Məhkəmə qərarları › İş №2(006)-1017/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1017/2021

17.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1017/2021 17.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X16 oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi X5 iştirakları ilə İddiaçı Cavabdeh qarşı "istifadə hüququna xitam verilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "istifadə hüququna xitam verilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 132 kv/m olan yaşayış sahəsi 97,6 kv/m yaşayış , 34,4 kv/m köməkçi sahəsi olan “A”, “B”, “V” tikililəri erməni millətindən olan mülkiyyətçi X2 18000 rubl pul vəsaiti ödəməklə 1990-cı ildə almışdır. O dövrdə mövcud olan vəziyyətlə əlaqədar iddiaçı daşınmaz əmlakı notariat qaydada rəsmiləşdirə bilməmiş və sonradan Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsiin 2-1114 saylı, 25 oktyabr 1994-cü il tarixli qərarı ilə keçmiş mülkiyyətçi X6 ilə ona məxsus Şahbazov küçəsi 24 saylı ünvanda yerləşən (keçmiş Dağıstan küçəsi) 132 kv/m ümumi sahəsi, 97,6 kv/m yaşayış sahəsi, 34,4 kv/m köməkçi sahəsi olan daşınmaz əmlakla bağlı alqı-satqı müqaviləsi aralarında bağlanmış hesab edilmiş və ƏMDK-n Bakı şəhər Ərazi İdarəsi tərəfindən adı çəkilən daşınmaz əmlakla bağlı iddiaçının adına 21 dekabr 1994-cü il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçının mülkiyyətində olan daşınmaz əmlakın 47,3 kv/m yaşayış sahəsi, 14,4 kv/m köməkçi sahəsi iddiaçı tərəfindən 1997-ci ilin 18 iyulunda satılmış, qalan daşınmaz əmlak mülkiyyətində qalmışdır. İddiaçı daşınmaz əmlakı alarkən Cavabdeh hazırda yaşadığı sahədə keçmiş mülkiyyətçinin kirayəşini kimi yaşayırdı və qısa zaman daxilində çıxacağını məlum etmişdir. Sonra da cavabdeh ilə normal münasibətlər yaranmış və bu səbəbdən iddiaçı cavabdehə 7,5 kv/m yaşayış, 5,8 kv/m köməkçi sahəsi olan sahənin onun istifadəsində qalmasına, adına kommunal xərclərin ödənilməsi üçün sayğacların quraşdırılmasına etiraz etməmişdir. Hazırda iddiaçının ailə üzvlərinin artması, ailəsinin əlavə yaşayış sahəsinə ehtiyacı olması, daşınmaz əmlakı özgəninkiləşdirilmə istəyi kimi səbəblər üzündən cavabdehin müvəqqəti istifadə hüququnun itirilməsi və bu səbəbdən pasport qeydiyyatından çıxarılmasına ehtiyac vardır. İddiaçının cavabdehlə heç bir əlaqəsi yoxdur, ailə üzvü deyildir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi, Cavabdeh ünvan 1 mülkdə müvəqqəti istifadə hüququnun itirilməsi, həmçinin cavabdehin həmin ünvandan şəxsi əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi X11 iddia tələbinə etiraz edərək bildirmişlər ki, Cavabdeh 1968-ci ildən mübahisəli evdə yaşayır və kirayəçi deyildir. Onun həmin evə dair istifadə hüququ mövcuddur. Buna görə də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilə bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, həm iddiaçını, həm də cavabdehi tanıyır. O, 1989-ci ildən sözügedən ünvanda yaşayır. O, həmin ünvana köçəndə Cavabdeh erməni qadının evində kirayəçi kimi yaşayırdı. İddiaçı Cavabdeh sonra həmin ünvana köçmüşdür. Cavabdeh hazırda həmin ünvanda yaşayır. İş materiallarındakı Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 21.12.1994-cü il tarixli, MH seriyalı, 143669 №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 İddiaçı və X3 adına paylı mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 201 saylı reyestr kitabının 11077 nömrəli vərəqində, 30/530 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayonu MKTB-nin 16 saylı MKİS tərəfindən verilmiş 23.10.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 29.07.1968-ci il tarixdən ünvan 3 ünvanında pasport qeydiyyatındadır. İş materiallarındakı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, 26.10.2020-ci il tarixli arayışına əsasən İddiaçı, X1, X4 və Abduləliyev Emin Aləm oğlu ünvan 3 ünvanında pasport qeydiyyatındadırlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 30.03.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Şahbazov küçəsi (köhnə Dağıstan küçəsi), 24 saylı fərdi yaşayış evi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1114 nömrəli, 25.10.1994-cü il tarixli qərarına əsasən 21.12.1994-cü il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda sözügedən fərdi yaşayış evinin bir hissəsi mülkiyyətindədir. Sözügedən fərdi yaşayış evinin 3 otağı Bakı şəhəri, 29 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, 18.07.1997-ci il tarixli, 3MA-751 reyestr nömrəli, İddiaçı ilə X10 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən 22.01.1998-ci il tarixində X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisəli mənzil İddiaçı paylı mülkiyyətindədir. Tərəflərin izahatlarına görə cavabdeh 1968-ci ildən həmin mənzildə qeydiyyatdadır və orada faktiki olaraq yaşayır. Məhkəmə araşdırması zaman həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, N.Şahbazov küçəsi, ev 24 1, 2 və 3 tikililərdən (mənzillərdən) ibarətdir. Cavabdeh isə 1968-ci ildən bu günə kimi 2 №-li mənzildə (tikilidə) qeydiyyatda olmaqla yaşayır və kommunal xərcləri 2 №-li mənzilə görə ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Göstərilənlərlə əlaqədar olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Göründüyü kimi cavabdeh mübahisəli mənzildə 53 (əlli üç) ilə yaxındır ki, davamlı olaraq yaşayır. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı mübahisəli yaşayış sahəsini alanda cavabdehin orada yaşaması və qeydiyyatda olması barədə məlumatlı olmaqla, həmin yaşayış sahəsini yüklü şəkildə əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinə müvafiq olaraq mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun (Mülki Məcəllənin 158.3-cü maddəsi). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (Mülki Məcəllənin 158.4-cü maddəsi). Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilə dair istifadə hüququnun itirilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, iddia ərizəsi təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı "istifadə hüququna xitam verilməsi və s. tələbi"nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "istifadə hüququna xitam verilməsi və s. tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar