Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1/2025 09.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abbasov Nail İbad oğlu, İddiaçı mülkiyyət hüququnun tanınması məqsədi ilə sənədlərin təqdim olunması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, 1061-ci məhəllədə inşa edilən 11-ci Korpusda 77 nömrəli mənilin qeydiyyat çıxarışının əldə olunması məqsədi ilə cavabdehdən tələb olunan sənədlərin təqdim olunması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehlərin ünvanı qeyd edilməmiş, “Elektron İnformasiya” sistemi vasitəsi ilə əldə edilmiş məlumata əsasən Cavabdeh MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, X1 ev 14, mənzil 21-dir. Göründüyü kimi, cavabdeh Bakı şəhəri Nəsimi rayonu ərazisində qeydiyyatda olmadığından, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehə qarşı mövcud iddia ərizəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Ona görə ki, mövcud iddia cavabdehin hüquqi ünvanının olduğu yer üzrə məhkəməyə verilməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində sənədlərin cavabdehdən alınması tələbinin mülkiyyət hüqüqunun tanınması məqsədi olmasını vurğulasa da, tələb prosessual qanunvericiliyin müstəsna aidiyyəti müəyyən edən normasının təsirinə də düşmür. Hazırki iddia tələbinin predmeti daşınmaz əmlakla bağlı olsa da, iddiaçının mövcud iddia tələbi müstəsna aidiyyətə görə iddia tələbində qeyd edilən daşınmaz əmlakın Bakı şəhəri Nəsimi rayonu ərazində yerləşməsi əsasına görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olan iddia tələbi olmayıb, cavabdehin ünvanının olduğu yerin məhkəməsinə görə ərazi aidiyyəti üzrə baxılmalı olan iddia tələbidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməməklə məhkəməyə verilmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pul tam şəkildə ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı mülkiyyət hüququnun tanınması məqsədi ilə sənədlərin təqdim olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədələr geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 100 manat (qəbz № **********7266) dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət Büdcəsindən İddiaçı qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-1/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1/2025
09.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver