Məhkəmə qərarları › İş №2(005)-986/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-986/2023

15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-986/2023 15.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 40 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Bakı Telefon Rabitəsi’ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh arasında telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqavilə imzalanmışdır. Borclu Cavabdeh bağladığı xidmət müqaviləsinə əsasən telekommunikasiya xidmətlərindən istifadə edərək *** ** ** saylı telefon nömrəsi üzərindən internetdən istifadəyə görə 40 manat məbləğində borc yaratmışdır. Yaranmış borcun ödənilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Cavabdeh iddiaçı tərəfin xidmətindən istifadə etmiş, müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməyərək xidmət haqqını ödəməkdən yayınmışdır.Tərəflər arasında bağlanan xidmət müqaviləsinin 3.4-cü bəndinə əsasən telefon rabitəsi, multimedia və internet xidmətlərindən istifadəyə görə aylıq abunə haqqı cari ayın 05-dək ödənilir. Cari ay ərzində istifadə edilmiş xidmətlərin haqqı isə növbəti ayın 05-dək ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq və iddianın qiymətini nəzərə alaraq, ərizəyə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 127952 nömrəli müqavilənin surətindən görünür ki, tərəflər arasında telekommunikasiya xidmətlərinin göstərilməsi ilə əlaqədar müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh *** ** ** saylı telefon nömrəsi üzərindən internetdən istifadəyə görə 40 manat məbləğində borc yaranmış və həmin borcun 5 iş günü ərzində icra edilməsi və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh adına olan ***-***-**-** saylı telefonun üzərində xx.xx.2022-ci il tarixə internetə görə 40 manat borc mövcuddur. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında xidmət göstərilməsi ilə bağlı öhdəlik hüquq münasibətləri yaranmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən Rabitə operatoru Abunəçiyə seçdiyi telekommunikasiya xidmətlərini göstərir, abunəçi isə isifadə etdiyi telekommunikasiya xidmətlərinin ödəniş haqlarını müəyyən edilmiş müddət ərzində ödəməyi öhdəsinə götürür. Hazırda iddiaçı cavabdehin telekommunikasiya xidmətlərindən istifadə edərək *** ** ** saylı telefon nömrəsi üzərindən internetdən istifadəyə görə 40 manat məbləğində borcunu ödəmədiyini əsas gətirərək həmin məbləğin və ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsini xahiş edir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən telekommunikasiya xidməti müvafiq telekommunikasiya şəbəkəsi vasitəsilə hüquqi, fiziki şəxslərin və qanuni əsaslarla fəaliyyət göstərən digər subyektlərin telekommunikasiyaya olan tələbatının ödənilməsi məqsədilə həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 29-cu maddəsinə görə internet telekommunikasiya xidməti beynəlxalq standartlarla müəyyən olunan internet protokol əsasında qlobal informasiya şəbəkəsində göstərilən telekommunikasiya xidmətidir. Həmin qanunun 34.2.4.-cü maddəsinə əsasən operator, provayder ilə bağlanmış müqavilələrin şərtlərinə əməl etmək, o cümlədən istifadə etdikləri telekommunikasiya xidmətləri haqlarını vaxtlı-vaxtında ödəmək abunəçinin vəzifəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3 və 433.1-ci maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (Mülki Məcəllənin 442-ci maddəsi). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə xidmətlərdən istifadə etdiyindən müvafiq ödənişlərin edilməsi həmin müqavilə və qanunvericilik üzrə onun vəzifəsidir, buna baxmayaraq cavabdeh öz öhdəliklərini yerinə yetirməyərək müqavilə şərtlərini pozmuşdur. Cavabdehin telekommunikasiya xidmətlərindən istifadəyə görə 40 manat borcu yaranmışdır. Buna görə də, o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 40 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul tutularaq “Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 40 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul tutularaq “Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar