Məhkəmə qərarları › İş №2(005)-983/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-983/2024

06.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-983/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə onun, Ərizəçi xx xxxx 1978-ci il tarixdə Ermənistanın Masis rayonunda anadan olması haqqında doğum akt qeydinin bərpa edilməsi və doğum akt qeydində ərizəçinin valideynləri qrafasında atası - “X8”, anası - “X11” kimi göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.2013-cü il tarixdə ASAN tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən aydın olur ki, o, xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda doğulmuşdur. Şəxsi və iş həyatı ilə əlaqədar mütəmadi olaraq Türkiyə Cümhiriyyətinə gedib gəlir. İstər ölkədaxili, istərsə də ölkə hüdudlarından kənarda olarkən müəyyən sosial həyati tələbatların ödənilməsi baxımından ondan doğum haqqında şəhadətnamə tələb edilir. Lakin, ərizəçi doğum haqqında şəhadətnaməsini naməlum şəraitdə itirmişdir. Ərizəçi doğum haqqında şəhadətnaməni əldə etmək üçün Nərimanov rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin, Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 103 nömrəli cavab məktubu ilə ərizəçiyə imtina verilmiş, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpasının bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında mümkünlüyü göstərilmişdir. İmtina məktubunda məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Bundan əlavə, məsələ ilə əlaqədar ərizəçi, həmçinin 7 saylı Bakı “ASAN xidmət” X14 müraciət etmişdir. Lakin, həmin qurum da imtina edərək, ərizəçinin doğum haqqında şəhadətnamə ilə təmin edilməsinin yalnız doğum haqqında akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi olduğu halda mümkünlüyünü bildirmişdir. Ona görə də, ərizəçi yaranmış problemlə əlaqədar doğum akt qeydinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məlumat üçün qeyd etmək zəruridir ki, ərizəçinin milliyyəti azərbaycanlıdır, ata adı X8, ana adı isə X7r. 7 saylı Bakı “ASAN xidmət” X13 xx.xx.1950-ci il təvəllüdlü X4 ailə tərkibinə dair xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi onun qızı, X11 isə arvadıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq məhkəmədə iştirak edə bilmədiklərini, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında təqdim edilmiş: - nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş tərcüməsindən görünür ki, X8 ilə X5 nikahları xx.xx.1978-ci il tarixində 84 saylı akt qeydi ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Çobanova soyadı verilmişdir; - 7 saylı Bakı “ASAN xidmət” X13 arayışının surətindən görünür ki, X4 ailə tərkibi: arvadı X11 (xx.xx.1959), qızı Ərizəçi (xx.xx.1978), oğlu X6 (xx.xx.1984), oğlu X1 (xx.xx.1986) ibarətdir; - doğum haqqında şəhadətnamənin notarial tərcüməsindən görünür ki, X9 xx.xx.1950-ci il tarixdə Ermənistan SSR Hrazdan rayonu Eçmiadzin kəndində dünyaya gəlmişdir. X12, anası X20r; - şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1959-cu il tarixində Azərbaycan Respublikasının Salyan rayonunun Xalac kəndində anadan olmuşdur; - şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1950-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuşdur; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1984-cü il tarixdə dünyaya gəlmişdir. X2, anası X7r; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1986-cı il tarixdə dünyaya gəlmişdir. X2, anası X7r; - 7 saylı Bakı “ASAN xidmət” X13 arayışının surətindən görünür ki, Ərizəçi ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Ərizəçiyə bildirilmişdir ki, doğum haqqında akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra onun doğum haqqında akt qeydi bərpa olunaraq doğum haqqında şəhadətnamə ilə təmin olunacaq; - Bakı şəhəri X16 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçiyə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, o, ərizəçinin qardaşıdır. X2, anası X7r. 4 uşaq olublar. 1 bacısı rəhmətə gedib. 1988-ci ildə köç vaxtında Ermənistandan Bakıya köçüblər. Nərimanovda yaşayıblar. Ərizəçi ondan böyükdür. Bacısının doğum haqqında şəhadətnaməsi itib. Onun da doğum haqqında şəhadətnaməsi əvvəl itmişdi, lakin bərpa edib. Bacısının doğum tarixi xx.xx.1978-ci ildir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ərizəçi xx.xx.1978ci il tarixdə Ermənistanda anadan olmuş, atası X8, milliyyəti azərbaycanlı, anası X11, milliyyəti azərbaycanlıdır. Bu hal iddiaçının təqdim etdiyi şəxsiyyət vəsiqəsi, qardaş və bacısının doğum haqqında şəhadətnaməsi, valideynlərinin şəxsiyyət vəsiqəsi ilə təsdiq olunur. Belə ki, onların doğum tarixi və yeri ilə iddiaçının doğum tarixi və yeri uyğun gəlir. Ərizəçi şəxsiyyət vəsiqəsi almışdır. Doğum haqqında şəhadətnaməni Ermənistan Respublikasından köçərkən itirmişdir. Maraqlı şəxsə ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi imtina edərək, məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1, 307.2.3, 308 və 311ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən, həmçinin onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktın müəyyən edilməsindən asılı olduğundan Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən ərizəçinin məhkəməyə müraciət etmək hüququ yaranmışdır. İşin hallarından göründüyü kimi ərizəçinin doğumu barədə müvafiq qeyd əvvəllər mövcud olmuşdur, çünki ərizəçinin şəxsiyyət vəsiqəsində onun doğum tarixi və yeri barədə məlumatlar əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Müddəaların 16-cı bəndinə görə, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir (18-ci bənd). Həmin Müddəaların 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli qərarının 4-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, ərizəçi müvafiq ərizə ilə seçdiyi yer üzrə qeydiyyat orqanına müraciət etməli və müvafiq qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər (sənədlərin əsli) olduğu təqdirdə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qeydiyyat şöbəsi tərəfindən həyata keçirilməli, sənədlərin əsli olmadığı təqdirdə isə doğumun qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmənin qənaətinə görə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara əsasən baxılan mülki iş üzrə hüquq haqqında mübahisə olmadığından və sənədlərin əsli olmaması səbəbindən qeydin bərpasının qeydiyyat şöbələri tərəfindən həyata keçirilməsi mümkün olmadığından, yəni hüquq müəyyənedici sənədi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Mülki-Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, hazırki məhkəmə qətnaməsi müvafiq faktın qeydə alınması üçün əsasdır. Məhkəmə, təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1978-ci il tarixdə, Ermənistan Respublikasının Masis rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilməlidir. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Çobanova ”, adı “Səriyə”, ata adı “Allahverdi”, doğum tarixi “xx.xx.1978-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan Respublikası, Masis rayonu”, ata qrafasında “X8, milliyyəti azərbaycanlı”, ana qrafasında “X11, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1978-ci il tarixdə, Ermənistan Respublikasının Masis rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Çobanova”, adı “Səriyə”, ata adı “Allahverdi”, doğum tarixi “xx.xx.1978-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan Respublikası, Masis rayonu”, ata qrafasında “X8, milliyyəti azərbaycanlı”, ana qrafasında “X11, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılsın. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar