Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1057/2025 31.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "əmək kitabçasında müvafiq düzəlişin edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "əmək kitabçasında müvafiq düzəlişin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı həqiqətən də xx.xx.1983-cü ildə Biləcəri yol distansiyasında “qaynaqçı” peşəsində çalışmışdır. xx.xx.1983-cü ildə isə köçürmə ilə 3 nömrəli Mənzil istismar bölməsində “çilingər, qaynaqçı” peşəsində çalışmışdır. Lakin işə qəbul olduğu gündən (xx.xx.1983-cü ildən xx.xx.1988-ci ilədək) “çilingər, qaynaqçı” peşəsində çalışmağına baxmayaraq Əmək kitabçasına həmin dövr üçün sadəcə “çilingər” peşəsi qeyd edilib. Şahidlər də sübut edə bilərlər ki, iddiaçı həqiqətən də həmin dövrdə “çilingər, qaynaqçı” peşəsində çalışmışdır. Göstərilənlərə əsasən, xx.xx.1983-cü ildən xx.xx.1988-ci ilədək “çilingər, qaynaqçı” çalışmağına dair cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əmək kitabçasında düzəliş edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Eyni zamanda izahatında qeyd etdi ki, o, 1983-cü ildən dəmiryolu peçi adlanan qurumda qaynaqçı vəzifəsinə işləmiş, 1983-cü ilin avqust ayında cavabdeh qurumda qışa hazırlıqla bağlı köməklik göstərilməsi üçün bura göndərilmişdir. Həmin vaxtdan da həm çilingər, həm də qaynaqçı funksiyalarını icra etməyinə baxmayaraq əmək kitabçasında “texnik” kimi fəaliyyət göstərməyi qeyd edilmişdir. Hesab edir ki, bu, cavabdeh qurumun səhvidir və əmək kitabçasında bununla bağlı müvafiq düzəliş aparılmalıdır. Belə ki, qaynaqçılıq ağır peşə olduğundan bununla bağlı əmək pensiyası hesablanarkən daha yüksək məbləğ müəyyən edilir ki, hazırda o, bundan məhrum olmuşdur. Həmçinin, o, əmək kitabçasını 2000-ci ildə itirmişdir. 4.Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini məhkəmədən xahiş etmişdi. 5.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 1983-1988-ci illər aralığında Biləcəri yol distansiyasında çalışmışdır. Hazırda iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək “çilingər, qaynaqçı” peşəsində çalışdığını, lakin əmək kitabçasına yalnız “çilingər” olaraq qeyd edildiyini iddia edərək, cavabdeh tərəfindən əmək kitabçasında düzəliş edilməsini tələb edir. Cavabdeh isə iddia tələbinin rədd edilməsini tələb edir. b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilən Arxiv Arayışından görünür ki, İddiaçı həqiqətən "xxxx" QSC-də işləmişdir. xx.xx.1983-cü il tarixli, 63/k nömrəli əmrlə 3-cü kateqoriyalı emalatxana qaynaqçısı kimi işə qəbul edilmiş, xx.xx.1983-cü il tarixli, 231/k nömrəli əmrlə işdən azad edilmiş, 22 avqust 1983-cü il tarixli, 44 saylı əmrlə mexanik vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1988-ci il tarixli, 10 saylı əmrlə elektrik qaynaqçısı vəzifəsinə köçürülmüşdür. 9.Mülki işin materiallarında olan Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilən xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-02269 nömrəli İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə Arayışdan görünür ki, 28 oktyabr 2024-cü il tarixdə keçirilən İlkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin "xxxx" QSC-nin nümayəndəsi iştirak etməmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 10.Məhkəmə ilk növbədə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 11.Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 12.Məlum olduğu kimi hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. 13.Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı). 14.Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur. 15.Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. 16.Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 17.Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). 18.Əmək Məcəlləsinin 48.1-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlərə işçinin əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənəd tələb edilir. 19.Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 20.Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 21.Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 22.Hazırki iş üzrə İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək həm çilingər, həm qaynaqçı peşəsində çalışdığını, lakin cavabdeh tərəfindən əmək kitabçasına təkcə “çilingər” qeyd edildiyini iddia edərək əmək kitabçasına müvafiq düzəlişin edilməsini tələb etsə də, tələbini əsaslandıracaq sübutlarını məhkəməyə təqdim edə bilməmiş və məhkəmə tərəfindən də iddiaçının həqiqətən də xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək həm çilingər, həm qaynaqçı peşəsində çalışması halları müəyyən edilməmişdir. 23.Bununla bağlı, məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, hazırda iddianın təmin edilməsi üçün iddiaçı tərəfindən onun həqiqətən cavabdeh təşkilatda qeyd edilən tarix aralığında hər iki peşə üzrə, yəni həm çilingər, həm qaynaqçı olaraq işləməsi, hansi müddətdə işə daxil olması, hansı müddətə qədər işləməsi sübut edilməlidir ki, məhkəmə tərəfindən də həmin əmək kitabçasına müvafiq düzəlişin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyula bilsin (əks halda hazırki vəziyyətdə iddianın təmin edilməsi gələcəkdə hazırki qətnamənin icrasını mümkünsüz edəcəkdir). Hazırki vəziyyətdə nə iddiaçı təşkilatda hər iki peşə üzrə işləməsini sübut edə bilir, nə də ki cavabdeh iddiaçının onun iddia ərizəsində qeyd edilən tarix aralığında qeyd edilən peşələr üzrə işləməsini etiraf edir. Məhkəmə əlavə olaraq qeyd edir ki, əgər iddiaçı qeyd edilən halları sübuta yetirə bilsə idi (hüquqi əhəmiyyətli faktla), o zaman qanunvericiliklə nəzərdə tutulan sübutetmə yükü iddiaçının yox, cavabdehin üzərinə düşmüş olacaqdı. İddiaçının tələbini əsaslandırmaq üçün istinad etdiyi yeganə sübut isə cavabdeh tərəfindən təqdim edilən arxiv arayışıdır ki, həmin arayışda da qeyd edilir ki, iddiaçı xx.xx.1983-cü il tarixli, 63/k nömrəli əmrlə qaynaqçı kimi işə qəbul edilmiş, xx.xx.1983-cü il tarixli, 231/k nömrəli əmrlə işdən azad edilmiş, 22 avqust 1983-cü il tarixli, 44 saylı əmrlə mexanik vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1988-ci il tarixli, 10 saylı əmrlə elektrik qaynaqçısı vəzifəsinə köçürülmüşdür. Göründüyü kimi həmin sənəd əsasında müəyyən edilir ki, iddiaçı 1983-cü il tarixdən 1988ci il tarixədək “çilingər” peşəsində çalışmışdır. Bundan əlavə, iddiaçı məhkəmə iclasında verdiyi ifadəsində 2000-ci il tarixində əmək kitabçasını itirdiyini bildirmişdir. 24.Beləliklə, məhkəmənin hazırki iddia tələbi ilə bağlı gəldiyi qənaət budur ki, məhkəmə araşdırması zamanı hazırki iddia tələbinin kökündə iddiaçının həqiqətən də cavabdeh təşkilatda qeyd edilən tarix aralığında həm çilingər, həm qaynaqçı kimi işləməsi faktının müəyyən edilməsi durduğundan və hər bir faktın müəyyən edilməsi də məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılmalı olan məsələ olduğundan ilk öncə iddiaçının həqiqətən də cavabdeh təşkilatda işləməsi və əmək kitabçasında onun yalnız “çilingər” kimi qeyd edilməsi faktı müəyyən edilməli, daha sonra iddiaçı həmin əmək kitabçasına müvafiq düzəlişin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması iddiasını irəli sürməlidir. Odur ki, hazırki iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. 25.Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 26.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 27.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 28.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "əmək kitabçasında müvafiq düzəlişin edilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-1057/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1057/2025
31.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver