Məhkəmə qərarları › İş №2(006)-1026/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1026/2021

09.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1026/2021 09.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçının vəkili X12, iddiaçının nümayəndəsi X6 və cavabdeh Hüseynova (Həsənova) Nərminə Ramiz qızının iştirakları ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsini cəlb etməklə cavabdeh Hüseynova (Həsənova) Nərminə Ramiz qızına qarşı "istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsini cəlb etməklə cavabdeh Hüseynova (Həsənova) Nərminə Ramiz qızına qarşı "istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli elektron çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 69 kv.m sahəsi olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Mülkiyyətində olan mənzili üzrə qanunun tələbinə əsasən tam şəkildə sərəncam vermək hüququndan istifadə edə bilmir. Belə ki, X8 xx xxxxx 2010-cu ildə onun oğlu X13 ilə rəsmi nikaha daxil olub. Həmin nikahdan xx.xx.2011-ci ildə X9 adlı qızları anadan olub. X1 anası 2011-ci ildə məhkəmə qətnaməsinə əsasən qızını qeydiyyatda olan mənzilindən çıxarıb. Bir müddət X8 qeydiyyatsız vəziyyətdə yaşayıb və iddiaçı bu halı özünə sığıştırmadığına görə, 2011-ci ilin sonunda X2 və onun qızı X7 müvəqqəti olaraq mülkiyyətində olan mənzilə qeydiyyata salıb, lakin X8, oğlu Ramin və onların qızı X9 heç vaxt ünvan 1 ünvanında yerləşən mənzildə yaşamayıblar. Adları formal olaraq qeydiyyatda qalıb. Həmin vaxtdan bu günədək Nərminə, oğlu Ramin və onların qızı Emiliya faktiki olaraq Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 31 b, mənzil 28 ünvanında yaşayırlar. Bu faktları təsdiq edən qonşular-şahidlər (X3 və X5) məhkəmə prosesində öz ifadələrini verməyə hazırdırlar. Ehtiyac olduqda məhkəmə baxışı keçirilə bilər ki, hakim baxış edərək müşahidə edə bilər ki, Nərminəyə, Raminə və Emiliyaya aid hər hansı bir əşya onun mükiyyətində olan mənzildə olmayıb və yoxdur. Nəsimi Rayon Məhkəməsinin 2(006)- 347/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən oğlu Ramin və gəlni Nərminə arasında olan nikah pozulmuşdur və nəvəsi Emiliya anası Nərminənin yanında qalması qət edilmişdir. Göstərilənlərə əsasən cavabdeh Hüseynova (Həsənova) Nərminə Ramiz qızının və onun himayəsində qalan X4 ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılması Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X17 və iddiaçının nümayəndəsi X10 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdeh Hüseynova (Həsənova) Nərminə Ramiz qızı iddia tələbini tam olaraq qəbul etdiyini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin iddianı qəbul etməsini qəbul etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191.4-cü maddəsinə əsasən Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə və ya tərəflərin barışıq sazişini təsdiq etmədikdə, bu barədə əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Cavabdehin iddianı qəbul etməsi məhkəmənin yekun olaraq səhv olan hüquqi nəticəyə gəlməsinə və uyğunsuzluq təşkil edən məhkəmə praktikasının yaranmasına zəmin yaradacaqdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilə bilməz. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarındakı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, xx.xx.2020-ci il tarixli arayışına əsasən İddiaçı, X8, X9, X10, X13, X14 ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş AZ-İ № 351992 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X8 arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 86 № ilə qeydiyyat aparılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir, cavabdeh orada heç vaxt yaşamayıb, uzun müddətdir ki, formal olaraq həmin mənzildə qeydiyyatdadır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» x xxxxxxx 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd olunan Qərarda belə nəticəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırki işdən göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibətləri 2010-cu ildə yarandığından Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Eyni Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Yuxarıda qeyd olunan maddi hüquq normaları, habelə Konstitusiya Məhkəməsinin Plenum qərarından göründüyü kimi, cavabdeh iddiaçının ailə üzvü hesab edilmədiyindən, cavabdehin onun oğlunun həyat yoldaşı olduğundan, onların arasında bağlanmış nikaha xitam verildiyindən onun həmin mənzildən istifadə hüququ yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin istifadə hüququ olmadığı mübahisəli mənzilə dair istifadə hüququnun itirilməsindən söhbət gedə bilməz. Lakin, buna baxmayaraq, məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə dair istifadə hüququ yaranmadığı müəyyən olunduğuna görə, bu onun həmin mənzildəki formal qeydiyyatının ləğvi üçün əsasdır. Bununla bağlı iddiaçı müvafiq qaydada inzibati orqana müraciət etməli, müraciətin nəticəsi ilə razı olmadıqda inzibati məhkəməyə müraciət etmək hüququ vardır. İddianın digər hissəsi olan qeydiyyadan çıxarılmasının Polis orqanın üzərinə həvalə edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, prosessual qənaət prinsipini nəzərə alaraq əlavə araşdırılmasına lüzum olmadığından iddianın ilkin tələb hissəsi təmin edilmədiyindən, sonraki tələb ilkin tələblə bilvasitə bağlı olduğundan bu hisssədə də təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh Hüseynova (Həsənova) Nərminə Ramiz qızına qarşı "istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılması" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsini cəlb etməklə cavabdeh Hüseynova (Həsənova) Nərminə Ramiz qızına qarşı "istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılması" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar