcuddur. Ancaq iddia tələbində qeyd olunan və iddiaçının istifadə qaydalarının müəyyən olunmasını tələb etdiyi 22.5 kv.m olan yaşayış otağı mənzilin salonu barədə spesifik olaraq istifadə qaydalarını müəyyən etmək qeyri-mümkündür. Qeyd edilənlər iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 61 saylı evin, 48 saylı mənzilinə baxış zamanı da öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilə köçürüldüyü təqdirdə onun köçürüldüyü mənzil ilə bağlı mülkiyyət hüquqları məhdudlaşdırılacağı halda, bununla bağlı məhkəməyə müraciət etmək hüququ istisna olunmur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən 61 saylı evin, 48 saylı mənzilinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar