Məhkəmə qərarları › İş №2(005)-999/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-999/2025

18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-999/2025 18.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı ("xxxx" MMMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və ödənilmiş kommunal haqların geri qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-2022-ci illər üçün "xxxx" MMMC-nin xərclər və gəlirlər smetasını, görülən işlər haqqında məlumatları, kommunal haqların miqdarının müəyyən edilməsi barədə "xxxx" MMMC-nin ümumi yığıncağının qərarının iddiaçılara təqdim edilməsi öhdəliyinin Cavabdeh və X2 üzərinə qoyulması və İddiaçı1 xeyrinə 1020 manat, İddiaçı3 xeyrinə 850 manat, İddiaçı2 xeyrinə 850 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-999/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh və X4 qarşı ("xxxx" MMMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və pul tələbinə dair mülki iş üzrə icraata cavabdeh X4 aid hissədə (iddia ərizəsi verilənədək öldüyündən) xitam verilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə "xxxx" MMMC yaradılmış və 1119- MMG-0148 saylı qeydiyyat nömrəsi altında Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmaqla fəaliyyətə başlamışdır. "xxxx" MMMC-nin İdarə Heyətinin sədri Cavabdeh və üzvü X6 tərəfindən 2019-2022-ci illər ərzində 240 mənzil və 11 qeyri-yaşayış sahəsindən demək olar ki, 100% kommunal haqlar yığılsa da, İdarə Heyəti tərəfindən MMMC-nin gəlir və xərclər smetası barədə rəyi, maliyyə fəaliyyəti haqqında hesabatı, həmçinin kommunal haqların miqdarının müəyyən edilməsi barədə Ümumi Yığıncağın qərarı onlar daxil olmaqla digər bütün cəmiyyət iştirakçılarına təqdim edilməmiş, ümumiyyətlə o zamankı İdarə Heyəti tərəfindən bu barədə MMMC-nin Ümumi Yığıncağı bir dəfə də olsun çağırılmamışdır. Qeyd edilən illər ərzində cavabdehlər tərəfindən sakinlərdən, o cümlədən onlardan yığılmış maliyyə vəsaiti təyinatına uyğun xərclənməmiş, binada hər hansı abadlıq işləri aparılmamış, binanın texniki avadanlıqları, xüsusən liftlər bərbad vəziyyətdə olmuşdur. Cavabdehlərin İdarə Heyəti üzvü olduğu dövrdə binada işıq şitlərində dəfələrlə yanğın olmuş, binanın içməli su hovuzu bir dəfə də olsun təmizlənməmiş, liftlərin işləməsində demək olar ki, hər gün uzun fasilələr yaranmışdır. Bunun nəticəsi olaraq, 2022-ci ilin sentyabr ayında binanın 1-ci liftində qəza baş vermiş və 40 gündən çox müddətə sakinlər liftsiz qalxıb düşmüşlər. Yalnız 2022-ci ilin oktyabr ayında MMMC-nin yeni İdarə Heyəti seçildikdən sonra liftlər əsaslı təmir olunmuş və binada abadlıq işləri aparılmışdır. Buna görə də xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə kimi (34 ay) onlar tərəfindən ödənilən kommunal haqlar cavabdehlər tərəfindən təyinatına uyğun xərclənmədiyinə görə İddiaçı1 Hасı oğluna hər ay 30 manat olmaqla (30x34 ay) 1020 manat, İddiaçı3 hər ay 25 manat olmaqla (25x34 ay) 850 manat, İddiaçı2 hər ay 30 manat olmaqla (25x34 ay) 850 manat pul cavabdeh tərəfindən geri ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 bildirmişdir ki, Cavabdeh tərəfindən onlardan kommunal haqlar yığılırdı. Onlar ümid edirdilər ki, qeydiyyat vəsiqəsi, çıxarışlar veriləcək. Lakin heç biri verilmədi. Onlar Cavabdeh idarəçiliyi dövründə olan hesabatların verilməsini istəsələr də, heç bir məlumat, sənəd təqdim edilməmişdir. MMMC yaradılmamışdan öncə də pullar ödəmişlər. Ödədikləri pulların hara xərclənməsindən məlumatsız olmuş, smetanı görməmişlər. 2019-2022-ci illərdə Venera xanım idarə heyətinin sədri olub. Nizamnamədə onun imzası var. Hətta "xxxx" MMMC-nin ünvanı Venera xanımın ünvanıdır. Venera xanım sənədlərin bir hissəsini MMMC-yə təhvil vermişdir, lakin hesabatlar təhvil verilməyib. Onlara lazım olan sənədlər orada yox idi. İddiaçı2 hazırda MMMC-nin sədridir. Əgər sənədlər olsa idi, o, iddiaçı qismində çıxış etməzdi. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, ayda 25 manat kommunal haqq ödəyir. Lift bərbad haldadır. Binanın həyəti hazırda pis vəziyyətdədir. FHN-nin məktubunda qeyd edilmiş görülməli işləri Venera xanım görməmişdir. Artıq ödədikləri pulları geri istəyirlər. Həmçinin cavabdehdən hesabatlar, ümumi yığıncağın qərarı tələb edilsə də onlara verilməmişdir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı2 məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı2 bildirmişdir ki, onun sədrliyi dövründə ona heç bir sənəd və hesabat verilməyib. Ümumiyyətlə sənədlər təqdim edilməmişdir. Sakinlər ödənişləri köhnə qaydada davam etdirib. Hesabatların təhvil verilməsi dəfələrlə istənilsə də heç bir sənəd təqdim edilməmişdir. "xxxx" MMMC-nin arxivində Venera xanımın sədrlik etdiyi dövrdə keçirilmiş ümumi yığıncağın qərarları, maliyyə hesabatları mövcud deyildir. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MMMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatlarını dinləyərək, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2006-cı il tarixli pay hüququnun əldə edilməsi barədə müqavilədən görünür ki, “icraçı” X1 rayonu, S.Ə.Şirvani küçəsi 2319-cu məhəllədə yüksək mərtəbəli yaşayış evinin İ blok, Vİİİ mərtəbə, ümumi sahəsi 125 kv.m olan 36 nömrəli izolə olunmuş 3 otaqdan ibarət mənzili “payçı” İddiaçı1 istifadəsinə verməyi, sonuncu isə onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür; - xx.xx.2009-cu il tarixli pay hüququnun əldə edilməsi barədə müqavilədən görünür ki, “icraçı” X1 rayonu, S.Ə.Şirvani küçəsi 2319-cu məhəllədə yüksək mərtəbəli yaşayış evinin İ blok, İX mərtəbə, ümumi sahəsi 99 kv.m olan 44 nömrəli izolə olunmuş 2 otaqdan ibarət mənzili “payçı” İddiaçı2 istifadəsinə verməyi, sonuncu isə onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür; - xx.xx.2014-cü il tarixli pay hüququnun əldə edilməsi barədə müqavilədən görünür ki, “icraçı” Cavabdeh Xətai rayonu, S.Ə.Şirvani küçəsi 2319-cu məhəllədə yüksək mərtəbəli yaşayış evinin İİİ blok, mansard mərtəbə, ümumi sahəsi 105 kv.m olan 237 nömrəli izolə olunmuş 2 otaqdan ibarət mənzili “payçı” İddiaçı3 istifadəsinə verməyi, sonuncu isə onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-kommersiya qurumlarının Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, "xxxx" MMMC ümumi yığıncağın qərarı və digər sənədlər əsasında xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. Əvvəlki qanuni təmsilçi Cavabdeh, hazırki qanuni təmsilçi isə İddiaçı2dır; - "xxxx" MMMC tərəfindən sorğuya cavab məktubundan görünür ki, 2019-2022-ci il tarixlərdə MMMC-nin idarə heyətinin sədri vəzifəsində Cavabdeh qeydiyyatdan keçmişdir. Lakin həmin illərdə MMMC-nin ümumi yığıncağı keçirilmədiyindən arxiv sənədlərində bu barədə heç bir məlumat yoxdur. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, "xxxx" MTK xx.xx.2019-cu il tarixdən etibarən sözügedən çoxmərtəbəli yaşayış binasındakı fəaliyyətini (faktiki mövcudluğunu) yekunlaşdırmış və həmin tarixdən etibarən binanın idarə edilməsi "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə ötürülmüşdür. 2019-2022-ci illərdə "xxxx" MMMC-nin idarə heyətinin sədri vəzifəsində Cavabdeh qeydiyyatdan keçmişdir. "xxxx" MMMC-nin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli, idarə heyətinin xx.xx.2022-ci il tarixli qərarlarına əsasən hazırkı qanuni təmsilçisi kimi İddiaçı2 (hazırkı iş üzrə iddiaçı) qeydə alınmışdır. Binanın sakinləri olan iddiaçılar 2019-2022-ci illərdə toplanan vəsaitlərin təyinatı üzrə xərclənmədiyini, binalarda abadlıq işlərinin aparılmadığını, xərclər və gəlirlər smetasının, maliyyə hesabatlarının təqdim edilmədiyini əsas gətirərək ödənilmiş vəsaitlərin geri qaytarılmasını, həmçinin ümumi yığıncağın qərarının, xərclər və gəlirlər smetasının, görülən işlər haqqında məlumatların təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş edirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin hazırki mülki iş üzrə tətbiq edilən normalarına aşağıdakılar aiddir: Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır; Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir; Maddə 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir; Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir; Maddə 120.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir; Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır; Maddə 125.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır; Maddə 125.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququ vardır; Maddə 125.2.4. Cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir; Maddə 128.0.3. Müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir; Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq; Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər; Maddə 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir; Maddə 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Göründüyü kimi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Hazırki iş üzrə iddiaçılar 2019-2022-ci illər üçün "xxxx" MMMC-nin xərclər və gəlirlər smetasını, görülən işlər haqqında məlumatları, kommunal haqların miqdarının müəyyən edilməsi barədə "xxxx" MMMC-nin ümumi yığıncağının qərarını tələb etmələrinə baxmayaraq iddiaçılara təqdim edilməmişdir. Halbuki mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən idarə olunan çoxmənzilli binalarda Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsində nəzərdə tutulmuş qaydalara riayət olunması, yəni cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabatı tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək "xxxx" MMMC-nin qanuni təmsilçisi Cavabdeh olmuşdur. Mənzil Məcəlləsinin 127-ci maddəsinin tələblərinə görə isə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyət iştirakçılarına hesabat verən cəmiyyətin icra orqanıdır və cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir. Cavabdeh isə idarə heyətinin sədri kimi cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilməsini təşkil etmək vəzifəsi daşımışdır. Həmin hesabatlar, eləcə də ümumi yığıncağın qərarı "xxxx" MMMCnin arxivinə təhvil verilməli olsa da, təhvil verilməmişdir. Bu səbəbdən sahə mülkiyyətçiləri həmin sənədlərin təqdim edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Beləliklə, cavabdeh uzun müddət ərzində cəmiyyətin idarə heyətinə rəhbərlik etdiyi halda, idarəetmə fəaliyyəti barədə sakinlərə heç bir məlumat verməmiş, illik hesabatları, toplanmış maliyyə vəsaitlərinin hara və hansı qaydada xərcləndiyi barədə məlumatları təqdim etməmişdir. Bununla da cəmiyyət üzvlərinin, kommunal haqları ödəyən mülkiyyətçilərin əsas hüquqlarından biri olan xərclər və gəlirlər smetası, maliyyə hesabatı, ümumi yığıncağın qərarı ilə tanış olmaq hüquqlarını pozmuşdur. Məhkəmə iddianın pul tələbi hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun R.Məhərrəmovanın şikayəti üzrə 22 sentyabr 2020ci il tarixli Qərarına görə, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Hazırki iş üzrə iddiaçılar uzun müddət ərzində mənzil sahibləri kimi kommunal ödənişləri ödəmiş, lakin həmin vəsaitlərin təyinatı üzrə xərclənmədiyini iddia edərək ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmişlər. Onların arqumentlərinə görə, cavabdehin rəhbərlik etdiyi dövrdə binada abadlıq işləri aparılmamış, liftlər və digər texniki avadanlıqlar uzun müddət işlək vəziyyətdə olmamış, bu səbəbdən kommunal haqların yığılmasına baxmayaraq, sakinlərin ödədiyi vəsaitlərin məqsədəuyğun istifadəsi təmin edilməmişdir. Lakin məhkəmə iddiaçıların dəlillərini ağlabatan hesab etmir. Belə ki, binalara 3 il ərzində kommunal xidmətlər göstərilməzsə, orada yaşamaq mümkün olmazdı. Həmçinin təqdim edilmiş qəbzlərdən göründüyü kimi, iddiaçılar 3 il ərzində davamlı olaraq yaşayış sahəsinin mülkiyyətçiləri kimi MMMC-nin xidmətlərindən istifadə etdiklərindən, kommunal, məişət və göstərilən digər xidmətlərə görə kommunal haqları ödəmişlər. Sonradan binanın təhvil verilməməsi, mənzilə dair çıxarış almanın mümkün olmaması səbəbindən cavabdehlə aralarında mübahisə yaranmışdır. Məhkəmə vurğulayır ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır və məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMMC-nin 2019-2022-ci illər üzrə xərclər və gəlirlər smetasının, maliyyə fəaliyyəti haqqında hesabatlarının və ümumi yığıncağın qərarının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 təqdim edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməli, dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Cavabdeh tutularaq rüsum ödəyicisi İddiaçı1 ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" MMMC-nin 2019-2022-ci illər üzrə xərclər və gəlirlər smetasının, maliyyə fəaliyyəti haqqında hesabatlarının və ümumi yığıncağın qərarının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 təqdim edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq rüsum ödəyicisi İddiaçı1 ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar