Məhkəmə qərarları › İş №2(006)-1007/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1007/2021

06.04.2021 · Müqavilələrin ləğv edilməsi - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1007/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Gasan Guseinovun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «lizing müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «lizing müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə bağlanmış xx xxxx 2017-ci il tarixli, AL-113 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, xx xxxx 2017-ci il tarixli, AL-113 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxx 2020-ci il tarixə 2.177,75 manat gecikdirilmiş əsas, 372,64 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 851,47 manat dəbbə pulu, 280 manat dəymiş zərər, ümumilikdə 3.681,86 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, AL-113 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA540292 ban, 211133342DFCX0155 mühərrik nömrəli, qara rəngli avtomobil 14.8000 manat məbləğində İddiaçı ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. ”Daxili Lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3 ) əsasən Cavabdeh illik 12% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit pul məbləği olmaqla 389,82 manat, ümumilikdə isə 18.710,82 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı ASC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə şirkətinin müvəqqəti duracağına yerləşdirilmişdir və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 280 manat ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxxxx 2019-cu il tarixdə 600 manat məbləğində olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Gasan Guseinov iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, AL-113 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-nin mülkiyyətində olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA540292 ban, 211133342DFCX0155 mühərrik nömrəli, qara rəngli avtomobil sifarişçinin müvəqqəti istifadəsinə verilmişdir. ”Daxili Lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3 ) əsasən Cavabdeh illik 12% hesablanmaqla 48 aylıq müddətlə hər ay sabit pul məbləği olmaqla 389,82 manat, ümumilikdə isə 14.800 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli, 997 saylı arayışından görünür ki, Cavabdeh şirkətə xx.xx.2020-ci il tarixə 2.177,75 manat gecikdirilmiş əsas, 372,64 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 851,47 manat dəbbə pulu, ümumilikdə 3.401,86 manat borcu vardır. İş materiallarına əlavə olunmuş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh oğul ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli “avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı ASC şirkətinə məxsus olan “Daewoo Gentra” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimi aparılmış, nəqliyyat vasitəsinin arxa sağ stop (fara) sınıq qabaq buferin əzildiyi qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, “Daewoo Gentra” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 280 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinin tələbinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövrilikdə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12, 748-1.12.4-cü maddələrinin tələblərinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, AL-113 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli, 2.177,75 manat gecikdirilmiş əsas, 372,64 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 85 manat dəbbə pulu, 280 manat dəymiş zərər, ümumilikdə 2.915,39 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia digər hissədə rədd edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, İddiaçı ASC dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 85 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 85 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi qismən təmin olunsun. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, AL-113 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. 2.177,75 manat gecikdirilmiş əsas, 372,64 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 85 manat dəbbə pulu, 280 manat dəymiş zərər, ümumilikdə 2.915,39 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar