Məhkəmə qərarları › İş №2(005)-964/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-964/2025

06.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-964/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə “əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və bununla bağlı qeydlərin aparılması hüququnun üçüncü şəxsə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə “əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və bununla bağlı qeydlərin aparılması hüququnun üçüncü şəxsə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021- ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və İddiaçı ilə “EKİN" MMC arasında bağlanmış xx.xx.2021- ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin "Əmək və məşğulluq" atsistemində qeydə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirir ki, O, 05 iyul 2021-ci il tarixdə, “EKİN" MMC ilə əmək müqaviləsi bağlanaraq xadimə olaraq işə qəbul edilmişdir. Bir müddət həmin vəzifə üzrə əmək fəaliyyəti ilə məşğul olaraq əmək funksiyalarını icra etmişdir. Təxminən 2-3 ay müddət işlədikdən sonra övladının xəstəliyi ilə bağlı işdən çıxmaq məcburiyyətində qalmışdır. Bununla bağlı cəmiyyətin icraçı direktoruna ərizə ilə müraciət edərək işdən azad olunmağını xahiş etmişdir. Daha sonra dəfələrlə gəlib getsə də ofisdə heç kimin olmadığnı görüb zənn etmişdir ki, cəmiyyət fəaliyyətini dayandırıb və onun ilə bağlanan əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi barədə məlumat mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilib və o işdən azad olunmuşdur. Lakin, cari ilin may ayında yenidən işə düzəlmək istədikdə məlum olub ki, onun aktiv iş yeri mövcuddur. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Nazirlikdən cavab olaraq bildirilmişdir ki, qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” alt sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməli və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və məşğulluq” alt sisteminə daxil edilməsi hüququ X1 Xidmətinə həvalə edilməlidir." kimi qeyd olunmuşdur. Hazırda, mövcud vəziyyət onun əmək hüquqlarını pozur və yeni işəgötürən ilə əmək müqaviləsi bağlamağını mümkünsüz edir. Bundan əlavə bildirir ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada, cavabdehə ilkin olaraq işin mediasiyada həlli üçün təklif göndərilsə də o, mediasiya prosesindən yayınmışdır və nəticədə xx.xx.2024-cü il tarixdə mediator tərəfindən iclas keçirilərək ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. Əmək Qanunvericiliyinə əsasən, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan əmək müqaviləsinin bildirişinin surətindən görünür ki, “İşçi” İddiaçı ilə “İşəgötürən” Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı xadimə olaraq işə götürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞB/6-01613 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı İMS-də iştirak etmiş, MMC-nin nümayəndəsi isə iştirak etməmişdir. İddiaçı 50 manat mediasiya xərcini və 10 manat kargüzarlıq xərcini ödəmişdir. İş materiallarında olan X1 Xidmətinin xx.xx.2024-cü il tarixli İddiaçı ünvanlanmış məktubundan görünür ki, “ Cavabdeh MMC-də adınıza aktiv əmək müqaviləsi olması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız müraciətə X1 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətinizlə əlaqədar, ətraflı məlumat verməyiniz və əmək haqqı bank hesabınızdan çıxarışınızı təqdim etməyiniz üçün ünvanlarınıza (ünvan 2 Abşeron rayonu, atyalı küçəsi) xx.xx.2024cü il tarixli 3-17-5/2-M-31413/2024 saylı məktub göndərilmişdir. Abşeron DOST Mərkəzinə verdiyiniz izahatınızda əsas tələbinizin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” alt sistemində əmək müqavilənizə xitam verilməsini qeyd etmisiniz. “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müraciətinizin araşdırılması ııə Dağlı Sizə aid olan sənədlərin təqdim olunmasının təmin edilməsi üçün tərəfimizdən “Ekin" MMC-nin ünvanına (Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 69) xx.xx.2024-cü il tarixli 3-17-5/2-31411/2024 saylı məktub göndərilmiş, lakin poçt xidmətinə məxsus F-20 formasında “bu ünvanda yaşamır" qeydi ilə məktub geri qaytarılmışdır. Məlumat üçün bildiririk ki, “Sahiokarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır. Bildiririk ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq" alt sisteminə daxil edilməsi X1 Xidmətinin səlahiyyətləri xaricindədir . Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı “Əmək və Məşğulluq” alt sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h" bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir . Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirirşinin real vaxt rejimində əldə etməklə bağlı Qaydaların” 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökümət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökümət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi" xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməli və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ X1 Xidmətinə həvalə edilməlidir.” İş materiallarında olan Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışdan görünür ki, Cavabdeh MMC-nin hazırki qanuni təmsilçisi Çetin İstemihandır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır; 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 7.2-1-ci maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; 9-cu maddəsinin “o” bəndinə əsasən elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir; 12-ci maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir; 43-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir; 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinin l-ci hissəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; 49-cu maddəsinin 1-2-ci hissəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir; 49-cu maddəsinin 2-ci hissəsinə əsasən Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 (bir) iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir; 49-cu maddəsinin 2-2-ci hissəsinə bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 (bir) iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən eldiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir; 49.4-cü maddəsinin tələbinə əsasən əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı işəgötürən Cavabdeh MMC ilə xx.xx.2021-ci il tarixdə xadimə olaraq işə qəbul edilməyi barədə əmək müqaviləsi bağlanmış və əmək müqaviləsi bağlanmasına dair bildiriş mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmişdir. Daha sonra isə iddiaçı həmin işdən çıxmışdır. Lakin İddiaçı adı elektron informasiya sistemində Cavabdeh MMC-nin işçisi kimi hələ də qalmaqdadır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh (işəgötürən) hüquqi şəxs hazırda fəaliyyətini dayandırdığından əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin cavabdeh tərəfindən icra edilməsi mümkün deyil. Göründüyü kimi, cavabdeh hüquqi şəxsin fəaliyyətini dayandırması səbəbindən, hazırda iddiaçının iddia tələbinin cavabdeh hüquqi şəxs tərəfindən icra edilməsi qeyri-mümkün olduğundan, məhkəmə hesab edir ki, iddiaçının qanuni mənafelərinin müdafiəsinin təmini üçün hazırda yuxarıda sadalanan iddia tələbinin yerinə yetirilməsi hüququnun üçüncü şəxsə həvalə edilməsi qanunamüvafiqdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməli, əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar