Məhkəmə qərarları › İş №2(005)-98/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-98/2023

07.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-98/2023 07.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 evin 16 saylı ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları və iddiaçının ünvan 1 ev, mənzil 16 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Orucəliyev küçəsi, ev V, 16 saylı mənzil xx.xx.1995-ci il tarixdən iddiaçının xüsusi mülkiyyəti kimi Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyat İdarəsindən qeydiyyatdan keçmişdir. O, Cavabdeh1 ilə xx.xx.1996-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahdan xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh2 adlı bir övladları anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra mülkiyyətində olan mənzilə qeydiyyata alınmışdır. Ailə qurduqdan sonra bir neçə il cavabdehlə bir yerdə yaşasaqda sonradan xasiyyətləri uyğun gəlmədiyində nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra o, öz xüsusi mülkiyyətindən məhrum olmuşdur. Cavadehlərə dəfələrlə mənzilinin boşaldılmasını bildirsə də heç bir müsbət nəticəsi olmamışdır. O, öz mənzilindən məhrum olaraq müxtəlif ünvanlarda aylıq 300 manat kirayə haqqı olmaqla kirayələrdə qalmışdır. Artıq iyirmi ildən çoxdur ki, o 72000 manat məbləğində maddi ziyana düşmüşdür. Cavabehlər onu öz mənzildən sərbəst istifadə etməyə mənzilində yaşamağa maneçilik törədərək imkan vermirlər. Hesab edir ki, cavabdehlər mülkiyyətində olan mənzilindən çıxarılmaqla onların istifadə hüququna xitam verilməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Orucəliyev küçəsi, V saylı evin, 16 saylı mənzildən çıxarılmalarını, cavabdehlərin həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməsini və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının mülkiyyətində olan ünvan 1 evin 16 saylı ünvanında yerləşən fərdi yaşayış evindən hər birinə 5000 manat olmaqla, cəmi 10.000 manat konpensasiya ödənilməklə çıxarılmaları, habelə cavabdehlərin həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və iddiaçının mülkiyyətində olan ünvan 1 ev, mənzil 16 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamədən qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək, iddiaçı iddia tələblərini əsaslandırmaqda səmimi olmamışdır. Belə ki, iddiaçı ilə rəsmi nikahda olan Cavabdeh1 hər ikisinin razılılğı ilə formal olaraq ayrılmışlar, iddiaçı indi yaşadığı və vətəndaşı olduğu ABŞ-a getmək üçün subay olmasının zəruri olduğunu bildirmişdir. Ona görə də, iddiaçının qeyd etdiyi kimi xasiyyətləri uyğun gəlmədiklərinə görə deyil, iddiaçının ABŞ-a maneəsiz gedə və orada özünə müvafiq şərait qura bilməsi üçün nikahlarına formal olaraq xitam vermək qərarına gəlmişlər. Bununla belə, iddiaçı indiyədək cavabdehlərlə faktiki nikah və ailə münasibətlərində olmuşdur. İddiaçı 20 ildən artıq bir müddətdir ki, ABŞ-ın vətəndaşı olmaqla orada yaşayır və işləyir (bununla bağlı sübutların məhkəməyə təqdim edilməsi üçün Dövlət Sərhəd və Miqrasiya xidmətlərinə vəkil sorğuları verilmişdir). İddiaçı arabir Bakıya gələndə cavabdehlərlə birlikdə sözügedən mənzildə ailə kimi mehriban şəraitdə yaşayır. Hətta keçən il Bakıda olarkən Cavabdeh1 iddiaçının Goradildə inşa etdirdiyi bağ evinin tikintisində işləyən fəhlə və ustalar üçün mütəmadi olaraq yeməklər hazırlamış və iddiaçı tərəfindən ora aparılmışdır. Odur ki, iddiaçının mövcud tələblə məhkəməyə müraciət etməsi cavabdehlər üçün çox gözlənilməz olmuşdur. Digər tərəfdən, iddiaçının mənzilindən məhrum olaraq müxtəlif ünvanlarda aylıq 300 manat kirayə haqqı ödəməklə iyirmi ildən çox müddət ərzində 72000 manatdan çox maddi ziyana düşməsi də yuxarıda qeyd etdiyimiz səbəblərdən tamamilə yalandır. Bundan əlavə, diqqətinizə çatdırırıq ki, iddia ərizəsində də qeyd edildiyi kimi, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.1996-cı ildə rəsmi nikah bağlanılmış və həmin nikahdan xx.xx.1997-ci il təvəllüdlü övladları - digər Cavabdeh2 anadan olmuşdur, yəni iddiaçı ilə cavabdehlərin münasibəti 2009-cu ilin oktyabrın 1-dək yaranmışdır. Məhkəmə tərəfindən kompensasiya məbləğinin müəyyən edilməsi zamanı aşağıdakı hallar mütləq nəzərə alınmalıdır. Belə ki, mübahisə predmeti olan mənzil Bakı şəhəri Nərimanov rayonu ərazisində prestijli yerdə yerləşir və 4 otaqdan ibarətdir. Cavabdehlər həmin mənzildə qeydiyyatda olmaqla uzun müddətdir ki, yaşayırlar və həmin mənzildən başqa yaşamağa mənzil sahələri yoxdur. Cavabdehlərin yaşam tərzi bu illər ərzində orada formalaşdığından, həmin yerə öyrəncəli və bağlı olduqlarından, başqa yerdə yaşamaq onlar üçün çox çətin olar, iddiaçının iddia tələbi təmin ediləcəyi təqdirdə, cavabdehlər həmin rayon ərazisində, öz mənzillərinə yaxın kirayə mənzildə yaşamağa məcbur olacaqlar. Bu zaman məhkəmə tərəfindən müəyyən edilən kompensasiya məbləği hər bir cavabdehə münasibətdə ayrıca olaraq həmin ərazidə olan real bazar qiymətləri nəzərə alınmaqlıa müəyyən edilməlidir. Belə ki, qanunvericiliyin tələbinə görə, kompensasiya mübahisə predmeti olan məzildən çıxarılan hər bir cavabdehə münasibətdə müstəqil nəzərdə tutulur. Bundan əlavə, sözügedən mənzilin yerləşdiyi Bakı şəhəri Nərimanov rayonunun prestijli ərazisində 4 otaqlı mənzillərin aylıq kirayə haqqının aşağı məbləği ən azı 400 manatdır. Ona görə də, iddiaçı tərəfindən ödənilcək kompensasiyanın məbləğinin hər bir cavabdehə münasibətdə ən azı 30000 manat məbləğində müəyyən edilməsi məhkəmə tərəfindən mütləq nəzərə alınmalıdır. Cavabdehin nümayəndəsi və vəkili cavabdehin izahatına uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri icra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən tərtib edilmiş mülkiyyət hüquqularının qeydiyyatı barədə qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ev, mənzil 16 İddiaçı Həsən oğlunun xüsusi mülkiyyətindədir. Bu haqda xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 227 nömrəli kitabında 33398 nömrəli səhifəsində qeydəalma 23232 nömrəli ilə xx.xx.1995-ci il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-cı il tarixdə verilmiş, 789 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.1996-cı ildə nikah bağlanmışdır. Qeyd edilən şəxslərin nikahı Nərimanov rayon Qeydiyyat Şöbəsində 230 nömrəli xx.xx.2001-ci il tarixli akt qeydinə əsasən pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 9/5873 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küşəsi, V saylı evin, 16 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 95500,0 manat məbləğində müəyyən olunur. Eyni zamanda 2-ci sual üzrə Mənzillərin kirayə haqqının müəyyən edilməsi tikinti-texniki ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından, həmin sual üzrə tədqiqat aparılmadığı qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş “B+Ş Audit” Konsaltinq MMC tərəfindən xx.xx.2023cü il tarixli 2(005)-98/2023 saylı sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış A-02/46 saylı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, həmin ərazi üzrə satışa çıxarılmış mənzillərin qiymətlərinə nəzər salsaq qiymətlərin çoxda yüksək olmadığını görərik. Lakin, mənzillərin təmirinə, yerləşmə sahəsinə, infrastruktur göstəricilərinə və s. səbəblərə görə yüksək qiymətə satışa çıxarılan evlər də var. Müayinə apardığı ərazidə ev alqı-satqı mütəxəssisləri və öz müşahidə və araşdırmalarımızdan bu qənaətə gəlmək olur ki, həmin erazidə daha fərqli qiymətə mülklər az deyildir. Eyni zamanda həmin ərazi üzrə alqı-satqı mütəxəssislərinin konkret təklifləri və bizim özümüzün apardığımız müşahidə nəticəsində Bakı şəhəri, Orucəliyev küçəsi ərazisində yerləşən köhnətikili binalarda yerləşən bir otaqlı mənzilin orta bazar qiymətləri 70.000 AZN- 90.000 AZN, iki otaqlı mənzillər isə 90.000 AZN - 110.000AZN arası təşkil edir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, ünvan 1 ev, mənzil 16 xx.xx.1995-ci il tarixdən İddiaçı Həsən oğlunun xüsusi mülkiyyətindədir. Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.1996-cı ildə nikah bağlanmışdır. Daha sonra tərəflərin nikahı pozulmuşdur. Hazırda iddiaçı onun xüsusi mülkiyyətində olan mənzildən kompensasiya verilərək, çıxarılmaları, habelə istifadə hüquqlarına xitam verilməsi və iddiaçının həmin mənzilə köçürülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evin paylı mülkiyyətçisidir və həmin evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı (mənzildə yaşamaq səlahiyyəti versəydi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 162-ci maddəsinə əsasən əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Yuxarıda qeyd olunan maddi hüquq normasının imperativ tələblərindən göründüyü kimi şəxsin mülkiyyətdən istifadə hüquq qanunla müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı ünvan 1 ev, mənzil 16 ünvanında yerləşən mənzilin mülkiyyətçisi olması müəyyən edilmişdir. Belə olan halda hazırda iddiaçının mənzilə köçürülməsi hissəsində iddia tələbinin həm faktiki, həm də maddi hüquqi əsası sabit olduğundan onun ünvan 1 ev, mənzil 16 ünvanına köçürülməsi zəruridir. Məhkəmə iddia tələbinin cavabdehlərin ünvan 1 ev, mənzil 16 ünvanından hər birinə 5000 manat kompensasiya ödənilməklə çıxarılması hissəsinə münasibətdə qeyd edir ki, tələbin qeyd olunan hissəsi üzrə müvafiq hüquqi qiymətləndirilmənin aparılması zamanı cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının yaranması araşdırılmalıdır. Belə ki, işin hallarından göründüyü kimi mənzil iddaçının mülkiyyətinə 1995-ci il tarixdə keçmişdir. xx.xx.1996-cı il tarixdə iddiaçı ilə bağlanmış nikah Cavabdeh1 və Cavabdeh2 1997-ci ildə həmin mənzilə istifadə hüquqları yaranmışdır. Göründüyü kimi hazırki mübahisə predmeti üzrə münasibətlərin hüquqi dəyərləndirilməsi həmin münasibətlərin yarandığı tarixdə qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsi həyata keçirilməlidir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair xx.xx.2001ci il tarixli Qərarı ilə 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməsi qeyd olunmuşdur. 8 iyul 1982-ci il tarixdə qəbul edilmiş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. 8 iyul 1982-ci il tarixdə qəbul edilmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Göründüyü kimi cavabdehlərin mübahisəli mənzilə dair istifadə hüquqları yarandığı tarixə qüvvədə olan maddi hüquq normalarının tələbinə əsasən, cavabdehlərin mənzilə dair istifadə hüquqlarına xitam verilməsi zamanı mənzil mülkiyyətçisi ilə qohumluq əlaqələrinin müəyən edilməsi zəruridir. İşin hallarından göründüyü kimi cavabdehlər iddiaçının ailə üzvü olaraq (Cavabdeh1 arvadı və Cavabdeh2 isə tərəflərin birgə nikahdan doğulmuş övladlarıdır) mübahisəli mənzilə istifadə hüquqları yaranmışdır. Hazırda tərəflər arasında yaranmış mübahisənin həll edilməsi üçün məhkəmə araşdırması Mülki Məcəllənin 228-ci maddəsinin imperativ tələblərinə uyğun olaraq müəyyənləşdirilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən görünüdüyü kimi hazırda iddiaçının tələbinin ikinci hissəsi üzrə cavabdehlərin yaranmış istifadə hüquqlarının xitamı şərtli olaraq müəyyən edilmişdir. İddiaçı tərəfindən təyin olunmuş kompensasiya məbləğinin cavabdehlər tərəfindən qəbul edilməsi halında onların istifadə hüququna məhkəmə qaydasında xitam verilməsi göstərilmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Məhkəmə kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı ilk öncə qeyd etməyi zəruri hesab edir ki, kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin müəyyən edilməsində işin konkret xüsusiyyətləri, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarlar nəzərə alınmalıdır. Bunun üçün yaranmış mübahisə üzrə tam, hərtərəfli araşdırma aparılmalı, tərəflər ətraflı dinlənilməli və aşağıdakılar barədə nəticə çıxarmağa çalışmalıdır: - evin kimin mülkiyyətində olması və evə mülkiyyət hüququnun tək bir nəfərə və ya paylı mülkiyyətçilərə mənsub olması; - evdən istifadə etmək hüququ olan şəxslərin sayı, onların mülkiyyətçi və kompensasiya ödənilən şəxslə münasibətləri; - kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması (məsələn, azyaşlı uşaqları ilə); - istifadə hüququnun yaranma müddəti, kompensasiya ödənilən şəxsin həmin hüquqdan hansı müddət ərzində istifadə etməsi; - yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği; - kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları; kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri (məsələn, kompensasiya ödənilən şəxsin ailə münasibətlərinə yaraşmayan hərəkətə yol verməsi); Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunanlar müəyyənləşdirildikdən sonra həmin meyarların kompensasiyanın məbləğinə təsiri nəzərə alınmaqla kompensasiya təklif edənin təklif etdiyi məbləğin istifadə hüququnun itirilməsi üçün yetərli olub-olmaması həll edilməlidir Məhkəmə yuxarıda qeyd olunan hüquqi mövqeyə uyğun olaraq məhkəmə araşdırması zamanı mənzilin bazar qiymətini müəyyən etmişdir. İş materiallarında olan ekspert rəyindən müəyyən olunur ki, mənzilin bazar dəyəri 95500,0 manatdır. Bu səbəbdən də məhkəmə tərəfindən mənzilin müəyyən edilmiş dəyərinə mütənasib olaraq cavabdehlərin hər birinə ödənilməli kompensasiya məbləğini 30.000 manat miqdarında müəyyən etmişdir. Qeyd olunan kompensasiya məbləği müqabilində cavabdehlər mənzildən çıxmağa razı olmalarına baxmayaraq iddiaçı məhkəmə tərəfindən müəyyən edilmiş kompensasiya məbləğini yüksək olması səbəbindən ödəməkdən imtina etmişdir. Belə olan halda məhkəmə tərəflər arasında yaranmış tənzimləyən maddi hüquq normalarını rəhbər tutaraq iddia tələbinin “cavabdehlərin ünvan 1 ev, mənzil 16 ünvanından hər birinə 5000 manat kompensasiya ödənilməklə çıxarılmaları” hissəsində əsassız hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qismən təmin edilməli, ünvan 1 ev, mənzil 16 ünvanında yerləşən mənzilə iddiaçı Əliyev X1, ərizə qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ünvan 1 ev, mənzil 16 ünvanında yerləşən mənzilə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar