Məhkəmə qərarları › İş №2(005)-938/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-938/2023

14.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-938/2023 14.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Üçüncü şəxs X7 Xidmətin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti üçüncü şəxs qismində) “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında olan əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş informasiya sisteminə daxil edilməsi hüququnun X7 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2020-ci il tarixdə Cavabdeh MMC-də işləmək qərarına gəlmişdir. Şirkət rəhbəri olan Mətanət Süleymanova onu həmin şirkətin portalına daxil etmiş, lakin o, əmək fəaliyyətini icra etməmişdir. Göstərilən şirkətin rəhbəri olan Mətanət Süleymanovanın barəsində həbs qətimkan tədbiri seçilmişdir. Lakin Cavabdeh ilə olan müqavilə aktiv qalmaqdadır. O, əmək müqaviləsini ləğv etmək üçün cavabdehə müraciət etmək istəsə də, Cavabdeh-nin heç bir nümayəndəsini tapa bilməmişdir. Bununla bağlı DƏMX-nə də müraciət etmişdir. Lakin heç bir nəticə əldə əldə edə bilməmişdir. Çünki həmin şirkət artıq fəaliyyətini dayandırmışdır. Məhkəməyə müraciət etmək ilə bağlı məqsədi Cavabdeh MMC ilə olan əmək müqaviləsinin ləğv edilməsi ilə bağlıdır. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılması, iddianın təmin olunması və cavabdehin məhkəməyə gəlməməsi səbəbindən qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında üçüncü şəxs X7 Xidmətin nümayəndəsi X4 iddia tələbinə hər hansı etirazlarının olmadığını, işə baxılıb həll olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödəmişdir. X3 çıxarılmış arayışın surətinə əsasən İddiaçı, hər ay 1500 manat əmək haqqı ödənilməklə Cavabdeh MMC-də menecer vəzifəsinə işə qəbul edilmişdir; Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-4596/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh MMC-yə və qeyrisinə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a“ bəndinə görə, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69.4-cü maddəsinə görə, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 69.5-ci maddəsinə görə, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Əmək Məcəlləsinin 5-1-ci maddəsinə görə, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 12.1-ci maddəsinin «h» bəndinə görə, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli 183 qərarı ilə təsdiq edilmiş Qaydaların 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Məhkəmə işin hallarına və tərəfin izahatına əsasən qanunvericiliyin qeyd edilən normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı (işçi) İddiaçı əmək münasibətinə xitam verilməsini istəsə də, Cavabdeh MMC (işəgötürən) tərəfindən əmək müqaviləsinə xitam verilməmişdir. Belə ki, əmək müqaviləsinin tərəflərdən birinin təşəbbüsü ilə xitam edilməsi imkanından istifadə etmək istəyən iddiaçının müraciəti cavabdeh tərəfindən icra edilməmişdir. İddia tələbinin əmək müqaviləsinə xitam verilmənin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmasına dair hissəsinə münasibətdə məhkəmə Əmək Məcəlləsinin qeyd olunan 5-1-ci maddəsinə və 12.1-ci məddənin “h” bəndinə istinad edərək qeyd edir ki, əmək müqaviləsinə xitam verilmənin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmasından ötrü əmək müqaviləsi bildirişinin cavabdeh (işəgötürən) tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi zəruridir. Lakin iş materiallarında əmək müqaviləsi bildirişinin cavabdeh tərəfindən elektron informasiya sisteminə daxil edilməsini təsdiq edən hər hansı sübut aşkar edilməmişdir. Belə olan halda, cavabdeh tərəfindən əmək müqaviləsi bildirişinin elektron sistemə daxil edilməməsi üçüncü şəxs X7 Xidmətinin əmək müqaviləsinə xitam verilməsini elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmasını mümkünsüz etmişdir. Odur ki, iddia tələbi “əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş informasiya sisteminə daxil edilməsi hüququnun X7 Xidmətinə həvalə edilməsi” hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməli, əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə rədd olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti üçüncü şəxs qismində) “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. İşçi İddiaçı ilə işəgötürən Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilsin. Əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. İddia qalan hissədə rədd olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar