Məhkəmə qərarları › İş №2(006)-1020/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1020/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1020/2022 31.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X4 cavabdeh "xxxx" ASC-yə qarşı “qeyri-yaşayış sahəsi üzərindən yüklülüyün götürülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X2 Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin üzərinə (VÖEN:**********), 26.12.2014-cü il tarixli № 273846 saylı İpoteka Müqaviləsi əsasında X5 məxsus olan ünvan 1 saylı binanın zirzəmisində yerləşən, 534.62 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi üzərinə qoyulmuş yüklülüyün götürülməsi barədə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə elektron məktub göndərilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" (Azərbaycan) ASC və direktoru keçmiş tanışı olan "xxxx" MMC ilə bank arasında bağlanan 26.12.2014cü il tarixli kredit müqaviləsinin təminatı olaraq, X5 məxsus olan ünvan 1 saylı binanın zirzəmisində yerləşən, 534.62 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi, bankın xeyrinə İpoteka ilə yüklü edilməsinə dair № 273846 saylı 26.12.2014-cü il tarixli Müqavilə bağlanmışdır. Bundan öncə 2016-cı ilə tarixdə iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin cavabdeh "xxxx" MMC-nə, X5 və qeyrilərinə qarşı və iddiaçı X4 cavabdeh "xxxx" (Azərbaycan) ASC-nə, "xxxx" MMC-nə və qeyrilərinə qarşı qaldırılmış qarşılıqlı iddia tələbi üzrə Masallı rayon Məhkəməsində 2(050)-355/2019 saylı 26.02.2019-cu il tarixli qətnaməsi çıxarılmışdır. Bu qətnamə ilə iddiaçının qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, "xxxx" (Azərbaycan) ASC və X7 arasında bağlanmış 26 dekabr 2014-cü il tarixli, M 273846 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi etibarsız hesab edilmiş və ipotekaya xitam verilməsi qət edilmişdir. Bundan sonra bankın şikayəti əsasında işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-107/2020 saylı 11 fevral 2020-ci il tarixli qətnaməsinə əsasən, Masallı rayon Məhkəməsinin 2(050)-355/2019 saylı 26.02.2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində istifadədə olan 0,26 ha torpaq sahəsində, 6k nömrəli binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin yüklü edilməsinə dair 26 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi qət edilmişdir. Bankın kassasiya şikayəti əsasında çıxarılmış Azərbaycan Respublkası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3272/2020 saylı 20 iyul 2020-ci il tarixli qərarına əsasən, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(106)l07/2020 nömrəli iş üzrə 11 fevral 2020-ci il tarixli qətnaməsi qismən - qarşılıqlı iddianın təmin olunması hissəsində ləğv edilsin, həmin hissədə yeni qərar qəbul edilsin və qarşılıqlı iddia həmin hissədədə təmi olunmasın. Qətnamə ilkin iddianın (bankın iddiasının) İddiaçı məxsus əmlaka tutma yönəldilməsi tələbinin təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublkası Ali Məhkəmənin MK-sı yeni qərar (AR. MPM- 417.1.4) çıxararaq, iddiaçı "xxxx" (Azərbaycan) ASC ona aid hissədə Masallı rayon Məhkəməsində irəli sürdüyü, “tələbin tam mülkiyyət hüququ ilə X5 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində istifadədə olan 0,26 ha torpaq sahəsində yerləşən 6k nömrəli binanın zirzəmisində yerləşən 534.62 kv.m ümumi, 526.88 kv.m əsas, 7.74 kv.m köməkçi sahədən ibarət olan qeyri-yaşayış sahəsinə yönəldilməsi və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitin qeyd edilən pul məbləğinin "xxxx" (Azərbaycan) ASC-nə ödənilməsi, ipoteka predmeti olan göstərilən əmlakın məcburi qaydada boşaldılması” barədə tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmasını qərara almışdır. 2(102)-3272/2020 saylı 20 iyul 2020-ci il tarixli qərarda kassasiya intansiyası məhkəmisinin mövqeyi aşağıdakı kimi göstərmişdir; Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən X5 məxsus qeyri-yaşayış sahəsinə tutma yönəldilməsi tələbinin təmin olunmaması hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Qətnamə göstərilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Daha sonra mən 08.02.2021-ci il tarixdə cavabdeh Bank VTB (Azərbaycan) ASC-nə rəsmi qaydada müraciət edərək, bankla kredit alan "xxxx" MMC təşkilatı arasında bağlanan 26 dekabı 2014-cü il tarixli, 139393-1-13507 saylı “Baş Kredit Razılaşması” üzrə bundan sonra heç bir kredit sazişi üzrə ipoteka qoyan qismində çıxış etmək niyyətində olmadığımı bildirərək, ünvan 1 saylı binanın zirzəmisində yerləşən, 534.62 kv.m ümumi sahəsi olan qeyri- yaşayış sahəsinin ipoteka yüklülüyündən azad edilməsi ilə bağlı Əmlak Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə elektron məktub göndərilməsini xahiş etmişdir. Müraciətinə rəsmi cavab olaraq 09.02.2021-ci il tarixdə cavabdeh Bank VTB (Azərbaycan) ASC-nin Əməliyyat İdarəsinin Pretenziya işi və müştəri məlumatlarının təhlili şöbəsinin aparıcı mütəxəssisi Kəmalə Əliverdinin adından cavab göndərilmişdir. Orada qeyd edilmişdir ki, daxil olan müraciətlərinizə baxıldığı "xxxx" MMC ilə Bank arasında 26 dekabr 2014-cü il tarixli, 139393-1-13507 saylı “Baş Kredit Razılaşması” (bundan sonra Razılaşma) imzalanmışdır. Həmin Razılaşmanın bitmə tarixi 26 dekabr 2024-cü ildir və Razılaşma təminat qismində Sizinlə Bank arasında 26 dekabr 2014-cü il tarixli, 273846 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi” imzalanmışdır. Qanuni qüvvədə olan məhkəmə aktlarından məlum olduğu kimi. 7 (yeddi) il öncə cavabdeh bankla (hüquqi baxımdan heç bir bağlılığı olmayan) "xxxx" MMC arasında bağlanan konkret kredit müqaviləsi üzrə yüklü edilmiş daşınmaz əmlakının iddia və ya girov predmeti olması faktı artıq istisna edilmişdir. Belə olan halda bundan sonra da əmlakının həmin bankda yüklü qalması və "xxxx" MMC ilə bank arasında bağlanan kredit müqaviləsinin girovuna çevrilməsi bank tərəfindən gətirilən əsassız arqumentdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunmasını məhkəmdən xahiş etmişdir. İddiaçı X7 21 fevral 2022-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılmasına dair” ərizə təqdim edərək, cavabdeh Bank VTB ASC-ni və X7 oğlu arasında bağlanan 26.12.2014-cü il tarixli № 273846 saylı ipoteka müqaviləsinin ləğv edilməsi, ünvan 1 saylı binanın zirzəmisində yerləşən, 534.62 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin girovdan azad edilməsi və cavabdeh Bank VTB ASC-nin üzərinə daşınmaz əmlak üzərindən yüklülüyün götürülməsi barədə AR Əmlak Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə elektron məktub göndərilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə AR MPM-in 53-cü maddəsinə əsaslanaraq, “iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılmasına dair” ərizəni mümkün hesab edərək, icraata qəbul etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia ərizəsinə etiraz edərək izahatında bildirdi ki, Bank ilə "xxxx" MMC arasında bağlanmış 26 dekabr 2014-cü il tarixli 139393-1-13507 saylı Baş kredit razılaşmasına əsasən Bank tərəfindən kredit alana 26 dekabr 2014-cü il tarixdən 26 dekabr 2024-cü il tarixədək 10.000.000 manat və ya ABŞ dolları ekvivalenti məbləğində kredit xətti açılmışdır. Həmçinin, kredit təminatı kimi İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 6K binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsi 26 dekabr 2014-cü il tarixli 273846 saylı ipoteka müqaviləsi ilə Bank qarşısında yüklü edilmişdir. Daha sonra, Bank ilə "xxxx" MMC arasında bağlanmış 23 yanvar 2015-ci il tarixli 139393-1-13507/1/001 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən kredit alana 60 ay müddətinə, illik 12,5 faiz hesablanması şərti ilə 1.500.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Göründüyü kimi, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 6K binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsi kredit müqaviləsinin təminatı olaraq 26.12.2014-cü il tarixli 273846 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan ipoteka müqaviləsi qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun olaraq tərtib edilmiş, qanunun tələbinə uyğun formada imzalanmış, notariat orqanı tərəfindən təsdiqlənmiş və dövlət qeydiyyatına alınmışdır. Həmin ipoteka müqaviləsi hal-hazırda qüvvədədir, heç bir qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə etibarsız və ya bağlanmamış hesab olunmayıb, ləğv və ya xitam olunmayıb. İpoteka müqaviləsinə əsasən İddiaçı məxsus mübahisəli qeyri-yaşayış sahəsi Bank qarşısında ipoteka ilə yüklü edilərək, yuxarıda qeyd olunan kredit öhdəliyinin icrasının təminat üsulu kimi hal-hazırda da çıxış edir. Bundan əlavə, 26.12.2014-cü il tarixli 139393-1-13507 saylı Baş kredit razılaşmasının 2.2-ci bəndinə əsasən Bank bu Razılaşma və həmin Razılaşmadan irəli gələn kredit müqavilələri əsasında kredit xəttini 26 dekabr 2014-cü il tarixdən 26 dekabr 2024-cü il tarixədək açmışdır. Həmin müddəa 26.12.2014-cü il tarixli 273846 saylı ipoteka müqaviləsinin 4.2-ci bəndində də öz əksini tapmışdır. Göründüyü kimi, kredit xəttinin müddəti tərəflər arasında Baş kredit razılaşması ilə müəyyən edilmiş və bu müddətin bitmə tarixi 26 dekabr 2024-cü il tarix ilə müəyyən olunmuşdur. Bu hal bir daha sübut edir ki, ipoteka müqaviləsi hal-hazırda qüvvədədir, İddiaçı məxsus mübahisəli qeyri-yaşayış sahəsi Bank qarşısında ipoteka ilə yüklü edilməklə, kredit öhdəliyinin icrasının təminat üsuludur. Göründüyü kimi, borclu “Atlanta-MM" MMC-nin Bank qarşısında kredit öhdəliyinin mövcud olduğu halda, kredit müqaviləsinin təminatı olan və Bank qarşısında ipoteka ilə yüklü edilən V. Rəsulova məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 6K binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin yüklülüyündən azad edilməsi əsassız və qanunsuzdur. ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər, ipoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10.1 -ci maddəsi). kredit müqaviləsinin təminatı olan və Bank qarşısında ipoteka ilə yüklü edilən İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 6K binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin yüklülüyündən azad edilməsi üçün hazırda heç bir faktiki və ya hüquqi əsas yoxdur. Göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsində göstərilənlərin heç bir hüquqi əsası yoxdur, iddia tam əsassızdır, ona görə də, təmin oluna bilməz. Məhkəmə iddiaçı və cavabdehin nümayəndərini dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan AR ƏMDKY DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 120 ay müddətinə "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 50 nömrəli reyestr kitabının 4685 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 26 dekabr 2014-cü il tarixli, 273846 nömrəli Daşınmaz əmlakın ipoteka müqaviləsindən görünür ki, bu müqavilə, kredit alanın bank qarşısında olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə bu müqavilədə göstərilən əmlakın bankın xeyrinə ipoteka ilə yüklü edilməsi və ipoteka ilə təmin olunmuş öhdəliklər kredit alan tərəfindən icra edilmədikdə, habelə bu müqavilə ilə müəyyən edilən digər hallarda bankın kredit alana qarşı olan pul tələblərinin üstün qaydada ipoteka predmeti hesabına ödənilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrini müəyyən edir. İpotekanın predmetini Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində istifadədə olan 0.26 ha torpaq sahəsində yerləşən 6k nömrəli binanın zirzəmisində yerləşən, 534.62 kv.m ümumi, 526.88 kv.m əsas, 7.74 kv.m köməkçi sahədən ibarət olan qeyri-yaşayış sahəsi təşkil edir. İş materiallarında olan Masallı rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən, iddiaçının qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, "xxxx" (Azərbaycan) ASC və X7 arasında bağlanmış 26 dekabr 2014-cü il tarixli, M 273846 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi etibarsız hesab edilmiş və ipotekaya xitam verilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-107/2020 saylı 11 fevral 2020-ci il tarixli qətnaməsinə əsasən, Masallı rayon Məhkəməsinin 2(050)-355/2019 saylı 26.02.2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində istifadədə olan 0,26 ha torpaq sahəsində, 6k nömrəli binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin yüklü edilməsinə dair 26 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi qət edilmişdir. İş materiallarında olan bankın kassasiya şikayəti əsasında çıxarılmış Azərbaycan Respublkası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3272/2020 saylı 20 iyul 2020-ci il tarixli qərarına əsasən, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(106)- 107/2020 nömrəli iş üzrə 11 fevral 2020-ci il tarixli qətnaməsi qismən - qarşılıqlı iddianın təmin olunması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilmiş və qarşılıqlı iddia həmin hissədə təmin olunmamışdır. Qətnamənin ilkin iddianın (bankın iddiasının) İddiaçı məxsus əmlaka tutma yönəldilməsi tələbinin təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsini haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-c48.1.1-48.1.5-ci maddələrinə əsasən, ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə: əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və yuxarıda qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının iddiası əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iş materiallarında olan məhkəmə qərarlarından da görünür ki, 26 dekabr 2014-cü il tarixli, 273846 saylı ipoteka müqaviləsinin etibarsız və ipotekaya xitam verilməsi tələbinə dair iddiaçının qarşılıqlı iddiası təmin olunmamışdır. Həmin ipoteka müqaviləsi hazırda qüvvədədir, heç bir qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə etibarsız və ya bağlanmamış hesab olunmamış, ləğv və ya xitam edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, «bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir». “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 mart 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndində qeyd olunur: “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82,3cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur”. «Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında qeyd olunur: «İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.» “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarın 6.2-ci bəndində qeyd olunur: “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir”. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X4 cavabdeh “Bank VTB” ASC-yə qarşı “qeyri-yaşayış sahəsi üzərindən yüklülüyün götürülməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəsini alır. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar