Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1009/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, iddiaçılar İddiaçı2, X1, Əzizova Nı̇ gar Əzizbala qızının və cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, iddiaçılar İddiaçı2, İddiaçı1, X2 və İddiaçı4 Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış sahəsinə dair hüquqlarının bərpa olunması, Cavabdeh onlara istifadə hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən tikilidən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 1 ünvanında iki özbaşına tikili yerləşir. Bu tikililərdən biri iddiaçılara məxsus olmaqla uzun illər ərzində rəsmi istifadələrindədir. Qeyd olunan tikilinin ünvanı üzrə iddiaçıların istifadə hüquqları rəsmi qaydada qeydiyyata alınmaqla tanınmışdır. Ailə üzvləri tərəfindən istifadələrində olan tikiliyə dair kommunal xərclər daim ödənilir və ödənilməkdə davam edir. 2001-ci il tarixdə İddiaçı1 Cavabdeh ilə nikaha daxil olub evlənmişdir. Onların bu nikah münasibətlərindən 2002-ci il və 2005-ci il təvəllüdlü iki oğlu doğulmuşdur. Cavabdeh nikaha daxil olsa da, ərinin yaşayış sahəsinə dair hər hansı bir hüquq qazanmamışdır və yaşayış sahəsinə dair istifadə hüququnu ünvan 2 ünvanı üzrə saxlamışdır. Hal-hazırda cavabdehin yaşayış sahəsinə dair hüquqları ünvan 2 ünvanı üzrədir. Təəssüflər olsun ki, cavabdeh ailə münasibətlərinə xələl gətirən hərəkətlərə yol verib ailəni dağıtmışdır. Cavabdehin hər iki oğlu anaları ilə deyil, ataları ilə yaşamağa üstünlük vermişlər. Ailə münasibətlərinə son verən cavabdeh iddiaçıların rəsmi istifadələrində olan yaşayış sahəsini tutaraq onların istifadə hüquqlarını davamlı şəkildə pozmaqdan çəkinmir. Qeyd etdiyi kimi cavabdehin yaşayış sahəsinə dair hüquqları başqa ünvan üzrədir. Bu səbəbdən də cavabdehin iddiaçıların yaşayış sahəsinə dair olan hüquqlarını pozaraq məhdudlaşdırmağa əsası yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 Mütalib oğlu iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, vəkilin dedikləri ilə razıdır. Ev bir otaqlıdır. Həmin evdə cavabdehlə birgə yaşayış mümkün deyil. Oğlu hal-hazırda kirayədə yaşayır. Cavabdeh deyir ki, məhkəmə qətnaməsi gətirin, ondan sonra evdən çıxacaq. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar X2 və Əzizova Nı̇ gar Əzizbala qızı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X5 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçılar bu iddianı qaldırmaqda subyektiv hüquqa malik deyillər. Burada onların hansısa mülkiyyət hüquqlarının pozulmasından söhbət gedə bilməz. Həmin evdə qeydiyyatda olmaları onların istifadə hüquqlarını yaratmır. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3523/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı1 ilə Cavabdeh arasında xx xxxx 2001-ci il tarixdə bağlanmış və Nəsimi rayon VVADQ şöbəsi tərəfindən nikah haqqında akt qeydləri kitabında xx xxxx 2001-ci ildə 318 nömrə ilə qeyd edilmiş nikah pozulması, xx xxxxxx 2005-ci təvəllüdlü X6 atası İddiaçı1 yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 59 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli, Y64 №-li arayışından görünür ki, Cavabdeh ünvan 2-da qeydiyyatdadır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıların cavabdehdən çıxmasını tələb etdikləri ev hüquqi rejiminə görə özbaşına tikilidir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci və 139.3-cü maddələrinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. “Eyrenin İrlandiyaya qarşı iş üzrə” İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konsititusiyasının 43-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Göründüyü kimi, sözügedən normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Nəzərə alınmalıdır ki, ölkə ərazisində mənzillərdə, evlərdə və digər bu kimi yerlərdə istifadə hüququ olmadan yaşayan minlərlə insan var. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən” məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Beləliklə, özbaşına tikinti işləri aparmış şəxs orada yaşayan, lakin istifadə hüququ olmayan şəxsi özbaşına tikilidən çıxarmaq istəyirsə, əvvəlcə tikiliyə mülkiyyət hüququ əldə etməlidir. Bu məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyrisabitliyə səbəb ola, özbaşına tikinti aparmış şəxsə (artıq qanunu pozmuş şəxsə) növbəti qanunsuzluqlar etməyə (özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxarmağa və digər bu kimi hərəkətlər etməyə) əsas yarada bilər. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olduğuna görə, iddiaçılar həmin ev üzərində hər hansı hüquq əldə etmədiklərindən, onların cavabdehin həmin evdən çıxarılması ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüquqları da yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2, İddiaçı1, X2 və İddiaçı4 Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1, X2 və İddiaçı4 Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apeyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbu edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-1009/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1009/2021
09.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver