Məhkəmə qərarları › İş №2(005)-940/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-940/2024

29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-940/2024 29.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi Mirzəyeva Zeynəb Babaş qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 MMC və MMC-nin qanuni təmsilçisi və direktoru Cavabdeh2 arasında bağlanmış XM/01 saylı, xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada həmin müqavilə üzrə ödəməli olduqları 1050 manat, məhkumluq barədə arayışını almaq üçün ödədiyi 240 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi Mirzəyeva Zeynəb Babaş qızı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlərdən 850 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla "Recruitment Solutions” MMC və MMC-nin qanuni təmsilçisi və direktoru Cavabdeh2 arasında XM/01 saylı, xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi bağlanılmışdır. Həmin müqavilə MMC ilə onun qarşılıqlı əməkdaşlıqlarının ümumi prinsiplərini müəyyənləşdirmək üçün bağlanmışdır. Müqavilə üzrə icraçı olan MMC və onun direktoru Cavabdeh2 ona Polşada işə düzəltməyə təminat verməyi öz üzərinə öhdəlik götürmüş, bu xidmətin qarşılığında o da MMC-yə 850 manat məbləğində ödəniş etməyi öhdəlik götürmüşdür. O, müqavilə ilə tənzimlənən öhdəliyini icra etmişdir. Belə ki, müqavilə bağlanan gün, yəni ilkin ümumi xidmət haqqı olaraq onun tərəfindən 450 manat, bir neçə müddət sonra isə 600 manat məbləğində pul, ümumilikdə 1050 manat məbləğində pul MMC-nin direktoru kimi özünü təqdim edən şəxs Cavabdeh2 ödənilmişdir. Lakin MMC və Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, onu Polşada heç bir işlə təmin etməmişlər, pulu qərəzli şəkildə mənimsənmişdir. Bu səbəbdən ona maddi ziyan dəymiş və müqavilə öhdəlikləri həm MMC, həm də Cavabdeh2 tərəfindən pozulmuşdur. Həmçinin bununla bağlı dəfələrlə cavabdeh şəxs olan Cavabdeh2 ödədiyi pulları ona geri ödəmələri ilə bağlı müraciət etsə də, müraciətləri cavabsız qalmış, ödəməkdən boyun qaçırmışdır. Bundan başqa qanunvericiliyin tələblərinə uyğun olaraq o, cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixdə SX010498951AZ №-li, digər cavabdeh olan Cavabdeh2 isə xx.xx.2023-cü il tarixdə SS879980025AZ №-li göndərişlə borcunun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərmişdir. Cavabdehlər həmin göndərişləri şəxsən özləri qəbul etmişlər. Buna baxmayaraq borcu ödənilmir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Mirzəyeva Zeynəb Babaş qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsinə dair ərizəsini və cavabdehlərin lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddəyə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qiyabi icraat qaydasında təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - Cavabdeh1 MMC (qanuni təmsilçisi və direktoru Cavabdeh2) ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, XM/01 saylı xidmət müqaviləsindən görünür ki, Sifarişçi adı, növü, həcmi, miqdarı, qiyməti razılaşdırılan xidməti bu müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq ödəməyi, “İcraçı” isə sifarişdə nəzərdə tutulmuş xidməti yerinə yetirməyi və ya yerinə yetirilməsini təşkil etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən icraçı sifarişçini işə düzəltməyə təminat verir və Polşada işə düzəldə bilməsə qəbul edilmiş ödənişi geri qaytarır, sifarişçi 850 manat məbləği tam olaraq ödəmək öhdəliyi daşıyır. Müqavilənin 11.2-ci bəndinə əsasən ödənilmiş məbləğ 250 manat təşkil edir; - xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh2 600 manat məbləğində pul ödənilmişdir; - Ödəniş qəbzindən görünür ki, İddiaçı iddia verilməsi üçün 33 manat dövlət rüsumu ödəmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, icracı olan cavabdeh iddiaçını Polşada işə düzəltməyi və viza almağı, iddiaçı isə razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı müqavilə üzrə vəd edilən xidmətin həyata keçirilmədiyini, müqavilənin icra edilmədiyini əsas gətirərək ödədiyi pulun cavabdehdən məhkəmə qaydasında tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə və 390-cı maddəsinin 1-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd olunmalıdır ki, xidmət müqaviləsi mülki hüquq qanunvericiliyi ilə tənzimlənən mülki-hüquqi müqavilə növlərindən biridir. Görüləcək işin həcmi, məbləği, keyfiyyəti və işin başa çatdırılması kimi bir sıra əhəmiyyət kəsb edən hallar xidmət müqavilələrinin özəyini təşkil edir. Xidmətlər istehlakçıya göstərildikdə, yaranan hüquq münasibətlərinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilir. Həmin Qanunun 1-ci maddəsinə görə istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş əsas hüquqlarından biri istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasını tələb etmək hüququdur (Qanunun 3-cü maddəsi). Həmin Qanunun 5.3 və 13.1-ci maddələrinə görə, satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Göründüyü kimi, icraçı istehlakçıya müqavilə şərtlərinə uyğun xidmət göstərməlidir. Adıçəkilən Qanunun 9-cu maddəsində iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilələrin şərtləri pozularkən istehlakçıların hüquqları nəzərdə tutulmuşdur. Həmin maddənin 1 və 2-ci bəndlərinə görə, icraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. İşlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var. Hazırki müqavilənin məzmunundan da göründüyü kimi, cavabdeh iddiaçını Polşa Respublikasında işə düzəltməyi öhdəsinə götürmüşdür. Belə ki, həmin müqavilənin 2-ci maddəsinə uyğun olaraq “İcraçı müştərini işə düzətməyə təminat verir. Müqavilənin 2.2-ci bəndinə görə ödəniş edildiyi gündən işə başlanma gününə qədər 2-3 ay vaxt alır. 5.1-ci maddəyə əsasən bu Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən icraçı tərəf sifarişçiyə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq öhdəlik ağlabatan müddət ərzində icra edilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin öhdəliklərin icrası zamanı vicdanlılıq prinsipini müəyyən edən 5.3 və 425.1-ci maddələrinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442 və 448.2-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən müqavilədə qeyd edilən 250 manat və Cavabdeh2 hesabına 600 manat olmaqla, toplamda 850 manat məbləğində pul cavabdehlərə ödənilmişdir. Müqavilənin ləğvi institutu ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göründüyü kimi, digər tərəf müqavilədən irəli gələn öhdəliklərini icra etmədikdə müqavilənin tərəfi müqavilədən birtərəfli qaydada imtina etməklə müqaviləyə xitam verə bilər və bu halda müqavilə Mülki Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq ləğv edilmiş hesab olunur. Bu zaman əsas aydınlaşdırılmalı olan hal isə cavabdeh tərəfindən öz öhdəliyinin qanunauyğun şəkildə icra edilib-edilməməsinin müəyyənləşdirilməsidir. Hazırki iş üzrə isə cavabdehlər tərəfindən öz öhdəliyinin icrası istiqamətində hər hansı addımlar atılması müəyyən edilmir. Bu səbəbdən müqavilənin ləğvi qanunauyğun şəkildə baş vermişdir. Beləliklə, cavabdehlər xidmət göstərilməsi ilə bağlı öhdəliyini lazımınca, ağlabatan müddət ərzində icra etməməklə, müqaviləni və yuxarıda qeyd olunan qanunvericilik normalarını əhəmiyyətli dərəcədə pozmuş, bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş, eləcə də istehlakçıya müqavilə şərtlərinə uyğun xidmət göstərilməməsinə səbəb olmuşdur. Bu hallar isə iddiaçıya “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 9-cu maddəsinə və mülki qanunvericilik normalarına uyğun olaraq müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vermişdir. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi üzrə ödənilmiş 850 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233, 238 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 850 (səkkiz yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Cavabdehlər qiyabi qətnamənin onlara rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilərlər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar