Məhkəmə qərarları › İş №2(005)-941/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-941/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-941/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı və Cavabdeh MMC-yə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsi və 1 avtomobillik dayanacaq sahəsini İddiaçı istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 08 iyul 2017-ci il tarixində Cavabdeh MMC ilə sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəliklərinə dair müqavilə bağlamışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh Bakı şəhəri, Nizami rayonu, Məmmədli Şərifli 62 küçəsində yerləşən yerləşən binanın şökülərək tikiləcək binanın yeni İ bina, 14-cü mərtəbəsində yerşən 130 saylı təmirli və tam şəraitli mənzilin verilməsini təmin etmişdir. 2020-ci ilin sentyabr ayından İddiaçı İİ Qarabağ müharibəsində iştirak etmiş və 2021-ci ilin mart ayında təxris olunduqdan sonra mənzilə köçmüşdür. Lakin mənzil Müqavilənin 6-cı maddəsində təhvil-təslim aktı əsasında təhvil verilməsi nəzərdə tutulsa da, bu akt bu günə qədər imzalanmışdır. Müqavilənin şərtlərinə görə cavabdeh mənzillə bərabər 1 avtomobillik dayanacaq sahəsini İddiaçı istifadəsinə verməli idi. Lakin bu günə kimi həmin sahə onun istifadəsinə verilməyib. Dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmir və etməyəcəyini bildirir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı izaahtında bildirdi ki, cavabdehə müqavilə üzrə öhdəliklərinin icrası ilə bağlı yazılı müraciət etməsə də, dəfələrlə səlahiyyətli nümayəndələri ilə danışıqlar aparmışdır. Ona avtomobil saxlaması üçün təklif edilmiş yer binada yaşayan sakinlərin girişçıxışına maneə yaratdığı üçün həmin yerdən istifadə etməsi mümkün olmamışdır. Bu səbəbdən də ona istifadəyə yararlı sahənin verilməsi cavabdehin üzərinə öhdəlik kimi qoyulmalı olduğunu bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-yə nümayəndəsi Nümayəndə İddiaçı avtomobilin saxlanılması üçün sahə verilməsinə baxmayaraq onun bu sahədən özünün imtina etdiyini, müqavilə üzrə avtomobil dayanacaq sahəsinin verilməsi öhdəliklərinin icrasından yayınmadıqlarını, gələcəkdə də bu barədə qətnamə qəbul olunduğu hala onu icra etməyə hazır olduqlarını, hazırki məhkəmə mübahisəsinə heç bir əsasın olmadığını bildirdi. Əsaslandırıcı hissə: a) Mülki işin materialları İddiaçı və Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixli sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəliklərinə dair müqavilədən görünür ki, şirkət Nizami rayon İcra Hakimiyyətinin 26 aprel 2016-cı il tarixli 47 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Məmmədli Şərifli 62 küçəsində yerləşən binanın sökülərək həmin ünvanda yeni binanın tikintisi ilə bağlı sakinə, mənzildən köçürüldüyü gündən etibarən aylıq 400 manat həcmində kompensasiya ödənişi və tikiləcək yeni 1 bina, 14-cü mərtəbəsində yerləşəcək 130 saylı ümumi sahəsi 58.23 kv.m. təşkil edəcək yeni, təmirli və tam kommunal şəraitli mənzilin verilməsini təmin edir. Eyni zamanda, 1 avtomobil dayanacaq sahəsi istifadəsinə veriləcək. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı və Cavabdeh MMC arasında yaşayış binasının sökülməsi, həmin ünvanda tikiləcək yeni binanın 14-cü mərtəbəsində yerləşəcək 130 saylı ümumi sahəsi 58.23 kv.m. təşkil edəcək yeni, təmirli və tam kommunal şəraitli mənzilin verilməsi, eyni zamanda 1 avtomobil dayanacaq sahəsinin İddiaçı istifadəsinə verilməsi barədə müqavilə imzalanmışdır. İddiaçı Cavabdeh MMC tərəfidən ona istifadəyə yararlı avtomobil dayanacaq sahəsinin verilmədiyini bildirir və bu sahənin verilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 355.2-ci maddəsinə əsasən razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh MMC Nizami rayon İcra Hakimiyyətinin 26 aprel 2016-cı il tarixli, 47 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Məmmədli Şərifli 62 küçəsində yerləşən binanın sökülərək həmin ünvanda yeni binanın tikintisi ilə bağlı sakinə, mənzildən köçürüldüyü gündən etibarən aylıq 400 manat həcmində kompensasiya ödənişi və tikiləcək yeni 1 bina, 14-cü mərtəbəsində yerləşəcək 130 saylı ümumi sahəsi 58.23 kv.m. təşkil edəcək yeni, təmirli və tam kommunal şəraitli mənzilin verilməsini təmin edir. Eyni zamanda 1 avtomobil dayanacaq sahəsinin İddiaçı istifadəsinə verilməsini öhdəlik olaraq öz üzərinə götürür. İddiaçı hazırda cavabdehin ona istifadəyə yararlı avtomobil dayanacaq sahəsinin verilmədiyini bildirir. Cavabdehin nümayəndəsi isə ona belə bir sahənin verildiyini, lakin iddiaçının bu sahədən imtina etdiyini bildirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Mülki işin tam araşdırılması üçün əhəmiyyət kəsb edən və tərəflərin mübahəsiz qəbul etdiyi məqam Cavabdeh MMC-nin İddiaçı ilə bağladığı müqavilə üzrə ona avtomobil dayanacaq sahəsinin verilməsi öhdəliyi daşımasıdır. Cavabdeh bu öhdəliyi icra etməyə çalışdığını, lakin iddiaçının bu icranı qəbul etmədiyini bildirir. Məhkəmə isə qeyd edir ki, burda hüquqi müstəvidə müqavilə öhdəliyinin icrası dedikdə hər cür icra deyil, lazımi icra nəzərdə tutulur. Belə ki, iddiaçı icradan imtina etdiyini qəbul etsə də, bunu icranın lazımi qaydada edilməməsi ilə bağlı olduğunu bildirmişdir ( avtomobil dayancağı olaraq ona verilmiş sahə sakinlərin ümumi giriş-çıxış yolunun üzərində yerləşməsi səbəbindən narazılıqlar yaranmışdır). Cavabdehin nümayəndəsi bu halı inkar etməmiş, bu halın digər sahələrdə tikinti işlərinin davam etməsi ilə bağlı yarana biləcəyi ehtimalını göstərmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi iddia təmin ediləcəyi halda da qeyd edilən müqavilə öhdəliyinin icrasından yayınmayacağını bildirmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə müqavilə öhdəliyinin olması tam sübuta yetirildiyi halda, bu öhdəliyin icra edilməsi və ya edilməməsi iş materialları ilə tam təsdiqini tapmır. Lakin müəyyən edilmiş hal, iddiaçının müqavilə öhdəliyinin icrasını tələb etməsi və cavabdehin bu öhdəliyin icrasına hazır olmasıdır. Bu səbəbdən də məhkəmə iddianın təmin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki bu zaman iddianın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə tərəflər arasında olan münasibətlərin, cavabdehin öhdəliyinin məhkəmə qaydasında təsdiq edilməsinə, bununla da iddiaçının hüquqlarının məhkəmə müdafiəsinə xidmət edəcəkdir və cavabdeh üçün müqavilədənkənar hər hansı əlverişsiz, qanunsuz hal yaratmayacaqdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə əsasən Nizami rayon İcra Hakimiyyətinin 26 aprel 2016-cı il tarixli, 47 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Məmmədli Şərifli 62 küçəsində yerləşən binanın sökülərək həmin ünvanda inşa edilən yeni binada 1 avtomobil dayanacaq sahəsinin İddiaçı istifadəsinə verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsini tələb etmədiyindən bu rüsum iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə əsasən Nizami rayon İcra Hakimiyyətinin 26 aprel 2016-cı il tarixli, 47 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Məmmədli Şərifli 62 küçəsində yerləşən binanın sökülərək həmin ünvanda inşa edilən yeni binada 1 (bir) avtomobil dayanacaq sahəsinin İddiaçı istifadəsinə verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar