Məhkəmə qərarları › İş №2(006)-1059/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1059/2022

19.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1059/2022 19.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə qarşı “əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC ilə bağlanmış 02 mart 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin X1 sisteminə daxil edilməsinin X5 Xidmətinə həvalə edilməsi barədə qətnamə üəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, heç yerdə işləməmişdir. Dövlət tərəfindən ona sosial yardım təyin olunmuşdur. Sonradan əldə etdiyi iş yerinə dair arayışdan görünür ki, guya o "xxxx" MMC ilə 02.03.2020-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlayaraq satıcı vəzifəsinə işə götürülmüşdür. Halbuki o qeyd olunan müəssisəni tanımır, onunla əmək müqaviləsi bağlamamışdır. X6 adlı Pakistan vətəndaşından ondan qızının mağazası üçün bir neçə dəfə mal almışdır. Sonuncu dəfə təxminən 2020-ci ilin noyabr-dekabr aylarında Pakistanlı şəxsdən mal alan zaman malı ödəmək üçün üzərində kifayət qədər pul olmadığına görə şəxsiyyət vəsiqəsini onun yanında qoyaraq qızından malın pulunu almağa getmişdir. Pakistanlı şəxs bu vəziyyətdən istifadə edərək onun şəxsiyyət vəsiqəsinin surətini çıxardaraq onun xəbəri, razılığı olmadan yuxarıda qeyd olunan MMC-nin qanuni təmsilçisi olaraq onu həmin MMC-nin işçisi kimi X1 sisteminə işçi kimi daxil etmişdir. Onun bütün bu baş verənlərdən məlumatı olmamışdır. O sosial yardım almaq üçün “Kapital Bank”a getdikdə ona işlədiyinə görə sosial yardımın ödənilməsinin dayandırıldığını bildirdilər. O heç harada işləmədiyi halda necə belə bir halın mümkün olduğunu düşündü və xatırladı ki, pakistanlıdan başqa heç kimə şəxsiyyət vəsiqəsini verməmişdir. Onunla telefon vasitəsilə əlaqə saxlayıb bu barədə soruşduqda o, bunu etdiyini etiraf etdi və Azərbaycanda olmadığını, onun müqaviləsinin müddətinin bitdiyi halda nəyə görə onun sistemdə işçi kimi göstərildiyini soruşdu. O isə ona “mən nə bilim nəyə görə sistemdə işçi göstərir, bu oyunları mənim başıma sən açmısan, sən də bu məsələni həll elə” dedi. Bu şəxs başqa bir Pakistanlı şəxslə kart göndərdi, həmin kartı götürüb onunla müqavilənin pozulması üçün onun dediyi şəxslərə verdi, lakin onlar kartda kodu 3 dəfə yanlış daxil etdikləri üçün kart yandı. Kartın dublikatını çıxartmaq istədikdə ya özünün, ya da səlahiyyətli nümayəndəsinin olduğu halda bunu edə biləcəklərini bildirdilər. Sonra Pakistanlı ilə yenə əlaqə saxladı, o özünün gələ bilməyəcəyini, hal-hazırda olduğu yerdən etibarnamə göndərməsinin mümkün olmamasını, bunun üçün başqa şəhərə getməli olmasını, bunun isə böyük xərc tələb etdiyini bildirdi. X6 adlı Pakistan vətəndaşı hal-hazırda Azərbaycanda deyil. O isə onun qanunsuz əməli nəticəsində sosial yardımdan məhrum olmuşdur. Həmin müəssisə də hal-hazırda fəaliyyət göstərmir. O, fəaliyyət göstərməyən bir müəssisənin işçisi kimi X1 sistemində qeydiyyatdadır. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş 02.03.2020-ci il tarixli əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi və 02.03.2020-ci il tarixli əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi ilə əlaqədar məlumatların mərkəzləşdirilmiş “Elektron İnformasiya” sisteminə daxil edilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X3 qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı 12.05.2016-cı il tarixdə verilmiş C00020918 nömrəli ümumvətəndaş pasportundan surətindən görünür ki, o, 25.02.2020-ci il tarixdən 21.09.2020-ci il tarixədək Gürcüstan Respublikasının ərazisində olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemindən iş yerinə dair arayışdan görünür ki, İddiaçı 02.03.2020-ci il tarixdən Cavabdeh1 MMC-də hal-hazıradək satıcı vəzifəsində çalışmaqdadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 09.07.2021-ci il tarixli məktubun surətindən görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin X1 sisteminə daxil edilməsi X5 Xidmətinin səlahiyyətləri xaricindədir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin X1 sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin X1 sisteminə daxil edilməsi hüququnun X5 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının alınması tələbi irəli sürülməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 16.03.2022-ci il tarixli cavab məktubdan görünür ki, uçot-baza məlumatlarına əsasən Cavabdeh1 MMC-nin (VÖEN **********) 18.11.2019-cu il tarixdə vergi uçotuna alınması, fəaliyyətinin hazırda aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış 31.03.2022-ci il tarixli cavab məktubdan görünür ki, Hanif Muhammadindövlət sərhədindən hərəkəti barədə İAMAS bazasındakı məlumatlara əsasən 06.12.2020-ci il tarixində Türkiyə istiqamətində çıxışı qeydiyyata alınmışdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı adı Cavabdeh1 MMC tərəfindən 02.03.2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən satıcı vəzifəsi üzrə elektron informasiya sisteminə daxil edilmişdir. Halbuki onunla Cavabdeh1 MMC arasında əmək müqaviləsi bağlanmamış, o, əmək müqaviləsi bildirişi X1 sistemində elektron qaydada qeydiyyata alınan gün Azərbaycan Respublikasının hüdudlarından kənarda olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci, 5 və 5-1-ci bəndlərinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının X1 sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 44-cü maddəsinin 1-ci bəndinə görə əmək müqaviləsi yazılı formada bağlanır. Bu Məcəllənin 46-cı maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesb edir ki, tərəflər arasındakı əmək münasibətləri Əmək Məcəlləsində nəzərdə tutulan tələblərə uyğun şəkildə yaranmadığı üçün Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş 02.03.2020-ci il tarixli əmək müqaviləsi bildirişi etibarsız hesab edilməlidir. Məhkəmə həmçinin Cavabdeh1 MMC-nin rəhbəri olan Hanif Muhammadin 06.12.2020-ci il tarixində Türkiyə Respublikası istiqamətində çıxışının qeydiyyata alındığını və beləliklə də həmin vəzifənin onun tərəfindən icra edilməsi mümkün olmadığını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin müəyyən şərtlər çərçivəsində bu vəzifənin icra edilməsinin X5 Xidmətinə həvalə edilməsinə etirazının olmayacağını nəzərə alaraq hesab edir ki, Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş 02.03.2020-ci il tarixli əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi ilə əlaqədar məlumatların X1 sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş 02.03.2020-ci il tarixli əmək müqaviləsi bildirişi etibarsız hesab edilsin. Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş 02.03.2020-ci il tarixli əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsinə dair məlumatın “X1” sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X5 Xidmətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar