Məhkəmə qərarları › İş №2(005)-940/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-940/2023

04.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-940/2023 04.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliyin yerinə yetirilməsi və mənzilin təvhil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 166.080 manat pulun və 2.000 manat, işıq, qaz, su sayğaclarının qoyulması üçün ödənilmiş pulun, cəmi 168.080 manat pul ödənilməklə xx.xx.2022-ci il tarixində cavabdeh ilə onun arasında bağlanan alqı-satqı müqaviləsinə əsasən alınan Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138,4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 219 saylı mənzilin ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini iddia tələbini onunla əsaslandırmışdır ki, o, mənzil şəraiti pis olduğundan xx.xx.2019-cu il tarixində "SİPARK” Yaşayış kompleksi "xxxx" MMC-nin direktoru X4 ilə müqavilə bağlayaraq şirkətin Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa etdiyi 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 8, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 211 saylı mənzili almışdır. Mənzilin dəyərini tam ödəmiş, mənzilin dəyərini tam ödəməsi barədə ona xx.xx.2019-cu il tarixində maliyyə arayışı verilmişdir. Mənzilin dəyərinin tam ödənilməsi şirkətlə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədə də öz əksini tapmışdır. Tez-tez mənzilə baş çəkmişdir. Təxminən 2022-ci ilin əvvəllərində mənzili təmir etmək üçün şirkətə müraciət etdikdə ona bildirmişlər ki, həmin mənzil ondan sonra başqa şəxsə satılmış və həmin mənzili ona verə bilməzlər. Bildirmişlər ki, ondan sonra başqa şəxsə satılmış 211 saylı mənzilin əvəzinə həmin binada yəni, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan barət 219 saylı mənzilini ona verirlər. xx.xx.2022-ci il tarixində "xxxx" MMS-nin direktoru X2 ilə aramızda 219 saylı mənzilin ona verilməsinə dair 489 saylı müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixində maliyyə arayışı verilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində "xxxx" MMC tərəfindən inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 219 saylı mənzilin tam dəyəri ödənilmiş, İddiaçı "xxxx" MMC-yə borcu yoxdur. Həmin mənzillə bağlı işıq, su, qaz sayğaclarının qoyulması üçün ondan 2000 manat pul almışlar. Avqust 2022-ci il tarixində isə evinə baxmağa gedərkən mənzilə daxil olmağa icazə verməmişlər. Ona təklif etmişlər ki, sənə 3-cü mərtəbədə eyni kvadrat metrlik mənzil veririk, təmir et, gir yaşa, amma səninlə müqavilə bağlamayacağıq. Məlum olmuşdur ki, "xxxx" MMC-nin rəhbəri ondan 166.080 manat pul almış, aldatmış və satdığı mənzilə onu buraxmır. 219 saylı mənzil onun xüsusi mülkiyyətidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-940/2023 saylı qiyabi qətnaməsinə əsasən iddianın təmin edilməsi qət olunmuşdur. Cavabdeh MMC məhkəməyə ərizə ünvanlayaraq, işə mahiyyəti üzrə baxılarkən məhkəmə tərəfindən işin hərtərəfli araşdırılmadığı, təqdim edəcəkli sübutların olmasını qeyd edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-940/2023 nömrəli qiyabi qətnamənin ləğv edilərək iş üzrə icraatın təzələnib mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-940/2023 saylı qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-940/2023 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izaahtında bildirdi ki, iddiaçı caavbdehlə 2019-cu il tarixdə müqavilə bağlayaraq mənzilin dəyəi olan 166000 manat məbləğində pulu cavabdeh MMC-yə ödəmiş və bu ödənişi təsdiq edən maliyyə arayışı almışdır. Sonradan mənzilin yerləşdiyi binaya yaxınlaşdıqda ona mənzilin başqa şəxsə satıldığı bildirilmiş və əvəzində həmin binada yerləşən 219 nömrəli başqa mənzil təklif olunmuşdur. Tərəflər arasında bu mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır. Daha sonra ona bu mənzilin də başqa şəxsə satıldığını bildirmişlər və yemin binada yerləşən fərqli bir mənzilə dair müqavilə bağlamadan bu mənzili təmir etməklə ora köçməsini təklif etmişlər. Bu qeyd edilənlər iddiaçının hüquqlarının kobud pozuntusudur və bu səbəbdən də iddia təmin olunmalı və 219 nömrəli mənzil iddiaçıya təhvil verilməlidir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmənin icraatında Cavabdeh MMC-nin adından istifadə edilməklə bir neçə saxta müqavilələrin tərtib edildiyi və buna əsaslanana iddialara dair işlər olduğunu bildirdi və hazırda baxılan iş üzrə tərəflər arasında bağlanmış müqavilənin də saxta olmasına dair əsaslı şübhələrin olduğunu bildirdi və iş üzrə ekspertiza təyin edilməsi barədə vəsatət təqdim etdi. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Podratçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən sifarişçinin sifarişi əsasında podratçı Nərimanov rayonu, M.Sənani küçəsində inşa etdiyi 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 8, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 211 saylı mənzilini tikib təhvil verməyi öhdəsinə götürmüşdür. Podratçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən sifarişçinin sifarişi əsasında podratçı Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan barət 219 saylı mənzilini tikib təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC-nin xx.xx.2022-cı il tarixli maliyyə arayışının surətindən görünür kiNərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan barət 219 saylı mənzilin tam dəyəri üzrə İddiaçı Cavabdeh MMC-yə borcu yoxdur; xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, Podratçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə Cavabdeh MMC tərəfindən öhdəliklər 10 gün müddətində yerinə yetirilmədikdə, məhkəməyə müraciət olunacağı barədə İddiaçı tərəfindən xəbərdar edilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı mənzil əldə etmək məqsədi ilə Cavabdeh MMC ilə müqavilə bağlayaraq, Nərimanov rayonu, M.Sənani küçəsində inşa etdiyi 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 8, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 211 saylı mənzilini tikməyi Cavabdeh MMC-yə tapşırmış, mənzilin dəyəini tam ödəmiş və buna dair maliyyə arayışını almışdır. Sonradan tərəflər arasında yeni podrat müqaviləsi bağlanmış, və Cavabdeh MMC Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan barət 219 saylı mənzilini tikib İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə öz öhdəliklərini icra edərək müqavilənin qiymətini ödəsə də, Cavabdeh MMC-nin öz öhdəliklərini yerinə yetirmədiyini, mənzili İddiaçı təhvil vermədiyini bildirir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 355.2-ci maddəsinə əsasən razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir; 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir; 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, podratçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən sifarişçinin sifarişi əsasında podratçı Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan barət 219 saylı mənzilini təhvil vermək öhdəliyi götürmüş, lakin müqavilə öhdəliyi bugünədək icra edilməmişdir. Həmin müqaviləyə əsasən sifarişçi 3 otaqlı, tam sahəsi 138.4 kv.m mənzil cəmi 166.080 manat təşkil edir. Bu məbləğ iddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçının mənzili əldə etəkdən ibarət olan subyektiv hüququ yalnız cavabdehin müvafiq hərəkətlər etməsi ilə realizə oluna bilər. Lakin cavabdeh bu hərəkətləri etməli olduğu halda etmədiyindən iddiaçının hüququnun realizəsi baş tutumamışdır. Bu səbəbdən də iddiaçı haqlı olaraq hüququn realizəsinin digər forması olan məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmiş və hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə şərtlərinə əsasən Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan barət 219 saylı mənzilin verilməsi öhdəliyi «EVROSTROY-S.S” MMC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə şərtlərinə əsasən Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan barət 219 saylı mənzilin verilməsi öhdəliyi «EVROSTROY-S.S” MMC-nin üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar