Məhkəmə qərarları › İş №2(006)-1042/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-1042/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1042/2024 27.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçılar İddiaçı4 və İddiaçı1 iştirakları ilə İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanmış 10 iyun 2023-cü il, 27 iyun 2023-cü il və 13 iyul 2023-cü il tarixli xidməti müqavilələrə uyğun olaraq cavabdehdən hər bir iddiaçı üçün 1100 (bir min yüz) manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün 64 (altmış dörd) manat dövlət rüsumunun tutularaq iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ilə Cavabdeh MMC arasında bağlanmış müvafiq olaraq 10 iyun 2023-cü il, 27 iyun 2023-cü il və 13 iyul 2023-cü il tarixli xidməti müqavilələrə əsasən cavabdeh iddiaçıların Hollandiyada işlə təmin olunmaları üçün iş vizasının alınmasını və sənədləşmənin həyata keçirilməsini təmin etməli idi. Qeyd edilən müqavilələrin tələbinə əsasən iddiaçılar ilkin olaraq nəzərdə tutulmuş ödənişin yarısını ödəməli, cavabdeh isə əvəzində iddiaçıların Hollandiyada işlə təmin olunmaları üçün müvafiq səfirliklə işi təşkil etməli idi. Qeyd edilən prosedur 90 (doxsan) gün ərzində həyata keçirilməli idi. Lakin tərəflər arasında bağlanmış ilk müqavilənin üzərindən 150 gündən artıq vaxt keçməsinə baxmayaraq, cavabdeh müqavilələrin tələblərini yerinə yetirmir və hazırda iddiaçıların işlə təmin olunmaları istiqamətində heç bir fəaliyyət göstərmir. İddiaçılar şifahi şəkildə dəfələrlə cavabdehin öhdəliklərini həyata keçirməsi, yaxud ödənilən pulun geri qaytarılması barədə tələb etsələr də, Cavabdeh MMC bu və ya digər hərəkəti həyata keçirməkdən imtina edir. Bu vaxta qədər tələblərin yerinə yetirilməməsi cavabdehin iddiaçılara xidmət göstərmə iqtidarında olmamasını göstərir və nəticə etibarı ilə iddiaçıların ayrı-ayrılıqda ödədikləri hər bir şəxs üçün 1100 manat məbləği onlara geri qaytarmalıdır. Bu səbəbdən iddiaçılar məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı4 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, digər iddiaçılar İddiaçı3, İddiaçı2 və Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçılar İddiaçı3 və İddiaçı2 ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmiş, Cavabdeh MMC-nin nümayəndəsi isə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçıların işə qiyabi icraat qaydasında baxılmasına dair ərizələrinə əsasən, məhkəmənin 27 fevral 2024-cü il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Cavabdeh MMC (İcraçı) ilə İddiaçı1 və İddiaçı2 (Sifarişçilər) aralarında bağlanmış 10 iyun 2023-cü il tarixli XM/01 nömrəli xidməti müqavilələrdən görünür ki, Sifarişçi adı, növü, həcmi, miqdarı, qiyməti razılaşdırılan xidməti müqavilə şərtlərinə uyğun olaraq ödəməyi, icraçı isə sifarişdə nəzərdə tutulmuş xidməti yerinə yetirməsini təşkil etməyi öz öhdəsinə götürür. İllik qanuni iş vizası verilir. İcraçı Sifarişçini işə düzəltməyə təminat verir və işə düzəltmə ilə bağlı 3 ay (2 ay) müddətində iş ilə təmin edə bilməzsə, ödənilən məbləği 15 iş günü ərzində Sifarişçiyə geri qaytarır. Aylıq ümumi gəlir 3600 avrodur. Ölkə Hollandiya, vakansiya güllərin dərmanlanmasıdır. Sifarişçilər hər biri ilkin ümumi xidmət haqqı olaraq 1100 AZN ödəyirlər. Bu müqavilə üzrə öz vəzifəsini ümumiyyətlə və lazımınca icra etməyən İcraçı tərəf Sifarişçiyə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Cavabdeh MMC-nin 10 iyun 2023-cü il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı1 tərəfindən 1100 (min yüz) manat pul ödənilmişdir. Cavabdeh MMC-nin 10 iyun 2023-cü il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı2 tərəfindən 1100 (min yüz) manat pul ödənilmişdir. Cavabdeh MMC (İcraçı) ilə İddiaçı3 (Sifarişçi) aralarında bağlanmış 27 iyun 2023-cü il tarixli XM/01 nömrəli xidmət müqaviləsindən görünür ki, Sifarişçi adı, növü, həcmi, miqdarı, qiyməti razılaşdırılan xidməti müqavilə şərtlərinə uyğun olaraq ödəməyi, icraçı isə sifarişdə nəzərdə tutulmuş xidməti yerinə yetirməsinə təşkil etməyi öz öhdəsinə götürür. İllik qanuni iş vizası verilir. İcraçı Sifarişçini işə düzəltməyə təminat verir və işə düzəltmə ilə bağlı 3 ay müddətində iş ilə təmin edə bilməzsə, ödənilən məbləği 15 iş günü ərzində Sifarişçiyə geri qaytarır. Aylıq ümumi gəlir 3600 avrodur. Ölkə Hollandiya, vakansiya gül zavodu (dərmanlama)dır. Sifarişçi ilkin ümumi xidmət haqqı olaraq 1100 AZN ödəyir. Bu müqavilə üzrə öz vəzifəsini ümumiyyətlə və lazımınca icra etməyən İcraçı tərəf Sifarişçiyə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Nümayəndə məxsus kart hesabına 1100 manat məbləğində pul mədaxil edilmişdir. Cavabdeh MMC-nin 30 iyun 2023-cü il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, Nümayəndə tərəfindən 1100 (min yüz) manat pul ödənilmişdir. Cavabdeh MMC (İcraçı) ilə İddiaçı4 (Sifarişçi) arasında bağlanmış 13 iyul 2023-cü il tarixli müqavilədən görünür ki, İcraçı müqavilədə nəzərdə tutulmuş həcm və şərtlərlə sifarişçinin bacarığına əsasən 1 nəfər üçün Səfirlikdə müvafiq vakansiyalar əsasında iş icazəsini almağı təşkil edir. İcraçı Sifarişçinin Azərbaycan Respublikasında yerləşən Niderland Səfirliyinə viza dəstəyi üçün konsultasiya xidməti barədə razılığa gəldiklərini təsdiq edir. İcraçı Sifarişçinin tapşırığı əsasında Sifarişçiyə bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş xidməti göstərməyi, Sifarişçi isə həmin xidməti qəbul edərək bu müqavilənin şərtlərinə uyğun olaraq ödəniş etməyi öz öhdəsinə götürür. Müqavilənin ümumi dəyəri 2200 manatdır. Bu müqavilənin ümumi dəyərinin 50%-i, yəni 1100 manatı, qabaqcadan ödəniş olaraq müqavilə bağlandığı halda, qalan 50%-i, yəni 1100 manatı isə viza aldıqdan sonra Sifarişçi tərəfindən İcraçıya qəbz əsasında nağd şəkildə ödənilir. Sifarişçi Səfirlikdən inamsızlıq maddəsi ilə imtina alarsa, İcraçı ödəniş etdiyi xidmət haqqını tam şəkildə 60 (altmış) iş günü ərzində geri qaytarır. İcraçı xidməti müqavilə bağlandığı tarixdən 90-180 gün aralığında tamamlanmasını öhdəsinə götürür və xidmətin leqal şəkildə yerinə yetirilməsinə zəmanət verir. Cavabdeh MMC-nin 13 iyul 2023-cü il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı4 tərəfindən 950 (doqquz yüz əlli) manat pul ödənilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 64 (altmış dörd) manat rüsum İddiaçı1 tərəfindən ödənilmişdir. İddiaçı4, İddiaçı2, İddiaçı1 və İddiaçı3 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, aralarında olan müqavilələrə əsasən ödənilmiş pulların geri qaytarılması tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ilə Cavabdeh MMC arasında bağlanmış müqavilələrə əsasən, cavabdeh iddiaçıları xarici ölkədə işə düzəltməyə təminat vermiş, 2-3 aydan sonra müddətində onları işlə təmin edə bilməyəcəyi təqdirdə ödədikləri məbləğin onlara geri qaytarılmasını öhdəsinə götürmüşdür. İddiaçıların hər biri ilkin xidmət haqqı olaraq 1100 manat olmaqla, ümumilikdə 4400 manat pulu cavabdehə ödəmişlər. Lakin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklər Cavabdeh MMC tərəfindən icra edilməmişdir. Buna görə də hər birinə 1100 manat olmaqla, cəmi 4400 manat məbləğində pul Cavabdeh MMC-dən alınaraq iddiaçılara ödənilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasındakı hüquq münasibətlərinin əsasını mülki qanunvericiliyin tapşırıq müqaviləsi haqqında müddəaları təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 778.1-ci maddəsinə görə, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 781-ci maddəsinə görə, vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. 782.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı4 xeyrinə 1100 manat, İddiaçı2 xeyrinə 1100 manat, İddiaçı1 xeyrinə 1100 manat və İddiaçı3 xeyrinə 1100 manat olmaqla, cəmi 4400 manat məbləğində pul Cavabdeh MMC-dən tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 64 (altmış dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq İddiaçı1 (rüsumu ödəyən şəxs) veriməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı4 xeyrinə 1100 manat, İddiaçı2 xeyrinə 1100 manat, İddiaçı1 xeyrinə 1100 manat və İddiaçı3 xeyrinə 1100 manat olmaqla, cəmi 4400 (dörd min dörd yüz) manat məbləğində pul Cavabdeh MMC-dən tutulsun. İş üzrə ödənilmiş 64 (altmış dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq İddiaçı1 verilsin. Cavabdeh qiyabi qətnamə ona rəsmən təqdim edildiyi gündən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar