Məhkəmə qərarları › İş №2(005)-955/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-955/2024

08.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-955/2024 08.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, halhazırda yaşadığı ərazidə orta aylıq kirayə haqqının 550 manat olduğunu nəzərə alaraq hər ay üçün 550 manat olmaqla 3 illik ( 550 manat x36 ay) kirayə haqqının və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 19950 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq birdəfəlik ödəmə ilə İddiaçı hesabına ödənilməsi müqabilində qeydiyyatda olduğu ünvan 2nda yerləşən 68 nömrəli, mənzildən qeydiyyatdan çıxarılmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı anadangəlmə görmə məhdudiyyəti olduğundan 1-ci qrup əlildir və hər iki gözü kordur. Mərhum həyat yoldaşı X3 ilə 1996-cı ildən faktiki nikah münasibətlərində yaşamışdır. X8 da görmə məhdudiyyətli 1-ci qrup əlil olmuş və həmçinin onun ayaqlarında damar genişlənməsi də olduğundan daim yataq xəstəsi olmuşdur. Onlar iyirmi üç il birlikdə yaşamış, birgə ailə təsərrüfatı idarə etmiş və bir-birinə qulluq etmişlər. X3 heç zaman başqa nikahda olmamışdır və birgə nikahdan övladı da dünyaya gəlməmişdir. Nikah isə xəstəlikləri səbəbindən rəsmiləşdirilə bilməsə də 1999-cu ildə X9 dini nikah kəbini kəsdirərək bu barədə şəhadətnamə almışlar. Bununla yanaşı bütün qohum və qonşular da onları ər-arvad kimi tanımışdır. X3 11 avqust 2019-cu il tarixdə ürək dayanması səbəbindən vəfat etmişdir. 2000-ci ildə İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilini satıb ünvan 2nda yerləşən 68 nömrəli mənzili almışdır. Həmin mənzili mərhum həyat yoldaşı Bənövşə İsgəndərovanın adına rəsmiləşdirmişdir. Belə ki, mərhum həyat yoldaşı məcburi köçkün olduğu üçün müxtəlif kommunal imtiyaz və güzəştləri var idi. Hər ikisi birinci qrup gözdən əlil olduğu üçün dava-dərmana pul yetmirdi və bu güzəştlərdən yararlanmaq məcburiyyətində idilər. Ona görə də evi alarkən mərhum həyat yoldaşının adına rəsmiləşdirmişdi. Mərhum həyat yoldaşı Bənövşə İskəndərova vəfat etdikdən sonra ünvan 2nda yerləşən 68 nömrəli mənzil ünvan 3miş, xx.xx.2020-ci il tarixli, 2V-60 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixində onun bacısı X6 adına qeydiyyata keçmişdir. Daha sonra Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 40-118 reyestr nömrəli, daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixində mərhum həyat yoldaşının bacısı qızı Cavabdeh adına qeydiyyata keçmiş və hazırda da onun mülkiyyətindədir. Hal-hazırda İddiaçı də həmin mənzlidə qeydiyyatdadır. İddiaçı hesabına birdəfəlik ödəmə yolu ilə kompensasiyanın ödənilməsi müqabilində həmin mənzildən qeydiyyatdan imtina etmək niyyətindədir. Cavabdeh qarşı eyni məzmunlu iddia ərizəsi ilə daha əvvəldə İddiaçı tərəfindən Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuşdur. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4110/2023 saylı, xx.xx.2023-cü il tarixli qəradadında İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin AR Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş məzmunun tələblərinə cavab vermədiyi (cavabdehin eyniləşdirmə məlumatlarının ərizədə göstərilməməsi, həmçinin cavabdehin ünvanının ünvan 4dən hər hansı bir təsdiqedici sənədin iddia ərizəsinə əlavə edilməməsi) göstərilərək İddiaçı tərəfindən verilmiş iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Cavabdeh Azərbaycan Respublikası vətəndaşı deyildir, Gürcüstan Respublikası vətəndaşıdır və sadəcə olaraq hər ay ən azı 15-20 gün İddiaçı yaşadığı evdə yaşayır. Hazırki iddia üzrə Cavabdeh ilə aralarında olmuş məhkəmə mübahisələri Nərimanov Rayon Məhkəməsində baxılmış və yekun məhkəmə aktı çıxarılmışdır. Özü İ qrup gözdən əlil və həyatın bütün sahələrində, eyni zamanda hüquqlarının və qanunla qorunan manafelərinin müdafiəsində cəmiyyətin digər üzvləri kimi tam və rahat səkildə iştirak edə bilmir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçıya məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmənin baxış iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.2-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında İddiaçı hazırda sözügedən mənzildə yaşadığını, onun çox yaşlı olması və başqa qalacaq yerinin olmaması səbəbindən bu mənzildən çıxmaq niyyətinin olmadığını, hazırki iddianın nəvəsinin təşviqi ilə verildiyi bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddiaçının mübahisəli mənzilə hüquqlarının olmadığını bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-869/2021 saylı qətnaməsindən müəyyən olunur ki: İddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə maneəsiz girişin təmin olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən mülkiyyətində olan, ünvan 5 ünvanında yerləşən mənzilə mülkiyyət hüququ, yəni sahiblik və istifadə hüququma qarşı yaradılan məhdudiyyətlərin aradan qaldırılması və mülkiyyət hüququ ona məxsus olan mənzilə sərbəst giriş çıxışının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh Ağala qızı daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli, 17 sentyabr 2020-ci il tarixli qeydə əsasən ünvan 6 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Ona məxsus olan ünvan 5 ünvanında yerləşən mənzildə mənzilin keçmiş mülkiyyətçisi olan xalası Bənövşə İsgəndərovanın razılığına əsasında İddiaçı yaşayır. Lakin mənzildə yaşayan İddiaçının mülkiyyətində olan əmlakından istifadə etməsinə əsassız maneələr yaradır. Belə ki, iddiaçı Cavabdeh Nərimanov rayonu, Faiq Yusifov küçəsi, bina 40, mənzil 68 ünvanında yerləşən mənzilə daxil olmaq istədikdə, hazırda həmin mənzildə yaşayan İddiaçı Urşak oğlu qapını açmır, onu tanımadığını deyir, mənzildən istifadəsinə mane olur; Məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən mənzilə dair cavabdeh İddiaçı tərəfindən yaradılan məhdudiyyətlərin qadağan edilməsi, iddiaçı Cavabdeh ünvan 5 ünvanında yerləşən mənzilə sərbəst giriş-çıxışının təmin edilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-662/2023 saylı qətnaməsindən müəyyən olunur ki: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi ünvan 8 ünvanında yerləşən onun vəsaiti hesabına alınmış mənzilin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir; Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli əmlak Cavabdeh mülkiyyətində olmuşdur. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40 ünvanda yerləşən 68 nömrəli mənzil X2 məxsus olmuş, şəxs 2019-cu ildə vəfat etdikdən sonra Cavabdeh mülkiyyətinə keçmişdir. İş üzrə iddiaçı əmlakın birgə nikah dövründə aldığına istinad edərək, ona verilməsi tələbi ilə çıxış etmiş və bununla əlaqədar nikah faktının müəyyən edilməsi tələbi ilə iddia qaldırmış, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2022ci il tarixli, 2(102)-4328/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10732/2021 nömrəli 17 noyabr 2021-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır; Məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «əsassız varlanma” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3395/2023 saylı qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-662/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı X3 ilə dini kəbinkəsmə (dini nikah) yolu ilə faktiki nikaha daxil olmuşlar. ünvan 9 ünvanında yerləşən 68 nömrəli mənzil X1 mülkiyyəti olmuşdur. Bu mənzil X3 2019-cu ildə vəfat etdikdən sonra Cavabdeh mülkiyyətinə keçmiş və hazırda da mülkiyyətindədir. İddiaçı ünvan 9 ünvanında yerləşən 68 nömrəli mənzildə qeydiyyatda olmaqla yaşayır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4512/2019 nömrəli, 05 noyabr 2019-cu il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi və X10 maraqlı şəxs qismində cəlb edilməklə, “onunla xx.xx.2019-cu il tarixdə vəfat etmiş X3 ilə 1996-cı il tarixdən faktiki nikah münasibətlərində olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən ərizəçi tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10732/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4328/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)- 869/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən mənzilə dair cavabdeh İddiaçı tərəfindən yaradılan məhdudiyyətlərin qadağan edilməsi qət edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Bununla yanaşı nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olubolmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edibetməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. İş materialları ilə müəyyən edilir ki, ünvan 9 ünvanında yerləşən 68 nömrəli mənzil X2 məxsus olmuş, bu şəxs 2019-cu ildə vəfat etdikdən sonra həmin əmlak nəticə etibarı ilə Cavabdeh mülkiyyətinə keçmiş və hazırda da mülkiyyətindədir. İddiaçı mənzilin keçmiş mülkiyyətçisi X3 ilə 1996-cı il tarixdən faktiki nikah münasibətlərində olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Lakin onun bu barədə ərizəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4512/2019 nömrəli, 05 noyabr 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi (2(103)-10732/2021 nömrəli, xx.xx.2021-ci il tarixli) və Azərbaycan Respublikasının Ali Məhkəməsi (2(102)-4328/2022 nömrəli, xx.xx.2022-ci il) də bu nəticə ilə razılaşmışdır. Əksinə digər iş üzrə cavabdehin iddiaçıya qarşı iddiası təmin edilərək, mübahisəli mənzillə bağlı cavabdehə məhdudiyyətlərin yaradılması iddiaçıya qadağan edilmiş və cavabdehin mənzilə sərbəst giriş-çıxışı təmin edilmişdir. İş materiallarında ünvan 9 ünvanında yerləşən 68 nömrəli mənzilin hər hansı vaxt iddiaçının mülkiyyətində olmasını və ya onun vəsaiti hesabına alınmasını təsdiq edən sübut yoxdur. İddiaçının istinad etdiyi kəbin kağızı (nəzərə alınmalıdır ki, bu sənəd ərəb dilində tərtib edilmiş, tərcüməsi yoxdur, həmçinin, yuxarıda qeyd edilən hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə bağlı iş üzrə də təqdim edilməmişdir) bu halları təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, dini kəbinkəsmə (dini nikah) hər hansı hüquqi əhəmiyyətə malik deyildir və ər-arvadın hüquq və vəzifələri onların nikahının bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mənzilin əvvəlki mülkiyyətçisi X3 ilə rəsmi nikahda olmadığına görə onun bu mənzilə mülkiyyət hüququ, o cümlədən bu hüququn tərkib hissəsi olaraq istifadə hüququ yaranmamışdır. İddiaçının cavabdehə qarşı hazırki tələbini irəli sürmək üçün hər hansı hüququnun olmaması hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olan məhkəmə aktları ilə də öz təsdiqini tapır. Bu baxımdan mövcud vəziyyətdə iddiaçı cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik deyil. Bu da öz növbəsində onun iddiasının rədd edilməsini şərtləndirir. Eyni zamanda məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3395/2023 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, X1 xx.xx.2000-ci il tarixdə mülkiyyətində olan başqa mənzili 9.000.000 manata satmış və həmin tarixdə mübahisəli mənzili 7.000.000 manata onun mülkiyyətçisi X4 almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarında qeyd olunur ki, 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə hesab edir ki, mənzil mərhum X1 mülkiyyətinə xx.xx.2000-ci il tarixdə daxil olduğundan və hazırki mübahisə məhz bu mənzilin X1 mülkiyyəti olmasından irəli gəldiyindən hazırki iş qüvvədən düşmüş Azərbaycan SSR Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməklə araşdırılmalıdır. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Ailə üzvlərinin anlayışı isə həmin Məcəllənin 53-cü maddəsinə öz əksini tapmışdır. Maddənin məzmununda qeyd edilir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi iddiaçı X3 ilə nikahda olmadığından qeyd edilən Məcəllənin 53-cü maddəsinin tələbləri baxımından mülkiyyətçinin ailə üzvü olmamışdır. Bu səbəbdən də onun həmin Məcəllənin 123-cü maddəsinin tələblərinə əsasən istifadə hüququ yaranmamışdır. Mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə iddiaçının «birdəfəlik ödəmə ilə İddiaçı hesabına ödənilməsi müqabilində qeydiyyatda olduğu ünvan 2nda yerləşən 68 nömrəli, mənzildən qeydiyyatdan çıxarılmağı» tələbinə münasibətdə qeyd edir ki, bu tələb onun əvvəlki tələbindən asılı olduğundan rədd edilməlidir. Belə ki, iddiaçının ünvan 2nda yerləşən 68 nömrəli mənzildə pasport qeydiyyatında olması istifadə hüququ vermir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumu iddia təmin olunmadığına görə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar