Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1073/2021 22.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdehnə qarşı «mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində, 717-ci məhəllədə Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının İİİ mərtəbəsində, 3 otaqlı, 3 №-li 140,6 kv.m. mənzili 11.02.2011-ci il tarixdə mənzili almaq məqsədi ilə podratçı Cavabdeh MMC ilə aralarında müqavilə bağlanmışdır. 11.02.2011-ci il tarixdə bağlanmış müqavilədə qeyd olunmuş Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717, ev 3 №-li mənzilinə görə 89725 manat Cavabdeh MMC-nin hesabına ödənilsə də, bu günədək Cavabdeh MMC müqavilənin öhdəliklərini yerinə yetirmir. Müqavilənin şərtlərinə əsasən podratçı müqavilədə göstərilən bütün şərtləri icra edib mənzili, daxili naxış, cihaz və daxili qapılar olmamaq şərtilə sifarişçiyə təhvil verməlidir. Buna baxmayaraq, çoxmənzilli yaşayış binası tam hazır olub istifadəyə verilsə də, iddiaçıya məxsus olan mənzili MMC-dən ala bilmir. Göstərilənlərə əsasən Nəsimi rayonu, D.Əliyeva küçəsində, 717-ci məhəllədə Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının İİİ mərtəbəsində, 3 otaqlı, 3 №-li 140,6 kv.m. mənzilin iddiaçıya təhvil verilməsi öhəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh MMC-yə qanunla müəyyənləşdirilmiş qaydada bildiriş göndərilsə də, cavabdeh qeydiyyatda olduğu ünvanda olmadığından bildiriş ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146 və 185.5-ci maddələrinə əsasən işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə «Podratçı» qismində Cavabdeh MMC-nın direktoru Ç.Ə.Məmmədovla «Sifarişçi» qismində İddiaçı arasında bağlanılmış 11 fevral 2011-ci il tarixli, 44 saylı müqavilənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən «Sifarişçi»nin Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsini sifarişinə əsasən «Podratçı» Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının İİİ mərtəbəsində, 3 otaqlı, 3 №-li 140,6 kv.m. mənzilini tikib «Sifarişçi»yə təhvil verilməsini və «Sifarişçi» öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürmüşlər. «Podratçı» müqavilədə göstərilən bütün şərtləri icra edib mənzili, daxili naxış, cihaz və daxili qapılar olmamaq şərti ilə «Sifarişçi»yə təhvil verməlidir. Tikilən mənzilin ümumi yaşayış sahəsinin 1 kv.m. qiyməti 638,16 manat həcmindədir, mənzilin ümumi sahəsi 140,6 kv.m., müqavilənin qiyməti 89725 manat olmaqla dəyişməz olaraq qalmışdır. İş üzrə Cavabdeh MMC tərəfindən verilmiş 11.02.2011-ci il tarixli 44 syalı X1 notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMCyə mənzilin satışı ilə bağlı 11.02.2011-ci il tarixli, 44 saylı müqaviləsi üzrə 89725 manat məbləğində pul ödənilmişdir. İş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 26.05.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən çoxmənzilli yaşayış binasının İİİ mərtəbəsində, 3 otaqlı, 3 nömrəli mənzilin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh MMC arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, 3 otaqlı, sahəsi 140,6 kv.m. olan 3 nömrəli mənzilin tikintisinə dair 11.02.2011-ci il tarixdə müqavilə bağlanılmış və iddiaçı tərəfindən həmin mənzilə görə 89725 manat pay haqqı ödənilmişdir. Bununla bağlı Cavabdeh MMC tərəfindən iddiaçının adına müvafiq kassa mədaxil orderi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikasının Konistutsiya Məhkəməsinin Plenumun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi qanunvericiliyin bu tələblərinə əsasən iddiaçı tərəfindən mübahisəli mənzilin pay haqqı tam ödənildikdən sonra o, həmin mənzil üzərində istifadə və sahiblik hüquqları əldə etmişdir. Lakin buna baxmayaraq iddiaçı mübahisəli mənzilin ona təhvil verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu mənzili təhvil verməkdən imtina etmiş və iddiaçıya mənzil üzərində olan istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneçilik törətmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC müqavilə üzrə mənzilin tikilib iddiaçıya təhvil verilməsi öhdəliyini üzərinə götürsə də, həmin öhdəlik onun tərəfindən yerinə yetirilməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış müqavilədən görünür ki, Cavabdeh MMC tərəfindən mənzilin hansı müddət ərzində təhvil verilməsi konkret müəyyən olunmamışdır. Cavabdeh həmin müddətdən 10 ildən çox müddət keçməsinə baxmayaraq hal-hazırki vaxtadək üzərinə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, öhdəlik konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəliyin predmeti pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizilk ola bilər. Öhdəliklər şəxslər arasında çox ciddi hüquq və vəzifələr yaratdığına görə onların əmələ gəlməsi əsaslarının dəqiq müəyyən edilməsinin böyük əhəmiyyəti var. Öhdəliklərin əmələ gəlməsinin başlıca əsasları AR Mülki Məcəllənin 386-cı maddəsində göstərilmişdir və göründüyü kimi həmin əsaslardan biri də tərəflər arasında müqavilənin olmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «Aztelekom» İstehsalat Birliyinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 04 fevral 2003-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2004-cü il tarixli Qərarında xüsusilə qeyd edilir ki, mülki münasibətlərdən, o cümlədən müqavilə öhdəliklərindən irəli gələn mübahisələrin ayrı-ayrı şəxslərin hüquq və qanuni mənafelərinə müvafiq, həmçinin qanunvericiliyin tələblərinə uyğun həllində mülki məhkəmə icraatını həyata keçirən ədalət mühakiməsi orqanlarının fəaliyyəti müstəsna əhəmiyyətə malikdir. Qanunvericilikdə öz əksini tapmış maddi hüquq normalarından irəli gələn mülki hüquqlara hörmət bəsləmək və onların müdafiəsinə kömək göstərmək bütün dövlət hakimiyyəti orqanlarının, habelə hər hansı fiziki və hüquqi şəxslərin borcudur. Mülki hüquq mübahisəsinin qanuni və əsaslı həlli üçün həm tətbiq olunmalı olan hüquq normaları, həm də öhdəliklərin götürülməsi və icrası ilə bağlı hüquqi nəticələr yaradan, tərəflər arasında bağlanmış müvafiq müqavilələrin müddəaları diqqətəlayiqdir. Tərəflərin öhdəliklərinə dair müqavilələrin müddəalarını təhlil etmək, sonra isə onları nəzərə alaraq qanunvericiliyin normalarını düzgün tətbiq etmək ümumi məhkəmələr üçün olduqca vacibdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, cavabdeh tərəfindən isə öhdəliyin pozulması müəyyən edildiyindən, iddia tələbi təmin edilməli və mübahisəli mənzilin təhvil verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində, 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, 3 otaqlı, sahəsi 140,6 kv.m. olan 3 nömrəli mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-1073/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1073/2021
22.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver